M.Ə.Rəsulzadənin yaradıcılığında və ictimai-siyası fəaliyyətində Azərbaycançılıq ideyası

 

2-ci yazı

 

Araşdırmaçı F.Əhmədovanın fikrincə, M.Ə.Rəsulzadənin "Bakı məsələsi"ndə gəldiyi qənaət hökumətə tövsiyəsi qəti idi: "Nəyin bahasına olursa-olsun Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır". Hərbi əməliyyatları davam etdirməklə yanaşı, diplomatik fəaliyyəti gücləndirmək effektli nəticə əldə etməyin ənənəvi yolu sayılsa da, M.Ə.Rəsulzadə Tələt paşa Bernsdorfla növbəti görüşlərindən sonra sentyabrın 6-da M.H.Hacınskiyə məlumatında Bakı məsələsinin yeganə həlli yolunu göstərirdi: "Bakı məsələsi yalnız qüvvədən asılıdır. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan. Hətta alındıqdan sonra belə biz çoxlu diplomatik çətinliklərlə üzləşməli olacağıq. Bunları (qarşıdakı vəzifələri) yerinə yetirmək üçün biz əvvəlcə ordu yaratmalıyıq".

Azərbaycan hökuməti bu yöndə fəaliyyətini səfərbər etdiyi kimi, M.Ə.Rəsulzadə də hərbi işin təşkili, Azərbaycana qonşularının iddia etdiyi ərazilər haqqında Osmanlı rəsmiləri ilə danışıqlarını davam etdirmiş, xüsusən Bakı məsələsində çevikprinsipial mövqe tutmuşdu. Vaxtı itirməmək üçün hökumətdən xüsusi səlahiyyətlər verilməsini gözləmədən sentyabrın 12-də Almaniyanın Osmanlı dövlətindəki səlahiyyətli nümayəndəsi, qraf Valdburqa Azərbaycan hökuməti adından nota imzalayaraq təqdim etmişdi. Bakının Azərbaycan ərazisində, Azərbaycan xalqının tarixində tutduğu yerdən, mədəni, iqtisadi, siyasi, milli bağlılıq tarixindən bəhs edərək gətirdiyi konkret faktlara söykənməklə fikrini əsaslandırmış, Rusiyanın Bakıya iddiasının əsassızlığını, həm də yeni rus hökumətinin bəyan etdiyi prinsiplər baxımından Almaniya nümayəndəsinin diqqətinə çatdırmışdı. "Almaniya imperiyası ilə Böyük Rusiya arasında bağlanmış sazişin Bakıya aid maddəsinə" etiraz olaraq verilmiş nota barəsində Azərbaycan Xarici İşlər Nazirliyini məlumatlandıran M.Ə.Rəsulzadə lazım olarsa, hökumətin notaya uyğun hərəkət etməsini məqsədəmüvafiq saymışdı. Diplomatiyada qarşı tərəfin maraq dairəsindən çıxış etməyin faydasını bilən peşəkar kimi Rəsulzadə neft amilini, sazişin Bakı məsələsində Almaniyanı təmin edəcək şərti nəinki diqqətsiz qoymamış, əksinə, "Almaniya kimi nəhəng sənaye dövlətinin ticariiqtisadi maraqlarını" Azərbaycan hökumətinin nəzərə alacağını vurğulamışdı”.

M.Ə.Rəsulzadə təkcə bu nota ilə kifayətlənməmişdi: “Osmanlı dövlətindəki Almaniya səfirliyinə etiraz notası təqdim edilmiş, notanın surəti Osmanlı dövlətinin Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə, həmçinin bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə verilmişdi. İstanbuldakı nümayəndəlik adından etiraz edən M.Ə.Rəsulzadə M.H.Hacınskiyə məktubunda "Hökumət də ayrıca olaraq etiraz etməlidir və (mütləq) hay-küy qaldırmaq lazımdır" yazdığı kimi, bir daha bildirirdi: "Bilməlisiniz ki, bu xəyanətkarlığa ən böyüklayiqli cavab Bakının alınmasıdır".

Bakının alınması barədə rəsmi şəkildə Azərbaycan hökumətindən deyil, Ənvər paşa vasitəsilə xəbər tutan M.Ə.Rəsulzadə növbəti məlumatında Alman bloku dövlətlərindəki vəziyyəti, Rusiya ilə münasibəti təhlil edərək getdikcə daha ciddi şəkil alan siyasi şəraitdə fəaliyyət kursunu müəyyənləşdirmişdi: "Əgər Azərbaycan hökuməti hazırda müstəqil çevik siyasət yeritsə, zənnimcə, bu bizim xeyrimizə olacaq".

