Vyetnamda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilib

 

 

Hanoy şəhərində ölkəmizin Vyetnamdakı səfirliyi, Vyetnamdakı Azərbaycan Mədəniyyəti Tarixi Araşdırmaları Mərkəzi, Vyetnamın Səsi (Voice of Vietnam - VOV) teleradio holdinqinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilib. Səfirlikdən verilən məlumata görə, holdinqin binasında keçirilən tədbirdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, holdinqin prezidenti Nquyen The Ky qurumun rəhbərliyi, Azərbaycan Mədəniyyəti Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien mərkəzin əməkdaşları, o cümlədən ədəbiyyat üzrə ali təhsil ocaqları mərkəzlərin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov zəngin qədim tarixə malik ölkəmizin dünya mədəniyyətinin ən qədim mərkəzlərindən biri olduğunu vurğulayıb, bu xüsusda minilliklər boyu Azərbaycan xalqının zəngin mədəni irs yaradaraq dünya mədəniyyət xəzinəsinə layiqli töhfə verdiyini bildirib.

Prezident İlham Əliyevin milli-mənəvi, mədəni dəyərlərimizin qorunub-saxlanılmasına təbliğinə böyük diqqət yetirdiyini bildirən diplomat dövlətimizin başçısının 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan etdiyini söyləyərək görkəmli şairin həyat yaradıcılığı haqqında dolğun məlumat verib. İmadəddin Nəsiminin nəinki Azərbaycan, ümumilikdə dünya mədəniyyətinin inkişafına misilsiz töhfə verdiyi xüsusi vurğulanıb, şairin yaradıcılığının hələ sağlığında bütün Yaxın Şərq Mərkəzi Asiyada yaxşı tanındığı diqqətə çatdırılıb.

Səfir A.İmanov beynəlxalq aləmdə Nəsiminin yaradıcılığına böyük maraq göstərildiyini bildirərək, 2017-ci ildə onun vəfatının 600 illiyi münasibətilə UNESKO-nun Tarixi hadisələrin görkəmli şəxsiyyətlərin anım proqramı çərçivəsində tədbirin keçirildiyini, habelə 2019-cu ildə Beynəlxalq Astronomiya Birliyi tərəfindən şairin şərəfinə kiçik planetlərdən birinə Nəsimi adının verildiyini bildirib.

Azərbaycan Mədəniyyəti Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien Nəsiminin əsərlərində böyük fəlsəfə, romantizm, təbiətə insanlara sevgi, habelə özünüdərketmə kimi məqamların əks etdirildiyini bildirib. O, Nəsiminin həyatı, yaradıcılığı yaşadığı dövrün Vyetnamın görkəmli şairi ictimai-siyasi xadim Nquyen Trai ilə bəzi oxşarlıqları olduğunu qeyd edib. Dao Xuan Tien UNESKO-nun dəstəyi ilə dünyanın bir sıra ölkələrində Nəsimiyə həsr olunan tədbirlərin keçirilməsini beynəlxalq aləmin Azərbaycanın zəngin mədəni irsinə göstərdiyi diqqətin əyani sübutu olduğunu deyib.

Vyetnamın tanınmış şairi Phunq Ho Nəsimi yaradıcılığından Vyetnam dilinə tərcümə etdiyi bir neçə şeiri oxuyub.Tədbir iştirakçıları Nəsiminin Azərbaycan ədəbiyyatının inkişafındakı, habelə Mərkəzi Asiya və Yaxın Şərq ədəbi-mədəni və ictimai-siyasi həyatında rolundan danışıb, görkəmli şairin ədəbi fəaliyyətini müzakirə ediblər. Həmçinin Nəsimi ilə Vyetnamın məşhur şairləri arasında paralellər aparılıb, İmadəddin Nəsiminin həyatı və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib. Tədbir Vyetnam kütləvi informasiya vasitələrində geniş işiqlandırılıb.

 

Xalq Cəbhəsi.- 2019.- 10 dekabr.- S.16.