Mühacirətdə yaşamış
ziyalılarımızın yaradıcılığında Azərbaycançılıq
ideyası
2-ci yazı
Ötən yüzildə ictimai-siyasi proseslər nəticəsində
Azərbaycandan kənarda – mühacirətdə yaşamağa
məcbur olan ziyalılarımızın, ictimai-siyasi xadimlərimizin
yaradıcılığındakı Azərbaycançılıqla
bağlı məqamlar çoxdur. Akademik Bəkir Nəbiyevin
araşdırmalarına görə, M.Ə.Rəsulzadənin
«Azərbaycan şairi Nizami» (1950) monoqrafiyası öz
sanbalı və siqləti ilə seçilir. Azərbaycanda milli qurtuluş hərəkatının
ən görkəmli xadimlərindən və ilk Demokratik
Cümhuriyyətimizin banilərindən biri kimi tanınan
M.Ə.Rəsulzadə həm də məşhur publisist və
alim idi. Onun
yaradıcılığının baş mövzusu Azərbaycandır.
Yəni M.Ə.Rəsulzadə məqalə və
kitablarının başlığına
çıxarıb-çıxarmamasından asılı
olmayaraq, bütün əsərlərində Azərbaycanın
tarixini, siyasi coğrafiyasını, dilini, ədəbiyyatını,
ədəbi-mədəni əlaqələrini,
xalqımızın mənəvi gücünü, azadlıq
eşqini, istiqlal əzmini tədqiq edib. Bu mənada
onun sayı-hesabı hələ dəqiq müəyyənləşdirilməmiş,
bir yerə toplanıb tam halda nəşr olunmamış irsini
«Azəbaycannamə» kimi şərəfləndirmək ədalətli
olardı. Hələ «Azərbaycan cümhuriyyəti»
kitabında o, «Ədəbi və milli intibah» adlı xüsusi
fəsildə «Koroğlu», «Əsli və Kərəm»,
«Aşıq Qərib» kimi folklor örnəklərimizin xalq
ruhundan xəbər verən dastanlar olub Azərbaycanda geniş
yayıldığından, Füzuli irsinin ölməzliyindən
bəhs etmiş və belə bir fikri əsaslandırıb
ki, bu böyük sənət duhasının
yaradıcılığı sayəsində «Azərbaycan
türk ədəbiyyatı müstəqil bir cərəyan
halına düşüb». Alim XX əsrdə
bir tərəfdən türk, digər tərəfdən də
rus ədəbiyyatından təsirlənən Hadi, Sabir, Cavid,
Cavad, Səhhət kimi sənətkarların
yaradıcılığını fərqləndirib.
C.Məmmədquluzadənin
«Anamın kitabı», S.S.Axundovun «Laçın yuvası»,
H.Cavidin «Peyğəmbər» dramları, Ə.Cavadın «Nədən
yarandın?» şeiri kitabda nisbətən
geniş təhlil olunub. H.Cavidin əsərlərinin
dili alimin çox xoşuna gəlib, xüsusən, «Səyavuş»da
o, türk şeirinin gözəllik sirlərini «bilən bir sənətkarın
ifadə parlaqlığını» görüb. M.Ə.Rəsulzadənin fikrincə, bolşevik dövründən
əvvəlki yazıçılardan sovet idarəsi altında
ən böyük uğur C.Cabbarlıya nəsib olmuşdu.
Dramaturqu ancaq kollektivçilik ruhunun təmsilçisi
hesab edən tənqidçilərdən fərqli olaraq,
M.Ə.Rəsulzadə bu istedadlı sənətkarın
öz pyeslərinə verdiyi adlarda bir fərdiyyətçilik
mübəlliği kimi çıxış etdiyini söyləyir
və fikrini sübut etmək üçün oxucuları onun
əsərlərinin adlarına bu baxımdan xüsusi diqqət
verməyə çağırırdı. S.Vurğunun Stalini idealizə edən bəzi
şeirlər yazdığını göstərməklə
yanaşı alim onun «Vaqif» mənzum dramını «Azərbaycan
səhnəsinin Azərbaycan vətənpərvərliyinə
rəvac verən ən uğurlu əsəri»
adlandırıb. S.Vurğunun şairlik qüdrəti
haqqında aydın təsəvvür oyatmaq üçün
«Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində
«Vaqif» pyesindən Qacarla Vaqifin məşhur dialoqu tam şəkildə
nümunə kimi verilib («Aha, baş əyməyir hüzurumda
bu…»). Çağdaş Azərbaycan ədəbiyyatı
barədə mülahizələrini yekunlaşdıran alim
iqtibas kimi gətirdiyi nümunələr əsasında belə
düzgün bir nəticəyə gəlmişdi ki, hər
cür sensor maneələrinə və partiya
orqanlarının çox sərt nəzarətinə
baxmayaraq «qırmızı istilanın kommunizm ölkəsində
milli hissi öldürdüyünə dair söylənən bədbin
hökmlər mübaliğəlidir. Bu hiss
yaşayır, çarpışır və millətin ruhunu əks
etdirən aynada – onun ədəbiyyatında öz əksini tapır».
