Türk mifologiyasında yaradılış konsepsiyası

 

 

1-ci yazı

 

Yaradılış ümumiyyətlə, bütün tarixi dövrlərdə ictimai şüurun mərkəzi problemi olaraq qalır. Çünki bəşərin varlığının əsasında daim təkrarlanan yaradılış prosesi durur. Bu proses insan dünyanı dərk edəndən onun maraq obyektinə çevrilmişdir. Yaradılış indinin özündə də elmin mərkəzi problemi olaraq qalır. Çünki varlıq aləminin bütün mahiyyəti yaradılışla bağlıdır. Yaradılışın ilkin dərki mifologiyadan başlanır. Bütün miflər əslində yaranışı nəql edir. Miflərin məzmunu zahirən fərqli olsa da onları birləşdirən ümumi ideya yaranışdır. Yaradılış bütün miflərin, o cümlədən onların sistemi olan mifologiyanın ana motividir.

Yaradılış bəşər mədəniyyətinin ən qədim səhifələrindən olan türk mifo¬lo-giyasının da ana motividir. Türk etnosunun nəhəngliyi eyni zamanda onun düşün-cə¬sinin nəhəngliyi ilə müəyyənləşir. Miflər, əfsanələr, dastanlarla zəngin olan türk mifologiyasında yaradılış fəlsəfi cəhətdən mənalı, bədii cəhətdən yüksək estetizmə malik olan motivdir.

Əfsanələr hər bir mifologiyanın əsas mətn qaynağıdır. Öz məzmunu etibarilə miflərə ən yaxın olan janr əfsanələrdir. Ümumtürk folkloru saysız-hesabsız əf-sanələrlə zəngindir. Azərbaycan əfsanələri ümumtürk folklorunun zəngin nü¬mu-nələrlə təqdim olunan səhifəsini təşkil edir. Bu əfsanələr folklorşünaslarımız tərə-findən müxtəlif zamanlarda tədqiq olunmuşdur. Ancaq Azərbaycan əfsanələri türk yaradılış mifləri baxımından xüsusi araşdırılmamışdır. Halbuki Azərbaycan əfsa-nə¬lə¬ri bu baxımdan çox qiymətli və zəngin material verir.

Türk yaradılış motivləri bir tərəfdən Azərbaycan əfsanələrinin canını təşkil edir. Əfsanələr birbaşa miflərdən qaynaqlanır. Lakin əfsanələr digər tərəfdən folklor janrı kimi minillər boyu yaşamış, zənginləşmişdir. Onların bədii məzmununun altında mifik məzmun gizlənir. Beləliklə, əfsanələri türk yaradılış mifləri ba¬xı-mından öyrənmək, əslində həm də türk yaradılış mifologiyasını əfsanələr əsa¬sın¬da bərpa etmək deməkdir.

Azərbaycan folklorşünaslığında əfsanələr demək olar ki, bir çox hallarda tədqiqat obyekti olub. Əfsanələrin miflə bağ¬lılığı da diqqətdən kənarda qalmayıb. Xüsusilə keçən əsrin 70-ci illərindən Azərbaycanda mifologiyaya geniş elmi və ictimai marağın yaranması əfsanələrə diqqəti daha da artırıb. Həmin dövrdə mifologiya sahəsində tanınmış sima olan Mirəli Seyidovun yaradıcılığında mifologiyanın tədqiqi prosesində müxtəlif Azər¬baycan əfsanələri tədqiqata cəlb olunub. Daha sonra Sədnik Paşayev, Təh¬ma¬sib Fər¬zəliyev, İs¬rafil Abbaslı, Paşa Əfəndiyev, Vaqif Vəliyev, Bəhlul Abdulla, Füzuli Bayat, Ni¬zami Cəfərov, Ramazan Qafarlı, Asif Hacılı, Cəlal Bəydili (Məm¬mə¬dov), Ramil Əliyev, Seyfəddin Rzasoy, Ağaverdi Xəlil, Əfzələddin Əs¬gər, Mə¬həm¬məd Məmmədov və b. tədqiqatçıların Azər¬¬baycan əfsanələrinin tədqiqi məsə¬lələrinə dair araşdırmaları olub. Bütün bunlar Azərbaycan əfsanələrini türk yaradılış mif¬lə¬ri baxımından tədqiq etməkdən ötrü dəyərli nümunələr olsa da, türk yaradılış miflərinin Azərbaycan əfsanələri əsasında öyrənilməsi bütövlükdə aktual elmi prob¬lem olaraq qalmaqdadır.

“Türk yaradılış mifləri və Azərbaycan əfsanələri” mövzusu bir elmi problem kimi ilk növbədə türklərin mifik düşüncəsində yaradılış motivini bir konsept kimi öyrənməyi tələb edir. “Konsept” bir termin olaraq “konsepsiya” termininin məna dairəsinə aiddir və “konsepsiyanın mahiyyətini ifadə edən əsas fikir, tezis, ideya” deməkdir. Türk mifologiyasında yaradılış motivini bir konsept olaraq araşdırmaq da öz növbəsində türk mifik yaradılış motivinin əsas mahiyyətini ifadə edən ana ideyanı, əsas konsept-tezisi araşdırmaq deməkdir.

