XVIII yüzilliyin
50-80-ci illərində İrəvan xanlığının
siyasi vəziyyəti
5-ci yazı
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı (1747-1828) ilə
bağlı araşdırmasında bildirilir ki, 1781-ci ilin
noyabrında Hüseynəli xan oğlu Qulaməlinin
başçılığı ilə Tiflisə
dördüncü nümayəndə heyəti göndərdi. Nəhayət,
bu dəfə sülh bağlandı. Kartli-Kaxetiya
çarının nümayəndəsi İvane Muxran bəy
də İrəvana gəldi. Bağlanmış
müqavilənin şərtlərinə görə,
Hüseynəli xan II İrakliyə ildə 30.000 rubl (3.000
tümən - E.Q.) məbləğində vergi verməyi
öhdəsinə götürmüşdü. Bundan başqa, İrəvan xanı lazım olduqda
qoşunu ilə II İrakliyə kömək etməli idi.
Xanlar varislərini təyin etmək
üçün hökmən gürcü çarı tərəfindən
təsdiq edilməli idi. Əvəzində
II İrakli İrəvan xanlığını xarici və
daxili düşmənlərdən qorumasını öhdəsinə
götürdü. Müqavilə nəticəsində
sağ qalan əsirlərin bir hissəsi geri qaytarıldı.
Kartli-Kaxetiya qoşunlarına qarşı mübarizə,
sülh danışıqlarının uzanması İrəvan
xanlığının daxili vəziyyətini daha da
ağırlaşdırmışdı. İrəvan
xanının ağır şərtlərlə müqavilə
bağlamasının əsas səbəbi də bu idi. Belə ki, vəziyyətdən istifadə edən
bir çox elatlar qiyam qaldıraraq ölkədə
qarışıqlıq yaratmağa
çalışırdılar. Hüseynəli xan II
İrakliyə yazdığı məktubların birində
ölkədəki vəziyyəti belə qeyd edirdi: «Ölkədə
baş verən hadisələr, üsyanlar,
vaxtaşırı hücumlar İrəvan ölkəsi əhalisini
var-yoxdan çıxarmışdı. Bizim
xanlıq sülaləsinə qarşı keçmişdən
ürəklərində kin bəsləyən, düşmən
olan müxtəlif üsyançılar sakitlik, səssizlik ətəyindən
əl çəkərək əyalətdəki kəndlərə
od vururdular». Bu üsyanın əsas
iştirakçıları kolanılar və vedililər idi.
Kolanıların bu işdə fəallığı
xüsusilə seçilirdi. Yuxarıda
göstərildiyi kimi, Hüseynəli xanın hakimiyyətinin
ilk dövrlərində kolanılar ona qarşı qiyam
qaldıraraq Qrabağ xanlığının himayəsinə
keçmək istəmişdilər. Xan
hakimiyyətinə qarşı düşmən hərəkət
sonralar da davam etmişdi. Onların
başçılarından biri Novruzəli bəy Hüseynəli
xanın II İrakliyə qarşı mübarizəsindən
istifadə edərək tez-tez hakimyyətə qarşı
çıxırdı. Lakin Hüseynəli
xan onu daim təqib edirdi. Təqibdən
yayınan Novruzəli bəy kömək üçün
Tiflis sarayına pənah aparmışdı. İrəvan xanlığını öz təsirində
saxlamaq üçün belə qüvvələri dəstəkləyən
II İrakli Novruzəli bəyi öz himayəsinə
götürərək onu nümayəndə heyəti ilə
birlikdə İrəvana göndərmişdi. Kartli-Kaxetiya çarı ilə yenicə sülh
bağlamış Hüseynəli xan əlacsız qalaraq onun
günahından keçmiş və öz elinə getməyə
icazə vermişdi. Bir neçə
gün İrəvanda qaldıqdan sonra öz elinə
qayıdan Novruzəli bəy xanlığın ağır vəziyyətindən
istifadə edərək yenidən qiyam qaldırdı. O,
niyyətini həyata keçirmək üçün
özünə müttəfiq də tapa bildi. Belə
ki, Novruzəli bəy xan hakimiyyətinə düşmən
olan vedili Əlisultan Şadlını öz tərəfinə
çəkərək onunla ittifaq bağladı. Tezliklə xan hakimiyyətindən narazı olan
qüvvələr qiyamçılara qoşuldu. Qiyamın gedişində Kolanı tayfası
xüsusilə fəal idi. Qiyamçılar
müvəffəqiyyət qazanmaq üçün Qarabağ
xanı İbrahimxəlil xanla əlaqəyə girdilər.
Onlar Qarabağ xanının yanına nümayəndə
göndərərək yardım istəmiş və ona tabe
olduqlarını bildirmişdilər. Qiyamçı
qüvvələr kəndlərə hücumlar edərək
qarətlə məşğul olurdular. Hüseynəli
xan qiyamı yatırmaq üçün öz sərkərdələrindən
birini qoşunla onlara qarşı göndərdi. Bu xəbəri eşidən qiyamçılar xan
qoşununa müqavimət göstərmək
üçün əlçatmaz dağlara çəkildi.
