“Azərbaycan” qəzetinin səhifələrində...
Anadan mehriban dayələrə,
yaxud tehranlı cənablara
2-ci yazı
Azərbaycanın qəhrəman və əsrlər boyu
həyati mübarizələrdə fədakarcasına canfəşanlıq
edən namuslu millətinin indiki demokratik üsulla öz
muxtariyyatı uğrunda mübarizəyə qalxması
İranın çürümüş və köhnə
irticaçı hökumətinin əsaslarını lərzəyə
salıb və illər boyu Azərbaycan millətini amansız
təzyiq alında saxlamaqla var-yoxunu əlindən alıb
öz çirkin həyatlarını sürən cənabları
qorxulu bir təşvişə salıbdır. Odur ki, Tehrandakıların
gücünə arxalanan, daha doğrusu, beynəlxalq istismar dəllallarının
lirələri ilə nəşr olunan qəzetələr
gündə bir gülünc mövzunu, yəni bəzən
dil və bəzən də milliyyət məsələsini
qabağa sürməklə bərabər istəyirlər, Azərbaycan
millətinin öz muxtariyyatı uğrunda etdiyi milli qiyamı
başqa bir yerə yönləndirməklə ləkələyib
və ona ayrı bir rəng versinlər.
Tehranlı cənablar bunu mütləq bilməlidirlər
ki, azərbaycanlıların ana dilləri özləri
üçün çox şirin və sevməlidir. Nə qədər
farsların Sədi və ya Hafizin qəzəllərindən
xoşları gəlirsə, on o qədər azərbaycanlılar
da mədəniyyət aləminin parlaq günəşləri
olan öz doğma və sevimli şair və ədiblərindən
məsud olurlar.
Dünyanın ən qabaqcıl millətlərindən
olan Azərbaycan milləti əsrlər boyu davam etmiş
öz zəngin tarixi ilə fəxr edir. Nəhayət öz milli
muxtariyyatı uğrunda etdiyi bu müqəddəs qiyam
yalnız beş milyonluq qəhrəman bir
millətin ürək qüvvəsindən
asılıdır. Odur ki, bir qəhrəman kimi
son damla qanı qalana qədər bu milli mübarizədə mətanət
göstərib bir addım da olsa geriyə
qayıtmayacaqdır.
Eşq
olsun Azərbaycan xalqına!
Yaşasın
Azərbaycan millətinin milli muxtariyyatı!
Məhəmmədəli
Muciri
"Azərbaycan"
qəzeti, ADF orqanı, Təbriz, say112, 29.01.1946
***
Azərbaycan
Demokrat Firqəsinin 27 yanvar 1946-cı il
tarixindəki ümumi iclasında Azərbaycan Demokrat Firqəsi
Mərkəzi Komitəsinin sədr müavini cənab Badeqanın
firqə təşkilatı haqqında söylədiyi nitqindən:
- “Yoldaşlar, firqə konqresindən sonra Mərkəzi
Komitənin birinci ümumi iclası Böyük Xalq Konqresinin
çağırılmasını və Azərbaycan
xalqının taleyinin həll olunmasını qərara
aldı və bu işin icrasını Mərkəzi Komitənin
prezidiumuna tapşırdı. İndi Mərkəzi
Komitənin ikinci ümumi iclası Milli Məclisə və
dövlətə malik olduğu bir şəraitdə təşkil
olunur. Ümumiyyətlə, firqəmizin bu
və digər müvəffəqiyyətləri dünya
tarixində bənzərsiz və habelə diqqətəlayiqdir.
Şəhrivər ayında (3 sentyabr 1945-ci il
tarixi nəzərdə tutulur – red.) təşkil olunmuş bir
firqə dey ayında (1946-cı ilin yanvar ayının sonu nəzərdə
tutulur – red.), yəni 5 ay müddətində öz təşkilati
mərhələlərini keçməklə bərabər
Böyük Xalq Konqresi çağırıb, Məclisi
(Parlamenti – red.) seçib, dövləti təşkil edib və
bir sıra böyük islahatlara başlayıb ki,
ağıla sığmayandır. Bu müvəffəqiyyətlərin
yalnız bir səbəbi var. O da firqəmizin düzgün
proqnozudur. Firqəmiz hədəfi çox
doğru təyin etdi. O, Azərbaycanda olan 40 illik
azadlıq hərəkatının buraxdıqları səhvləri
gözəlcəsinə duydu və ondan pərhiz etdi və əsil
hədəfə tərəf getdi. Bu hədəf
“azərbaycanlı üçün hər şeydən əvvəl
Azərbaycan” şüarı idi.
