Sonsuz amerikalı ailələri
sevindirən azərbaycanlı həkim
İslam
peyğəmbəri həzrəti
Məhəmmədin (s.a.a.s.)
gözəl bir kəlamı var: "Uşaq, cənnət nemətlərindən biridir.
Uşaq qoxusu, cənnət qoxusudur..."
O, bu qoxunu həsrətində
olan çox valideynlərə hiss etdirib,
yüzlərlə ailənin
sonsuzluğuna son qoyub.
Neçə-neçə insan
nəslinin yer üzündən silinməsinin
qarşısını alıb,
tükənib-bitməsinə imkan verməyib…
Haqqında söhbət açdığım
Samir Babayev 1984-cü ildə Gəncə şəhərində dünyaya
gəlib. 9-cu sinifə
qədər Gəncədəki
4 saylı məktəbdə
oxuyub, tam orta təhsilini Bakıda, 258 saylı məktəbdə
başa vurub.
2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2008-ci illərdə
isə İstanbul Universitetinin "İstanbul
Tibb Fakultəsi"ndə
təhsil alaraq, həkim ixtisasına yiyələnib. Elə həmin il
ABŞ-a gəlib. Bir il Nyu
York Kolumbiya Universitetində
elmi araşdırmalarla
məşğul olub.
2009-2013-cü illərdə
Nyu York Tibb Kollecində rezedentura keçib. 2013-2016-cı illərdə Texas Universitetinin
Dallas şəhərindəki tibb mərkəzində sonsuzluq üzrə genokoloq cərrah kimi ixtisaslaşıb.
O vaxtdan həmin mərkəzdə dosent vəzifəsinə təyin
olunaraq, bu günədək qadınlarda
sonsuzluq üzrə cərrahi əməliyyatlar,
eyni zamanda EKO prosedurlarını həyata
keçirir…
…Atası Namiq İbrahim oğlu Babayev anestezioloq - reanimatoloqdur. Topçubaşov
adına Elmi Cərrahiyə Mərkəzində çalışır.
Anası Eleonora Nəriman qızı Babayeva isə 1 saylı xəstəxananın
laboratoriyasında həkim
işləyir…
Bütün bunlarla yanaşı o, həm də ABŞ-da işıq üzü görən, tibb sahəsində ən məşhur
"Human Reproduction" jurnalında redaktor köməkçisidir. Bir ekspert kimi onun
razılığı olmadan
heç bir elmi məqalə həmin jurnalda çap olunmur…
…Ömür-gün yoldaşı
Riada Nizami qızı Rəhimova stomatoloq işləyir. Yeganə övladı Namiqin 8 yaşı var, 3-cü sinifdə oxuyur…
Deyir ki,- "Məncə,
müvəfəqiyyət qazanmağın
bir formulası var. Əgər burada 10% məqsəddən asılıdırsa,
70%-ni əzmkarlıq,
20%-ni isə Allahın uğuru təşkil edir"…
Onun da bəxti gətirib,
bu ilin ortalarından
Minnesota ştatının Roçester
şəhərində fəaliyyətdə
olan çox məşhur "Mayo Clinic"də
sonsuzluq şöbəsinə
rəhbərlik etməyə
başlayacaq…
Şahmat oynamağı xoşlayır. Tez-tez online turlara
qatılır və bir-neçə dəfə
həmin turların qalibi də olub. Həftədə 200-250 km velosiped sürür.
Bunun insan sağlamlığına verdiyi
faydaları dilə gətirib, hər kəsə velosiped sürməyi tövsiyyə
edir…
Bəli, sonsuzluğa qarşı mübarizə aparan, insanlara dünyanın ən böyük sevincini bəxş edən bu gənc,
mehriban həkimin əsas uğurları hələ qarşıdadır. Əminəm
ki, onun biliyi, bacarığı, şəfalı əlləri
sayəsində övlad
üzünə həsrət
qalan çox ailələr öz arzusuna qovuşacaq…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Xalq Cəbhəsi.- 2019.- 1 mart.- S.7.