Güney Azərbaycan: ədəbiyyatşünaslıqda janrın tədqiqi tarixindən

 

 

1-ci yazı

 

XX əsr Güney ədəbiyyatının aparıcı janrlarından olan poema janrı indiyə qədər sistemli şəkildə tədqiq edilməmiş, xüsusi araşdırma mövzusu olmayıb. Lakin tədqiqatçı alimlərin bir çoxu ayrı-ayrı poema nümunələri haqqında maraqlı mülahizələr irəli sürüb, bütöv halda olmasa da, Güney Azərbaycanda göstərdiyimiz zaman çərçivəsində yaranan poemalara münasibət bildiriblər.

Azərbaycan ədəbiyyatı üzrə fundamental problemlərin həllində yaxından iştirak etmiş, elmi-nəzəri istiqamətlərin işlənib hazırlanmasında mühüm rol oynamış akademik Mirzə İbrahimov Azərbaycan ədəbiyyatı tarixini bütöv şəkildə, vəhdətdə öyrənməyə daha çox önəm verirdi. Ədibin bir sıra oçerkləri, Güney Azərbaycan və İranda nəşr olunan mətbuatla bağlı icmalları məhz bu məqsədə xidmət edirdi. Güney Azərbaycan və burada cərəyan edən ictimai-siyasi hadisələr, Güney Azərbaycan ədəbiyyatı, çağdaş ədəbi prosesin vəziyyəti Mirzə İbrahimovu yazıçı, ədəbiyyatşünas-alim, həm də publisist kimi daima məşğul edib. O, Güneydə gedən ictimai-siyasi və ədəbi prosesi yaxından izləyib, G.Səbahi, R.Dəqiq, C.Heyət, S.Cavid, K.M.Sönməz və digər istedadlı qələm sahibləri ilə məktublaşaraq ədəbi mükalimələr edib, burada yaranan şeiriyyəti “Ümid və kədər poeziyası” adlandırmışdı. M.İbrahimov Mərziyə xanım Üskülü, Əlirza Nabdil Oxtay, Səməd Behrəngi kimi şəhid yazarların qutsal əməllərini, mərdliklərini yüksək dəyərləndirmiş, M.Şəhriyar, B.Q.Səhənd, H.M.Savalan, H.Sahir, H.Tərlan, R.Dəqiq, Y.Şeydab. poeziyasını araşdırmış, onların romantik vüsətini təqdir etmişdi. B.Q.Səhəndin “Kitabi-Dədə Qorqud” dastanındakı eyni boyu nəzmə çəkərək qələmə aldığı “Dəli Domrul” poemasının əhatələdiyi mövzu, əsərin bədii məziyyətləri, ehtiva etdiyi mətləblərin dərinliyi və s. məziyyətləri haqqında qələmə aldığı məqalədə M.İbrahimov poemanı “Şəhriyarın “Heydərbabaya salam”ından sonra Güneydən bizə gələn ən qiymətli yadigar və qardaşlıq töhfəsi adlandırıb.

Ruqiyyə Qəmbərqızı B.Q.Səhəndin “Sazımın sözü” kitabına yazdığı “Bulud Qaraçorlu Səhənd və onun poeziyası” adlı ön sözündə bu poemasından da bəhs edib, əsəri xalqımızın qəhrəmanlıqla dolu tarixinin müəyyən bir məqamının bədii salnaməsi kimi dəyərləndirərək yazır: “Azərbaycan xalqının uzaq keçmişlərindən, adət-ənənələrindən, qəhrəmanlıq və istedadından xəbər verən “Dədə Qorqud” dastanlarını qələmə almaqla Səhənd böyük bir həqiqəti yaşatmağı qarşısına məqsəd qoymuşdu. O da budur ki, böyük, şərəfli dünəni, keçmişi olan Azərbaycan xalqının İranda azad yaşamaq, yaratmaq haqqı əlindən alına bilməz

Fil.ü.e.d. S.Əmirov “Səhənd” adlı monoqrafiyasında “Sazımın sözüpoemalar silsiləsi haqqında qiymətli fikirlər söyləyib, əsəri geniş şəkildə təhlil edərək bu qənaətə gəlib ki, Səhəndi ““Dədə Qorqud” dastanlarının sorağına sövq edən qüvvə vətəninin, doğma ana yurdunun məsud sabahına aparan yolun sədaqətli, yorulmaz fədaisi olmaq idealından nəşət etmişdi”.

Güneydə Səbahi, Cavad Heyət, Əlirza Sərrafi və başqaları da B.Q.Səhəndin bu əsərindən bəhs etmişlər ki, yeri gəldikcə biz onlara münasibət bidirəcəyik. B.Q.Səhənd yaradıcılığının zirvəsi olan “Sazımın sözüpoemalar silsiləsini son illərdə şairin həyat və yaradıcılığını ciddi şəkildə araşdıran Fikrət Süleymanoğlu “Səhəndin şah əsəri” adlı mükəmməl ön söz və şərhlər yazaraq “Dədəmin kitabı” adı ilə nəşr etdirib, əsər haqqında ədəbiyyatşünasların qənaətlərinə də yeri gəldikcə istinad edərək obyektiv fikirlərini sərgiləyib.

