“Mədəni irsimizin qorunması, inkişafı və bərpası istiqamətində fəaliyyət göstəririk”

 

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri və görülən işlərlə bağlı AZƏRTAC-a müsahibəsi

-Zakir müəllim, əvvəlcə rəhbəri olduğunuz qurumun mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışardınız.

- Görülən işlərlə bağlı çox danışmaq olar, amma çalışacağam ki, qısa cavab verməklə sualınızı tam əhatə edim. Azərbaycanın zəngin mədəni irsinin qorunub-saxlanılması diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işlərin kompleks şəklində həyata keçirilməsini təmin edir. Ölkəmiz çoxəsrlik tarixi zəngin maddi-mədəniyyət nümunələrinə malikdir. Dövlət Xidməti olaraq biz bu zəngin mədəni irsin qorunması, inkişafı və bərpası istiqamətində fəaliyyət göstəririk. Nazirlər Kabinetinin qərarı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə, son bölgü 2001-ci ildə təsdiq edilib. Mütəmadi olaraq əməkdaşlarımız monitorinqlər keçirirlər. Həmin siyahıya düşməyən abidələr də tərəfimizdən müəyyən edilir və qorunur. Rayonlar üzrə abidə mühafizəçilərimiz burada yerləşən abidələrə nəzarət edir, hər hansı qanun pozuntusu aşkarladıqları təqdirdə dərhal bizə məlumat verirlər. Son illər ərzində ölkə ərazisində yerləşən onlarla abidədə, o cümlədən Bərdədə “Allah-Allah” türbəsi, Salyan rayonunda Cümə məscidi, Qusar rayonunda “Şeyx Cüneyd” türbəsi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarları, “Aşağı Karvansaray”, “Şəkixanovların evi”, Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm məscidi, “Hündür günbəzli hamam” və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Bundan sonra da əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılacaq. Yeri gəlmişkən deyim ki, Qobustan Milli Tarix-Bədii Qoruğu, “Atəşgah” məbədi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi Kompleksi və “Pir Hüseyn” xanəgahında bərpa işləri ilə yanaşı, ərazidə geniş abadlıq işləri görülüb, həmçinin müasir texnologiyalarla təchiz olunmuş ekspozisiyalar yaradılıb. Abidə kimi qeydiyyata götürülmüş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Nizami Kino Mərkəzi və Azərbaycan Dövlət Musiqili Teatrının binalarında müasir tələblər səviyyəsində bərpa-yenidənqurma işləri də aparılıb və bu binalar təyinatı üzrə istifadə olunmaqdadır. Milli mədəni irsin qorunması, tarixi abidələrimizin gələcək nəsillərə çatdırılması üçün həyata keçirilən işlər davam etdirilir. Hazırda Dövlət Xidməti tərəfindən Gəncədə Şah Abbas karvansarasında bərpa və Azərbaycan Milli İncəsənət Muzeyində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Arxeoloji irsin qorunması və öyrənilməsi istiqamətində bir çox işlər görülüb. “Cənubi Qafqaz boru kəmərinin (Azərbaycan qazının Gürcüstan üzərindən Türkiyəyə nəqli - Bakı-Tbilisi-Ərzurum qaz kəməri) genişləndirilməsi” layihəsi həyata keçirilən zaman Goranboy rayonunun Borsunlu kəndi ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidə aşkar edildi. Bundan başqa, arxeoloji qazıntılar zamanı Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri də aşkarlandı. Arxeoloji qazıntı sahəsindən tapılmış maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində təxminən XI-XII əsrlərdə intensiv yaşayış olub. Kərpiclitəpə arxeoloji abidəsinin əhəmiyyəti nəzərə alınmaqla və bu tapıntının qorunub saxlanılması üçün kəmər marşrutunun dəyişdirilərək sahənin yanından keçməsi qərara alınıb. Eyni zamanda, tərəfimizdən abidələrin mühafizə zonaları yaradılmaqla, xüsusi mülkiyyətində abidələr olan şəxslərlə mühafizə müqavilələri bağlayıb onların qorunmasına çalışırıq.

- Abidələrin mühafizə zonaları yaradılması ilə biz onları qorumağa çalışırıq söylədiniz. Bu məsələyə bir az aydınlıq gətirərdiniz zəhmət olmasa...

- “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun müvafiq maddəsinə əsasən, abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşü və uzunömürlülüyünü təmin etmək məqsədilə mühafizə zonaları təyin edilir. Abidələrin mühafizə zonalarında onlar üçün təhlükə yarada biləcək istənilən fəaliyyət qadağan olunur. Göründüyü kimi, mühafizə zonalarının müəyyən edilməsində əsas məqsəd mədəni irs nümunəsinin yerləşdiyi ərazidə və yaxud inşa olunduğu ərazidəcə qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu baxımdan, Dövlət Xidməti tərəfindən abidələrin mühafizə zonalarının müəyyən edilməsi də prioritet məsələlərdəndir. Abidələrin mühafizə zonaları hazırda dövlət başçısının müvafiq Fərmanına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir və nəzərə alınması üçün müvafiq dövlət orqanlarına göndərilir. Abidələrin müəyyən edilmiş mühafizə zonaları barədə məlumatlar müvafiq orqanlara da təqdim olunur.

