XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti

 

7-ci yazı

 

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, bölgədə Rusiya-Osmanlı rəqabətinin qızışdığı bir zamanda Hüseynəli xan vəfat etdi. «İrəvan xanlığı» əsərinin müəllifləri Hüseynəli xanın üsyan nəticəsində öldürüldüyünü iddia edirlər. Əsərdə göstərilir ki, Hüseynəli xanın ona tabe olmaqdan boyun qaçırdığını görən II İrakli İrəvanda hakimiyyət dəyişikliyi etməklə özünə sadiq şəxsi hakimiyyətə gətirməyi qərara almışdı. Bu məqsədlə, çar xanın qardaşı Məhəmmədhəsən xanla gizli danışıq aparmışdı. Lakin bu plan baş tutmamışdı. Çünki 1783-cü ilin noyabrın əvvəllərində İrəvanda baş vermiş üsyan nəticəsində Hüseynəli xan və qardaşı Məhəmmədhəsən xan öldürüldü. Lakin heç bir mənbəyə əsaslanmayan müəlliflərin əksinə olaraq istər yerli, istərsə də rus və osmanlı sənədlərində Hüseynəli xanın öz əcəli ilə öldüyü bildirilir. Mənbədə göstərilir ki, 1783-cü il noyabrın 9-da Hüseynəli xan qəflətən xəstələnərək vəfat edib. Onun cənazəsi Bağdada aparılaraq orada dəfn edilib (Ola bilsin ki, xanın öz vəsiyyətinə görə - E.Q.).

Xanın qəflətən ölümü İrəvanda böyük çaxnaşma yaratmışdı. Hüseynəli xanın dəfnindən istifadə edən bir dəstə şəxs hakimiyyəti ələ keçirməyə cəhd etdi. Qeyd etmək lazımdır ki, Hüseynəli xanın vəfatından sonra onun iki kiçik oğlu qalmışdı. Osmanlı sənədində göstərilir ki, Hüseynəli xanın 15 yaşlı oğlu Qulaməli atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirmişdi. Lakin mərhum Hüseynəli xana sadiq olan qüvvələrin təzyiqi nəticəsində hakimiyyəti qeyri-qanuni zəbt etmək istəyən qüvvələr geri çəkilməyə məcbur olmuşdu. Həmin qüvvələrin II İrakliyə ayrı-ayrı vaxtlarda göndərdiyi iki məktubu bunu bir daha sübut edir. Birinci məktubun məzmunu belə idi: «Bu səmimilər cənnət məkan xanın vəfatından sonra birlikdə möhkəm imanla, səmimi niyyətlə, riyasız olaraq həmin xanın övladlarından birinin dünyada yaşadığı təqdirdə ətəyindən əl götürməklə, qəddarlıq, vəfasızlıq etməməyə, onun yerində başqasına itaət etməməyə and içib əhd-peyman etdik. O əlahəzrət də həmin məsələdə, mərhum, cənnətməkan xanın övladları məsələsi barəsində bizlərin sədaqətli olmasına, birləşib ittifaq yaratmasına inanması lazımdır. İnşallah bu acizlər heç vaxt hörmətli, mərhum xanın böyük haqlarını unutmayıb, ona olan əhd- peymana, fədakarlıq, itaətkarlıq yolundan kənara çıxmayıb və bu dəfə olan andımıza axıradək sədaqətli qalacağıq».

İkinci məktub isə 158 nəfərin imzası ilə yazılmışdı. Bu məktubda İrəvan ağsaqqalları Qulaməli xanın namizədliyini dəstədiklərini göstərmişdi. Məktubda Hüseynəli xanın xəstəlikdən ölməsindən, İrəvanda baş verən qarışıqlıqdan bəhs edilir və II İrakliyə Qulaməlinin xan seçilməsinə dəstək verməsi xahiş olunurdu.

