“Şah İsmayıl” dastanının əsas
xüsusiyyəti onun qəhrəmanlıq və məhəbbət
xətti üzərində qurulmasıdır
2-ci yazı
Məhəbbət dastanlarının quruluşunda
aşiq və məşuqun bir-birinə buta verilməsi
böyük rol oynayır. Butanın çox
böyük ictimai-mənəvi əhəmiyyəti və
funksional çəkisi var. Adətən, məhəbbət
dastanlarında aşiq buta almamışdan əvvəl
cılız, süst, zəif halda təsvir olunur. Buta alandan sonra onun bu halı dəyişir, qeyri-adi
keyfiyyət və bacarıqla səciyyələnirlər.
Daha doğrusu, buta fərqləndirici xarakteri ilə
mətndə funksional mahiyyəti işarələyir. Aşıqlar Şah İsmayılın
Çaldıran döyüşü ilə əlaqədar
dastan da yaratdılar. Məzmunundan
göründüyü kimi, dastan tarixi həqiqətləri əks
etdirib. H.Araslının ilk dəfə dövlət
arxivindən əldə etdiyi və şərti olaraq “Şah
İsmayıl” adlandırdığı bu dastanda Şah
İsmayılın arvadı Taclı xanımın
Çaldıran döyüşündə əsir
düşməsi, sərkərdə Əbdi bəyin
döyüşdə ölümü, bütün bu kədərli
hadisələrin şahı dərindən kədərləndirməsi
təsvir olunub. Buna baxmayaraq aşıqlar
dastanın məzmununa nikbin bir ruh aşılayıblar.
Şah İsmayılın dünyaya gəlməsində
dərviş iştirak etsə də, onun məhəbbəti
buta vasitəsilə verilməyib. Demək, bu dastanda buta
sosial məna daşımır. Məhəbbət
dastanlarının quruluşunda buta əsas amil olsa da,
keçid dövründə yaranan dastanlarda buta bədii priyom
kimi istifadə olunmayıb. Bu cəhətdən
dastanın mətn strukturu xüsusi bədii forma kimi
özünəməxsus rəngarəngliklərə malikdir.
Hər şeydən əvvəl onu deyək ki,
dastan tarixi qaynaqlara söykənir. Burada təsvir
olunan məhəbbət Şah İsmayılla Taclı
xanımın arasında yaranan məhəbbətin bədii təzahürüdür.
Bu səbəbdən də başqa dastanlarda
gördüyümüz buta məsələsi burada öz
yerini tapa bilməyib. Şah
İsmayılın da tarixi şəxsiyyət olması onun
buta ilə bağlanmasına mane olub. Görünür
ki, Şah İsmayıl tarixi qəhrəman olduğuna görə
onun qəhrəmanlığından bəhs edən dastanda
bütün komponentləri ilə nə vaxtsa qəhrəmanlığa
yüklənib. Bunu süjetin məzmun
xüsusiyyətləri də təsdiq edir. Ona görə də təhkiyədə bəzi fərqlər
özünü göstərməkdədir. Qəhrəmanlıq dastanı kimi “Şah
İsmayıl” dastanı ozan repertuarından aşıq
repertuarına keçəndə mətnin struktur fərqləri
əmələ gəlməli idi. Bu
özlüyündə təbii axarlı bir prosesdir və daha
çox yaradıcılıq ənənələri ilə
bağlıdır. Bu xüsusiyyətləri
A.Nəbiyev X.Koroğlu ilə yazdığı “Azərbaycan
qəhrəmanlıq eposu” və başqa əsərlərində
açıb. Deməli, genezis
baxımından həmin məhəbbət dastanı eyni
adlı qəhrəmanlıq dastanına söykənir. Bundan əvvəlki fəsildə də gördük
ki, “Şah İsmayıl” dastanının tipoloji səciyyə
daşıyan nağıl variantları var. M.Cəfərli də
yazır ki, məhəbbət dastanlarının strukturu qəhrəmanlıq
dastanlarından gəlir. O, qəhrəmanlıq
dastanlarının arxa planda məhəbbət dastanları
olması qənaətindədir. Onun bu fikirləri
bizim “Şah İsmayıl” dastanı haqqında dediklərimizi
doğruldur. Bu deyilənlərdən
çıxış edərək “Şah İsmayıl”
dastanının yaranma və təşəkkül tapma
yollarını belə xarakterizə etmək olar:
1. Əvvəlcə
“Şah İsmayıl” dastanının kökündə
nağıl strukturu dayanıb;
2.
Nağıl strukturu əsasında mətnin eposlaşma prosesi
gedib;
3. Eposdan,
yəni qəhrəmanlıq dastanından məhəbbət
dastanı formalaşıb.