Hətta öz ailələrini də əlçatmaz
yerlərə köçürdülər. Lakin xan qoşununun
yaxınlaşdığını eşidən Novruzəli bəy
və Əlisultan Şadlı müqavimət göstərməyə
cəsarət etməyərək, öz elini buraxaraq şəmşəddinli
Əlisultanın yanına qaçdılar.
Qiyamçıların qaçdığını
görən xanın adamları onların mənsub
olduqları el və tayfaları dağlardan endirmək, evlərinə
qayıtmaları üçün danışıqlar aparmağa
başladı.
Əhaliyə qorxmadan öz evlərinə
qayıtmağa icazə verildi. Çoxlu
danışıq, söz-söhbətdən sonra əhali
dağlardan enməyə və itaət etməyə
razılıq verdilər. Onlarla
razılığa gəldiklərinə əmin olan xanın
adamları əhalini öz yerlərinə qayıtmağa nəzarət
etmək məqsədilə orada 40 nəfərlik dəstə
saxlayaraq, qalan qoşunla geri qayıtdılar. Lakin əsas qoşun hissələri getdikdən sonra
qiyamçılar Qarabağdan aldıqları köməklə
birlikdə orada saxlanılan dəstəyə hücum edərək
hamısını qılıncdan keçirdi və əmlaklarını
qarət etdilər. Bu xəyanətkar hərəkəti
eşidən Hüseynəli xan dərhal ora yenidən
qoşun göndərdi. Nizami qoşun qəti
hücuma keçərək qiyamçıları məğlub
etdi. Qalib gəlmiş xanın qoşunu
qiyamçıların əmlakını və
mal-qarasını qarət etdi».
Qeyd etmək lazımdır ki, bu üsyanın
yatırılmasında II İraklinin də köməyi
olmuşdu. O,
üsyanın qarşısını almaq üçün sərkərdələrindən
birini İrəvana göndərmişdi. Bu qiyam
1782-ci ilin baharında və yayında olmuşdu. Müdaxilə nəticəsində
dağıntıya məruz qalmış xanlıq təsərrüfatını
bərpa etməklə məşğul olan Hüseynəli xan
tezliklə, qonşu Naxcıvan xanlığında baş verən
siyasi hadisələrə qoşuldu.
XVIII əsrin
80-ci illərin əvvəllərində bir tərəfdən
Xoylu Əhməd xan Dünbülü, digər tərəfdən
isə Qarabağlı İbrahimxəlil xan, Kartli-Kaxetiya
çarı II İrakli və İrəvan xanı Hüseynəli
xan arasında Naxçıvan xanlığında möhkəmlənmək
uğrunda mübarizə başlanmışdı. Müttəfiqlərin səyi nəticəsində kəngərli
tayfasından olan Abbasqulu xan hakimiyyətə gəldi. Lakin bununla razılaşmayan Xoylu Əhməd xan
Naxcıvan xanlığının daxili işlərinə
qarışmaq üçün fürsət axtarırdı.
Bu məqsədlə Əhməd xan
Naxçıvanlı Abbasqulu xandan torpaq iddiası edərək
həmin xanlığın tərkibinə daxil olan Nazik və
Şükürlü kəndlərini ona güzəştə
getməyi tələb etdi. Onun bu tələbi
Abbasqulu xan tərəfindən rədd edildi.
Rədd
cavabı alan Əhməd xan
qoşunlarını Naxçıvan xanlığının
sərhədlərinə yeritdi. Güclü Xoy
qoşunlarına müqavimət göstərmək
iqtidarında olmayan Abbasqulu xan Naxçıvanı tərk edərək
Zəngəzura gəldi. Lakin Əhməd
xan Naxçıvanda çox qala bilmədi. İrəvanlı Hüseynəli xan ona məktub
yazaraq Naxçıvandan çıxmağı tələb
etmiş, əks-təqdirdə Əhməd xana qarşı hərbi
əməliyyata başlayacağı ilə hədələmişdi.
Bunun ardınca İrəvan xanı
Naxçıvana qoşun yeritdi. İrəvan
xanının bu addımını İbrahimxəlil xanın
və II İraklinin müdafiə etdiyini başa düşən
Əhməd xan Naxçıvanı tərk etdi. Lakin İrəvan qoşunu da burada çox qala bilmədi.
Buna səbəb Abbasqulu xanın yenidən
Naxçıvana qayıtması olmuşdu. Lakin Əhməd xan öz məqsədindən geri
çəkilmək niyyətində deyildi. O,
Naxçıvanda baş verən hadisələri diqqətlə
izləyirdi. Hakimiyyətə yenidən
qayıdan Abbasqulu xanın siyasəti yerli əhalinin
narazılığına səbəb olmuşdu.
