İrəvan xanlığının
iqtisadiyyatı
4-cü yazı
Belə mülkləri olan mülk sahibləri hər vasitə ilə onu genişləndirməyə çalışırdılar. Onlar başqa əyalət və xanlıqlardan əhalini müxtəlif vasitələrlə bu yerlərə cəlb edir, onları müəyyən şərtlərlə həmin torpaqlarda yerləşdirirdilər. Lakin mülk sahibləri tam sərbəst deyildi və onlara qadağalar qoyulmuşdu. Belə ki, bəzi mülklər xalisə hüququna malik deyildilər, yəni sadəcə mülk adlandırılsalar da, onların sahibləri olan mülkədarlar xəzinəyə vergi ödəyirdilər. Buna əsasən, mülkədar hər hansı kənd, torpaq və yaxud rəiyyət üzərində özünü sahib saya bilməzdi. Mülk ona sadəcə gəlirindən istifadə etmək, xəzinənin gəlirindən məvacib almaq əsasında verilirdi. Sakinlərə təsir göstərməsi ona bilavasitə ciddi qadağan edilirdi. Onun hüququ yalnız məhsul yığıldıqdan sonra mülkədər kəndindən anbara toplanan vergidən özünün payına çatan hissəni tələb etməsi ilə məhdudlaşırdı.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, əgər mülkədar özü təsərrüfatla məşğul olmaq istəsə, sərdardan icazə almalı və onun razılığı ilə işləmək üçün rəiyyət tutmalı idi. Mülkədarın istifadə etdiyi mülk onun yaşadığı kəndin ərazisində olduqda və torpaqlar icma üzvləri arasında bölüşdürüldükdə, o da mülk sahibi hüququnda deyil, başqa kəndli kimi, pay alırdı. Bu mülkdən gələn gəlirin müəyyən hissəsi xəzinəyə ödənilirdi.
İrəvan xanlığında elə mülklər vardı ki, onların sahibləri məhsulun 4/30 hissəsini almaqla kifayətlənirdi. Lakin kəndlərin vəziyyətindən asılı olaraq mülk sahiblərinin gəliri də müxtəlif idi. Məsələn, mülkədarların bəhrəkər kəndlərindən yığılan ümumi məhsuldan gələn gəliri 23/30, yarıkər kəndlərindən isə 12/30 hissəsini təşkil edirdi.
1. Vəqf torpaqları. İrəvan xanlığında dini idarələrə məxsus torpaq sahibliyi də mövcud olmuşdu. Buna «vəqf» deyilirdi. Vəqf ərəb sözü olub Allah yolunda məscidlərə və yaxud kilsəyə hədiyyə edilmiş var-dövlət, torpaq payı və yaxud mülk idi. Bunun üçün vəqfnamə əsasında mülkiyyət sahibi öz mülkündən istifadə etmək hüququnu məscidin, kilsənin və yaxud şəxsin xeyrinə itirirdi. Bu mülkiyyət forması bağışlanmalar yolu ilə formalaşırdı. Vəqf mülkiyyəti torpaq sahələri, kəndlər, bağlar, dəyirmanlar, arxlar, mal-qara və s. ola bilərdi. İrəvan xanlığında məscidlərlə bərabər, erməni kilsəsinə məxsus vəqf mülkiyyəti də mövcud idi.
