Xocalı qətliamı ABŞ və Venesuela mediasında

 

25-26 fevral Azərbaycanda yaşayan insanlar, həmçinin dünya azərbaycanlıları üçün ağır gündür. Həmin gün müasir tarixin ən dəhşətli müharibələrindən biri zamanı ən qəddar hadisələrdən biri – Xocalı qətliamı baş verib. Biz bu qətliamı yaxşı xatırlayırıq. Bu gün biz 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində baş verənləri yada salırıq.

Ermənistan 1990-cı illərdə güclü müttəfiqlərinin də dəstəyilə Azərbaycanın suveren ərazisinin 20%-ni işğal edib. BMT Təhlükəsizlik Şurası zəbt olunmuş torpaqların yerli azərbaycanlı əhalisinin (800 min insan) etnik təmizlənməsilə müşayiət olunan bu qanunsuz hərbi işğal faktını pisləyib. Lakin təəssüf ki, Azərbaycan əraziləri indiyədək işğal altındadır və beynəlxalq birlik Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməsi üçün heç bir ciddi addım atmır.

1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində işğaldan daha dəhşətli hadisələr baş verib. Həmin gün şəhərdə dəhşətli qətliam törədilib. Erməni hərbi birləşmələrindən qaçan yüzlərlə günahsız, silahsız azərbaycanlı qətlə yetirilib. Üstəlik onlar – kişilər, qadınlar və uşaqlar – xüsusi amansızlıqla öldürülüb.

JEWISH JOURNAL-da (ABŞ) yəhudi Milix Yevdayev yazır ki, Azərbaycan yəhudisi kimi, müasir dövrdə baş vermiş bu qeyri-insani hadisəyə müasir ölkəmdə həssaslıqla yanaşıram. Xocalı qətliamı “bir daha heç vaxt!” şüarının səsləndirildiyi dövrdə, Holokost faciəsindən uzun müddət sonra baş verib. İnsanlığın bu cür vəhşiklik edə biləcəyinə inanmaq çox çətindir. Lakin görürük ki, dünyanın müxtəlif ölkələrində zorakılıq halları və qəddarlıqlar bu gün də baş verir. Biz dünyanı daha yaxşı dünyaya çevirməyə söz vermişik və buna çalışırıq. Lakin buna mane olanlar da var.

Bir neçə il əvvəl BMT Baş Assambleyasının Holokost qurbanlarının xatirə gününə həsr olunmuş iclasında çıxış edən İsrail prezidenti Reuven Rivlin dünya ictimaiyyətinə bu suallarla müraciət etmişdi: “Soyqırıma qarşı mübarizəmiz, elə bu Assambleyanın mübarizəsi nə qədər səmərəlidir? Bu mübarizə Bosniyada kifayət qədər səmərə verdimi? Xocalıda azərbaycanlıların qətlə yetirilməsinin, Əfqanıstan vətəndaşlarının taliblər tərəfindən öldürülməsinin qarşısının alınmasında işə yaradımı? Bu gün Suriyada nə qədər səmərəlidir? Bəs Nigeriyada “Boko Haram”ın vəhşilikləri qarşısında? Biz daha çox göz yaşı tökürük. Bu vəhşiliklərin qarşısını almaq üçün isə az iş görürük”. O, başa düşür ki, Xocalı qətliamı kimi faciələr heç vaxt baş verməməlidir. Bu cür hadisələr insan əxlaqına, insanlığın əsas prinsiplərinə ziddir.

İsrail prezidentinin Xocalıda və bütün Azərbaycanda insanların kütləvi şəkildə qətlə yetirilməsini xatırlatması mənim üçün təəccüblü deyil. Azərbaycanla İsrail arasında möhkəm və dərin əlaqələr, azərbaycanlılarla yəhudilər arasında sıx münasibətlər var. Bunu 2 min illik tarixi olan Azərbaycan dağ yəhudilərinin lideri kimi, öz təcrübəmə əsaslanaraq deyirəm. Bu əlaqələrin tarixi kökü var. Bu ölkədə yəhudi həyat tərzi və iudaizm uzun müddət ərzində qorunub. Azərbaycan Holokost faciəsi zamanı yəhudilər üçün cənnət idi və bu ölkə nasistlərə qarşı mübarizə aparıb. Holokostdan əsrlər öncə Avropada və digər regionlarda antisemitizm halları baş verərkən Azərbaycan yəhudilər üçün təhlükəsiz sığınacaq olub.

1992-ci ildə erməni işğalçıları Azərbaycan ərazisini işğal edən zaman çox sayda azərbaycanlı yəhudi könüllü olaraq onlara qarşı döyüşüb. Bizim millətin qəhrəmanı olan Albert Aqarunov xüsusilə seçilir. O, qeyri-adi, möhtəşəm hekayəsinə və böyük qəhrəmanlığına görə dünyada daha çox tanınmağa başlayıb. Dağ yəhudisi olan Albert sərrast atıcı olub. O, döyüşlərdə böyük uğurla erməniləri məğlub edib və uzun müddət ərzində onlardan yayınmağı bacarıb. Albert o dərəcədə sərrast atıcı olub ki, ermənilər azərbaycanlı hərbçilər arasında ən çox pulu onun başına qoyublar. Aqarunov mövqeyini dəyişərkən öz tankının önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb və tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikə göstəriş verib. Təəssüf ki, bu zaman onu öldürüblər. O, bu addımı hörmət və xeyirxahlıq əlaməti olaraq atmışdı. Onun bu hərəkəti öz layiqli qiymətini alıb. Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, ölkənin paytaxtı olan Bakı şəhərində – Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan xalqı onu daima xatırlayır.

