“Kitabi-Dədə Qorqud” dastanında qəhrəman və cəmiyyət münasibətləri

 

2-ci yazı

 

Qəhrəman dövət başçısı kimi özünü iki obrazda göstərir: Bayındır xan və Salur Qazan. Əzizxan Tanrıverdi göstərir ki, Bayındır xanın adı Drezden nüsxəsində iki cür yazılıb: Bayandar, Bayındır. Semantik yükü daha çox “varlanmaq”, “varlandırmaq” kimi izah olunur. Atasının adı antroponimik modelində konkret olaraq verilir: “Qam Ğan oğlı xan Bayındır”. “Xan qızı Boyı uzun Burla xatun Qazanın gəldügin eşitdi” cümləsi, eyni zamanda Qazanın bədii təyinlərindən biri kimi işlənmiş “Bayındır xanıŋ göygüsü” ifadəsi qızı Burla xatun və kürəkəni Qazan barədə müəyyən təəssürat yaradır.

Dastanda Bayındır xan fəal obraz deyil. O, demək olar ki, hadisələrdə iştirak etmir. Ancaq bir çox boylar Bayındır xanın təşkil etdiyi məclisin təsviri ilə başlanır. Məsələn, dastanın birinci boyu bu cümlə ilə başlanır: Bir gün Qam Ğan oğlu Bayındır xan yerindәn durmuşdu. Şami günlüyünü yer üzündә qurdurmuşdu. Hündür alaçığı göy üzünә dirәnmişdi. Min yerdə ipәk xalça döşənmişdi...

Bundan başqa, dastanın 3, 7, 9-cu boyları da eyni şəkildə başlanır. Bu göstərir ki, Bayındır xan siyasi hakimiyyətin başçısıdır, Oğuz elinin başında durur və o, mərkəzi fiqurdur. Süjet fəallığı olmasa da, dastandakı bütün əsas obrazlarla əlaqələrə malikdir. Bunu onun qohumluq əlaqələri daha aydın göstərir. Ə.Tanrıverdi yazır: “Bayındır xanın qohumluq əlaqələri də həmin detallar və ümumən “Kitab”ın poetik strukturu kontekstində açılır ki, bu da, əsasən, aşağıdakıları əhatə edir: babası, nənəsi və anası haqqında heç bir detala təsadüf olunmur; arvadı – mətndə görünmür, amma Burla xatuna görə bərpa oluna bilər; atası – Qam Ğan; qızı – Burla xatun; qudası – Ulaş (Qazanın atası); kürəkəni – Qazan; nəvəsi – Uruz (Qazanın oğlu) ; nəvəsinin əri – Qarabudaq (Qazanın qardaşı oğlu, Qaragünənin oğlu) ; kürəkəninin qardaşı – Qaragünə (Qazanın qardaşı) ; kürəkəninin qardaşı oğlu – Qara budaq (Qaragünənin oğlu) ; kürəkənin dayısı – Aruz (Qazanın dayısı) ; kürəkənin dayısı oğlu – Basat; kürəkənin dayısı oğlu – Qıyan Səlcik; kürəkənin dayısı nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu); kürəkənin dayısının əmizadələri – Baybican və onun övladları: Dəli Qarçar; Banıçiçək... (Aruzun əmizadələri)”.

Salur Qazana gəlincə o, həm xanlar xanı, həm bəylərbəyi kimi təqdim olunur. O, dastanda Bayındır xandan sonra ikinci adamdır. Lakin elə məqamlar vardır ki, o, elə birbaşa Bayındır xanın əvəzedicisi kimi göstərilir. Bir çox boylar Bayındır xanla olduğu kmi, Salur Qazanla başlanır. Hətta elə olur ki, onlar eyni şəkildə təqdim olunurlar. 3-cü boyun başlanğıcı: “Qam Ğan oğlu Bayındır xan yerindәn durmuşdu. Qara yerin üstündə һündür evini tikdirmişdi. Uca alacığı göy üzünә dirәnmişdi. Min yerdә ipәk xalça döşәnmişdi. Dördüncü boyun başlanğıcı: “Bir gün Ulaş oğlu Qazan bəy yerindәn durmuşdu. Qara yer üzәrindә otaqlarını tikdirmişdi. Min yerdә ipәk xalça döşәtmişdi. Hündür alaçıq göy üzünә dirәnmişdi”.

