İLK MƏHƏBBƏT - ÖMRÜN
PROLOQUDUR
(Anna Axmatovaya həsr
olunur)
Yenicə açılmış qızıl gül ətirli
duyğular, nübar dadlı ilk hiss-həyəcanlar sonrakı
bütöv ömrün ilk səhifələridir. Sonu kədərlə bitən
romanın sevincli ilk səhifələri kimi... Ömür
boyu qəlblərə, gözlərə damla-damla
süzüləcək bu röya-nağıl
şipşirindir, lakin qərib və kədərlidir. Bu qısa və yarımçıq anlar sakit xəyalların
ilğımlı uzaq nöqtəsi kimi sehirli və cazibədardır.
Cadu tilsimi və... Və duyğuların
körpəliyini, ibtidasını ömür boyu saxlaya bilən
kiçicik, oğrunca yazılmış ilk sevgi məktublarıdır.
Çılğın, dəli, az qala
xoşbəxt sevgilərdən illərcə ayrılıb
uzaqlaşdıqca ondan yazıq xatirələr qalır. Lakin qısa, ani sevgilərin hekayələri, qalan
ömrü yandırıb yaxmağa qadir olan
qığılcıma da çevrilə bilər.
...Əsrlərin qovşağında yaşamış rəssam
Modilyani 35 yaşın içində öldükdə sevgili
qadını Janna Ebütern həmin günün səhəri
özünü 6-cı mərtəbədən atıb
öldürdü. Ondan sonra yalnız bircə gecə
yaşamağa gücü çatmışdı bu gənc və
gözəl qızın. Nə olsun ki, bu
böyük rəssam yarımaclıqda yaşayır, üstəlik
içir və həşiş çəkirdi. Onların yetim qalan kiçicik qızları
böyüdü və atasının - italyan boyakarı və
heykəltəraşı Amedeo Modilyaninin bioqrafiyasını
yazdı. Anası ilə bir sırada rəssamın
həyatında yer tutan qadınları da, onların aşiqanə
macəralarını da geniş təsvir etdi. Lakin Modilyaninin Anna Axmatova ilə olan sevgisindən
yazmağı unutdu.
...Anna
toydan sonrakı "bal ay"ını əri ilə Parisdə
keçirməyi hələ qərarlaşdırarkən tale
ona öz qəribə, lakin əziz töhfəsini
hazırlamışdı. Yox... bu qızıl və
cəvahirat dükanından alınan bahalı hədiyyə
deyildi. Bu "hədiyyənin" dəyərini
heç bir şey ilə ödəmək mümkün deyil.
1910-cu ilin may aymda Parisə gələn Anna Axmatova burada
İtaliyadan yenicə gəlmiş bu gənc rəssamla tanış olur və görüşlərin
silinməz, pozula bilinməyəcək xatirəsi naminə bir
il sonra - 1911-ci ildə təkrar Parisə dönür. Bütün qışı məktublaşmışdılar.
Hər ikisi 21 yaşın içindəydi, həyat
əllərində dopdolu şərab qədəhləri kimi
aşıb-daşırdı. Ən məhsuldar
ilində 20 şeir yazacaqdı. Anna hələ
çox gənc ikən şöhrətlənmişdi.
Onun şeirlərindən tünd şərab kimi dərhal məst
olurdular, bunu özü də bilirdi, həm də bu şeirlərdən
az olmayan qadın cazibəsinə malik
olduğunu da duyurdu. Bu zamandan öz boy-buxunu,
eyni zamanda zərif, çiçəkli yaylıq
örtdüyü gözəl biçimli başını məğrurcasına
sağa-sola döndərə-döndərə yerişi ilə
hamını məftun etməyə başlamışdı.
"Hər aşiqin bir dövranı var" -
aşiqliyi 1915-ci ilə təsadüf edən
ilahiyyatçı Boris Anrep Bizans mozaikasına aşina olmaqda
idi; bu onun hobbisi idi. Axırda onsuz da mozaikaçı rəssam
oldu. Sonralar mühacirətdə
yaşayırdı. O da Annanı mozaik əks
etmişdi. Bu şəkil London Milli
Qalereyasında saxlanılmaqdadır. Annanın
siması antik görünüşə malik idi; rəssamların
diqqətini əbəs yerə cəlb etmirdi.