Azərbaycan ədəbiyyatını, şifahi söz sənətini dərindən bilən və XX əsr Güney ədəbiyyatında təmsil olunan şair və yazıçıları Güneyin mübariz keşikçiləri adlandıran Məhəmmədəli Fərzanənin (Qovsi) görkəmli yazarlar, həmçinin Azərbaycan dili tarixi, xüsusilə Şəhriyarın “Heydərbabaya salam” və Səhəndin “Dədəmin kitabı” poemaları, həmçinin “Ana dilimiz və varlığımız haqqında xatirələr” silsiləsindən qələmə aldığı məqalələri “Varlıq” məcmuəsində dərc edilmiş, yeni nəsil yazarların milli düşüncəyə, milli mentalitetə sadiqlik ruhunda köklənməsində və bu mövzuda yeni poema nümunələrinin yaranmasında əvəzsiz rol oynayıb. 1950-ci illərdə “Heydərbabaya salam”ın əlyazmasının surətini gizli yolla əldə edən və o zaman Təbrizə yolu bağlandığından Tehranda yaşamaq məcburiyyətində qalan M.Fərzanə əsəri göz yaşları içərisində oxuyursevincini yaradıcılığı haqqında ciddi tədqiqat apardığı Bulud Qaraçorlu Səhəndlə bölüşür. Poemanı oxuyan Səhənd də eyni hissləri yaşayır. Həmin ərəfədə hakim rejim tərəfindən həbsə atılan şair zindanda da bu barədə düşünür. M.Fərzanə mübariz şairinAraz” və “Xatirə”, həbsdən sonra isə “Sazımın sözü”, “Dədəmin kitabı“, “Qardaş andı” poemalar silsiləsini da məhz “Heydərbabaya salam” poemasından ilham alaraq yazdığını vurğulayır: “Səhənddə bir ruh yüksəkliyi yaranır. Gecələr yatmır, siqaret çəkir və yazır. “Sazımın sözünün I cildi yaranmağa başlayır”.

Fədakar tədqiqatçı “Heydərbabanın bədii xüsusiyyətləri” adlı digər məqaləsində “Heydərbabaya salam” mənzuməsinin bədii və dil xüsusiyyətlərinin, poetikasının təhlilinə geniş yer verir. Şəhriya¬rın şeir dili ilə folklor təfəkkürünün əlaqələrini konkret misallar əsa-sında təhlil edir, dilüslub məsələlərini araşdırır. M.Fərzanənin Şəhriyarın anadilli şeir dili ilə bağlı gəldiyi qənaət olduqca maraqlıdır. O, Şəhriyar dilinin qeyri-adiliyininbütün türk elləri ədəbiyyatına böyük ədəbi təsirinin sirrini onun folklor və yazılı poeziya dili zəminində pərvəriş tapması ilə əlaqələndirməklə kifayətlənmir, həmçinin şairin qeyri-adi şeir dilini əfsanəvi bir dil, möcüzə sayır: “Bu dil ana dili Azərbaycan dili olan farsdilli bir dahi şairin ucalığıdır, istedadının möcüzəsidir”.

M.Fərzanə ustad Şəhriyarın bu əsərini möcüzə səviyyəsində dəyərləndirdiyindən “Heydərbabaya salam” poemasına həsr olunmuş nəzirələri, şairə ünvanlanmış məktubları toplayır və mənzumənin özünəməxsusluğu, dil xüsusiyyətləri və bədii üslubu, yüksək şeiriyyəti və orijinallığından bəhs edən “Şəhriyar və Heydərbaba (farsca)” kitabını öz müqəddiməsilə 1969-cu ildə nəşr etdirir.

“Sazımın sözü” kitabının ilk çapına yazdığı “Güney Azərbaycanın milli-mübariz şairi“ adlı müqəddimədə isə M.Fərzanə Səhəndin yaradıcılıq konsepsiyasının özəyində duran həqiqət axtarışına xüsusi önəm vermişdir. M.Fərzanəyə görə, Səhənd “dastanlara qoşduğu başlanışlarda həyat fəlsəfəsini, insanın özünü tapdığı gündən “həqiqət adlanan o, gözəl pəri”yə çatmaq uğrunda çırpıntılarını dərindən mənimsəyir. Hər şeydən əvvəl, o, varlığı, insan həyatını, durğunsönük surətdə yox, bəlkə, daimi dəyişilməkdə və inkişafda görür.