Bu hədəf
Azərbaycan millətinin öz taleyinə malik olması və
öz müqəddəratını həll etməsi hədəfi
idi ki, indiyə qədər Azərbaycan azadlıqsevərləri
bu məsələyə çox az diqqət
etmişlər. Bizim bu böyük müvəffəqiyyətimiz
və gördüyümüz işlər
qabağımızda duran vəzifələr və görəcəyimiz
işlər müqabilində sıfır dərəcəsindədir.
Çünki qarşımızda bir böyük xalq kütləsini
indiki dünyaya uyğun tərbiyə etmək və illər
boyu fars mürtəcelərinin xain siyasətləri
nəticəsində xarabazara dönmüş Azərbaycanı
abad etmək və onun sənayesi və kənd təsərrüfatını
müasir hala salmaq kimi böyük vəzifələrimiz
vardır. Bu vəzifələrin yerinə
yetirilməsi doğru və düzgün bir firqə rəhbərliyi
istəyir. Ona görə firqəmizi
möhkəmləndirməli və
sağlamlaşdırmalı, onun nöqsanlarını
tapmalı və islah etməliyik. Yoldaşlar,
bu iclas bizim Mərkəzi Komitə və Mərkəzi Təftiş
Komissiyasının Təbriz şəhər komitəsi, vilayət
və mahal komitələri nümayəndələrinin
iştirakı ilə təşkil olunmuş bir iclasdır.
Demək, bu bizim firqə konqresindən sonra ən ali orqanımızdır. Biz burda
hər şeyi açıq danışmalı və
bütün nöqsanlarımızı islah etməliyik.
Firqə indiyə qədər qüvvəsinin
böyük hissəsini keçmiş mürtəce dövlətlə
mübarizə etməyə, jandarm və bəzi mürtəce
xan və maliklərin kəndlərdə yaratdıqları
faciələrin qabağını almağa və kəndlilərin
şikayətlərinə yetişməyə və habelə
böyük siyasi mövzulara həsr edib. Ona görə
də təşkilati məsələlərə lazım olan
qədər diqqət edə bilməyib və milli dövlətimiz
yarandıqdan sonra firqəmiz artıq təşkilati məsələlərə
diqqət etməyə başlayıb. Amma
təəssüflə deməliyəm ki, bəzi ətraf təşkilatlar
öz üzərlərində məsuliyyət hiss etmirlər.
Bəzi ətraf təşkilatların mərkəz
ilə əlaqəsi zəifdir. Göstərdiyimiz
bəzi ətraf təşkilatlar öz vəzifələrini
ya başa düşmür, ya onu yerinə yetirməkdə səhlənkarlıq
edir. Mərkəzdən verilən
tapşırıqların həyata keçməsinə əhəmiyyət
verilmir.
Ümumiyyətlə, təşkilatımız bu xəstəliyə
tutulmuşdur.
Bu yaramaz vəziyyətlə mübarizə etmək
lazımdır. Xəstəliklərdən
birisi də təşkilatın yersiz və qeyri-müntəzəm
səciyyəsidir. Bu gün firqəmiz
hökuməti ələ aldığı üçün
firqəyə yarayan və yaramayan ünsürlər cürbəcür
məqsədlər ilə hamısı firqəyə girməyə
çalışır. Bütün firqə
təşkilatları, xüsusən Təbriz şəhəri
və Miyana təşkilatları bu vəziyyətlə
üzləşmişlər. Təbriz təşkilatı
dərhal belə bir vəziyyətin qabağını
alıb və təşkilatı müntəzəm bir hala
saldı. Miyanada mərkəzi təşkilat komissiyası
göstəriş verdi ki, qəbul olunan
üzvlərin haqqında bir komissiya vasitəsi ilə
araşdırma aparılsın, onların üzvlük məsələlərinə
yenidən baxılsın. Çox üzvə
malik olub vüsətli, amma qeyri-müntəzəm bir təşkilat
heç bir fayda verə bilməz. Təşkilatın
əhəmiyyəti onun sağlam və möhkəm
olmasındadır. Yoldaşlar yerlərinə
qayıtdıqda bu məsələyə çox diqqət etməlidirlər.
