Azərbaycan mədəniyyəti Balkan regionunda geniş təbliğ olunur

 

 

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin nümayəndə heyəti və Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin konsulu Orxan Əliyev Monteneqronun Plav şəhərinə səfər edib. Səfər çərçivəsində ``Hüseyn Başiç`` Mədəniyyət Mərkəzində Azərbaycana həsr olunmuş geniş mədəniyyət proqramı təşkil olunub.

Keçmiş Yuqoslaviyanın əfsanəvi şahmatçısı, qrossmeyster Bojidar İvanoviç Azərbaycanın güclü şahmat məktəbi və ənənələri haqqında geniş məlumat verib, divardan asılan şahmat taxtasında Teymur Rəcəbovla Vişvanatan Anand (2006), Vüqar Haşımovla Boris Gelfand (2009) və Şəhriyar Məmmədyarovla Hikaru Nakamura (2013) arasında oyunlar xatırladıb.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin üzvü Bojidar Proroçiç görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib. SonraHayro Şahmanoviçorta məktəbinin şagirdləri Monteneqro dilində B.Vahabzadənin “Anamın ölümünə” şerini, həmçinin Abdulla Şaiqin, Səməd Vurğunun, Məmməd Arazın, Fikrət Qocanın və Nəbi Xəzrinin şerlərini söyləyiblər.

Tanınmış şair və ədəbiyyatşünas Sreten Vuyoviç görkəmli şair Aleksandr İvanoviçin şerlərini oxuyub.

Tədbirdə “Hüseyn Başiç” Mədəniyyət mərkəzinin direktoru Vlado Knejeviç və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə çıxış edərək, Azərbaycan və Monteneqro mədəniyyətlərinin yaxınlaşmasına xidmət edən zəngin proqrama görə təşəkkür ediblər və gələcəkdə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini söyləyiblər.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə şahmatın təşviq edilməsi məqsədilə Plav şəhərinin mədəniyyət mərkəzinə divardan asılan maqnit şahmat taxtası və Azərbaycanla bağlı kitablar hədiyyə edib.

Tədbirdə Plav Bələdiyyəsinin sədri Mirsad Barjaktareviçdə iştirak edib.

Sonda tanınmış kitabxanaçı və müəllim Aliya Recematoviç qonaqları “Plav otağı” ilə tanış edərək, şəhər əhalisinin mədəni irsi və ənənələri haqqında geniş məlumat verib.

 

Xalq Cəbhəsi.- 2019.- 30 aprel.- S.16.