...Çılpaq
qadın şəkillərini çox dərin, az
qala izaholunmaz mübhəmliklə, lakin incə, intim cizgilərlə
yaradan rəssam Modilyani bu Şərqli gözəlin daxili ətrini
duymuşdu. Eyni zamanda cəlbedici Şərqli
görünüş, bağışladığı ekzotik
təəssüratlar, şahanə soyuq vüqarı ona əsil
Şərq şahzadələri görkəmi verirdi.
Anna Axmatova bu şahanəliyi ömrü boyu saxlamağa nail
olmuşdu. Hətta oğlu tutulduqda 17 ay sərasər
türməyə azuqə daşıyıb saatlarla həbsxana
qabağında durarkən də, eləcə də aclıq
çəkən mühasirə Leninqradından
köçürülüb Daşkənddə - evakuasiya
şəraitində yaşadıqda belə. Hətta onu
ilk dəfə görənlər qibtə və təəccüblə
müharibə məhrumiyyətlərinin bu "xoşbəxt"
şahzadəsinə baxır, bu yeriş və
davranışa alışmış şair dostları da
ondakı ruha, amiranəliyə, həyat eşqinə heyrət
edirdilər.
Axı Anna Axmatova bir vaxt Moskvanı cəzalandırıb
onu alovun ağzına verən Qızıl Orda hakimi Əhməd
xanın (... - 1481) törəməsi olduğunu hər yerdə
qürurla söyləməkdə idi. Tarixlərdə
söylənən bu "intiqamın" səbəbi o idi
ki, rus qaçaqları 1472-ci ildə saray şəhərini zəbt
edib yandırmışdılar. Əhməd
xan da (Axmat) qisas almışdı. Saray
şəhərinin dəbdəbəsi qarşısında
Moskva kiçik bir şəhər olsa da intiqam intiqam idi.
Odur ki, həddi-büluğa yetişəndə
öz könlü ilə rəsmi familiyası olan Qorenko
soyadından imtina etdi. Ulu babalarının
əsil-nəsil adı olan Axmatova familiyasını
götürdü və ömrü boyu xan babasından, onun
şöhrətindən ayrılmadı.
1946-cı ildə partiyanın ədəbiyyat barədə
məşum qərarından sonra adı bədnam olmuş
Axmatovadan küçədə tanışları da yan
keçirdilər. O buna da mərdliklə dözdü (Ali və orta məktəb
dərsliklərində öyrədilən bu qərar
yalnız 1988-ci ildə dərsliklərdən
çıxarıldı). Sovet hakimiyyəti illərinin
başlanğıcından ta ölümünə kimi məhrumiyyətlər
çəkə-çəkə təkcə
vüqarını saxlaya bildi. Öz
familiyasını isə "əzəmətli tatar
adı" adlandırırdı (татарское дремучее…) Pravoslav kilsələrində dinin və rusun
əbədi düşməni kimi əsrlərlə lənətlənən
Əhməd xanın adı ilə qürurlanırdı.
...Onların
görüşlərində elə bil zahirən nə bir hərarət,
nə bir dəlilik, çılğınlıq yox idi; sanki
qaynar eşq coşmadan soyumuşdu. Yox... qəlblər
öz tüğyanında idi. Anna
Axmatovanın heç bir hərəkəti aşiq rəssamın
nəzərindən yayınmır, o bu qadının hər
kiçicik jestində ilahilik, şairanəlik kəşf
edirdi. Bir dəfə onun emalatxanasına gələn,
lakin onu bağlı görən Anna gətirdiyi
qızılgülləri (O görüşlərə həmişə
məhəbbət simvolu qızılgüllə gəlirdi) pəncərədən
içəriyə ata bilir. Sonradan öz
emalatxanasına gəlib qapını açarkən rəssam
döşəmədəki qızılgülləri
görmüş və əli ilə cibindəki
açarını yoxlaya-yoxlaya "qapı bağlı idi, sən
içəri necə girmişdin?" - deyə
soruşmuşdu. Axmatova da ona: "Mən onları pəncərədən
atmışdım" - deyə cavab verəndə rəssam
heyrətlə: axı onlar elə gözəl qoyulmuşdu
ki... deyə vəcdə
gəlmişdi. Lakin ömür adlı bu möhtəşəm
ağacda hansı zədə yox idi?! Aşiqlərin
qəlb odu ilə tumarlanan, nazlanan, öpüşlərə
qərq edilən bu əllər sonra oğluna növbələrdə
gözləyə-gözləyə Leninqrad türməsinə
məhbus bağlaması daşıyacaqdı.