Vəqf təsərrüfatının idarə edilməsi İrəvan xanlarının nəzarətində idi. Onların sərəncamı ilə xalq arasında nüfuzu olan din xadimlərindən biri vəqf idarəsinin başçısı təyin edilirdi. Məsələn, İrəvan xanı Məhəmməd xan (1784-1805) Molla Əli adlı bir din xadimini vəqf torpaqlarının başçısı təyin edərək, onun vəzifələrini göstərmişdi. Onun adına verilən təliqədə yazırdı ki, «Molla Əli bütün vəqf mülklərini şəxsən, müstəqil idarə etməli, onlara aid bütün məsələlərin həllində çalışmalı, bu barədə mövcud olan dəftər və kitablara rəhbərlik etməlidir. O, öz şəninə, cəsarətinə, bacarığına uyğun vəqf mülklərinin bərpasına çalışmalıdır. Vəqf mülklərinin bütün gəlirlərini topladıqdan sonra ona verilən təliqədə, tədris haqqındakı təliqədə qeyd etdiyimiz kimi xərc edib, gəlir və məxaricə dair ayrılan siyahını bizim nəzərimizə çatdırsın. Vəqf torpaqlarının əkinlərinə, həmin torpaqlarda vergi yığan məmurlarına Molla Əliyə və onun mülazimlərinə tabe olunmasını əmr edirik. Həm məscidlərə, həm də Eçmiədzin kilsəsinə aid «vəqf» torpaqlarından gələn gəlir dini idarələrə, təhsilə və ruhanilərin özlərinə xərclənirdi. Molla Əliyə verilən təliqədə vəqf gəlirlərinin xərclənməsi belə müəyyən olunurdu: «Molla Əliyə vəqf torpaqlarından toplanılan gəlirin aşağıda göstərilən kimi üç hissəyə ayırıb xərcləməyi tapşırdıq:
1. Mədrəsə əhalisinin gündəlik işlərinə;
2. Mədrəsənin qulluqçularının və mədrəsənin sayir xərclərinə;
3. Özünün illik maaşına, dərs ləvazimatına, dini mübahisələrin təşkilinə və mədrəsənin mühüm lazımi işlərinə.
Din xadimləri vergi və mükəlləfiyyətdən azad idi. Bundan əlavə, xan əhali arasında hörməti olan din xadimlərinə torpaq sahəsi və kəndlər bağışlayırdı. Bağışlanmış kəndlərdən gələn gəlir onların özlərinə çatırdı. Lakin məscidlərdən fərqli olaraq, kilsənin gəlirləri xanlıq dövründə İrəvan xanlarının nəzarətində idi. Belə ki, Eçmiədzin kilsəsinə tiyul verilmiş kəndlərdən xan hər il 400 tümən vergi alırdı.
2. Camaat torpaqları. Bu kənd icmalarının ixtiyarında olan torpaq sahələri idi. Bura adətən, yerli əhalinin istifadə etdiyi əkin sahələri, otlaqlar, meşələr, boş sahələr, qəbirsanlıq və s. ərazilər daxil idi.
Duz istehsalı
İrəvan xanlığının iqtisadi həyatında böyük rol oynayan istehsal sahələrindən biri də duz istehsalıdır. Xanlığın ticarətində və ixracatında bu sahə xüsusilə fərqlənirdi. İrəvan duzunun istehsal tarixi qədim dövrlərə aiddir. İrəvan duzu əsasən, Sərdarabad qalasının 30 verst, İrəvan qalasının isə 50 verstliyində, Araz çayının sağ sahilində yerləşən Qulp kəndinin yaxınlığındakı dağdan çıxarılırdı. İrəvan xanı Hüseynqulu xana qədərki dövrdə duz istehsalı haqqında məlumat çox azdır. Lakin bu da məlumdur ki, Məhəmməd xanın hakimiyyəti dövründə duzun qiyməti ucuz olduğundan və cüzi gəlir gətirdiyindən onun istehsalına az fikir verilmişdi. Bu xanın dövründə duz istehsalından ildə 3.000 gümüş rubl (300 tümən-E.Q.) gəlir əldə olunmuşdu. Ümumiyyətlə, Hüseynqulu xana qədər duz istehsalında pərakəndəlik hökm sürmüş, onun hakimiyyətə gəlişindən sonra bu sahədə qayda-qanun yaradılmışdı. Duza tələbat artdığından, duz oğurluğunun qarşısını almaq məqsədilə sərdar bu sahəyə fikir verməyə başladı. Onun fərmanına əsasən, duz yalnız Qulp kəndindən 200 sajen aralı, dağın cənub ətəyində əlverişli yerdə emal edilməli idi. Burada bir-birindən 50 sajen aralıda iki mədən yaradılmışdı. Birinci mədənin uzunluğu 45 sajen, hündürlüyü isə 1 1/2-dən 2 sajenə qədər idi. İkinci mədən birincidən bir qədər sonra 1815-ci ildə açılmışdı. Onun uzunluğu 55 sajen, eni 10-dan 13 sajenə qədər, hündürlüyü isə 1 `/2 -dən 2 sajenə qədər idi.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Hüseynqulu xan duz mədənlərinə nəzarət etmək üçün öz yaxın adamlarından sultan və onun köməkçiləri olan üç nəfər mirzə təyin etmişdi. Bu şəxslər yaxşı məvacib alırdı. Sultan ildə 320 gümüş rubl məbləğində məvacib, yaxud arpa, çəltik, 24 batman yağ, 60 qoyun alırdı və bundan əlavə, satılmış hər bir araba duzdan 5 gümüş qəpik ona çatırdı. Sultanın köməkçisi olan birinci mirzə ildə 200 gümüş rubl və sultanın natura şəklində aldığı ərzağın yarısını, digər iki mirzə isə hər satılmış duz yükündən 2 gümüş qəpik məvacib alırdı.