Cənubi Qafqaz respublikalarının sərhədlərinin müəyyənləşdirilməsi Rəsulzadənin İstanbulda diqqət verdiyi məsələlərdən olmuşdu. Ermənilər Ənvər paşaya təqdim etdiyi layihə və xəritəyə görə Türkiyə və Azərbaycan ərazilərindən, həmçinin gürcülərdən bir sıra torpaqlar tələb edirdilər. Bu məsələyə dair Ənvər paşa ilə söhbətlərində Rəsulzadə Osmanlı dövlətinin ümumi maraqlarına zidd olmasa da, Azərbaycan dövlətinin mənafeyi əleyhinə olan layihələrə qarşı çıxmış və Ənvər paşa da ən münasib saydığı yolları məsləhət görərək Nuru paşaya müvafiq hərbi göstərişlər vermişdi.

Gənc Azərbaycan dövlətinin demokratik imici faktoruna biganə olmayan M.Ə.Rəsulzadə İstanbuldan göndərdiyi məlumatlarında başlıca problemlər sırasında bu məsələdən də bəhs etmişdi. Azərbaycan hökuməti tərəfindən sol qüvvələrin təqib edilməsi haqqında xəbərlərin yayılması Rəsulzadəni narahat etmiş, "gənc Azərbaycan"ın azadlıqsevər, siyasi baxışlara dözümlü olduğunu təsdiqə yetirməyi hökumətin nəzərinə çatdırmış, yeni qurulan dövlətin vəziyyətini daim diqqətdə saxlamağı ciddi tərzdə tövsiyə etmişdi. M.Ə.Rəsulzadənin Türkiyə dövlət rəsmiləri ilə mütəmadi görüşləri məhz qarşılıqlı münasibətlərin nizamlanması, bərabər səviyyəli məcraya yönəldilməsi baxımından təqdirəlayiq sayıla bilər. M.Ə.Rəsulzadə Azərbaycanın istiqlaliyyəti haqqında hökumət teleqramının surətini bütün konsulluqlara təqdim etməklə yanaşı, Azərbaycanın müstəqil dövlət kimi mövcudiyyətini göstərmək üçün rəsmi dövlət qəzetinin nüsxəsini, qoşunların, bayrağın, dövlət adamlarının fotoşəkillərini, milli ədəbiyyat nümunələrini, Bakı şəhərinin görünüşlərini tezliklə göndərməyi xahiş edirdi. Azərbaycanın hərbi işinin təşkili üçün lazım olan hər şeyi Türkiyədən ürəklə, cəsarətlə tələb etməyə çağırırdı.

"Azərbaycanın müstəqil dövlət olduğunu nə qədər çox göstərə bilsəz, o qədər yaxşı olar" sifarişi ilə Rəsulzadə konfransın artıq baş tutmayacağına əminliklə, həm də maliyyə məsrəfi baxımından geniş nümayəndə heyətinin İstanbulda qalmasını mənasız sayaraq, bir nəfərin nümayəndəlik qismində fəaliyyətini kafi bilmiş, yubanmadan paytaxtlarda aparmağa üstünlük vermişdi. Azərbaycan dövlətçiliyinin bütün çətinliklərinə baxmayaraq, 1918-ci il oktyabrın 22-dək İstanbulda olmuş Rəsulzadənin diplomatik fəaliyyəti çox faydalı məzmun daşımış, Türkiyə rəsmiləri ilə münasibətlərin qurulması, Azərbaycan üçün hərtərəfli dəstəyə nail olmaq yönündə iş aparmışdı”.

Azərbaycanın xarici siyasi məsələlərinin tənzimlənməsində, xüsusən də Bakı məsələsində ardıcıl və prinsipial mövqeyi mətbuat tərəfindən də yüksək dəyərləndirilmişdi: “Rəsulzadənin İstanbuldan Bakıya dönüşünü salamlayan "Azərbaycan" qəzeti "görkəmli ictimai xadim-publisist"in Azərbaycan türklərinin ictimai hərəkatı tarixində rolunun, doğma xalqının maraqlarının qorunmasında ağır, məsuliyyətli zəhmətinin dərin minnətdarlığa və ehtirama layiq olduğunu yazırdı.