Bu prosesi M.Cəfərli eposun “əcdadı” olan mifoloji
hekayətlərdən arxaik eposun boy atması kimi səciyyələndirir. Bu deyilənləri
nəzərə alaraq nağıl variantındakı Şah
İsmayılın düşmən padşahla müharibə
edən qardaşlara kömək etməsi motivini “Şah
İsmayıl” dastanına keçməsini arxaik eposun mifoloji
hekayətlərdən boy atması kimi görə bilərik.
“Şah İsmayıl” dastanının əsas struktur
xüsusiyyəti onun qəhrəmanlıq və məhəbbət
xətti üzərində qurulmasıdır. Məhəbbət
elementlərindən asılı olmayaraq dastanda qəhrəmanlıq
bir motiv olaraq daha aparıcı səciyyəsi ilə diqqəti
cəlb edir. Şah İsmayılın qəhrəmanlığını
göstərən onun yeddi qardaşın bütpərəst
padşahına qarşı vuruşlarına kömək etməsidir,
bir də Ərəb Zəngi ilə
qarşılaşmasında və atasına qarşı
vuruşmasında görə bilirik. Məhəbbət
dastanlarında qəhrəmanlıq motivlərinin səciyyəsi
haqqında V.M.Jirmunski də məlumat verir. O, özbək
məhəbbət dastanlarında qəhrəmanlıq
başlanğıclarının qoşa struktur vahidi kimi
çıxış etməsini göstərir. Belə bir struktur həm qəhrəmanlıq, həm
də məhəbbət dastanlarında poetik səciyyə
daşıyır. Həmin poetik səciyyə
eyni zamanda dastanın struktur poetikasını təşkil
edir.
Qəhrəmanlıq dastanlarının kökündə
eyni zamanda sehrli, magik, əsatiri görüşlər də
iştirak edə bilir. Bu, dastanın formalaşma xüsusiyyətidir.
Çünki hər bir epos formalaşarkən
onun strukturuna həmin elementlər mifoloji çağın tələbləri
kimi daxil olur. Bu, həm də qəhrəmanın
gücünü fantastik şəkildə izah etməyə
xidmət edir. Dastanlarda sehrli qüvvələr divlər,
pərilər, sehrli qılınc, xalça, üzük və
s. ola bilər. Şah
İsmayılla bağlı nağıl-eposlarda bu xüsusiyyəti
görürük. Eposdan məhəbbət
dastanına keçiddə bu sehrli, magik qüvvələrə
ehtiyac qalmır. Qəhrəman ancaq öz
fizioloji gücünə arxayın olur. “Şah
İsmayıl” dastanının da əsas quruluş xüsusiyyətlərindən
biri onun sehrli-magik qüvvələrdən kənarda
yaranması, məhəbbət yolunda qəhrəmanlıq
göstərməsidir. Deyək ki, belə
“müasirləşmə” ən çox Azərbaycan məhəbbət
dastanlarına xasdır. Belə bir struktur
fərqinin ozan repertuarından aşıq repertuarına
keçid dövründə yarandığını görmək
mümkündür. Ozan mifoloji zamanla, eləcə
də bir qədər sonrakı çağlarla bağlı
olan xalq sənətkarıdırsa, aşıq yeni
yaradıcılıq dövrünün sənətkarıdır.
Aşıq üçün eposdakı mifologemlər
həqiqi mahiyyət daşımadığından onun
strukturundan silinir. Məhz bu səbəbdən
də “Şah İsmayıl” dastanının variantlarında
sehrli qüvvələrə rast gəlinmir.
“Şah İsmayıl” dastanının qəhrəmanlıq-poetik
xüsusiyyəti kimi burada Ərəb Zəngi obrazından
istifadə olunmasını göstərmək olar. M.H.Təhmasib də bu qəhrəman
qızın çoxlu “tərcümeyi-halları”nın olduğunu yazır və bu tərcümeyi-halları
müxtəlif aşıq məktəblərinə daxil olan
görkəmli aşıqlar öz ustadlarından öyrənərək
yayıblar. M.H.Təhmasib isə Ziya Göyalpın “zəngi”
sözünü “zəni-gav” kimi qəbul etdiyini, qədim
totemist görüşlərlə bağlı
olmağını əsas gətirərək, bu adın dastan
haqda olan ehtimal və mülahizələrə uyğun gəldiyini
qeyd edir. Eyni zamanda “zəngi” sözünün
tayfa, qəbilə, kənd, çay adı kimi işləndiyini,
bu adın qaravulbaşı, qalabəyi, sərhəd
keşikçisi mənalarını da ehtimalla göstərir.
Belə bir məzmun Rəmdar Pərinin Şah
İsmayıldan ayrılarkən dediyi sözlərdə də
təsdiq edilir. “Şahzadə, indi ki, gedirsən, get!
Yaxşı yol! Muradına çatasan! Amma
Türkmana iki yol gedir. O yolun biri ilə üç aya, o
birisi ilə on günə getmək olar. Üç
aylıq yol səlamət, on günlük yol məlamətdi.
