Bakı teatr konfransı böyük əhəmiyyət daşıyır

 

 

V Bakı Beynəlxalq Teatr Konfransında müasir teatrın aktual problemləri müzakirə ediləcək. Yüksək səviyyədə təşkil edilən bu konfrans dünyanın müxtəlif ölkələrindən teatr mütəxəssislərinin təcrübə mübadiləsi aparması baxımından böyük əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən V Beynəlxalq Teatr Konfransının iştirakçısı, Tehran Dramatik Mərkəzinin şöbə müdiri Atabak Nadiri deyib.

Artıq ikinci dəfədir konfransda iştirak etdiyini söyləyən qonaq bildirib ki, bu nüfuzlu tədbir teatr xadimləri ilə ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq, teatr sahəsində mövcud olan problemləri müzakirə etmək və gələcəkdə birgə işlər, layihələr həyat keçirmək baxımdan hər bir iştirakçıya gözəl imkanlar yaradır.

İran İslam Respublikası ilə Azərbaycan arasında mədəni əlaqələrin geniş olduğunu vurğulayan Atabak Nadiri qeyd edib ki, hər iki ölkədə qarşılıqlı mədəniyyət günləri çərçivəsində teatr tamaşaları göstərilir və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Qonaq, həmçinin Bakıda artıq bir neçə dəfə olduğunu, şəhərin və insanların ona xoş təsir bağışladığını söyləyib.

 

Xalq Cəbhəsi.- 2018.- 6 noyabr.- S.16.