Buzlar ölkəsində” nağıl-tamaşası nümayiş olunub

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri və bayram tamaşası uğurla başa çatıb. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, hər gün 4 seans olmaqla 10 gün davam edən əyləncə dolu şənliklər yanvarın 4-də yekunlaşıb.

Bayram şənlikləri çərçivəsində balacaların maraqla izlədiyi “Buzlar ölkəsində” nağıl-tamaşa nümayiş olunub. Müəllifi Anar Sadıqov olan səhnə əsəri gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanıb.

 Tamaşada əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova, Məhsəti Tahirzadə və Firuzə Balayeva çıxış ediblər.

Şahzadə Qar qızın xilasından bəhs edən səhnə əsəri xeyrin şər üzərində qələbəsi ilə başa çatır.

Təqdim olunan Yeni il şənlikləri və bayram tamaşası böyük maraqla qarşılanıb.

 

Xalq cəbhəsi.- 2017.- 6 yanvar.- S.16.