Merkelin səfəri Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllinə
kömək edəcəkmi?
"Almaniya
Kansleri Angela Merkelin ölkəmizə səfəri, səfər
zamanı Prezident İlham Əliyevlə görüşü,
iş adamları ilə bir araya gəlməsi, səsləndirilən
fikir və bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin,
qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi
və gücləndirilməsində öz sözünü
deyəcək, müsbət töhfəsini
verəcək". Bunu hüquq elmləri
doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının prorektoru Mehdi Abdullayev deyib.
O qeyd edib
ki, Azərbaycanla Almaniya arasında illərdir davam edən
xoş münasibətlər mövcuddur. Xüsusilə də
Dağlıq Qarabağ məsələsində bu dövlət
digər bir çox ölkələrlə müqayisədə
daha ədalətli mövge sərgiləyir: "Heç təsadüfi
deyil ki, Almaniya parlament - Bundestaq səviyyəsində Ermənistan-Azərbaycan
münaqişəsinə hüquqi-siyasi qiymət verən və
Ermənistanın təcavüzkarlığını pisləyən
azsaylı Qərb ölkələrindən biri və birincilərdəndir.
Hətta uzun illər həm qardaş Türkiyənin,
həm də Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə
cəlb edilməsi ilə bağlı fikirlər, təkliflər
səsləndirilib və yenə də bu təkliflər
gündəmdədir. Çünki Azərbaycan
cəmiyyəti bu iki ölkənin ədalətli mövqe
nümayiş etdirməsi səbəbi ilə onların həmsədrliyə
cəlb edilməsində maraqlıdır və bunu da
zaman-zaman dilə gətirib. Amma təəssüflər
olsun ki, bizlərdən asılı olmayan səbəblərdən
hələ ki bunlar təklif olaraq qalır. Ancaq şəxsən mən də hesab edirəm ki, əgər
bu iki ölkə həmsədrliyə cəlb olunarsa, o zaman
vasitəçilər missiyası tərəfindən ədalətli
mövqe sərgilənməsi daha real və daha
inandırıcı olar”.
M.Abdullayevin
fikrincə, təsadüfi deyil ki, mətbuat konfransında
A.Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində
Almaniyanın da iştirakını arzuladıqlarını bəyan
etdi: “Merkel “biz Dağlıq Qarabağ məsələsi ilə
bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik.
Mən bu dəfə hər iki ölkəyə
səfər etdim və bununla da məsələnin təcili və
necə həll olunması barədə bir daha aydın təsəvvür
yarandı. Biz səylərimizi
artıracağıq və bütün tərəflər də
iştirak etməlidir ki, bir həll yolu tapılsın və
biz buna töhfəmizi verəcəyik” - deyə bildirdi. Düzdür, bu günə qədər Qarabağ
münaqişəsi ilə bağlı çox bəyanatlar səsləndirilib,
isti mesajlar, vədlər verilib, amma reallıqda bunun nəticəsi
görünməyib. Amma xanım Merkelin bu
sözləri Qarabağ münaqişəsinin sülh,
danışıqlar yolu ilə ədalətli həlli prosesinə
ümidlərimizi bir qədər də artırır. Yəni sülh, danışıqlar yolu ilə
münaqişənin həlli limiti hələ tam tükənməyib.
Bu baxımdan da çox istərdik ki, bunlar
söz olaraq qalmasın və Qarabağ münaqişəsinin
həlli prosesində öz müsbət rolunu oynasın”.
Politoloq
vurğulayıb ki, Azərbaycan açıq, şəffaf
ölkədir, hər bir ölkə ilə ikitərəfli və
çoxtərəfli əlaqələrin qurulmasında
maraqlıdır, hər zaman da bu yöndə öz niyyətlərini
ortaya qoyub, lazımi addımları atıb: “Azərbaycan zor,
təhdid, təzyiq, diktə dilini sevmir, qəbul etmir. Yəni hər kəslə bərabərhüquqlu
münasibətlərin qurulması tərəfdarı kimi
çıxış edir və öz mövqeyində də
israrlıdır. Odur ki, Azərbaycan hər
kəslə səmimi, açıq əməkdaşlıqda
maraqlıdır və qarşı tərəfdən də
bunları gözləyir. Son olaraq, bir daha
belə hesab edirəm ki, Merkelin səfəri səfər hər
iki ölkə və xalqın maraqlarına xidmət edir və
edəcək”.