Qeyd olunduğu kimi, yaradılış hər bir mifologiya üçün ana ideyadır. Türk mifologiyasında da eyni mənzərə müşahidə olunur. Lakin müxtəlif mifologiyalarda yaradılış motivlərinin bir-birini “təkrarlaması” bəşəri universallıqdan irəli gəlsə də, hər etnosun yaradılış konsepsiyası onun dünyaya öz baxışını ifadə edir. Universal yaradılış ideyası hər etnosun öz yaşam təcrübəsində canlı idraki hadisə kimi həmin etnosun düşüncəsinin bədii-estetik özünəməxsusluğunu ifadə edir. Bu gün dünyanın əsas etnoslarından olan türk xalqının mifik yaranış konsepsiyası onun minillərə söykənən tarixinin emosional-bədii, idraki-estetik təcrübəsini inikas edir. Türk mifologiyasını yaşadan bədii mətnlərdə, o cümlədən əfsanələrdə türkün yaradılış konsepsiyası yaşamaqdadır.

Yaradılış bir motiv kimi elmdə “kosmoqoniya” termini ilə ifadə olunur. “Kosmoqoniya” – “kosmos” və “qoniya” sözlərindən əmələ gəlmiş termin olub, mənası “kosmosun (dünyanın) yaranması” deməkdir. V.N.Toporov yazır ki, kosmoqonik miflər və kosmoloji təsəvvürlər mifopoetik dünyagörüşün başqa formaları arasında xüsusi yerə malikdir: ona görə ki, kainatın məkan-zaman ölçülərini, başqa sözlə, insanın mövcudluğunun baş verdiyi şəraiti təsvir edir və mifyaradıcılığının obyekti ola bilən hər şey ona yerləşdirlir.

Elə V.N.Toporovun bu yanaşmasına əsaslansaq, göründüyü kimi, türk yaradılış miflərini Azərbaycan əfsanələri əsasında araşdırmaq türkün təsəvvür etdiyi kainatın məkan-zaman göstəricilərini, türk insanının mövcud olduğu şəraiti, həmin şəraitə aid olub, türk mif yaradıcılığının obyekti ola biləcək predmetləri və hadisələri araşdırmaq deməkdir.

A.Hacılı göstərir ki, mif dünya haqqında təsəvvürlər sistemi, müasir mədəniyyətin genetik kodu tək aşkarlanır. Əsatiri sistemin hər bir ünsürü ümumdünya modelinin tərkib hissəsi kimi əhəmiyyət qazanır.

Müəllifin fikrindəki “genetik kod” məqamı genezis – mənşə ilə bağlıdır. Bu isə birbaşa yaradılış deməkdir. Çünki yaradılış olmadan genezis, mənşə və ümumiyyyətlə, genetik kodun olması mümkünsüzdür. Belə ki, butün bunların hamısı yaradılışa bağlıdır, ondan baş alaraq gəlir.

V.N.Toporov “kosmos” anlayışı haqqında yazır: “Kosmos” yunan sözüdür və “nizam”, “sahman”, “quruluş”, “dövlət quruluşu”, “hüquqi quruluş”, “lazım olan ölçü”, “dünya sahmanı”, “kainat”, “dünya”, “zinət”, “bəzək” anlamlarındadır. Bu söz mifoloji ənənədə və mifolojiləşdirilmiş erkən fəlsəfi ənənədə bütöv olan, sahmana salınmış, kainatın müəyyən qanunlarına (prinsiplərinə) uyğunlaşdırılmış dünyanı bildirir... Bütün dünya mifologiyalarında kosmosu müəyyənləşdirən ümumi cizgilər toplusunun olması səciyyəvi haldır. O, xaosa qarşı durur. Kosmos istər zaman baxımından, istərsə də onu təşkil edən elementlərin tərkibinə görə xaosa nisbətən ikincidir. Kosmos həm zaman baxımından və həm də bir çox hallarda xaosdan, yaxud xaosla kosmos arasındakı aralıq elementlərindən törəyir... Kosmos və xaosun münasibətləri həm zaman, həm də məkan daxilində həyata keçir. Bu halda kosmos əksərən onu çöldən əhatə edən xaosun içinə aid olan bir şey kimi təsəvvür olunur. Genişlənən və özünü təşkil edən kosmos xaosu periferiyaya sıxışdırır, onu bu dünyadan qovur, lakin aradan qaldıra bilmir. Xaosla, ilkin okeanla, dünya hüdudsuzluğu ilə əhatələnmiş kosmosun sferik sxemi şaquli və üfüqi variantlarla əvəzlənə bilir. Bu variantlarda xaos kosmosdan aşağıda, yaxud onun ən ucqar yerlərində (şimalda, yaxud qərbdə, kosmosdan kənarda) yerləşir.