- Dövlət Xidmətinin tabeliyində neçə qoruq var. Onların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsi üçün hansı addımlar atılır?

- Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Hazırda bu qoruqların fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məsələlərin həllinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə” Dövlət Proqramında da geniş yer verilib.

-Qoruqlarda aparılan elmi və arxeoloji tədqiqat işlərinə xarici ölkə mütəxəssisləri maraq göstərirlərmi?

- Tarix-mədəniyyət qoruqları elmi-tədqiqat müəssisəsidir və bu ərazilərin öyrənilməsi məqsədilə mütəmadi olaraq elmi-tədqiqat və arxeoloji işlər aparılır. 2016-cı ildən Qobustan qoruğunda “Yeni baxış” adlı layihəyə start verilib. Əməkdaşlar tərəfindən aparılan çöl tədqiqatları nəticəsində “Cingirdağda” yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb. Bu tipli tədqiqatlar ilk dəfədir ki, aparılır. Layihə çərçivəsində 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub. Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində, Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır. 2016-cı ildə Mədəniyyət Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti arasında üçtərəfli beynəlxalq memorandum imzalanıb. Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış Mezolit təbəqəsi qeydə alınıb. Bu tədqiqatın əsas məqsədi regionda Neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Tapılan maddi mədəniyyət nümunələrinin tarixinin müəyyənləşdirilməsi üçün onların üzərində Yaponiya laboratoriyalarında araşdırmalar aparılıb. Damcılı düşərgəsində toxunulmamış Mezolit mədəni təbəqəsinin aşkarlanması Azərbaycan ərazisində Neolit mədəniyyətinin - əsasən Şomutəpə mədəniyyətinin kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasının məhz yerli Mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir. Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək. Uzun illərdir ki, “Seba” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ qoruğunun iş birliyi nəticəsində Koreya Respublikasından olan mütəxəssislər Qədim Qəbələ şəhərinin tədqiqi ilə məşğul olur. Bu illər ərzində genişmiqyaslı elmi tədqiqat və konservasiya işləri aparılıb. Aparılan qazıntılar nəticəsində minlərlə material tapılmış və hazırda həmin eksponatların bir qismi qoruqda yaradılmış ekspozisiyada ziyarətçilərə nümayiş edilir. 2018-ci il ərzində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət, “Şabran şəhəri” tarixi qoruqların müəyyən ərazilərində də kəşfiyyat xarakterli tədqiqatlar aparılıb. Xalqımızın mədəni irs nümunələrinə Prezident İlham Əliyev xüsusi həssaslıqla yanaşır. Onların təmir-bərpa olunmasını diqqətdə saxlayır. Mədəniyyətimizə diqqət və qayğıdan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın da bu sahədə müstəsna xidmətlərini qeyd etmək istəyirəm. Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açdı. Məhz Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə Qobustan Milli Tarixi-Bədii Qoruğu “qayaüstü rəsmləri mədəni landşaftı ilə birlikdə” UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. Hazırda Şəkinin tarixi hissəsi “Xan Sarayı” ilə birgə nominasiya faylı hazırlanıb və Dünya İrs Komitəsinə təqdim olunub.

-Dünya praktikasında mədəni irsin qorunması və bərpası işinə özəl sektorun nümayəndələri, yerli iş adamları da maraq göstərirlər, investisiya yatırırlar. Bəs bu sahədə bizdə vəziyyət necədir?

-Əlbəttə, dövlət qurumları ilə yanaşı, milli mədəni irsin qorunmasını təmin etmək üçün ictimai nəzarət daha da artırılmalı, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar bu sahəyə investisiya qoymaqda maraqlı olmalıdırlar. Bəli, bu məsələ bir çox xarici ölkələrin praktikasında geniş istifadə olunur. Bu praktika bizdə də istifadə oluna bilər. Qanunvericilikdə də bu məsələ öz ifadəsini tapıb. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Biz də Dövlət Xidməti olaraq sahibkarları bu sahəyə investisiya qoymağa çağırırıq. Bu milli tarixi irsimizə sahib çıxmaq, onu qorumaq və gələcək nəsillərə çatdırılması istiqamətində bir vətənpərvərlik işi olmaqla yanaşı, həm də bu işlə məşğul olacaq sahibkarlara əlavə gəlirlər qazandırmış olacaq.

 

Xalq Cəbhəsi.- 2018.- 7 dekabr.- S.15.