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki,
A.Merkelin Cənubi Qafqaza səfəri əslində çoxdan
gözlənilən səfər idi. Çünki Qərb
Cənubi Qafqaz regionunda ciddi siyasət qura bilməmişdi.
Cənubi Qafqaz ümumilikdə Avropa
İttifaqının qonşusudur və buradakı problemlərin
artıqlığı Avropa İttifaqı üçün də
gərginlik yarada bilər. Ümumiyyətlə,
Qərbin Cənubi Qafqaz siyasətini qura bilməməsinin ən
əsas səbəbi bu regiona ermənipərəst prizmadan
yanaşması idi. Ermənipərəstliyin
əsasını da Dağlıq Qarabağ məsələsi
təşkil edirdi.
Politoloq
qeyd edib ki, Almaniya həmişə Qarabağ məsələsində
ədalətli mövqeyə malik olub: "Ərazi
bütövlü prinsipini ardıcıl dəstəkləyib.
Hətta 2015-ci ildə Aİ-nin Riqa sammiti
zamanı A.Merkel Serj Sərkisyana zorla yekun sənədə qol
çəkdirdi. Sənəddə “Şərq
Tərəfdaşlığı” üzvü olan ölkələrin
ərazi bütövlüyü prinsipi və dövlət
suverenliyi prinsipinə dəstək bildirilirdi. Almaniya özü ATƏT-ə sədrlik etdiyi
dövrdə xüsusi aktivlik nümayiş etdirməsə də
mövqeyindən də geri çəkilmədi. Bir vaxtlar Almaniyanı aşkar şəkildə
Dağlıq Qarabağ tənzimlənməsinə cəlb etmək
cəhdləri olub. Azərbaycan
Fransanın əvəzinə Almaniyanın həmsədr
olmasına çalışırdı".
M.Əhmədoğlu
bildirib ki, Almaniyanın aktivləşməsi istiqamətindən
sonra da xeyli cəhdlər olub: "Almaniya bunların
hamısını diqqətdən kənarda
saxlamışdı. Amma indi regiona səfəri
zamanı Ermənistanda olarkən A.Merkel Dağlıq
Qarabağ tənzimlənməsi prizmasından sensasiya kimi qəbul
edilən mövqe nümayiş etdirdi. O, Ermənistanın
baş naziri Nikol Paşinyanla görüşdə
Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinin
məsuliyyətini öz üzərinə götürməyə
hazır olduğunu bildirdi. A.Merkel ATƏT-in
üzvü olan dövlətin başçısı olsa da
ATƏT-in Minsk Qrupuna dəstək vermədi. Ermənistanın ən çox üstündə
dayandığı məsələlərdən biri də məhz
budur ki, Dağlıq Qarabağ münaqişəsi məhz
ATƏT-in Minsk Qrupu vasitəsilə tənzimlənməlidir.
Ermənilər üçün daha şok fakt ondan ibarət
oldu ki, Almaniyanın kanslerinə Ermənistanda almaniyalı
jurnalist bundestaqın A.Merkelin rəhbərlik etdiyi partiyadan
deputatı olan A.Vaylerin nümayəndə heyətinin tərkibindən
uzaqlaşdırılması ilə bağlı sual verdi. Vayler işğal olunmuş
torpaqlara Azərbaycanın icazəsi olmadan səfər etdiyi
üçün Azərbaycan onu nümayəndə heyətinin
tərkibində öz ölkəsinə daxil olmasına icazə
verməyəcəyini bildirmişdi. A.Merkel
Vaylerin başqa bir deputatla əvəzlənməsi barədə
qərar qəbul edildiyini bildirdi.
A.Merkelin vasitəçilik missiyasını irəli
sürməsi hər halda kifayət qədər effekt yarada biləcək. Almaniya
Avropanın lokomotiv dövlətlərindən biridir. Ermənistanda isə hələ ki, “kütlük
diplomatiyası” hökmrandır. Nikol
Paşinyan sadəcə guya bəzi məsələləri
bilmir, özünü bilməməzliyə vurub. Amma bu vəziyyəti dəyişmir. Dağlıq Qarabağ tənzimlənməsində
Almaniyanın öz vasitəçilik missiyasını irəli
sürməsi artıq keyfiyyət dəyişikliyidir. Bu istər-istəməz Dağlıq Qarabağ tənzimlənməsində
yeni vəziyyət yaradacaqdır".
