Ermənistanla Azərbaycan arasında atəşi kəsməyən atəşkəs

 

Atəşkəs rejimini mütəmadi pozan erməni təxribatçıları dinc əhali ilə yanaşı, mülki obyektləri də atəşə tutmaqda davam edirlər. ABŞ-ın “THE DAILY CALLER” nəşri son günlər atəşkəs rejimini kobudluqla pozaraq kənd təsərrüfatı işləri ilə məşqul olan dinc əhalini atəşə tutmasından yazıb.

WordlMedia-nın ABŞ nəşrinə istinadən verdiyi məlumata görə, bu il aprelin 12-də bir kənd dəhşətli artilleriya atəşinə tutuldu. ABŞ dəniz piyadaları korpusunda 8 illik xidmətim də daxil olmaqla, mən belə xəbər eşitməmişdim. Bu, San-Dieqodan şimalda yerləşən, ABŞ dəniz piyadaları korpusunun “Pendleton” düşərgəsindəki böyük bazasında 300 yeniyetmə qarşısında çıxış etdiyim anda baş vermişdi...
Dəhşətli artilleriya atəşinə məruz qalan “Pendleton” düşərgəsindən 7 min mil məsafədə, İran İslam Respublikası ilə Vladimir Putinin dirçələn Rusiya imperiyası arasında yerləşən, lakin ABŞ-ın dostu olan Azərbaycan idi. Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi istiqamətində “artilleriya yağmuru”na başlamışdı.

Bu rayon ölkə paytaxtı Bakıdan 332 kilometr cənub-qərbdə yerləşir. Əhalisi kənd təsərrüfatı ilə məşğul olan Tərtər rayonu Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın şərqində yerləşir. Onun Qapanlı erməni artilleriyasının hədəf ala biləcəyi məsafədədir. Bu bölgədə “yeni kəndin salınma səbəbi”ni soruşduqda mənə “bu, bizim torpağımızdır” cavabını verdilər.

Ermənistanda, Dağlıq Qarabağda və ona bitşik 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. 1992-1993-cü illərdə Ermənistan hərbi birləşmələri bu əraziləri işğal edib və bu torpaqlarda qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan olunub. O vaxtdan 25 il keçsə də, bu “respublika”nı heç bir dövlət tanımır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi 4 qətnamədə isə erməni hərbi birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi tələb olunur. Ermənistan bu qətnamələrə məhəl qoymur.
Tərəflər arasında düz 25 il əvvəl atəşkəs sazişi də imzalanıb və ona ATƏT-in müşahidəçiləri nəzarət edir. Lakin Ermənistan demək olar ki, hər gün Azərbaycan ərazisini bombalayır. Hansı silahlarla? Rusiya istehsalı olan “böyük silahlar”la!

Azərbaycan hökuməti Qapanlı kəndini erməni hərbi birləşmələrinin Ermənistandan və Azərbaycanın işğal altındakı ərazilərindən qovduğu qaçqın və məcburi köçkünlər üçün salıb.

BMT-nin hesabatına əsasən, təxminən 1 milyon azərbaycanlı erməni hərbi birləşmələri tərəfindən etnik təmizləməyə məruz qalıb. Qapanlı kəndi Azərbaycan hökumətinin onlar üçün saldığı çoxsaylı yaşayış məntəqələrindən biridir. Sadəcə, o, belə yaşayış məntəqələrinin çoxundan fərqli olaraq, təmas xəttində yerləşir.

Neytral mənbələr Ermənistanın Azərbaycan ərazisini gündəlik olaraq, ağır silahlardan atəşə tutduğunu bildirir. Bu, yaraya duz səpmək deməkdir.
Azərbaycanlılarla yanaşı, amerikalılar və Azərbaycanın digər dostları Ermənistanı durmadan atəşkəsə əməl etməyə, bu istiqamətdə ləyaqətli addımlar atmağa çağırır. Lakin bu çağırışlara da məhəl qoyulmur.

Bu artilleriya atəşinin izlərini hər addımda görmək mümkündür. Tərtərdə mənə qəlpə izlərinin olduğu binaları göstəriblər. Bu, hər kəsə 2016-cı ildə baş vermiş döyüşləri xatırladır.