Əslində II İrakliyə göndərilən bu məktublar formal xarakter daşıyırdı. Çünki hər iki məktubun məzmunundan görünür ki, xan ailəsinə sadiq olan qüvvələr yalnız onun varislərinə itaət edəcəyini qəti bildirmiş və Tiflis sarayına nümayəndə heyəti göndərməmişdən qabaq Qulaməlinin namizədliyini dəstəkləyərək hakimiyyətə gətirmişdilər. Yuxarıda göstərilən müqaviləyə əsasən Hüseynəli xandan sonra onun hakimiyyətə gələn hər hansı varisi II İrakli tərəfindən təsdiq edilməli idi. Lakin xana sadiq olan qüvvələrin II İrakliyə bu məqsədlə müraciət etməsi çox güman ki, Hüseynəli xanın vəfatından sonra İrəvanda qarışıqlıq düşməsindən və bundan istifadə edərək Kartli-Kaxetiya çarının müdaxiləsindən ehtiyat etmələri idi. İrəvan əhalisinin mərhum xanın böyük oğlu Qulaməlini dəstəklədiklərini görən II İrakli onların iradəsi ilə razılaşmağa məcbur olmuşdu. Məhz bu səbəbədən o, kürəkəni Baqrationu fərmanla, qiymətli hədiyyələrlə İrəvana göndərərək Qulaməlini xan kimi tanıdığını bildirmişdi. Qulaməli xanın (1783-1784) səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan xanlığını öz tərəfinə çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövlətilə daha da yaxınlaşdı. Bu dövrdə Cənubi Qafqazda Osmanlı təbliğatı daha da güclənmişdi. Xanın cavan və təcrübəsiz olmasını nəzərə alan bəzi Osmanlı paşaları II İraklinin İrəvanı ələ keçirəcəyindən narahat olaraq onunla sıx əlaqə saxlayırdılar. Atasının ölümü ilə əlaqədar olaraq başsalığına gəlmiş Axalsıq, Ərzurum, Qars və Bəyazid paşalıqlarının nümayəndələri fürsətdən istifadə edərək Qulaməli xanla danışıqlar aparır və İrəvan qalasını sultana verməsi üçün onu dilə tuturdular. Digər tərəfdən Osmanlı emissarları müxtəlif hədiyyə və məktublarla sultan tərəfindən Azərbaycana və Dağıstana göndərilirdi.

1783-cü ilin sonlannda-1784-cü ilin əvvəllərində Xəlil Əfəndinin başçılığı ilə bir Osmanlı nümayəndəliyi gizli olaraq Cənubi Qafqaza gəlmişdi. Sultan bu nümayəndə heyəti ilə göndərdiyi məktubda bütün Azərbaycan xanlarını Rusiyaya qarşı birləşməyi məsləhət görərək rus qoşunlarını Azərbaycan və Osmanlı ərazisinə buraxmamağı tövsiyə edir və rusların Qafqaza çəkdiyi yolları dağıtmağa çağırırdı. Bunun üçün o, dövlət xəzinəsindən 57 kisə pul mükafatı verəcəyini vəd etmişdi. Xəlil Əfəndi İrəvanda da olmuşdu. Onun Qulaməli xanla danışıqları müsbət nəticə vermişdi. Qulaməli xan Çıldır valisi Salman paşaya yazdığı məktubda, osmanlılarla həmrəy olduğunu bildirərək Azərbaycanda baş verən hadisələr barədə ona qiymətli məlumat göndərmişdi. Məktubdan görünür ki, sultan Qulaməli xanı öz tərəfinə çəkmək üçün onu mir-e-miran vəzifəsilə təltif etmişdi. Eyni zamanda osmanlı paşalarına zəruri vaxtlarda ona hərtərəfli yardım göstərmələri haqqında əmr verilmişdi. Beləliklə, Osmanlı təbliğatı nəticəsində Qulaməli xanın II İrakliyə münasibəti dəyişdi. Rusiyanın Tiflis sarayındakı nümayəndəsi S.D.Burnaşov P.S.Potyomkinə yazırdı ki, «İrəvan xanlığından gələn məlumata əsasən, Qulaməli xanın çara olan münasibəti birdən-birə dəyişib və indi o, türklərə meyl edir». Daha sonra o, 1784-cü il 9 fevral tarixli məktubunda həyacanla «Xanlar birləşib bir istiqamətdən, osmanlılar isə digər istiqamətdən İrakli üzərinə hücuma keçmək fikrindədirlər. İrakli müstəqil əks tədbirlər görməlidir. Çünki İrəvan xanı cavan və təcrübəsiz olduğu üçün ondan hər şey gözləmək olar».

