Gülüstan
müqaviləsindən sonra Rusiya ilə Qacar
İranı arasındakı mübahisədə İrəvan
xanlığının rolu və yeri
1-ci yazı
Belə düşünmək olardı
ki, Gülüstan sülh müqaviləsi hər iki dövlət
arasında olan düşmən münasibətlərə
son qoydu. Lakin tezliklə, tərəflər
arasında bəzi mübahisəli məsələlərə
görə gərginlik
daha da artdı.
V.Potto haqlı olaraq yazırdı ki,
«...1813-cü il oktyabrın
12-də bağlanan Gülüstan
sülh müqaviləsi
Rusiya və İran arasında on il davam edən
müharibəyə son qoydu.
Lakin on üç il davam
edən sülh müvvəqqəti barışığın
ancaq davamı idi. Sakitlik, hər iki ölkə arasında bərpa olunmuş zahiri dostluq əlamətləri aldadıcı
və ancaq yeni hərbi əməliyata başlamaq
üçün fürsət
idi». Narazılığın əsas səbəblərindən
biri sərhəd xəttinin təyin edilməsi məsələsi
üzərində idi.
Bura İrəvan xanlığına
məxsus torpaq sahələri də daxil olduğundan, məsələyə aydınlıq
gətirilir.
Tarix üzrə
fəlsəfə doktoru
Elçin Qarayevin İrəvan xanlığı
ilə bağlı araşdırmasında bildirilir
ki, Gülüstan sülh müqaviləsindən
sonra məlum oldu ki, sərhəd
xəttinin təyin edilməsində və bəzi ərazi məsələlərində hər
iki dövlət fərqli mövqe nümayiş etdirir. Qeyd etmək
lazımdır ki, tarixi ədəbiyyatda ərazi məsələsində
yalnız Qacar İran dövləti ilə Rusiya arasında mübahisə olduğu qeyd edilir. Lakin mənbələrin təhlili göstərir ki, bu məsələdə
üçüncü bir
tərəf - İrəvan
xanlığı da vardı. İrəvan
xanının barışmaz
mövqeyi, onun rus komandanlığı və rus sərhəd
məntəqələrinin başçıları ilə
məktublaşması, onlara
təzyiq göstərmək
üçün tez-tez
ruslara məxsus gözətçi məntəqələrinə
hücumu, şah hökumətinin bəzi hallarda Rusiyaya güzəştə getməsi
ilə razılaşmaması
belə deməyə əsas verir ki, Hüseynqulu xan xanlığın müstəqilliyini qorumağa
çalışmış və hər hansı dövlətin ona məxsus torpaqları bölüşdürməsinə
razı olmamışdı.
Qeyd etmək
lazımdır ki, Gülüstan sülh müqaviləsinin ikinci maddəsi Rusiya ilə İran arasında təyin edilmiş sərhəd məsələsinə həsr
edilmişdi. Həmin maddədə müxtəlif
ərazilər təsvir
edildiyindən, biz burada
yalnız İrəvan
xanlığı tərəfində
göstərilən sərhəd
məsələlərinə toxunacağıq. Burada
sərhəd xətti
belə müəyyən
olunmuşdu: «... Ümumrusiya
imperiyası ilə İran dövləti arasında sərhəd aşağıdakı xətt
üzrə olacaqdır:
Adambazardan başlayaraq
düz xəttlə Muğan düzündən
keçərək Araz
çayında Yeddibulaq
bərəsinə qədər,
oradan Araz boyu üzü yuxarı, Kəpənəkçayın
ona töküldüyü
yerə qədər, daha sonra Kəpənəkçayın
sağ tərəfilə
Mehri sıra dağlarına və oradan Qarabağ və Naxçıvan xanlıqları arasında
xətti davam etdirərək, Alagöz sıra dağlarından Qarabağ, Naxçıvan,
İrəvan xanlıqlarını
və Gəncə xanlığının bir
hissəsini birləşdirən
Dərələyəzə qədər, sonra oradan İrəvan xanlığını Gəncə
xanlığının torpaqlarından,
həmçinin Şəmşəddildən
və Qazaxdan ayıran yerdən Eşşəkmeydana qədər
və oradan sıra dağlarla Qəmzəçəmən çayının
axını və yolu istiqamətində Pəmbək sıra dağları ilə Şuragölün tininə
qədər; həmin
tindən Alagöz dağının qarlı
yüksəkliyinə, buradan
sıra dağlarla Şuragöl sərhəddindən
Məstərə və
Artik arasından Arpaçay çayına
qədər davam edir...»
Sülh müqaviləsinin bu ikinci maddəsi məhz sonuncu Rusiya-İran müharibəsinə
qədər həll olunmamış qalmışdı. Müharibədə məğlub olmasına baxmayaraq, şah hökuməti çox keçmədən Gülüstan
sülh müqaviləsinin
bəzi maddələrinə
yenidən baxılmasını
tələb etdi.