Azərbaycan ərazisinin ermənilər tərəfindən işğalının gedişində beynəlxalq hüququn ən ciddi pozuntularından biri də dağlardan Tərtər rayonuna axan kanalların, arxların və çayların istiqamətinin ermənilər tərəfindən dəyişdirilməsidir. Müharibə dövründə Azərbaycanın Dağlıq Qarabağ regionunda irriqasiya sistemi pozulub, bu da öz növbəsində, Azərbaycanda əkin sahələrinin suvarılmasına əngəldir. Azərbaycan hökumətinin qərarı ilə bu dövrdə 4000 yeni su quyusu qazılıb. Doğrudur, su quyularının qazılması, onlardan milyonlarla qalon (4,5 litrə bərabər su vahidi – WM) suyun çıxarılması üçün böyük həcmdə elektrik enerjisi, demək, həm də ciddi vəsait tələb olunur. Lakin bu, Tərtərd` kənd təsərrüfatının əvvəlki illərdə olduğu kimi, yenidən çiçəklənməsinə imkan verir. Görünür, ermənilər Tərtərin əsrlər boyu toxunulmamış böyük su ehtiyatının olduğunu bilmirmiş. Rayonun suya tələbatını ödəmək üçün sadəcə, yeri qazmaq kifayətdir.

Bu gün Tərtərdə fermer təsərrüfatı da inkişaf edir. Bu bölgə ilə üz-üzə olan təpələrdəki erməni hərbi birləşmələrisə özlərini qida ilə təmin edə bilmir. Onlar qidanı, təchizatı, “böyük silahlar”ı uzaq Ermənistandan və Rusiyadan gətirməyə məcburdur.

Lakin təhlükə Tərtərin üzərini sanki “sıx duman” kimi alıb. Erməni raketləri və bombaları rayonu hədəfə aldığından, Azərbaycan tərəfi mülki vətəndaşlar üçün sığınacaqlar hazırlayıb. Bu sığınacaqlarda erməni raketlərindən 3-4 min insan qoruna bilər. Rayonda uşaqlar gecə saatlarında mümkün bombardmandan sığınacaqlara qaça bilmək üçün ayaqqabı ilə yatır...

Bütün bunlara rəğmən, Tərtərin və Qapanlı kəndinin əhalisi öz işlərilə məşğuldur. Buraya gələn qonaqları gözəl insan, enerjili, daim ruh yüksəkliyilə yaşayan icra başçısı qarşılayır. Daha sonra qonaqlar süfrəyə dəvət olunur.

Tərtərin icra başçısı Ermənistanın paytaxtı Yerevanda anadan olub. Elə orada da boya-başa çatıb. Onun azərbaycanlı ailəsi təkcə Ermənistandan deyil, həm də Ermənistan silahlı qüvvlərinin işğal etdiyi Azərbaycan ərazisindən qovulub. Bu şəxsin sözlərinə görə, ailəsi qaçqın düşdükdə o, hələ uşaq imiş. Bu gün isə o, artıq uşaq deyil və bundan sonra heç zaman yaşadığı torpağı tərk etməyəcək.

İcra başçısının həmvətənləri də eyni hisləri bölüşür. Erməni silahlı qüvvələrinin “böyük silahlar”ının hədəfində olan, erməni kəndlərilə üz-üzə yaşayan Qapanlı sakinləri belə şəraitdə yaşayır. Çünki özlərinin dediyi kimi, “bu, onların torpağıdır”.
Bu arada Küveytin “DasmanNew” saytı Azərbaycanlı mülki şəxslər – Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülməsindən və onların başlarına gətirilən müsibətlərdən yazıb.

Yazıda bildirilıir ki, zülm haqda danışmağı heç kəs qadağan edə bilməz. Haqq səsinə yardım etmək hər insanın borcudur. Azadlığı dəstəkləmək də insana xas xüsusiyyətlərdəndir.
Azərbaycanlı mülki şəxslər – Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülməsindən 4 il keçir. Onlar 2014-cü ildə Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal edilmiş Kəlbəcər rayonuna ata-babalarının məzarını ziyarət etməkçün gedən zaman saxlanılıblar. Bu zaman onların yanında Həsən Həsənov adlı daha bir azərbaycanlı olub. O, qohumlarının qəbirlərini ziyarət etmək üçün getdiyi rayonunda qətlə yetirilib.