Bəli, ilin bu günü çox ağır gündür. Bu dəhşətli faciəni həm azərbaycanlılar, həm də yəhudilər xatırlayır. Xoşbəxtlikdən, bu faciədən sağ çıxmış insanlar da var. Onlar bu gün insanlara şahidi olduqları hadisələri danışır. Bu, yaraların sağalması baxımından böyük əhəmiyyətə malikdir.

Xalqımız üzləşdiyi qəddar, qeyri-tolerant davranışlara baxmayaraq, sülh və tolerantlıq şəraitində yaşaya bilir. Azərbaycan bu gün İsrail kimi böyük dövlətlərlə sıx əməkdaşlıq edir. ABŞ, İsrail və digər dövlətlər də Ermənistanı məsuliyyəti öz üzərinə götürməyə, işğal altında olan Qarabağdan çıxmağa məcbur etməlidir. Ermənistan Azərbaycan ərazilərini böyük qəddarlıqla işğal edib və buranı tərk etmək istəmir.

Ümid edirəm ki, yaxın gələcəkdə Xocalının və bütün regionun tarixində yeni səhifə açılacaq: işğalçı olmayacaq, uzun müddət sonra olsa belə, minlərlə məcburi köçkün doğma evlərinə qayıdacaq.

Pablo Yofre Lilin müəllifliyi ilə TeleSUR-da, (Venesuela) Xocalı soyqırımı ilə bağlı yazı dərc edilib.

Müəllif yazılr ki, Xocalıda yaşananlar XX əsrin sonlarında baş vermiş ən qaranlıq təcavüz aktlarından biri olaraq, Azərbaycan xalqının yaddaşına əbədi yazılıb. Amma bu hadisə həm də ərazi bütövlüyü prinsipinə, beynəlxalq hüquqa və münaqişələrin sülh yolu ilə həllinə, hərbi təcavüz vasitəsilə digər ölkələrin ərazisinə müdaxilə edənlərin beynəlxalq hüquq normaları ilə cəza alacağına inanan hər kəs üçün vacib olmalıdır.

Bu təcavüzkar müharibənin iştirakçılarının müvafiq bəyanat və etiraflarını da oxumaq maraqlı olardı. Məsələn, Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan britaniyalı jurnalist Tomas de Vaala 2000-ci ilin 15 dekabr tarixində verdiyi müsahibəsində etiraf edir ki, onun ölkəsi Azərbaycana qarşı müharibəni hərbi strategiya formasında planlaşdıraraq həyata keçirib. Azərbaycan ərazilərini işğal etmək köhnə plan imiş və onun ölkəsi müharibənin qaynar vaxtında “BMT Təhlükəsizlik Şurasının atəşkəs haqqında çağırışlarını bilərəkdən və açıq şəkildə qulaqardına vurub”.

Sonda Sarkisyanın ölkəsinin hərbi əməliyyatları dayandırmaqdan imtinası qanlı cinayətlərə, o cümlədən Xocalı hadisəsinə səbəb olub. Bu amil bizə Ermənistan hökumətinin hərəkətlərindəki məntiqi anlamağ kömək edir: “Biz bu müharibəyə bir dəfə başlamışıq. Lakin düşünmürəm ki, biz bunu bir daha edə bilərdik. Bu, sadəcə mümkün olmazdı. Bu, bir daha 50 və ya 100 il sonra mümkün olardı. Siz əsgərə bir dəfə desəniz ki, “geri çəkil”, o, bir daha döyüşməyə getməz. Heç bir ciddi qarantiya yox idi. Onlar deyirdi ki, əvvəlcə ərazini qaytarın, sonra vəziyyətə baxarıq. Amma vəziyyəti niyə onlar qiymətləndirməli idi ki? Niyə? Bunun mənası yox idi”.

İşğala məruz qalmış tərəfin bəyanatları isə adətən hüquqi müstəvidə olur.

Xocalıdakı qanlı qətliam qurbanlarının, onların doğmalarının və hələ də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın əhalisinin ədalət axtarışları 26 ildir ki, davam edir. Halbuki, BMT Təhlükəsilik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir, ərazilərin işğalı üçün güc tətbiqinin yolverilməzliyini təsdiq edir. Ermənistan bu qətnamələrə əməl etmir. Onu da qeyd etmək vacibdir ki, BMT Təhlükəsilik Şurasın və Baş Assambleyası Dağlıq Qarabağı “Azərbaycanın işğal aıtında olan əraziləri” kimi tanıyır.