... Onlar ikilikdə Paris parklarında saatlarla, hətta
yağış altında, yağan yağışa əhəmiyyət
vermədən oturub qala bilirdilər. Belə havalarda
Dedonun (Amadeonun) açıb başları üstündə
tutduğu iri, möhkəm kişi çətirinin
altında bir-birinə sığınmış bu aşiqlərin
çox sakit və qayğılı, lakin vurğun
görüşləri onların hər ikisini saran ciddi
duyğulardan xəbər verirdi. Modilyani bu
şahanə xanımı, yeni-yeni yazmağa başlasa da,
Rusiyada artıq şair kimi məşhur olan Anna Axmatovam Misir
fironlarının xanımlarının libasında çəkirdi;
onların çöhrələrini Annaya baxıb
yaradırdı.
Axmatovanın boyunbağılarını, sinəbəndlərini,
ağır bilərziklərini, qədimi bəzəklərini
vəcdlə çəkir, təqdir edirdi. Anna sonralar,
çox-çox sonralar bu yəhudi gəncində hər
şeyin ilahi olduğunu yazacaqdı. Parisi ən
çox gecələr gəzməyə
çıxırdılar; laübalı şəkildə,
azana, yolu itirənəcən gəzirdilər. Qəlbləri və duyğuları ilə həmahəng
olan şəhər qəbristanlığında da
dolaşırdılar. Bəlkə qəlbən
hər ikisi uşaq idi; yaşlı və dərdli uşaq.
Modilyaninin Lüksemburq bağında
başları üstündə açıb
saxladığı iri çətirin altında Avropa ədəbiyyatından
bildikləri şeirləri birlikdə əzbər deyirdilər
və bunları hər ikisinin əzbər bildiyinə
sevinirdilər. Məhəbbətin dili
açılmışdı.
Gecə yarıdan keçəndən sonra da yuxulu
küçələrdə təkbaşına gəzən
Modilyaninin ayaq səslərindən onu tanıyırdı. Bu ayaq səslərinin
gəlib onun pəncərəsi altında
yavaşıdığım da duyurdu Axmatova; durub pəncərə
jalüzünün arasından onu gizlicə, heyran-heyran seyr
edirdi.Modilyani öz sənət manerinə sadiq qalaraq 21
yaşlı Annanı da çılpaq çəkirdi.
Ah!... Adi vaxtlarda ciddiyyəti,
təkəbbürü ilə şahzadələri də
ötüb keçən Axmatova bu anda lütfündə, nəvazişlərində,
ülfətində necə səxavətli idi. Bir anda mələkə
libaslarını soyunub atan qadının şahanə
mükafatı idi bu. Qısa görüşlərdən
böyük xatirələr qaldı - rəssam çəkdiyi
16 şəkli Axmatovaya bağışladı və xahiş
etdi ki, o bunların hamısını Peterburqdakı evində
assın. Heç vaxt onları divardan almasın.
O rica etsə də həyat başqa sürpriz hazırlamaqda
idi; həmin şəkillər Sovet hakimiyyətinin ilk illərində
Axmatovanın mənzilindən axtarış zamanı
aparılıb yoxa çıxdı. Anna Axmatova
həmin hadisəni "böyük itki"
adlandırırdı. Yalnız bir şəkil
qala bildi. Ölümündən azca əvvəl
böyük bir kitabı çapa hazırlanırdı.