Üstəlik, bu 2 şəxs barəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yaradılmış separatçı rejim tərəfindən uydurma “cinayət işi” açılıb və Əsgərova ömürlük, Quliyevə isə 22 il həbs cəzası verilib.
Erməni rejiminin cinayətləri bununla bitrmir. Məsələ ondadır ki, Azərbaycana qarşı hərbi gücdən istifadəyə məhz erməni tərəfi başlayıb. Nəticədə Azərbaycan ərazisinin 20%-i – Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayon işğal olunub.

Bütün bunları yalnız etnik təmizləmə kimi xarakterizə etmək olar. Çünki münaqişə nəticəsində 100 minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb. Münaqişə zamanı bir çox digər dəhşətli cinayətlər də törədilib.
Sual oluna bilər ki, bəs dünya birliyi hara baxır? Cavab aydındır: Ermənistanın Azərbaycana zor tətbiq etməsi dünya birliyi tərəfindən pislənib, ən kəskin ifadələrlə tənqid edilib, BMT TŞ Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamə qəbul edib. Beynəlxalq qurumlar bu münaqişədəki mövcud status-kvonun qəbuledilməz olduğunu bu gün də təsdiqləyir...

Bu haqda nədən danışmaq qərarına gəldiyimi də soruşa bilərsiniz. Cavab bəsitdir. Məhbuslar Dilqəm Əsgərov və Şahbaz Quliyevin həbsdən əvvəl və sonra çəkilmiş fotoları sübut edir ki, onlar əsirlikdə qeyri-insani rəftarla üzləşiblər. Bu isə bütün beynəlxalq qanunlara və nizamnamələrə ziddir.

Ermənistan Azərbaycanın Beynəlxalq humanitar hüququn prinsiplərinə əməl olunması, mülki şəxslərin azad edilməsilə bağlı çağırışlarına məhəl qoymur. Dilqəm Əsgərovla Şahbaz Quliyev ermənilərin hərbi təcavüzünün nəticəsində doğma torpaqlarından 20 ildən artıqdır ki, didərgin düşüblər. Bu, qəm-qüssə içərisində keçmiş illərdir. Onlar bu illər ərzində əlbəttə ki, ata-babaların məzarları, vətən torpağı üçün darıxıblar. Onlar uzun illərdir sızlayan yaralarına dərman axtarırlar. Ermənistan hakimiyyətisə buna inadkarcasına, qeyri-insani şəkildə mane olur.
Ermənistan hakimiyyətinin bu qeyri-konstruktiv mövqeyi, münaqişənin sülh yolu ilə həlli imkanlarını azaltması, əsirlərin azad edilməməsi ermənilərin öz cinayətlərini, təcavüzünü davam etdirmək, 100 minlərlə azərbaycanlının normal həyata, zorla qovulduğu torpaqlara qayıtmasına mane olmaq siyasətinin başqa üzüdür.

Odur ki, dünya birliyi Azərbaycanın haqlı mövqeyini ciddi şəkildə dəstəkləməli, Ermənistana təzyiq göstərməli, əsirlikdə sağlamlıq problemlərilə üzləşmiş Əsgərov ilə Qulyevin azad olunmaları üçün hərəkətə keçməlidir. Dünahsız mülki şəxslərin dərhal azad olunaraq ailələrinə qovuşması üçün Ermənistana ciddi təzyiq göstərilməsi şərtdir.

Həqiqət və hürriyyət ilahi vergidir. O, nə bir dinlə, nə bir millətlə məhdudlaşır. İnsan adlanan kəs məzlumun yanında olmalıdır. İnsanlığı olan şəxs mənim nə dediyimi başa düşür.

 

Cavid

 

Xalq cəbhəsi.- 2018.- 1 avqust.- S. 9.