Hərb tariximizin şanlı dövrü: Azərbaycan Xalq Cümhuriyyəti və milli ordu quruculuğu

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən az sonra Azərbaycan milli ordusunun yaradılmasına başlanıldı. Milli dövlətçiliyin bərqərar olmasının ən vacib amillərindən, atributlarından biri milli ordunun yaranması idi.

1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə Azərbaycan türkcəsinin orduda dövlət dili kimi tətbiq edilməsinə başlandı. Bu dövrdə Azərbaycan ordusunda ana dilini öyrənmək, savadsızlığın ləğvi ilə bağlı kurslar açıldı. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti nizami milli ordunun sayını 25 minə çatdırmaq məqsədilə dövlət büdcəsindən 400 milyon manat vəsait ayırdı. Gürcüstandakı hərbi məktəblərdə təhsil almaq üçün ora yüzlərlə azərbaycanlı zabit və əsgər göndərildi. Gürcüstan Azərbaycan ordusuna 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşatılan tüfəng, 211 qılınc, 295 nizə və hərbi ləvazimat verdi. 1919-cu il yanvarın 11-dən orduda hərbi qulluqçular üçün yeni hərbi geyim forması tətbiq edildi. Türk qoşunlarının Gəncədə olduğu vaxtda fəaliyyət göstərən praporşiklər məktəbinin işi yenidən quruldu. Onun əsasında hərbi məktəb təşkil edildi. Ordunu milli-hərbi kadrlarla təmin edəcək hərbi dəmiryolçular, istehkamçılar və hərbi feldşerlər məktəbləri açıldı.

Müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə razılıq verdi. Martın 31-də hərbi nazirin əmri ilə Bakı şəhərində yerləşəcək hərbi hissə və bölmələr müəyyənləşdirildi. Həmin qüvvələrə 1 piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə birinci süvari alayının komandiri polkovnik Fərhad Ağalarov rəhbərlik edirdi. Bakı qarnizonunun rəisi vəzifəsi də ilk dəfə ona həvalə olunmuşdu. 1919-cu il aprelin 15-də hərbi qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. İngiltərə hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra hərbi nazirliyin rəhbər orqanları iyunun 28-dən iyulun 10-a qədər Bakıya köçürüldü. 1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakının möhkəmləndirilmiş müdafiə rayonunun yaradılması idi. Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılıq işləri sayəsində 1919-cu ilin avqust ayında ingilis hərbi birləşmələri Azərbaycanı tərk etdikdən sonra hərbi dəniz qüvvələri yaradıldı. Bu donanmanın tərkibində 75,3 və 120 millimetrlik kalibrli toplarla silahlanmış iki gəmi vardı. Bura digər gəmilər, katerlər də daxil idi. Xəzər hərbi donanmasının şəxsi heyəti 1170 nəfərdən ibarət idi.

1920-ci ilin aprelində Azərbaycan ordusunda 3 piyada diviziyalarında birləşmiş 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə, 4-cü Quba, 5-ci Bakı, 6-cı Göyçay, 7-ci Şirvan, 8-ci Ağdaş piyada alayları, süvari diviziyasında isə birləşmiş olan olan 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki süvari alayları və 2 topçu briqadaları vardı.

1918-1920-ci illər dövrünün fəal iştirakçılarından biri olan Rəhim bəy Vəkilov «1920-ci il üçün Azərbaycan Respublikasının ünvan təqvimi. Bakı, 1919″ nəşrində çap edilmiş «Azərbaycan Respublikasının yaranma tarixi» adlı əsərində o dövrdə baş verən gərgin siyasi hadisələrin xeyrimizə həll olunmasında milli ordumuz yaranandan sonra tədricən güclənməsinin mühüm təsirə malik olduğu vurğulanır: «Azərbaycan və bütün Zaqafqaziya üçün Avropa müharibəsini qurtarmasının ən yaxın nəticəsi türk qoşunlarının getməsi və onların yerini ingilis qoşunlarının tutması oldu». Noyabrın 17-də ingilis generalı V.M.Tomson deyir: «…Biz nə indi, nə də gələcəkdə sizin daxili işlərinizə qarışmaq məqsədi güdmürük. Mən ümid edirəm ki, sizin köməyinizlə hər şey yoluna düşəcək

Tanınmış araşdırmaçı Ataxan Paşayevin araşdırmasında bildirilir, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti Gəncədə çətin şəraitdə fəaliyyətə başlamışdı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi olmuşdu. Avqustun 11-də qəbul olunmuş «Hərbi mükəlləfiyyət haqqında qanun»a müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər olunması elan edildi. Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və hərbi nazirlik bunun üçün əlindən gələni edirdi.

Azərbaycan Cümhuriyyəti mövcud olduğu 23 ay müddətində özünün sülh yaratma cəhdlərinə baxmayaraq daim Ermənistanla rəsmən elan edilməmiş müharibə vəziyyətində olmuşdu. Ermənistan 1918-ci ilin dekabrında qədim Azərbaycan torpaqları olan Lori və Borçalı uğrunda Gürcüstana qarşı rəsmi müharibə elan etdi. O, Cənubi Qafqazın çox hissəsini «tarixi erməni torpaqları» elan edərək onları ələ keçirməyə, nə olursa-olsun, ərazilərini genişləndirməyə çalışırdı. Təsadüfi deyil ki, 1920-ci ilin aprelində 11-ci Ordu Azərbaycanı işğal edərkən Azərbaycan Cümhuriyyəti ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni qiyamçılarına qarşı mübarizə ilə məşğul idi.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixində 1918-ci ilin 15 sentyabrına kimi olan dövr dövlətimizin hər mənada varlığını təsdiq dövrü idi. Bu dövrədək milli ordu quruculuğu ilə bağlı müəyyən işlər görülsə də, Bakının düşmən əlində olması Cümhuriyyətin imkanlarını məhdudlaşırdı. Belə bir zamanda qəhrəman türk ordusunun Azərbaycana köməyə gəlməsi hadisələrin sonrakı inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən dövrdə də olsa, özünə gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına ciddi təkan verdi. Digər tərəfdən də bu hadisə iki qardaş xalqın mənəvi birliyinin sübutu oldu.