Təşkilatda pozğunluq və məsuliyyətsizliklə
mübarizə etmək lazımdır. Bizim
təşkilatımızda pozğunluq və məsuliyyətsizlik
az-çox vardır ki, bu kimi plenum iclasları gərək onu
aradan qaldırsın.
Urmiya təşkilatı zəif bir haldadır. Mən Mərkəzi
Komitədən xahiş edirəm, oranın komitəsinə
bir yenidən baxsın. Bu komitə gələcək təşkilatı
idarə edib Məclis hökumətinə rəhbərlik etmək
qüdrətinə malik ola bilməyəcəkdir.
Artıq mühafizəkarlıq vaxtı
keçmişdir, biz hər şeyi açıq deməliyik.
Xoydan aldığım məlumata görə
neçə nəfər “işbaz” firqə adı ilə
xalqı qorxudur və hər biri özü üçün
bir bəydir.
Mərənd təşkilatının iddiası
böyükdür. O Ələmdar, Gərgər, Culfa təşkilatlarının
ona tabe olmasını öz haqqı bilir, amma onların komitələrinin
sayını, bəlkə başçılarını da
artıq tanımır. Halbuki təşkilat
quruluşuna görə hər bir yerli komitə öz
bölük komitələrinə tam rəhbərlik etməlidir
və bölük komitələri öz yuxarı komitələrindən
şikayətləri istisna olmaqla Mərkəzi Komitə ilə
heç bir müstəqim əlaqəsi olmamalıdır.
Bəzi yerlərdə təşkilat prinsiplərinə
riayət edilmir. Ərdəbil təşkilatı
indiyə qədər öz təşkilatı barədə məlumat
verməmişdir. Onların təşkilat
başçıları öz təşkilatlarını mərkəzi
rəhbərlikdən ayrı və ehtiyacsız bilirlər.
Halbuki bu artıq yanlış və səhvdir.
Marağa komitəsinə kökündən bir təkan
vermək lazımdır. İndi Mərkəzi Komitənin bir nəfər
qüvvəli təbliğatçısı orada komitənin
islahı üçün məşğuldur. Arazbaran təşkilatının vəziyyəti
Marağadan o qədər fərqli deyildir. Zəncan təşkilatını hər yerdən
artıq gücləndirmək lazımdır. Zəncanda məşhur Azərbaycan xalqının
düşməni olan Zülfüqarilərin quyruqları
vardır. Mümkündür, onlardan bəzisi
cürbəcür vasitələr ilə təşkilata yol tapa
bilsinlər. Zəncan komitəsi daha
artıq sayıq olmalıdır. Mən Mərkəzi
Komitədən xahiş edirəm, Zəncan təşkilatını
gücləndirmək və mərkəz ilə onun əlaqəsini
möhkəmləndirmək üçün bir qüvvəli
nümayəndə ora göndərsin.
Firqə başçılarının hökumətə
axını məsələsi firqənin işini axsadır. Bu
yoldaşlardan bəzisi dövlət aparatına daxil olmaqla
özlərini firqə vəzifələrindən kənar
hesab edirlər. Marağada baş verən
pozuntunun başlıca cəhəti də bunda olub. Firqə üzvləri bilməlidirlər, hökuməti
doğan firqədir, ona o da tərbiyə verib böyüdəcək.
Əgər firqə möhkəm və
sağlam olmazsa, o heç bir vaxt qüdrətli bir dövlət
tərbiyə edə bilməz. İstər
böyük və istər kiçik hökumət
aparatına daxil olmaqla firqəyə maraqsız qalan hər bir
firqə üzvü ilə mübarizə etməli, onu həm
firqə sırasından və həm də hökumət
aparatında tutduğu vəzifədən qovmalı. Bunlar vəzifəpərəst və mənsəbtələb
adamlardır. Qoy firqəmiz təmizlənsin və
möhkəmlənsin...
“Azərbaycan”
qəzeti, Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz,
say 112, 29 yanvar 1946-cı il
Əski əlifbadan
transliterasiya və farsca məqalələri tərcümə
edən:
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə
Xalq Cəbhəsi.- 2019.- 7 dekabr.-
S.14.