Alimin bu fikrindən aydın olur ki, “kosmos” mifologiyada əsasən:

dünya və ondakı nizamı bildirir;

kosmos nizamlı dünya kimi xaosa qarşı durur;

kosmos xaosdan törəyir;

xaos kosmosdan kənarda yerləşir.

V.N.Toporov “xaos” anlayışının ən fərqli ənənələrdə ardıcıl şəkildə təkrar olunan səciyyələrini belə müəyyənləşdirir:

su stixiyası ilə bağlılıq;

məkan və zamanda sonsuzluq;

boşluğa qədər gedib çıxan məsafəlilik;

–yaxud əksinə, bütün elementlərin qovuşuqluğu (materiyanın təkcə əşyaviliyini deyil, həm də stixiyaların və dünyanı aydın şəkildə bildirən əsas ölçülərin mövcudluğunu istisna edən amorf vəziyyəti), nizamsızlıq.

Buradan anlamaq olur ki, kosmosla xaos bir-birindən ayrı ola bilməsə də, öz əsas göstəricilərinə görə bir-birinə əks olan anlayışlardır.

Xaos kosmosun yaradılışının əsasında durur, lakin A.F.Losevə görə “xaos” kosmosdan həm də nəhəng anlayışdır: “Xaos kosmik vəhdətin əzəmətli və tragik obrazı kimi təsəvvür olunur. Bütün varlıq aləmi bu obrazda ərimişdir; varlıq aləmi xaosdan törəyir və xaosdaca məhv olur. Ona görə də xaos bütöv və fasiləsiz, sonsuz və hüdudsuz təşəkkülün universal prinsipidir”. F.Qurbanovun yazdığı kimi, “burada xaosdan müəyyən münasibətlər sisteminin dinamik təşəkkülü, sonradan yenə xaosa çevrilmə var. Proses daim dəyişən, hərəkət edən, özündə müxtəlifliyin ayrı-ayrı görüntülərdə vəhdətini əks etdirən bir şey olur”.

“Kosmos və xaos hər bir mifoloji dünya modelinin mütləq məkan-zaman strukturunu təşkil edir. Dünya mifologiyalarının hamısında dünya öz quruluşu etibarilə iki hissəyə bölünür: kosmos və xaos. Kosmos nizamlı dünyanı, xaos onun əksi olan nizamsız dünyanı bildirir. Onlar arasında olan əkslik xaosu - “antikosmos”, kosmosu - “antixaos” adlandırmağa imkan verir”.

Füzuli Bayat yazır ki, ilk yaradılış qutsal olduğu üçün sonrakıların da başlanğıcı rolundadır. Yəni kosmoqonik yaradılışda əsas olan ilkin yaradılışdır. Bir düşüncə fəlsəfəsi kimi mifin, düşüncə sistemi kimi mifologiyanın mahiyyəti ilkin yaradılışla bağlıdır. Türk yaradılış mifinin kosmoqonik konsepsiya kimi öyrənilməsi elə bu ilkin yaradılış süjetlərinin araşdırılmasından keçir.

V.Radlovun təqdim etdiyi yaradılış mifinə nəzər salaq. “Dünyanın yaradılışı” adlı əfsanədə deyilir: “Dünya tamamlanmadan öncə yalnız su varıymış, torpaq yoxuymuş, göy üzü yoxuymuş, günəş və ay yoxuymuş. Tanrı ətrafda uçurmuş, insan ətrafda uçurmuş. İkisi də qara qaz şəklində dünyada uçurmuş. Tanrı heç bir şey düşünmürmüş. İnsan rüzgar oyadaraq suyu hərəkətləndirmiş və Tanrının üzünə su sıçratmış. İnsan Tanrıdan daha yüksəklərə çıxa biləcəyini düşünmüş, amma aşağı suyun içinə düşmüş. Yıxılınca boğulmağa başlamış, “Aman Tanrım, məni qurtar demiş!”. Bundan sonra insan sudan çıxmış. Tanrı demiş ki, “Möhkəm bir daş meydana gəlsin”. Dənizin dibindən sərt bir daş çıxmış və üstündə Tanrı ilə birgə yaşayan insan oturmuş”.

Bizcə, burada türk yaradılış konsepsiyası baxımından iki məqam mühümdür:

Birincisi, yaradılışdan öncə yalnız suyun olması;

İkincisi, Tanrı və insan qara qaz görkəmində olub, uçurmuşlar.

Bu, kosmosdan – mövcud nizamlı dünyadan əvvəlki vəziyyətdir. Demək, əfsanə xaosun təsviri ilə başlanır.

 

Elçin Qaliboğlu

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 26 fevral.- S.14.