M.Ə.Rəsulzadə 1918-ci ilin noyabrında Bakıya dönən kimi yaranmış yeni siyasi vəziyyətin şərtlərinə müvafiq olaraq hökumət başçısı F.Xoyskinin müraciətinə əsasən Milli Şuranın çağırılması işinə başlayır. Azərbaycan parlamentçiliyi tarixində bilavasitə roluizi olan Rəsulzadə 1918-ci il noyabrın 12-də "Azərbaycan" qəzetinə müsahibədə İstanbul səfərindən, parlamentin təşkilindən bəhs etmiş, Qafqazın taleyi ilə bağlı fikirlərini bildirmişdi. Qafqazın gələcəyini Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqazın daxil olduğu birləşmiş ittifaq dövləti halında görən Rəsulzadə 1918-ci il noyabrın 29-da "Bütün Azərbaycan əhalisinə" müraciət etmişdi. Muraciətdə "İstiqlal Bəyannaməsi"nin məzmunu bir daha təsbit olunmuş, qarşıda dayanan ən mühüm vəzifələrin həllinə çağırılmışdı: parlamenti təsis etmək, yeni hökumət təşkil etmək və ümumsülh məclisinə hazırlaşmaq.

Azərbaycan parlamentinin özəyini Azərbaycan Milli Şurasının tərkibi təşkil edirdi. Qanunverici hakimiyyət orqanı kimi Azərbaycan Milli Şurası 1918-ci il noyabrın 20-də Azərbaycan parlamentinin yaradılması haqqında qanun verdiöz tərkibini genişləndirərək Azərbaycan parlamentinə çevrildi. Yüksək bir statusda fəaliyyət göstərmiş, "Azərbaycan dövlətçiliyində möhtəşəm tarixi rol oynamış Azərbaycan Milli Şurası"nın sədri sonadək Məhəmməd Əmin Rəsulzadə olmuşdu. Azərbaycan parlamentinin ilk iclasını da M.Ə.Rəsulzadə "Şurayi-Milli rəisi" səlahiyyətində açıq elan etmişdi. Tarixi sənədlər M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı olduğunun tarixi-hüquqi əsasını təsbit edib.

Bu da əlamətdar idi ki, parlamentin açıldığı gün "Azərbaycan" qəzetində Rəsulzadənin "təyini-müqəddərat" haqqında məqaləsi dərc olunmuşdu. Təyini-müqəddərat prinsipinə fərqli siyasi platformalar prizmasından şərh verən Rəsulzadə Azərbaycan parlamentini açarkən tarixi rəmzi nitq söyləmişdi. Bununla onun bioqrafiyasında yeni mərhələ başlamışdı. Parlament üzvü, "Müsavat" fraksiyasının sədri Rəsulzadə bu mərhələdə nə rəsmi dövlət vəzifəsi tutdu, nə də buna iddialı oldu. Amma cümhuriyyətin taleyində ən ağır, böhranlı sınaq anlarında çevik, cəsarətli qərarı, mövqeyi ilə çıxış yolu tapmış, hadisələrin axarına təsir göstərməyə qadirnail olmuş, dövlətin ideoloqu missiyasını layiqincə yerinə yetirmişdi. Parlamentdə siyasi partiyaların bəyannamələri təqdim edilərkən M.Ə.Rəsulzadə ilk olaraq fraksiyası adından geniş proqramla çıxış etmişdi. Onun aqrar məsələ, fəhlə məsələsi və b. məsələlərlə bağlı söylədikləri mütəmadi alqışlarla müşayiət olunmuş, çox zaman sol qüvvələr tərəfindən rəğbətlə qarşılanmışdı.

M.Ə.Rəsulzadə parlamentin ən fəal, intizamlı üzvü olmuşdu. İclaslarda ardıcıl iştirak etmiş, demək olar ki, bütün məsələlərin (təşkilati, ərazi, milli münasibətlər, qanun layihələrinin qəbulu, sosial vəziyyət, xarici siyasət, ölkənin müdafiəsi, Qars, Dağıstan məsələləri, Rusiya ilə münasibətlər, fəhlə məsələsi və s.) müzakirəsində nəinki münasibət bildirmiş, professionallıq nümayiş etdirmiş, onların həllinin tapılmasına nail olmuşdu. "Bakı fəhlə konfransı" timsalında bolşeviklərin hakimiyyət səviyyəsində fəallıq göstərən rəqib qurumunu təcrid etmək üçün Rəsulzadə mütəmadi olaraq müsəlman fəhlə konfransının iclaslarında çıxış etmiş, ən mühüm dövləti məsələlərin fəhlələr arasında müzakirəsi və təqdirinə səy göstərmişdi”.

Siyasi proseslərin mahiyyətinə misilsiz poetik ifadə ilə təhlil vermiş Rəsulzadə bir çox tarixi məzmun və əhəmiyyətli əsərlərin müəllifidir. Mühacir həyatında Azərbaycançılıq ideyasına, milli dövlətçilik əqidəsinə sadiq qalmışdı. Azərbaycan milli dövlətçiliyinin bərpası, Azərbaycanın bütövləşməsi amalı ilə yaşamışdı.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2017.- 14 yanvar.- S.13.