Azərbaycan eposu etnoenergetik sistemin əsası kimi

 

 

2-ci yazı

 

“Qurbani” dastanı təsəvvüfi-irfani ideyalarla süslənmiş, insana panteist baxışları əks etdirən, yəni Tanrı, Dünya və İnsan arasında ilahi harmoniya yaradan sənət fenomenidir. Toy-düyünlərdə, yaxud uzun qış gecələrində aşığın ifasında bu dastana qulaq asan insanlar öz dərd-qəmini unudur, dünya qayğılarından azad olur, ağrıyan ruh və mənəviyyatları dincəlirdi. Ruhun dincliyi isə yalnız insan psixikasında ruhani potensialın hərəkətə gətirilməsi, mənəvi energetik qaynaqların oyadılması ilə mümkündür. “Qurbani” və digər məhəbbət dastanları insan psixikasında ruhani-energetik qaynaqları aktivləşdirməklə onun ruhunu son dərəcə zəruri materiya – bədii-estetik qida ilə təmin edirdi (seçmə bizimdir – S.R.). Bu baxımdan, Çoban imzalı müəllif «Qurbani» dastanına yönəlik «antitezisində», əslində, özü də bilmədən «Qurbani» dastanını (eləcə də başqa məhəbbət dastanlarını) etnososial harmoniya, etnopsixoloji energetika qaynağı kimi qiymətləndirib”.

Sonuncu abzasda “xalqın psixikasında yaşayan amorf arxetiplər” ifadəsi məna vahidi kimi etnokosmik enerjinin yaranması və ötürülməsinin (funksionallaşmasının) konkret mərhələsini nəzərdə tutur. Biz bunu mərhələlər olaraq, təqribən aşağıdakı kimi təsəvvür edirirk:

1. İlahi başlanğıc enerjisi: ilahi potensiya mərhələsi.

İlahi potensiya teoinformasiya (ilahi söz, bilgi) maxanizmi vasitəsilə varlığa – materiya, onun şəkillərinə (kainat, dünya, təbiət, canlı-cansız aləm və s.) çevrilir. Varlığın sözlə yaradılması (yaxud sözdən yaradılması) haqqında konsept teoenerjinin (ilahi enerjinin) teoinformasiyaya (sözə) kodlaşması deməkdir. İlahi arxetiplərin bütün paradiqmaları dünyamızda təkrarlandığı (yaşadığı) kimi, bu kodlaşma da həyatımızın işlək yaradıcılıq praktikasına çevrilib. Məsələn, Məhəmməd Füzuli əsrlər öncə öz ruhani enerjisini yazı kodu vasitəsilə sözə şifrələyib, özü ölüb gedib. Bu, kod¬laşmanın birinci mərhələsidir. Onun ruhani-emosional enerjisi əsrlər boyunca yazıda konservasiya olunub. Bu, kodlaşmanın konservasiya mərhələsidir. Bizim onun qəzəllərini oxuyarkən hər hansı formada “həyəcanlanmağımız” artıq Füzulinin yazılı sözə kodlaşmış ruhani-emosional enerjisini qəbul etməyimiz, öz enerji ehtiyatlarımıza qatmağımız deməkdir. Bu da kodlaşmanın ötürülmə mərhələsidir. Demək, fizikanın əsas qanununda olduğu kimi, enerji itmir: bir formadan digərinə keçir. İlahi enerji sözə kodlaşır və bu teoinformasiya maddi (mənəvi) yaradılışın ilahi sxemləri rolunu oynayır. Beləliklə, ilahi potensiya təbiətin enerjisinə çevrilir.

2. Təbiətin enerjisi: stixial potensiya mərhələsi.

Varlıq aləmindəki ünsürlərin hamısında atomar hərəkət var. Yer üzündə elə bir varlıq ünsürü yoxur ki, o, atom-molekullardan təşkil olunmasın. Bu atomlar (onların makrokombinasiyaları və mikrohissələri) aramsız hərəkətdədir. Həmin hərəkət stixial enerjidən qidalanmaqla onu ifadə edir.

3. Canlı təbiətin enerjisi: psixi-instinktiv potensiya mərhələsi.

Təbiətin enerjisi özü olaraq qalmaqla canlı orqanizmlərdə eyni zamanda psixi-instinktiv enerjiyə sublimasiya olunur (sadə mənada: çevrilir). Burada məsələ çox mürəkkəbləşir. Biz heyvan və bitki psixikasını bir tərəfə qoyub, diqqəti insan psixikasına yönəldirik. İnsanın psixikası iki qatdan – təhtəlşüur və şüurdan ibarətdir. Bu iki qat hazırda insanın psixikasının sinxron struktur qatlarıdır. Lakin ilahi təkamül (diaxroniya) baxımından burada əvvəlcə təbiətin stixial enerjisinin təhtəlşüura, təhtəlşüurdan isə şüura çevrilməsi baş verib. İlahi arxetiplər varlıq (yaradılış) aləmində daimi təkrarlandığı kimi, stixial enerjinin təhtəlşüurdan şüura sublimasiya olunması daimi prosesdir. Burada biz artıq etnoenerji mərhələsinə daxil oluruq.