Bu ərazilərin işğalı faktı həm də 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilib. Bu təşkilat 2010-cu ildə Xocalı hadisəsini soyqırım kimi tanıyan qətnamə də qəbul edib.

Beləliklə, adıçəkilən təşkilatların, o cümlədən BMT-nin qərarları Azərbaycanın Xocalıda baş verənlərlə bağlı ədalət tələb etməkdə, Dağlıq Qarabağın geri qaytarılmasını istəməkdə haqlı olduğunu deməyə əsas verir. Üstəlik, İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin bu mövqeyini ATƏT, AŞPA, NATO, Qoşulmama Hərəkatı ölkələri də bölüşür.

Argentinanın La-Plata Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Paulo Bottonun BMT-nin Ermənsitan-Azərbaycan münaqişəsinin inkişafına dair sənədləri üzərində işi kifayət qədər maraqlıdır. Bu səsndələr beynəlxalq hüquq sahəsində fundamental elemntlər və konseptual yanaşma kimi qəbul edilə bilər. Onların içərisində Ermənsitanın Azərbaycan Respublikasına qarşı təcavüzünün hüquqi nəticələri haqda yazılanlar maraqlıdır. Söhbət BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə prinsipindən gedir. Münaqişənin ayrı-ayrı epizodlarını, məsələn Xocalıda baş verənləri nəzərdən keçirərkən, burada da tərəflərin hüquqi məsuliyyətini qabartmaq mükündür. Bottonun elmi işi bizi dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququnun əsas müddəaları ilə tanış edi, müqəddəratı təyinetmə hüququnun Erməsnitan tərəfinin Dağlıq Qarabağ haqqında bəyanatlarında nə dərəcədə sui-istifadə edildiyini göstərir.

Münaqişənin təhlili, Xocalı hadisəsi kimi cinayət faktlarını da nəzərdən keçirərkən, məsələyə “Azərbaycan ərazilərini işğal etmiş, münaqişə tərəfi olan Erməsnitanın beynəlxalq hüquqdan doğan öhdəlikləri” kontekstində yanaşmaq lazımdır. Buraya Cenevrə və Haaqa beynəlxalq razılaşmaları da aiddir.

Ermənsitanın Azərbaycana qarşı təcavüzü ilə bağlı beynəlxalq sənədləri tədqiq edərkən, paralel olaraq istənilən başqa beynəlxalq münaqişəyə, dövlətlərarası müharibələrə, təcavüzlərə diqqət yetirmək lazım gəlir. Bütün bu hallarda insan haqlarının hər şeyin fövqündə durduğu görünür. Odur ki, ərazisində hərbi əməliyyatların aparıldığı ölkə olan Azərbaycan da 1992-ci il fevralın 26-da baş vermiş Xocalı qətliamında pozulmuş insan haqları ilə bağlı ədalət tələb edir.

Bu soyqırım 613 nəfərin ölümü, eyni zamanda qanunsuz işğalla nəticələnib. İnsanlar bu münaqişə ucabtından öz evlərini tərk etməli olub və hələ də qaçqın, məcburi köçkün həyatı yaşamaq məcburiyyətindədirlər. Münaqişə nəticəsində yüzlərlə, minlərlə şəxsi əmlakına dəymiş ziyan ödənilməyib. Bunların hamısı beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.

Cenevrə Konvensiyasının 49-cu maddəsinin 6-cı bəndi tələb edir ki, “işğalçı dövlət işğal etdiyi ərazilərdən əhalini qova, oraya özünün mülki əhalisini köçürə bilməz!”. Bu, çox ciddi məsələdir və hətta hərbi cinayət hesab edilir. Ermənsitansa Azərbaycan ərazisinin 20%-ni – Dağlıq Qarabağı və əlavə olaraq ona bitişik 7 rayonu işğal edib. Bu zaman çox sayda azərbaycanlı evindən didərgin düşüb və onlar bu gün də öz evlərinə dönə bilmir. Beynəlxalq hüquqda buna diskriminasiya nəticəsində əhalinin yerdəyişməsi deyilir. Məhz bunun nəticəsində Dağlıq Qarabağ süni şəkildə azərbaycanlı əhalidən məhrum edilib. Bundan sui-istifadə edən Ermənistan Dağlıq Qarabağ əhalisinin ermənilərdən ibarət olduğuna dair “arqument” irəli sürür. Bununla da onlar beynəlxaql hüquqa və ərazinin tarixinə zidd olaraq, ərazi iddialarını davam etdirirlər.

Botta bildirir ki, Ermənistanla Azərbaycan arasında status-kvo uzun müddətdir beynəlxalq hüququn bir sıra subyektlərinin iradəsizliyi üzündən qorunub saxlanır və bu, yolverilməzdir. Beynəlxalq hüquq normalarına hörmət tələb edir ki, Erməsnitan işğal etdiyi əraziləri geri qaytarsın, Xocalıda baş vermiş cinayət öz ədalətli qiymətini alsın. Nə qədər ki, bunlar baş verməyib, Xocalı dünyanın vicdanında açıq yara olaraq qalacaq!

 

Cavid

 

Xalq Cəbhəsi.- 2018.-3 mart.- S.9.