Ağdaşda yeni kitabların təqdimatı keçirilib

Ağdaş rayon Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev adına parkında mərkəzi kitabxananın fonduna daxil olan yeni kitabların təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Seyfəddin Feyzullayev açaraq oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə son günlərdə fonda daxil olmuş 400 nüsxədən çox kitab haqqında məlumat verib.

Bildirilib ki, sərgidə 467 nüsxə,139 adda latın qrafikalı və rus dilində kitablar nümayiş olunur. Bunların 184 nüsxəsi müxtəlif elm sahələrini əhatə edən ədəbiyyat, 281 nüsxə bədii ədəbiyyata aiddir.

Parkda eyni zamanda azyaşlı uşaqların asudə vaxtlarından səmərəli istifadəsini təmin etmək məqsədilə Nağıl dünyamız adlı sərgi də təşkil olunub. Sərgidə Göy qurşağı, Sehrli dünya jurnalları nümayiş etdirilib. Balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük veriblər. Həmçinin Kitab oxu, kitabla dost ol, Mən oxudum, sən də oxu, Kitab oxumaq insanı kamilləşdirir adlı maraqlı rubrikalar oxucuların diqqətini cəlb edib

 

 

Xalq cəbhəsi.- 2019.- 1-2 avqust. S. 8.