Buna səbəb İngiltərənin şərq
siyasətinin güclənməsi
idi. Belə ki, sülh müqaviləsindən
bir il
keçmiş Qacar İran dövləti İngiltərə hökuməti
ilə yaxınlaşdı
və 1814-cü il noyabrın 25-də onlar arasında saziş bağlandı. Sazişdən sonra şah
hökuməti bu ölkədən maddi və hərbi kömək aldı.
Hər iki dövlət arasında bağlanan müqaviləyə əsasən,
ingilis hərbi mütəxəssislərinin köməyi
ilə Qacar ordusu Avropa hərbi
qaydadası ilə yenidən təşkil edildi. Maddi və hərbi kömək alan
Qacar İran dövləti Rusiya dövlətindən sülh
müqaviləsinin şərtlərinə
yenidən baxılmasını
tələb etdi. Beləliklə, hər iki dövlət mübahisəli
ərazi məsələlərini
həll etmək üçün nümayəndələrini
tez-tez mərkəzə
göndərməyə başladı.
İrəvan xanlığına məxsus
Göyçə gölünün
şimal və şərq sahilləri, Şuragöl və Pəmbək əraziləri
də əsas mübahisə obyekti idi. Xüsusilə, Göyçənin ətraf yerləri İrəvan əhalisinin
mal-qarasının örüş
yeri idi. Müharibənin gedişində rus
qoşunları bu əraziləri işğal
edərək, burada qeyri-qanuni gözətçi
məntəqələri yaratmışdılar.
I Pyotrun dənizlərə
çıxmaq siyasətini
davam etdirən Rusiya, Göyçə gölünə çıxış
olan bu yerləri
əldə saxlamaq üçün Qarabağa
məxsus Qapan və Mehri mahallarını
güzəştə getməyə
də hazır idi. Lakin istər Qacar
İran dövləti,
istərsə də İrəvan xanı Hüseynqulu xan bu ərazilərin rus qoşununun işğalı altında
olmasilə barışmaq
istəmirdi.
Napaleon Fransası
ilə müharibəni
yenicə başa vurmuş Rusiya ilk dövrlərdə bu məsələni sakit tərzdə həll etmək istəyirdi. Bu məsələni
həll etmək üçün 1816-cı il mayın 24-də A.P.Yermolov çar tərəfindən Qafqaz diyarının baş komandanı və eyni zamanda xüsusi
təlimatla şah sarayına göndərilən
nümayəndə heyətinin
fövqaladə və
səlahiyyətli səfiri
təyin edildi. İrəvan
xanlığının ərazisi
hər iki ölkə arasında mübahisə obyekti olduğundan A.P.Yermolovun diplomatik missiyası üzərində ətraflı
dayanmaq istərdik.
A.P.Yermolov 1816-cı il oktyabrın 10-da Tiflisə
gəldi. İlk növbədə hər iki ölkə
arasında sərhəd
xəttindəki vəziyyəti
öyrənmək üçün
baxış keçirmək
qərarına gəldi.
O, 1816-cı ilin noyabr
ayında ober kvartirmeyster (qoşunu ərzaqla təchiz edən hərbi xidmətçi-E.Q.) polkovnik
İvanovu Lənkəran
xanlığına, baş
ştabın ştabs
- kapitanı Muravyovu Borçalı, Pəmbək,
Şuragöl, Şəmşəddil
və Qazaxa göndərdi. Özü isə noyabrın
19-da əsas sərhəd
məntəqələri olan
Gəncə və Qarabağa yollandı.
A.P.Yermolov 1816-ci il dekabrın 12-də,
İvanov dekabrın
20-də, Muravyov isə
1817-ci il yanvarın
7-də Tiflisə qayıtdı.
Yeni baş komandanın və səlahiyyətli səfirin ilk niyyəti bu səfərdən sonra məlum oldu. A.P.Yermolov bu baxışdan
sonra çara göndərdiyi məlumatda
Qacar İranının
tələb etdiyi əraziləri heç cür güzəştə
getməyin mümkün
olmadığını bildirirdi.
Bu məlumat feldeqerol
(hərbi və ya hökumət kuryeri-E.Q.) Lanqom tərəfindən Peterburqa göndərildi.