4. İnsan psixikasının enerjisi: etnoenergetik potensiya mərhələsi.

Bu, şərti sonuncu mərhələdir. Burada məsələnin bütün mahiyyəti, o cümlədən araşdırdığımız problemin mahiyyəti təhtəlşüurdan şüura çevrilən enerjinin təbiəti və çevrilmənin mexanizmləri ilə bağlıdır. Biz hələlik (və bəlkə də, əbədilik) çevrilən enerjinin mahiyyətindən danışmayacağıq.

Bütün diqqətimiz enerjinin ötürülmə mexanizmlərinə yönəldiləcək. Çünki miflər, əfsanələr, nağıllar, dastanlar və s. təhtəlşüurdan şüura ötürülən enerjinin (etnoenerjinin) emalolunma, qorunma, yaşadılma və ötürülmə mexanizmləridir. K.Levi-Stros strukturalizminin bütün konseptual mahiyyəti məhz bu məqama müncər olunur.

Biz C.Qasımovun sözü gedən kitabının redaktoru olaraq onun yuxarıdakı fikrini belə şərh etmişik: “Bizcə, prof. C.Qasımov bu fikri ilə etnokosmik düşüncənin dastan koduna yeni bir baxışın əsasını qoymaqla yanaşı, həm də folklorşünas və etnopsixoloqlara müasir humanitar-filoloji düşüncədə indiyədək heç bir vaxt aprobasiya olunmamış orijinal təhlil konsepti verib. Onun şərhində «Qurbani» dastanının milli düşüncə sistemindəki rolunu «insan psixikasında mənəvi-ruhani potensialın hərəkətə gətirilməsi»nə, «ruhani-energetik qaynaqların aktivləşdirməsinə», insan ruhunun «sakitləşdirici materiya – bədii-estetik qida ilə təminatına» müncər edilməsi (bizi hətta hisslərə qapılmaqda qınasalar da belə) dahiyanə yanaşmadır. Prof. C.Qasımovun yanaşmasının «məkani əhatəsini» qəhrəmanlıq dastanlarına doğru genişləndirdikcə onun məhəbbət dastanlarının «etnososial harmoniya vasitəsi» olması haqqındakı konsepti, əslində, ümumən dastan düşüncəsinin «etnopsixoloji energetika qaynağı» olduğunu göstərir. Məhəbbət dastanları insanın ruhiyyəsini sakitləşdirir, qəhrəmanlıq dastanları isə coşdurur. İnsan öz etnopsixoloji varlığını bu iki halın, iki ritmin – coşqunun və dincliyin harmoniyasında gerçəkləşdirir. Bu halların harmoniyası varlıq aləminə Uca Tanrı tərəfindən verilmiş mövcudluq ritmidir. Bu iki ritmdən biri olmasa, dünyanın teokosmik nizamı pozulardı; sakitləşmə (dinclik) ilə tarazlanmayan coşqu onun psixikasını dağıdar, coşqu ilə tarazlanmayan sakitləşmə onun həyati aktivliyini söndürərdi”.

Bu şərhimizə əlavə olaraq bildirmək istərdik ki, C.Qası¬movun yanaşmasında hallandırılan tezis məhəbbət dastanlarına və tipoloji mahiyyətinə görə, ümumiyyətlə dastanlara yanaşmada tamamilə yenidir. Digər bir yanaşmanı isə biz 2011-ci ildə oxuduğumuz bir məruzəmizdə tezislər şəklində qoymuşuq. «Qloballaşma və humanitar elmlərin aktual problemləri» paradiqmasında folklor və milli mədəniyyət” adlanan məruzənin 3-cü tezisində milli mədəniyyətə sinergetik aspektdə yanaşılmış və o, iki halda: sistemin tarazlıq və qeyri-tarazlıq hallarında dəyərləndirilib: “Milli mədəniyyəti etnik sistemin tarazlıq halında xalqın milli formullar əsasında yaratdığı maddi və mənəvi gerçəklərin funksional məcmusu kimi səciyyələndirmək olar. Bu baxımdan, milli mədəniyyət özünün görünən, ilkin funksiyasında xalqın milli özünüifadəsidir. Ancaq milli mədəniyyətin daha mühüm, hətta fövqəla-də dərəcədə əhəmiyyətli funksiyası sistem tarazlıq halını itirəndə üzə çıxır. Dünənə qədər xalq üçün sadəcə olaraq milli mədəniyyət adlanan hadisə bu gün, yəni milli mədəniyyətlərin yaşaması üçün təhlükənin yarandığı hazırkı prosesdə bizim qarşımıza xalqın diriliyini təmin edən milli immun sistemi olaraq çıxır. Yəni hər bir orqanizmin xarici təsirlərdən özünü qoruyaraq yaşada bilməsi onun immun sisteminin nə dərəcədə güclü olmasından asılıdır. İmmuniteti zəif olan orqanizmlər xəstəliklərə davam gətirməyib məhv olur. Bu halda milli immun sistemi zəif olan xalqlar qeyri-milli ölçülərə əsaslanan qloballaşmanın təsirinə dözməyib, öz milli mahiyyətini itirir. Bu durumda Azərbaycan və digər türk xalqlarının qloballaşmanın təbii milli aşınmalarına məruz qalmaması üçün milli mədəniyyətin immun formullarını diqqətdə, daim işlək halda saxlaması günümüzün ən aktual vəzifəsidir”.