Yenicə yaranmış olan Milli Ordunun döyüşçülərinin sonrakı taleyi son dərəcə kədərlidir. 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək olan müddətdə Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdu. Təkcə 1921-ci ilə qədər ancaq Azərbaycan-türk hərbçilərindən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan, 266 nəfər hərbi işçi güllələnmişdi. Sulkeviç, Usubov, Haşımbəyov, İmamulla Mirzə Qacar, Kazım Mirzə Qacar, Həmid Qaytabaşı, Həmid bəy Səlimov, Rza bəy Şıxlinski, İsgəndər bəy Seyfulin, Ziyadxanov və digər tanınmış hərbçilər güllələnənlər sırasında idilər. Azərbaycan Milli ordusunun əsgərləri «qırmızıların» gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi.

Ümumiyyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqilliyin necə şirin olduğunu anlayan, ölkənin taleyi sarıdan onu qarşıda gözləyən təhlükələri aydınca görən hərbçilərimizin əksəriyyəti bütün bunlara baxmayaraq tutduqları yoldan çəkilmədilər. Azərbaycan hökuməti az vaxtda milli ordu quruculuğu yönündə çox işlər gördü.

Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan «Azərbaycan» qəzetinin səhifələrində o dövr milli ordu quruculuğuna dair də xeyli qiymətli soraqlar var.

Vaxtilə çar Rusiyasının ordusunda xidmət edən, ancaq Azərbaycan sevgisini ürəyində, ağlında daşıyan hərbçi soydaşlarımız milli dövlətimiz qurulan kimi Vətənə qayıtdılar, Azərbaycanın hərbi imkanlarının yaranmasında və güclənməsində xüsusi rol oynadılar. Hərbi sahədə ən tanınmış imzalar - Səmədağa Mehmandarov və Əliağa Şıxlinskidən savayı neçə-neçə Azərbaycan generalı gənc dövlətin varlığının yaşarı olması üçün misilsiz rəşadətlər göstəriblər.

Xalq Cümhuriyyətinin qurulduğu dövrdə bu və başqa generallarımızın olması sübut etdi ki, xalqımız döyüşkənlik ruhunu qətiyyən itirməyib. Şəmistan Nəzirli bildirir ki, fitri istedada malik, anadangəlmə hərbçi olan artilleriya generalı Əliağa Şıxlinski bütün varlığı ilə sevdiyi xalqına sədaqətlə xidmət edib: «Onun hərbi fəaliyyəti ilə bağlı araşdırmalar aparan zaman bir çox sahələrdə ilkin şəxs olduğunu gördüm. Yəni təkcə general kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli alimi idi. Hələ əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən «Şıxlinski üçbucağı»ndan təkcə Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunub. «Şıxlınski üçbucağı»nda artilleriya tarixində ilk dəfə topların gözlə görünməyən hədəfə atəş açmaq texnikası işlənib hazırlanıb».

1920-ci il avqustun1-dən Mehmandarov Şıxlinski ilə birlikdə Nəriman Nərimanovun köməkliyi sayəsində ölümdən xilas edilərək Moskvaya göndərilirlər. Şıxlinski Ali Artilleriya Məktəbində gələcəyin marşalları Qovorova, Yakovlevə, baş artilleriya marşalı Voronova və başqalarına dərs deyib. Mehmandarov da artilleriya nizamnaməsi hazırlayan komissiyanın tərkibinə daxil edilir, Hərbi Akademiyada taktikadan dərs deyir. Bir ildən sonra Bakıya qayıdan generallar burada Azərbaycan Komandirlər Məktəbində dərs keçiblər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzun yaranması və yaşamasında mühüm xidmətlər göstərmiş, 21 döyüş generalından biri general-leytenant Məmmədbəy Aleksandroviç Sulkeviç 1919-cu il martın 26-dək Gəncədə yerləşən 1-ci Müsəlman Korpusunun komandiri olub. Həmin tarixdə 147 saylı əmrlə baş qərargah rəisi təyin olunub. 1919-cu il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan arasında hərbi ittifaqın bağlanmasında Məmmədbəy Sulkeviçin böyük rolu olub. Bu təşəbbüsü o, irəli sürmüşdü.

1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Milli Ordusu Vətən tariximizdə, xalqımızın azadlıq mübarizəsində silinməz izini qoydu. Tariximizdə şanlı, fəxr ediləsi olaylarla yanaşı acı-ağrılı, dərs götürülməsi gərəkən olaylar da var. Hazırda Azərbaycan ərazisinin 20 faizinin işğalı dönəmində xalqın ümidi yenə də Azərbaycan ordusunadır. Qarabağımızın, itirilən torpaqlarımızın taleyini Milli Ordumuz həll eləyəcək.

 

Elçin Qaliboğlu

Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.

Xalq Cəbhəsi.- 2018.- 26 aprel.- S.13.