Vəziyyəti aydınlaşdırdıqdan sonra nümayəndə heyəti 1817-cı il aprel ayında Tiflisdən Tehrana yola düşdü. Səfir cənub istiqamətində - İrəvan, Naxçıvan istiqamətində getməyi qərara almışdı. Əsas məqsəd bu yerlər haqqında kəşfiyyat məlumatları toplamaq idi. «Beləliklə, Tiflisdən hərəkət edən nümayəndə heyəti aprelin 22-də Qarakilsəyə gəlib çatdı. İki gün burada dincəldikdən sonra səfarətlik Gümrüyə doğru hərəkət edərək aprelin 26-da oraya daxil oldu. Burada dincələn A.P.Yermolov Arpa çayı boyunca keçən sərhəddi müşahidə etmiş və burada yerləşən hərbi hissənin vəziyyəti ilə tanış olmuşdu. Bir neçə gün burada qaldıqdan sonra nümayəndə heyəti İrəvana doğru hərəkət edərək aprelin 30-da sərhəddi keçir. İrəvan ərazisində səfiri Təbriz sarayının pişxidməti Qulaməli bəy, Nəzərəli bəy, onun dayısı Urmiya hakimi Əsgər xan qarşıladı. Səfarətliyi mərkəzə qədər müşayət etmək üçün onlar şah tərəfindən göndərilmişdi. Tezliklə, onlara kiçik süvari dəstəsilə İrəvan xanının kürəkəni Sübhanqulu xan da qoşuldu. O, Hüseynqulu xanın məktubunu Talında A.P.Yermolova təqdim etdi. Buradan Eçmiədzinə hərəkət edən səfir mayın 3-də İrəvan qalasına döğru hərəkət edir. Yolun yarısında İrəvan xanının qardaşı Həsən xan 6 minlik qoşunla onların qarşısına çıxdı və irəvanlılar tərəfindən təm-taraqla, müsiqi ilə qarşılandı. Beləliklə, İrəvan qoşunlarının müşayəti ilə ruslar İrəvana doğru hərəkət edirlər. Hüseynqulu xan bir neçə yaxın adamı və mühafizəçilərin müşayətilə A.P.Yermolovu qaladan 1,5 verst aralıda qarşıladı. Mayın 5-də xan şəxsən A.P.Yermolovun şərəfinə nahar da təşkil etdi. Bir neçə gün İrəvanda qaldıqdan sonra mayın 7-si səhər saat 9-da nümayəndə heyəti buradan cənuba doğru hərəkət edir. Müxtəlif şəhər və kəndlərdən keçən nümayəndə heyəti iyulun 26-da şahın dincəldiyi Sültaniyə şəhərinə gəlib çatır. 1817-ci il iyulun 31-də və avqustun 3-də şahın qəbulunda olan səfir, avqustun 29-da geri qayıdır. O, geri qayıdarkən Təbrizdə Abbas Mirzənin qonağı olmuşdu. Burada İrəvan xanı Hüseynqulu xan da iştirak etmişdi. Sentyabrın 29-da Təbrizi tərk edən səfir yenidən gəldiyi istiqamətlə hərəkət edərək Tiflisə qayıdır.
A.P.Yermolovun başçılığı ilə Tehrana göndərilən nümayəndə heyəti mübahisəli məsələlərin həllində şahla razılığa gələ bilmədi. Rus qoşunları Göysə gölünün şimal və şimal-şərq hissəsindəki əraziləri işğal altında saxlamaqda davam edirdi. Hüseynqulu xanın rus komandanlığı ilə münasibətləri həmişə gərgin olmuşdu. Bu gərginliyin saxlanılmasında ermənilərin də böyük rolu vardı. Onlar rus komandanlığının diqqətini İrəvan xanlığına cəlb etmək üçün müxtəlif hiylələrlə aranı qızışdırırdı. Belə ki, 1822-ci ilin yanvarında Eçmiədzin katolikosu Yefrem Hüseyinqulu xanın ağır vergi siyasətini bəhanə gətirərək Qarabağda yerləşən Gülüstana gəldi. O, burada dincələn A.P.Yermolovun qəbuluna düşməklə xandan şikayət etmək qərarına gəlmişdi. Bu ermənilərin növbəti kələyi idi. Ermənilər katolikosun vasitəsilə baş komandanın diqqətini İrəvan xanlığına yönəltmək istəyirdi. Lakin baş komandan şah hökumət ilə münasibətləri gərginləşdirməkdən ehtiyat edərək katolikosu qəbul etmədi, kilsənin pis vəziyyətə düşməsində onun özünü günahlandıraraq geri qayıtmasını məsləhət gördü. Lakin Yefrem xanın qorxusundan Eçmiədzinə qayıtmadı və 1822-ci il iyunun 20-də katolikosluqdan əl çəkdi. Bu xəbər Hüseynqulu xanı bərk qəzəbləndirdi və katolikosun geri qayıtmasını tələb etdi. Onun geri qayıtmadığını görən Hüseynqulu xan həm Eçmiədzinə, həm də sərhəddə yerləşən rus qoşunlarının gözətçi məntəqələrinə hücumlar təşkil etməyə başladı. Rus komandanlığı Abbas Mirzədən bu cür halların dayandırılmasını tələb etdi. Şahzadə isə cavabında bildirir ki, əksinə bizim təbəələr rus qoşunu tərəfindən talana məruz qalır. O, bunun səbəbini dəqiq sərhəddin təyin olunmamasında görürdü. Hüseynqulu xanın geri çəkilməməsi və sərhəddə yerləşən rus gözətçi məntəqələrinə təzyiqlərin güclənməsi rus komandanlığını güzəştə getməyə məcbur etdi. Nəticədə, 1821-ci ildə İrəvan əhalisinə Göyçənin onlara məxsus örüş yerində mal-qara otarmağa icazə verildi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 21 dekabr.-
S.9.