Avstraliyalı məsləhətçi Milli Kitabxanada

 

Avstraliyanın məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi Berri Uols Azərbaycan Milli Kitabxanasında olub.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxana ilə yaxından tanış olan qonaq Azərbaycan oxucularının hüquq sahəsində daha çox hansı ədəbiyyatı oxuduqları və bu sahədə hansı dövri mətbuata müraciət etdikləri ilə maraqlanıb.

Qonaq kitabxananın direktoru Kərim Tahirovla görüşü zamanı məsləhətçisi olduğu elektron kitabxana layihəsi haqqında danışıb.

Vurğulanıb ki, təqdim olunan layihə çərçivəsində kitabxanada bütün hüquq ədəbiyyatının toplanması ilə yanaşı, eyni zamanda müəllif hüquqlarının qorunması da vacibdir.

Azərbaycan Milli Kitabxanasının bu sahədə mövcud təcrübəsindən danışan K.Tahirov beynəlxalq məsləhətçiyə hər sahədə yardım etməyə hazır olduğunu bildirib.

Daha sonra Berri Uols hüququn müxtəlif sahələrinə dair ədəbiyyatın, monoqrafiyaların çapına dəstək olacaqlarını və həmin ədəbiyyatların elektron kitabxanaya yerləşdiriləcəyini diqqətə çatdırıb.

Görüş çərçivəsində beynəlxalq məsləhətçi elektron kitabxananın yaradılmasında Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Daha sonra hər iki tərəfi maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda qonağa ölkəmizlə bağlı kitablar hədiyyə edilib.

 

Xalq cəbhəsi.- 2017.- 13 yanvar.- S. 16.