Ə.Tanrıverdinin apardığı tədqiqat göstərir ki, Salur Qazan oğuz eli və cəmiyyətinə həm də sıx qohumluq telləri ilə bağlıdır. Müəllif yazır: “Beləliklə, Qazanın qohumluq əlaqələri ilə bağlı aşağıdakı nəticələri söyləmək olar: atası – Ulaş; anası – adı çəkilmir, amma ona birbaşa işarə olunur, Qazanın qarıcıq anası; arvadı – Burla xatun; qayınatası – Bayındır; qayınatasının atası – Qam Ğan (Bayındırın atası); oğlu – Uruz; qızı – ona işarə edilir (Qarabudağın arvadı)... qardaşı, həm də qudası – Qaragünə; qardaşı oğlu və kürəkəni – Qarabudaq; gəlini – Uruzun arvadı... dayısı – Aruz; dayısı oğlu – Basat; dayısı oğlu – Qıyan Səlcik; dayısı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı; dayısı nəvəsi – Dondar (Aruzun nəvəsi, Qıyan Səlcükün oğlu); anasının əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək; anasının əmizadəsinin qudası – Baybicanın qudası Baybörə; anasının əmizadəsinin əri – Banıçiçəyin əri Beyrək”.

Salur Qazanın Bayındır xandan bir əsas fərqi var: o, qılınc qəhrəmanı, alp igid, qazi ərəndir. Bütün bu ifadələrin hamısı onun bir döyüşkən qəhrəman tipi olduğunu göstərir. Ümumiyyətlə, oğuz cəmiyyətini Salur Qazan olmadan təsəvvür etmək mümkün deyil. Onun oğuz cəmiyyətindəki yeri, rolu, əlaqələri dastanın ikinci boyunda aşağıdakı epitetlərlə təqdim olunur:

Tüklü quşun balası,

Yazıqların ümidi,

Amit soyunun aslanı,

Qaracığın qaplanı,

Qonur atın yiyәsi,

Uruz xanın ağası,

Bayındır xanın kürəkәni,

Qalın oğuzun dayağı, igidlәrin arxası

Ulaş oğlu Salur Qazan.

 

Salur Qazan oğuzların sərkərdəsidir. Dastanda sərkərdə vəzifəsində ondan başqa heç kəs təqdim olunmur. Oğuzların “kafir” adlandırdıqları düşmənləri ilə apardıqları bütün müharibələrin başında Salur Qazan durur. Tarixdən məlumdur ki, Oğuzlar 24 boydan ibarət olmuşlar. Salur Qazanın dastanda “bəylərbəyi” kimi təqdim olunması onun bütün bəylərin başçısı, sərkərdəsi olduğunu, “xanlar xanı” kimi təqdim olunması isə Qazanın Bayındır xandan sonra Oğuz elinin həm də siyasi başçısı, yəni hökmdarı, xaqanı olduğunu göstərir.

Dastanda ata-oğul münasibətləri oğuz cəmiyyətini birləşdirən əsas bağlardan biridir. Məsələn, Salur Qazan və onun oğlu Uruz, Alp Aruz və onun oğlu Basat, Baybura və onun oğlu Bamsı Beyrək, Bəkil və onun oğlu İmran, Dirsə xan və onun Buğac və s. Maraqlı və həm də səciyyəvidir ki, bu ata-oğul münasibətləri həm də qəhrəmanlıq münasibətləridir. Atalar oğuz elinin adlı-sanlı xanları, bəyləri olduğu kimi, onların övladları da ataların yolu ilə gedib, atalarına və oğuz elinə layiq olduqlarını sübut edirlər.

Dastanda diqqəti cəlb edən əsas cəhətlərdən biri odur ki, ata-oğul münasibətləri qəhrəmanlıq silsiləsi kimi birtərəfli təqdim olunmur. Dastanda atanın qəhrəmanlığı uca tutulduğu kimi, oğulun da ataya və oğuz elinə sədaqəti eyni səviyyədə təqdim olunur. Dastanın ikinci boyunda düşmənə əsir düşən Uruzu xatırlamaq kifayətdir. Kafirlər Salur Qazanın namusunu ləkələmək üçün onun arvadı Burla xatunu məclisə gətirib, şərab paylatdırmaq və başqa namusa, əxlaqa sığmayan hərəkətlər etmək istəyirlər. Lakin onlar 40 qızın içərisində Burla xatunu tanıya bilmirlər. Şöklü Məlik əmr edir ki, Uruzun ətindən kabab çəkib qızlara yedirtsinlər. Hər kim yeməsə, Burla xatun odur. Çünki bir ana öz oğlunun ətindən yeməz. Burla xatin tərəddüd edir: bir tərəfdə ərinin namusu, o biri tərəfdə oğlunun canı. Oğluna deyir: “Kafirlәr fikirlәrini dәyişiblәr; deyiblәr ki, Qazan oğlu Uruzu һəbsdәn çıxarıb, ərkәnlә boğazından asın. İki kürәyindәn çәngәlә sancın, qıymaqıyma әtindәn çәkin. Qara qovurma edib, qırx bәy qızına aparın. Hәr kim yedi, o deyil, һәr kim yemәdi, o Qazanın xatunudur; çәkin-gәtirin, döşәyimizә salaq, şәrab paylatdıraq! «Sənin әtindәn, ay oğul, yeyimmi? Yoxsa iyrәnc dinli kafirin döşәyinə girimmi? Ağan Qazanın namusunu tapdayımmı? Neylәyim, ay oğul? — dedi.