Hətta xanın qohumları ilə münasibətləri
çox kəskin idi. Hüseynəli xan Naxçıvan
dövlət başçılarına, əyanlarına
göndərdiyi məktubunda «...Abbasqulu xanın qohum-əqrəbələrinin
ona olan pis münasibətləri ilə əlaqədar olaraq
öz ana vətəni Naxçıvanı tərk etməyə
məcbur olduğunu» yazmışdı. Naxçıvanda
olan qarışıqlıqdan istifadə edən Əhməd
xan planını həyata keçirmək məqsədi ilə
əlverişli fürsətin yarandığını görərək
kömək üçün İsfahan hakimi Əlimurad xan Zəndə
müraciət etdi. İsfahan hakimi bu
fürsəti əldən vermək istəməyərək sərkərdəsi
Gülşirəli xanın başçılığı
altında Naxçıvana qoşun göndərdi. Bu qoşunların köməyi ilə Abbasqulu xanın
əmisi oğlu Cəfərqulu xan Naxçıvanda hakimiyyətə
gətirildi. Hakimiyyətdən
uzaqlaşdırılan Abbasqulu xan İrəvana gəlir və
dost-tanışları ilə məsləhətləşdikdən
sonra Tiflis sarayına pənah aparmışdı. O,
hakmiyyəti geri qaytarmaq üçün II İraklidən hərbi
yardım istəyir. Kartli-Kaxetiya çarı isə
onun vəziyyətini həll etmək üçün öz
nümayəndələrini xüsusi məktubla Hüseynəli
xanın yanına göndərdi. O, göndərdiyi məktubda
Hüseynəli xana nümayəndələrlə məsləhətləşib
Abbasqulu xanın məsələsini həll etməyi
tapşırmışdı. Lakin bölgədə
qüvvələr nisbətinin dəyişməsi, Hüseynəli
xanın ölümü İrəvanı bu mübarizədən
kənarda qoydu.
İrəvan xanı Hüseynəli xan xarici siyasətində
Azərbaycan xanlıqları ilə dostluq münasibətləri
saxlamağa çalışırdı. Onun
yazdığı məktublardan görünür ki, xan
ömrünün sonlarına yaxın xoylu Əhməd xanla,
qarabağlı İbrahimxəlil xanla münasibətləri
nizama sala bilmişdi. Naxçıvanda
baş vermiş hadisələrdə mənafelərinin
toqquşmasına, II İrakli ilə Əhməd xan
Dünbülünün düşmənçiliyinə
baxmayaraq, Hüseynəli xanla Xoy xanı arasında səmimi
münasibətlər yaranmışdı. Xanlar yazdıqları məktublarında dostluqdan bəhs
edir və bir-birinə hədiyyələr göndərirdilər.
Hətta Hüseynəli xan böyük oğlu
Qulaməlini Əhməd xanın qızı ilə evləndirməklə
onunla qohum olmaq niyyətində idi. Görünür,
bu nikahla Hüseynəli xan güclü Xoy xanının hərbi
qüvvəsindən yararlanmaq istəyirdı. Lakin Hüseynəli xanın qəfl ölümü
bu niyyətin həyata keçməsinə mane oldu.
E.Qarayevin araşdırmasında daha sonra bildirilir ki,
İrəvan xanlığının Qarabağ
xanlığı ilə münasibətləri çox zaman dəyişkən
olmuşdu. Yuxarıda Hüseynəli xandan əvvəlki
dövrləri izlədikdə görürük ki, Qarabağ
xanları daim İrəvanda möhkəmlənməyə
çalışıblar. Qarabağ
xanlığının banisi Pənahəli xan İrəvanın
çətin vəziyyətindən istifadə edərək
Göyçə gölündən şərqdə yerləşən,
Tərtər çayına qədər torpaqları ələ
keçirib öz xanlığına qatmışdı.
Bu haqda aşağıda bəhs ediləcəkdir.
Hətta «Qarabağnamə» müəlliflərinin
əksəriyyəti iddia edir ki, İbrahimxəlil xan başqa
ərazilərlə birlikdə İrəvanı da öz təsirinə
almışdı. Guya burada kimi istəsə
işdən götürmək, yenisini təyin etmək onun əmri
ilə icra edilirdi. «Qarabağnamə» müəlliflərindən
fərqli olaraq qeyd etmək lazımdır ki, Qarabağ
xanları xanlıq daxilində baş verən hadisələrdən
yararlanaraq İrəvanda möhkəmlənməyə
çalışsalar da, heç zaman buna nail ola
bilməmişlər. Bunun əsas səbəblərindən
biri bölgə uğrunda güclü Qarabağ
xanlığı ilə mübarizə aparan, Rusiya dövlətinə
arxalanan Kartli-Kaxetiya çarının İrəvanda təsirinin
böyük olması idi. İkincisi, Rusiya
və Osmanlı dövlətləri arasındakı
münasibətlər də bu cür vəziyyətin
yaranmasında böyük rol oynamışdı. Bu münasibətlərdə xüsusilə İrəvan
xanlığı uğrunda mübarizə əsas yeri tuturdu.
Digər tərəfdən isə
bacarıqlı dövlət xadimi Hüseynəli xan bölgədə
baş verən hadisələri düzgün qiymətləndirir,
İbrahimxəlil xanla dostluq münasibətləri
saxlamağa çalışırdı.
Elçin
Qaliboğlu
Xalq cəbhəsi
2018.- 14 avqust .- S. 13.