Çünki o yolu Ərəb Zəngiadlı
bir pəhləvan kəsib. Gələnin,
gedənin malını, dövlətini qoyub, özünü
də öldürür. Leşindən
hasar, başından minarə tikdirir". Bu
sitatdan onun sonradan dəyişdirilmiş funksiyasının
quldurluqla bağlı olduğunu görürük. Dastandan görünür ki, onun qalaçası var.
Güman etmək olar ki, bu qalaça sərhəddə yerləşir.
Şah İsmayıl Gülzarın ardınca
getmək üçün bu sərhəddən keçməlidir.
Dastanın quruluşunda Şah
İsmayılın istifadə etdiyi yollar paralel yollar deyil, bu
yollar bir-biri ilə kəsişmir. Yolların
belə seçilməsi əsas dastan yolunun müvəffəqiyyətlə
nəticələnməsi üçündür. Şah İsmayılın birinci yolu 7 qardaşın
yaşadığı yerə qədər olan məsafəni
göstərir. Bu yol uğurla başa
çatandan sonra qardaşların bacısı Rəmdar Pəri
ilə evlənmə aktı baş verir. İkinci
yolun məsafəsi Rəmdar Pərinin vətənindən
başlayıb Ərəb Zənginin qalaçasına qədər
olan yoldur. Üçüncü yol Ərəb
Zənginin qalaçasından Türkmana qədər olan məsafəni
əhatə edir. Dastanın bu yol
quruluşunda özünəməxsus poetik xüsusiyyətlər
var. Hər bir yolun başlanğıcında və sonunda qəhrəmanların
daxili aləmi açılır, onlar arasında yaranan məhəbbət
bədii çalarlarla yadda qalır.
Məhəbbət dastanlarında yar arxasınca gedilən
yollar bir olsada, onların semantik yozumu fərqlidir. Buta ilə
bağlı olan yollar birbaşa yoldur. Məsələn,
Abbas məhəbbəti yolunda düz Təbrizə gedir.
Ancaq “Şah İsmayıl” kimi dastanlarda məhəbbət
yolları hissələrə ayrılır və mürəkkəblik
xüsusiyyətinə malik olur. “Şah
İsmayıl” dastanında da bu mürəkkəblik gedilən
yolun geriyə dönüşü və qəhrəmanın
keçirdiyi müxtəlif əzablarla yadda qalır. Bu yollar həm də süjet quruluşunun hissələri
kimi funksiyalaşır. “Elmi fikrə
görə kosmoloji ənənədə canlı insanın
gedilən yolu geriyə dönməyi də nəzərdə
tutulur. Bu fikirlə məhəbbət
dastanları qəhrəmanının yoluna baxdıqda
görü¬rük ki, onunda yolu canlı bir insan yolu kimi iki tərəflidir”.
Bu yolun gedilməsi sınaq əhəmiyyətlidir,
qəhrəmanın bərkə-boşa salınması məqsədini
güdür. Dastanlarda sınaqlar üç mərhələdən
ibarət olur: birinci sınaq, ikinci sınaq,
üçüncü sınaq. Gedilən yolun məzmununa
uyğun olaraq, “Şah İsmayıl” dastanında qəhrəmanın
birinci sınaqdan keçməsi ilk səfərində baş
verir. Onun ikinci dəfə sınaqdan keçiril¬məsi
isə ikinci yolun başlanğıcında baş verir,
üçüncü sınaq isə üçüncü
yolun başa çatması ilə birbaşa
bağlıdır.
Əslində dastandakı bütün obrazların sakral
dünya ilə əlaqəsi var. Elə Şah İsmayıl
özü də bu adla çağırılana qədər
mifoloji səciyyə daşıyıb onun mövzu ilə
bağlı nağıl süjetlərindəki başına
gələn hadisələr – şahzadə qızın
arxasınca divlərin məkanına getməsi, divlərlə
vuruşması onun sakral dünya ilə bağlı
olmasını göstərir. Nağılda
dovşan yuvasının sakral dünyaya keçid kimi təsvir
olunması verilir. Təbii ki, dastan
süjetində hadisələr o dünyadakı kimi yox, bu
dünyanın hadisələri kimi təsvir olunur. Buna görə də qarı, Şah İsmayıl,
Gülzar və b. obrazlar öz mifoloji epoxalarından
ayrılıb dastan qəhrəmanları kimi təsvir
olunublar. Görüşdə Şah
İsmayılla Gülzarın deyişmə səhnəsi əslində
başqa bir dastanda olan aşiq-məşuqun
görüşü zamanı aralarındakı deyişmənin
təkrarıdır. Sadəcə olaraq biz
Şah İsmayılla Gülzarın deyişməsini yeni kimi
qəbul edirik.
Kəmalə İsmayılova
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2018.- 8 fevral.-
S.14.