“Heydərbabaya salamdan sonra Güney Azərbaycan ədəbiyyatında ən çox nəzirə yazılan əsərin məhz “Sazımın sözü” poeması olduğunu vurğulayan fil.ü.f.d. Pərvanə Məmmədli yazır: “Görkəmli elm xadimi, doktor Cavad Heyət “Sazımın sözü” poemasına çox yüksək qiymət verərək onu Firdovsinin “Şahnamə”si ilə müqayisə edirbu əsəri Güney Azərbaycan türklərinin zəngin lüğət xəzinəsi, “Millətnaməsi” adlandırır”.

Yaşıl qitənin - Avropanın mədəniyyət beşiyi sayılan Fransanın baş kəndi Parisdən Güneydə baş verən ədəbi prosesi izləyən qüdrətli nasir Qulamhüseyn Səidi də xalq arasında Şəhriyar qədər təbliğ olunub tanınmayan Səhəndin bədii irsini və “Sazımın sözü” poemasını bütöv Azərbaycan mədəniyyəti tarixində xüsusi hadisə kimi dəyərləndirir: “Bulud Qaraçorlu ömrü boyu ucuz adın, şöhrətin daşını ataraq çap imkanı olmadığı halda yenə yazdı... Səhəndin əsərləri geniş oxucu kütlələri arasında yayılmaq imkanı tapmadı, buna baxmayaraq o, yeni tərkib, təsvir və ifadə vasitələri tapmaqda böyük uğur qazandı”.

Təbrizdə “Ədəbiyyat ocağı”nı yaradan təzkirəçi şair Yəhya Şeydanın bu istiqamətdəki xidmətləri isə daha böyükdür. Çağdaş Güneyklassik Azərbaycan ədəbiyyatının yaradıcılarını yaxşı tanıyan Yəhya Şeyda Güneydə günümüzədək heç kəsin görmədiyi bir işi görmüş, yüzlərlə çağdaş şairin şeirlərini, həmçinin poemalarını toplayaraq üçcildlik “Ədəbiyyat ocağı” antologiyasında nəşr etdirmiş, müəlliflərin həyatı və yaradıcılığı haqqında dəyərli fikirlər söyləyib.

Şair və tədqiqatçı Hümmət Şahbazı Səhənd poeziyasında, “İkinci ərməğan” əsərində “Başqa birisinin varlığını dərk etmək, ya da duyğusal epiklik” məsələlərini işıqlandırır, şairin fəlsəfi düşüncələrini açıqlayır.

Gəncəli Səbahi isə öz məqaləsində Səhənd yaradıcılığında prioritet mövzunun məhz milli vətənpərvərlik, ana dili, ata ocağına, doğma yurda sahib çıxmaq olduğunu önə çəkir və şairin parlaq istedadı, güclü milli ruhu sayəsində “Azərbaycan ədəbiyyatına ən qiymətli və ölməz əsərlər verə bildi”yindən qürurla söz açır.

Ana dilinin, doğma türkcənin inkişafı, unudulmaması qayğısını çəkən, ana dili uğrunda ardıcıl mübarizə aparan Həmid Nitqi (1920-1999) çağdaş şəhriyarşünaslıq elminə töhfə olan və “uzun zamanlar bizim kimliyimizi göstərən ən kiçik qərinəni silmək, aradan aparmaqmümkün deyilsə, təbir-təfsir yolu ilə ən zəif rəvayətə dayanaraq gün kimi aydın dəlilləri heçə saymaqunutdurmaq istəyən farslara türk mədəniyyətini tanıtmaq məqsədi ilə məhz fars dilində “Honər-e Şəhriyar (Şəhriyarın sənəti)” adlı silsilə məqalələrini yazıb. Ədib dönə-dönə vurğulayır ki, türk şair və ədibləri, fars həmkarları ilə birgə əsrlərlə özlərini klassik farscanın tərəqqisinə və təkmilləşməsinə elə geniş həsr etmişdilər ki, az qala öz dil və mədəniyyətlərini unutmuşdular. Yalnız xalq şeiri bütün bu fəlakətlərə üstün gələ bilirdi. Yenidən öz kimliyinə dönüb və mədəni irsinə dəyər verməyə başlayan türk aydınları da az deyildi. Onlardan biri də Məhəmmədhüseyn Şəhriyar idi. Əsrin ən böyük şairlərindən biri, ənənəvi fars şerinin ustadı M.Şəhriyar öz ədəbi istiqamətini dəyişərək doğma Azərbaycan türkcəsində “Heydərbabaya salamkimi çox qiymətli bir əsər yaratdı. Həmid Nitqi bu bəşəri poemaya yüksək dəyər verir, poemanın əsrlərdən bəri ədəbi aləmdə kanonlaşmış mürəkkəb əruz vəznində deyil, sadə heca vəznində və türkcə yazılmasından böyük qürur hissi duyduğunu bildirirdi.

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 13 dekabr.- S.14.