Politoloq Qabil Hüseynlinin fikrincə isə, Merkelin Azərbaycana
səfəri gözlədiyimiz kimi olmadı. Çünki
Merkel öz çıxışlarında kifayət qədər
qarışıq görkəm sərgilədi,
Gürcüstan və Ermənistanda açıq
danışdığı halda, Bakıda manevrli
danışıq etdi. Alman kansleri verilən
suallara və gündəmdə olan məsələlərə
faktiki olaraq ikili standartlı, laqeyd münasibət göstərdi.
Politoloqun
sözlərinə görə, bu münasibət Almaniya kimi
güclü dövlətin başçısına
yaraşmayan bir hərəkət idi: “Gürcüstanda
işğal olunan kəndlərə qədər gedib, oradan
Rusiya əsgərlərinə baxan, orada təşkil olunan
ziyafətdə Gürcüstanın ərazi
bütövlüyünü dəstəkləyən Merkel
İrəvanda da buna bənzər fikirlər söyləsə
də, torpaqları işğal altında olan Azərbaycana
qarşı həmin münasibəti ortaya qoymadı”.
Q.Hüseynli
bildirib ki, o Bakıda Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həll olunmasına görə
iqtisadiyyatında dəstəkləyəcəklərini
söylədi: “Əvvəla bu münaqişə deyil, Ermənistanın
Azərbaycana təcavüzü, müharibədir. İkincisi siz nəyi dəstəkləyəcəksiniz?
İşğalçını dəstəkləyəcəksiniz?
İşğal edilən torpaqlarda min cür vəhşilik
həyata keçirən Ermənistanı dəstəkləyəcəksiniz?
Bu baxımdan mən Merkelin simasında çox
zəif və kifayət qədər qərəzlilik
nümayiş etdirən, xristian təəssübkeşliyi
nümayiş etdirən bir şəxsi gördüm”.
Bir tərəfdən
Azərbaycana ən qüdrətli tərəfdaşı
deyib, digər tərəfdən də ölkəmizin 20 faiz
torpaqlarının işğal faktını etiraf etməyə
cəsarət etməyən bir siyasətçinin necə
adlandırılmasında çətinlik çəkən
politoloq Merkelin Azərbaycana səfərini onun xarici səfərləri
arasında ən uğursuz səfər olduğunu dilə gətirib:
“Almaniyada onun bu cür diletant davranışı təhlil
edib, bundan nəticə çıxarılsa çox
yaxşı olar. Çünki, alman Kanslerinin
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı çıxışları başdan başa məntiqsizliklə
dolu idi. Avropa Birliyinin lokomativi olan ölkə,
bu təşkilatın parlamentində post sovet ölkələrində
mövcud olan münaqişələri ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi barədə bəyanat qəbul edən
Almaniyanın rəhbəri həmin məsələyə səthi
yanaşır. Bundan başqa NATO-nun Varşava daha sonra
Brüssel sammitində post sovet məkanındakı
münaqişə ocaqlarının yatırılması
üçün məsələlərin mütləq
dövlətlərin ərazi bütövlüyü çərçivəsində
daxil edilməsinin bəyanatla vurğulayan Almaniya hər iki bəyanata
səs versə də, Bakıda işğala məruz qalan
ölkənin real vəziyyəti haqqında fikir bildirməkdən
yayınır”.
Q.Hüseynli
vurğulayıb ki, həm Almaniya, həm də Avropa Birliyi
üçün Azərbaycanla iqtisadi əlaqələr
çox vacibdir: “Çünki, Azərbaycan Avropada yanacaq
ehtiyatlarının diversifikasiyası üçün
çox mühüm rola malikdir. Bundan əlavə,
Almaniyanın bölgədə əsas ticarət əməkdaşı
Azərbaycandır. Azərbaycanın
Almaniya ilə ticarət dövriyyəsinin məbləği,
Ermənistanın Almaniya ilə ticarət dövriyyəsindən
24 dəfə artıqdır. Belə olan
halda, görünür xanım Kansler öz məntiqsiz
davranışlarına görə tənqid ediləcəyinin
fərqinə varmadı. Çox təəssüf ki,
özünü az qala Dəmir Ledi kimi qələmə
verən bir adam Bakıda bütün
çıxışlarında diletant forma nümayiş
etdirmiş oldu”.
Cavid
Xalq cəbhəsi 2018.-
28 avqust .- S.7.