M.Ə.Rəsulzadənin ədəbiyyatşünaslıq
sahəsində ən sanballı əsəri «Azərbaycan
şairi Nizami» monoqrafiyasıdır. Bu kitab şairin əsərlərini
və onun ətrafında aparılmış tədqiqatları
orijinalında, yəni farsca oxuyan, yüksək elmi səviyyəyə
və incə bədii zövqə malik olan bir alimin
çoxillik araşdırmalarının məhsuludur.
Dörd fəsildən ibarət kitab Nizami Gəncəvinin
dövrü, mühiti, həyatı,
yaradıcılığı, ədəbi sələflərinə
münasibəti, sənətdə xələflərinin
şairə münasibəti, «Xəmsə»nin
bədii xüsusiyyətləri, Nizami ədəbi məktəbi
və s. haqqında sanballı monoqrafiyadır. Müqəddimədə
müəllif Nizaminin irsi və onun yaradıcılıq taleyi
ilə bu və ya digər dərəcədə bağlı
olan bir sıra çox vacib problemləri
işıqlandırıb.
Bunlardan biri Şərq mədəniyyətinə
türklərin, Azərbaycan xalqının verdiyi qiymətli
töhfə məsələsidir. O, belə bir fikri əsaslandırır
ki, Şərq aləmində bəzi hallarda islam mədəniyyəti
adı altında birləşdirilən elm, ədəbiyyat,
incəsənət, xüsusən poeziya əsərlərinin
yaranmasında ərəblərlə bərabər, onlar qədər,
bəzi sahələrdə hətta onlardan da artıq türklərin
və farsların xidmətləri var. Bu sahədə
adları bir qayda olaraq həmişə birinci çəkilən
görkəmli sənət korifeyləri arasında fars
Ə.Firdovsi, özbək Ə.Nəvai ilə yanaşı azərbaycanlı
N.Gəncəvinin də şərəfli adı xüsusi əzəmətlə
səslənir.
Şairin əsərlərindən aldığı
çoxsaylı faktlar və onların elmi təhlili əsasında
müəllif dönə-dönə təkrar edir ki, Nizami qəlbi
türk sevgisi, Qafqaz şəraiti ilə bağlı olan,
yurdunun tarixi müqəddəratından və ölkəsinin
özünəməxsus gözəlliklərindən bəhs
edən bir Azərbaycan şairidir. Nizaminin şəxsiyyəti
məsələsi bütün əsər boyu müəllifin
diqqət mərkəzindədir. Lakin kitabın birinci fəslində
Nizaminin tərcümeyi-halına dair müxtəlif mənbələrdən
toplanmış faktları, eləcə də şairin Azərbaycan
hökmdarları ilə münasibətlərinə dair onun
özünün «Xəmsə»də yazdıqları əsasında
tədqiqatçı bu böyük söz ustadının
şəxsiyyətini bugünün oxucusu üçün
daha da doğmalaşdırır, vüqarı, əyilməzliyi,
mənəvi ucalığı barədə təsəvvürləri
zənginləşdirir. Bu zəmində Nizaminin
dünya ədəbiyaytında mövqeyi məsələsinin
qoyuluşu bizə daha inandırıcı görünür.
Azərbaycan, İran və Hindistanın görkəmli söz
ustalarından gətirilən etiraflar bir daha təsdiq edir ki,
«aşiqanə məsnəvilər yazmaqda… heç kim şeyx həzrətlərinin (Nizaminin) səviyyəsinə
yüksələ bilməyib. Nizaminin izilə
getmək və onun xırmanından qalan başaqları
toplamaq məqsədilə Əmir Xosrov Dəhləvi kimi bəzi
şairlər «Xəmsə» yazmışlarsa da, əsərlərinin
yalnız adlarını ustadınkına bənzədə
biliblər».
Monoqrafiyanın ən geniş fəsillərindən biri
«Xəmsə»dəki məsnəvilərin onların
yazılış tarixinə uyğun bir ardıcıllıqla
təhlilinə həsr olunub. «Sirlər xəzinəsi»ndəki
bütün «məqalə»lərin ideyasını
yığcam şərh edən alim onları müşayiət
edən hekayələri də açıqlayır. Bizim
zəmanəmizdə dərslik və müntəxəbatlarda
tanınan adlarla desək, «Kərpickəsən qoca ilə
cavanın dastanı», «Sultan Səncər və qarı»,
«Ənuşirəvanla bayquşların söhbəti» kimi mənzum
hekayələrin məzmununu açır. Bütövlükdə
«Sirlər xəzinəsi»ni təlqinçi,
tərbiyəvi əsər adlandırır, insan əxlaqını
kamilləşdirməyə xidmət baxımından çox
yüksək qiymətləndirir.