Lakin Uruz öz ölümünə razı olur ki, atasının namusu ləkələnməsin: Uruz dedi: «Ağzın qurusun, ana! Dilin çürüsün, ana! «Ana һaqqı — tanrı һaqqı» deyilmәsәydi, qalxıb yerimdən durardım, yaxandan-boğazından tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çırpardım. Ağzından-üzundәn qan şoruldayardı. Can şirinliyini sәnә göstәrәrdim. Bu nә sözdür? Saqın, xanım ana! Mәnim üzәrimә gәlməyәsən! Mәnim üçün ağlamayasan! Qoy mәni, xanım ana, çәnkәlә sancsınlar! Qoy әtimdәn çәksinlәr, qara qovurma edib, qırx bәy qızının önünә aparsınlar. Onlar bir yeyәndә, sәn iki dәfә ye! Kafirlәr duymasınlar, sәni tanımasınlar. Tәki murdar dinli kafirin döşәyinә düşmәyәsәn. Onlara şәrab paylayıb, atam Qazanın namusunu sındırmayasan. Saqın.

Dastanda oğuz qəhrəmanları həm də namuslu ər, ləyaqətli ailə başçıları kimi təqdim olunurlar. Bu əsərdə, əsasən, Salur Qazan və onun arvadı Burla xatun, Bəkil və onun xanımı kimi xətlərdə özünü göstərir. Lakin dastanda sağlam ailə təməlinin necə qurulması da təsvir olunur. Bu, Beyrəklə Banuçiçək arasındakı münasibətlərdə təzahür edir. Beyrək on altı il həbsdə yatır, lakin öz nişanlısına xəyanət etmir. Banuçiçək də 16 il gözüyaşlı öz sevgilisinin yolunu gözləyir.

Bu xətt də özünü bir çox münasibətlərdə təzahür etdirir. Bunu biz bacı-qardaş münasibətlərində - Beyrəklə onun bacıları arasında görürük. Dastanın onuncu boyunun mövzusunu isə birbaşa qardaş münasibətləri təşkil edir. “Uşun qoca oğlu Səyrək” boyunda göstərilir ki, Səyrəyin böyük qardaşı Əyrək kafirlərə əsir düşür. O, uzun illər ərzində əsirlikdə qalır. Bu müddətdə Səyrək böyüyüb cəsur bir igidə çevrilir. Qardaşıın əsirlikdə olduğunu öyrənən Səyrək əsil oğuz qəhrəmanı kimi ölümün gözünün içinə dik baxır, heç nədən qorxmadan qardaşının dalınca gedir və bir çox qəhrəmanlıqlardan sonra iki qardaş kafirləri məhv edərək, sağ-salamat oğuz elinə dönürlər.

Ümumiyyətlə, dostluq, yoldaşlıq, dosta-yoldaşa sədaqət oğuz igidlərini fərqləndirən ən ümdə keyfiyyətdir. Dastanda bütün oğuz igidləri sədaqətli, çörək itirməyən qəhrəmanlar kimi təqdim olunurlar. Lakin dastanda bəzən bu sədaqət, dostluq sınağa çəkilir. Məsələn, dastanın sonuncu boyunda Daş Oğuzun başçısı, Alp Aruz Salur Qazandan narazı qalır və ona asi olur. O, Beyrəyə onların tərəfinə keçməyi təklif edir. Lakin Beyrək sədaqətli dost kimi öz ölümünə razı olur, ancaq Qazana xəyanət etmir. O, Aruza belə deyir:

 

Mən Qazanın nemәtini çox yemişəm, bilmәzsәm, gözumü tutsun!

Qaracıqda Qazlıq atına çox minmişәm, bilmәzsәm, tabutum olsun!

Yaxşı qaftanlarını çox geymişәm, bilmәzsәm, kәfәnim olsun!

Böyük, geniş oqağına çox girmişəm, bilmәzsәm, zindanım olsun!

Mәn Qazana dönük çıxmaram, qәti bilin!

 

Oğuz elinin adlı-sanlı qəhrəmanlarından olan Beyrəyin bu sözləri oğuz qəhrəmanlarının mənəvyyatının parlaq ifadəsidir. Oğuz qəhrəmanlarının səciyyəvi keyfiyyətlərindən biri onların elə, obaya, vətənə sədaqətli oğullar olmasıdır. Bu keyfiyyət dastanın bütün boylarında əks olunmuşdur. Dastanın hər bir qəhrəmanı öz el-obasını sevir, ölüm təhlükəsi qarşısında belə el-obaya, yurda, torpağa, vətənə xəyanət etmirlər. “Kitabi-Dədə Qorqud” dastanının hər bir boyu, hər bir epizodu bu müqəddəs amala xidmət edir.

 

Aynur Fərəcova

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2018.-3 mart.- S.14.