Dördüncü tezisdə folklor milli mədəniyyət hadisəsi kimi dəyərləndirilib: “Çağdaş Azərbaycan dövlətinin mədəni siyasətində folklorun prioritetə çevrilməsi ən düzgün seçim və ən düzgün siyasətdir. Folklor xalqın şifahi yaradıcılıq formulları üzrə ortaya qoyduğu mədəniyyətdir. Bu baxımdan, qloballaşma proseslərinə ahəngdar şəkildə qoşula bilməyimiz üçün təklif olunmuş muğam, aşıq sənəti, Novruz, xalçaçılıq və s. özünün ana paradiqmasında folklordur”.

Beşinci tezisdə folklor obrazları milli düşüncənin formul və mexanizmləri kimi dəyərləndirilib: “Folklor milli-mənəvi yaddaş kimi, etnosun fiziki və mənəvi təcrübəsinin ən funksional, dayanıqlı və dözümlü formullarını özündə yaşadır. Folklor xalqın tarixi yaşam təcrübəsindən yalnız xalqı ayaqda saxlayan, yaşadan, epoxal dəyişmələrdə bir xalq kimi qoruyan, etnik-mədəni məhvolma təhlükələri zamanı xalqın bütün fiziki və mənəvi ehtiyatlarını səfərbər edə bilən milli mövcudluq düsturlarını öz yaddaşında saxlayır. Bu baxımdan, bizim adi folklor qəhrəmanları kimi qəbul etdiyimiz Oğuz xan, Dədə Qorqud, Koroğlu, Keçəl Həmzə, Nigar xanım, Aşıq Qərib, Aşıq Kərəm, Keçəl, Kosa kimi obrazlar, əslində, Azərbaycan milli mentalitet sisteminin funksional vahidləri, milli immun sisteminin təşkilolunma mexanizmləri, milli düşüncə sisteminin məna semantemləridir. Məsələn: Oğuz xan semantemi – Oğuz xalqının etnik-bioloji sistem kimi mərkəzəqaçma xətti üzrə təşkilolunma formuludur. Dədə Qorqud semantemi – Oğuz xalqını vahid sistem halında yaşadan milli-mənəvi dəyərlərin epoxal konsentrasiya mərkəzidir. Koroğlu semantemi – Azərbaycan etnik-mədəni sisteminin məhvolma təhlükəsi qarşısında fiziki gücünün təşkilolunma sxemi, xalqın etnik özünüifadəsinin qəhrəmanlıq kodudur.

Keçəl Həmzə semantemi – etnik-mədəni sistemin özünüqoruma mexanizmlərinin təşəkkülü və təkmilləşməsinin aprobasiya – sınaq mexanizmidir: sistemin mərkəzdən qaçma proseslərini özündə ehtiva etməklə mərkəzədönmə proseslərinin yaşanmasını təmin edən mühüm, zəruri oppozitiv ünsürdür.

Nigar xanım semantemi – Azərbaycan etnik-mədəni sisteminin bioloji bütövlüyünü hərəkətə gətirən və təmin edən funksional modeldir. Sistemin məhvolma təhlükəsi zamanı etnosun fiziki gücünü təmsil edən kişi ünsürünün milli immun sistemini hərəkətə gətirməyə gücü çatmayanda, milli immun sistemi ehtiyat potensialı – qadın gücünü işə salır. At üstündə, əlində qılınc təsvir olunan Nigar xanım obrazı bu halda xalqın qadın potensialının milli hərəkət enerjisinə çevrilməsinin üsulu, kodu, sxemi, düsturu rolunu oynayır.

Aşıq Qərib, yaxud Aşıq Kərəm semantemləri – Azərbaycan xalqının gerçəkliyə münasibətinin mənəvi harmoniya formullarıdır. Xalqın mənəvi potensiyası bu obrazlar vasitəsi ilə mənəvi davranış formuluna çevrilir. Xalqın psixikasında yaşayan amorf arxetiplər Aşıq Qərib // Aşıq Kərəm kimi obraz-mexanizmlərdən keçməklə mədəni özünüifadə formalarına transformasiya olunur”.

 

Seyfəddin Rzasoy

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 4 avqust.- S.14.