«Xəmsə»nin ikinci əsəri olan «Xosrov və Şirin»dən
bəhs edərkən M.Ə.Rəsulzadə əvvəlcə
onun janrını müəyyən etmiş və məsnəvini
haqlı olaraq mənzum roman adlandırıb. Qədim
Şərqdə Xosrov və Şirinin məhəbbət macərasına
dair ayrı-ayrı epizodların qələmə
alındığı ədəbi məxəzləri yada
salan alim belə hesab edir ki, Nizami bu hekayəti tam şəkildə
nəzmə çəkən ilk şairdir və onun əsərinin
məziyyəti qəhrəmanların daxili aləmini,
psixologiyasını dərindən əks etdirməsindədir.
M.Ə.Rəsulzadə «Xəmsə»nin digər nümunələri
kimi «Xosrov və Şirin» romanının da məzmununu
yığcam şəkildə öz əsərində verib və
bizim qənaətimizə görə haqlı iş
görüb. Eyni üsuldan müəllif «Yeddi
gözəl» və «İsgəndərnamə» haqqında
bölmələrdə də istifadə edib, bilavasitə həmin
əsərlərin konkret məzmunundan çıxış
edərək onların təhlilini verib.
«İsgəndərnamə»nin təhlilində M.Ə.Rəsulzadə bu əsərin
«Xəmsə»nin digər nümunələrindən fərqləndirən
özünəməxsusluğu üzərində dayanaraq
nizamişünaslıq elmi üçün yeni olan bir
xüsusiyyəti aşkarlayır. Alim göstərir
ki, bu əsər müəyyən tarixi şəxsiyyət və
hadisələr haqqında yazıldığına, epik
vüsətinə baxmayaraq, onda dərin bir lirizm var. İsgəndərin
hər bir hərbi və siyasi qələbəsi eyni zamanda bir
eşq macərası ilə süsləndirilir. Beləliklə, əsərdə «İsgəndər
bir imperator, peyğəmbər, filosof olduğu qədər də
bir aşiqdir». Alim Nizami «Xəmsə»sini müəyyən
mövzular üzrə araşdırır, şairin farslar və
fars mədəniyyəti,
türkçülük aləmi və türklər, Qafqaz
torpağı haqqında mülahizələrini, eləcə
də bəşəriyyətin zərif cinsi olan qadın
haqqında fikirlərini təhlil edib ümumiləşdirir. Məsnəvilərdən gətirdiyi faktlar əsasında
sübut edir ki, Nizami «türk» kəlməsilə öz əsərlərində
gözəl, mərd, qəhrəman, ağıllı kimi
keyfiyyətləri ifadə edib.
Bu keyfiyyətləri Nizami özünün qadın qəhrəmanlarında
da görüb və dönə-dönə təqdir
etmişdi.
Xosrovun cənazəsi yanında özünü həlak
etmiş Şirin haqqında şairin bu sözləri çox
ibrətamizdir: «Afərin Şirinə və onun şirin
ölümünə, can verib, can almağına!» M.Ə.Rəsulzadənin fikrincə,
Nizami bu sözləri türk ənənələrindən,
Qafqaz şəraitindən ilham alaraq yazıb”.
Araşdırmadan daha sonra məlum olur, M.Ə.Rəsulzadənin Nizami haqqında kitabı mühacirət ədəbi fikrinin, özəlliklə nizamişünaslığın ən dəyərli uğurlarından biri, bəlkə də birincisi olub XX əsrin ikinci yarısından etibarən Azərbaycanda ədəbiyyat elminin inkişafına ciddi kömək edib: “Anadilli poeziyamızın Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Xətai, Füzuli kimi klassiklərinin yaradıcılığı haqqında da mühacirət ədəbiyyatşünaslığının maraqlı qənaətləri var. Mühacir alimlər XV əsrin sonu – XVI əsrin əvvəllərini anadilli poeziyamızın ən parlaq dövrü kimi təqdim edir, onun qısa bir zamanda çiçəklənməsini ayrıca vurğulayırdılar. Ə.Yurdsevərə görə, Səfəvilərin Azərbaycan dilini dövlət dili elan etməsi XVI əsrdə bu dildə yaranmış ədəbiyyatı ən kamil inkişaf səviyyəsinə çatdırmışdı. Hələ 1923-cü ildə M.Ə.Rəsulzadə İstanbulda işıq üzü görmüş «Azərbaycan Cümhuriyyəti» əsərində Füzulini «bütün türklüyün dahi şairi» kimi səciyyələndirir və qeyd edirdi ki, «Hafiz divanı farslar üçün nə isə, Azərbaycan türkləri üçün də Füzuli divanı odur». Molla Pənah Vaqifi modern Azərbaycan ədəbiyyatının banisi sayan Ə.Cəfəroğlu onun ədəbiyyatımıza gətirdiyi yenilikləri, lirikasının ana motivlərini belə səciyyələndirir: «Şeirlərində şəklən əski klassik ədəbiyyata bağlı qalmaqla bərabər, ifadə, mövzu, hətta təbir və kəlmə xəzinəsi baxımından da tamamilə azəri xalqının ruhuna sadiq qalıb. Dili sadə və xalq dili idi...”
Uğur
Xalq Cəbhəsi.- 2017.- 7 yanvar.-
S.13.