Üstündə Modilyaninin yaratdığı portret
verilən bu sonuncu kitabı görmək şairə müyəssər
olmadı. "Zamanın qaçışı" adlı həmin
kitab Axmatovanın ölümündən sonra
çıxdı. Amedeo Modilyani sərxoşluq,
dilənçilik, ağır vərəm xəstəliyinin
içində dəli məhəbbətlə sevə bildi.
Həm də yaşada bildi, yarada və çəkə
bildi. Odur ki, onun ölümündən
sonra haqqında yazılmış monoqrafiyaları, tədqiqatları
oxuyan Anna Axmatova Modilyaniyə həsr olunmuş bədii filmi -
"Monparnas - 19" filmini də, araşdırmaları da
hibrid və bayağılıq adlandırırdı. Onun tanıdığı Modilyani daha böyük,
daha güclü və daha gözəl idi.
... Amadeo ciyər vərəminə baxmayaraq çəkir,
içir və tək-tənha qalan qəmli çılpaq
qadın portretləri yaradır; onların
yalqızlığını elə bil ölü
lüt-üryanlığı, paltarsızlığı ilə
də qabarıqlaşdırırdı. Yox,
yox, bu indi görməyə və alışmağa
başladığımız iyrənc erotik şəkillərdən
deyildi. Rəssam çılpaq Venera heykəllərini
özünəməxsus vasvasılıqla qoruyurdu. Onun fikrincə, paltar gözəlliyi örtüb
saxlaya, bədəndən duyulan gücü, enerjini, bəlkə
də ilahiliyi də azalda bilərdi. Paltar
bədəndən - ruhdan süzülən səmimiliyi,
ehtirası çox riyakarlıqla gizlədib qapada bilərdi.
Elə Axmatova da bütün ömrü boyu
heç vaxt səadətdən, xoşbəxt məhəbbətdən
yaza bilmədi. Amma həmişə, hər
zaman Axmatova söhbətlərində, sözündə -
danışığında özünəməxsus zahiri sərtlik
və soyuq biganəliklə onu anacaqdı. Lakin
için-için, yana-yana yazacaqdı: "Aramızda hər
nə olmuşdusa da, bu bizim həyatımızın, onun
çox qısa, mənimsə uzun ömrümün proloqu
olub". Bu uzun ömrün məşuqları
da çox-çox idi. Annanın da əsil
"Don Juan" siyahısı vardı. Hə... hə... 1925-ci ildə Lujnitskiyə diqtə
etmişdi bu siyahını.
Anna
Axmatova 75 il yaşadı; əri Nikolay
Qumilyevi sovet repressiyasının ilk illərində
itirmişdi (N.Qumilyev prof. Taqantsevin sui-qəsd qrupunun
üzvü kimi təqsirli sayılıb 1921-ci ildə güllələnmişdi).
Yeganə oğlu gələcək
filoloq-tarixçi Lev Qumilyev ilə həmişə ayrı
düşdü - gənc oğlu bitib-tükənməyən
Stalin düşərgələrində, özü isə xof
qarışıq acı peşimançılıq içində
məşəqqətli ömür yaşadı.
Onu həyatdan dördüncü infarkt apardı. Hətta təcrübəli
yaşlı həkimlər belə təəccüb
qalmışdılar: bir ürək nə qədər yara ala
bilər?! Bir neçə ay əvvəl
"Amedeo Modilyani" xatirə-məqaləsini bitirmişdi.
...Axmatova-Modilyani
münasibətləri təkcə qəlb əyləncəsi
deyilmiş; o bir epizod kimi qısa və ötəri olsa da,
ulduz qədər parlaq və sönməz, tarix qədər
etibarlı danılmaz faktlardır. Bu məhəbbət
tarixçəsi qısa olsa da, belə "qısa" sevgilər
bütöv ömrü məhəbbət nuruna boyayıb, hər
zaman bu işığı saxlamağa qadirdir.
Minaxanım Təkləli
Professor
Xalq Cəbhəsi.- 2017.- 29 yanvar.-
S.14.