Osmanlıların səyi nəticəsində Qulaməli xan Kartli-Kaxetiya sarayı ilə əlaqəni kəsmişdi. Hətta o, xanlıqda baş verən qarışıqlığı, üsyanları bəhanə gətirərək II İraklinin onu Tiflisə dəvətini rədd etmişdi. Digər tərəfdən Qulaməli xan Kartli-Kaxetiya çarının fərmanlarına da məhəl qoymurdu. Məsələn, 1783-cü ilin noyabrında Cəfərqulu xan İsfahan hakimi Əlimurad xanın və Xoy xanı Əhməd xan Dünbülünün dəstəyi ilə əmisi oğlu Abbasqulu xanı Naxçıvanda taxtdan salaraq hakmiyyətə gəlmişdi. II İrakli Qulaməli xana fərman göndərərək bu mübarizədə Abbasqulu xana hərbi yardım etməyi tapşırsa da, İrəvan xanı onun fərmanına məhəl qoymamışdı. Lakin II İrakli İrəvanın tabeçilikdən çıxması ilə heç cür barışmaq istəmirdi. Rusiyanın himayəsinə keçməklə bölgə dövlətlərinin təzyiqlərinə məruz qalan II İrakli açıq-açığına İrəvan xanlığının daxili işlərinə qarışa bilməsə də, müxalif qüvvələrdən istifadə etməklə Qulaməli xana təzyiq göstərirdi. Qulaməli xanın dövründə müxalif qüvvələrin fəallaşması onun apardığı daxili siysətlə bağlı idi. Bunu anlayan xan və tərəfdarları İrəvanı II İraklinin fitnəsindən qorumaq və xanlıqda baş verən hər cür narazılıqların qarşısını almaq üçün xoylu Əhməd xan Dünbülü ilə əlaqə yaradaraq ondan kömək istəmişdilər.

Qulaməli xanın hakimiyyətinin ilk günlərində Usmi xanın başçılığı ilə bir dəstə şəxs İrəvanda hakimiyyəti zəbt etmək niyyətinə düşmüşdü. Gənc xan xoylu Əhməd xana yazdığı məktubda bu haqda ətraflı bəhs etmiş və ölkəsində baş verən narazılıqları yatırmaq üçün ondan kömək istəmişdi. Məktubun məzmunu belədir: «Sizin hörmətli qulamınız vasitəsilə göndərdiyiniz məktubu aldıq... Dövləti ələ aldığım ilk günlərdən vilayətdə sakin olan bir sıra fəsad adamlar bir dəstə üsyançı mənim cavanlığımdan istifadə edərək hərc-mərglik odunu şölələndirmişlər və bütün gücləri ilə bizim hökmranlığa son qoymağa çalışırdılar. Onlar siz böyük hökmdara xəbər çatana kimi təcili olaraq öz işlərini görmək və məqsədlərinə çatmaq niyyətində idilər. Allahtalanın mərhəməti ilə onlar öz niyyətlərinə nail ola bilmədilər. Darmadağın edilərək geri çəkilməyə məcbur oldular. İrsi nurani xanlıq hökmranlığına qarşı göstərilən səylər nəticə vermədi. Buna baxmayaraq, ölkədə əmin-amanlıq hələ də istənilən qədər bərpa edilməmiş və istiqlaliyyət sütunları lazımınca möhkəmləndirilməmişdir. O, səmimi, mehriban xandan bu səmimini özünün xanlıq övladlarından biri hesab etməsini, ölkəmizin əmin-amanlığının bərpasına kömək göstərməsini xahiş edirik. Qoy xainlərin ayağı altında tapdalanan bu ölkəyə sizin köməyiniz nəticəsində asayiş və sakitlik qaytarılsın. Bu səmimini yaddan çıxarmayacağınıza, kömək və yardım etməyinizə ümid edirik». Qulaməli xan güclü Xoy xanı ilə daha da yaxınlaşmaq, onun hərbi gücündən istifadə etmək üçün «nikah diplomatiyası»ndan istifadə etməyi qərara almışdı. O, Əhməd xanın qızı ilə evlənməklə hakimiyyətini möhkəmləndirməyə çalışırdı. Yuxarıda göstərildiyi kimi, Hüseynəli xan da bu istəyi həyata keçirməyə çalışmışdı. Lakin qəfl ölüm bu işi yarımçıq qoymuşdu. Qulaməli xanın bu niyyətini anası da dəstəkləyirdi. Xanın anası Əhməd xana yazdığı məktubda açıq şəkildə bildirmişdi ki, Xoy xanı ilə qohum olmaqla oğlunu düşdüyü çətin vəziyyətdən çıxarmağa çalışır. İrəvan xanlığını öz təsirinə salmaq istəyində olduğundan Əhməd xan üçün bu qohumluq çox vacib idi. Görünür, bu planın baş tutmamasına səbəb Qulaməli xanın tezliklə öldürülməsi olmuşdu...

 

Elçin Qaliboğlu

 

Xalq cəbhəsi  2018.- 21 avqust .- S.13.