Hüseynqulu xan duz istehsalına xüsusi fikir verdiyi kimi onun satışını da nəzarətdə saxlayırdı. O, hətta Osmanlı duzuna rəqabətə davam gətirmək, qonşu dövlətlərin İrəvan duzuna marağını artırmaq üçün hər araba və hər tay duza yerli əhalinin ödədiyi məbləğdən də az qiymət təyin etmişdi. İrəvan duzu lövhəciklər halında istehsal olunurdu və emal nəticəsində xırdalanırdı. Duz istehsalında tutacağı elastik və nəzik olan külüngə bənzər alətdən istifadə olunurdu. Bu alət kiçik və iri ölçüdə olurdu. Kiçik külüng 4 `/2 funt ağırlığında idi və onunla duz lövhəciyinin kənarları qazılırdı.
İkincinin çəkisi isə 6 funtdan çox idi. Bu alətdən duz kütləsini ayırmaq üçün istifadə edilirdi. Hər bir duz layı yastı kəsik piramidaya oxşayırdı. Layın uzunu 2 fut, eni 10 düyüm və qalınlığı isə 5 düyümə yaxın idi. Bu layların orta çəkisi 6 İrəvan batmanına bərabər idi. Duzun tərkibi gips, gildən olan qumlu daşdan və qaya parçasından ibarət idi. Rəngi əsasən, boz olsa da, bəzən ağ rəngli duza da rast gəlinirdi.
İrəvan əhalisi duzu özləri istifadə etməklə yanaşı, onun böyük hissəsini qonşu dövlətlərə ixrac edirdilər. Duz mədənləri Qarabağdan, Kar-tli-Kaxetiyadan, Osmanlı paşalıqlarından gələn karvanlarla dolu olurdı. Xanlıq dövründə duzun qiyməti müxtəlif idi. Duz araba və yaxud tayla aparılırdı. Hər bir tay 4 daşdan, hər bir daşın çəkisi isə 6 batmandan (7-8 pud) ibarət idi. Hər taydan müxtəlif şəxslərin xeyrinə vergi ödənilirdi. Bu vergidən xanın xeyrinə 80, keşikçilərə 4, mirzələrə 2, duz istehsalçılarına isə 16 qəpik alınırdı. Bir araba yükü isə 25-32 daşdan ibarət idi. Onun çəkisi 60 puda yaxın olurdu. Araba yükündən xanın xeyrinə 3 rubl 20 qəpik, keşikçilərə 20, duz mədəninin başçısı sultan üçün 5, duz istehsalçısından isə 1 rubl vergi alınırdı. Ümumiyyətlə, aparılan hər bir yük duz daşı mədənə 26, arabaya yüklənmiş daş isə 14 gümüş qəpiyə başa gəlirdi. Bundan əlavə, duz mədənində işləyən Qulp kəndinin əhalisinə də qanunla təyin olunmuş haqq çatırdı. Onlar hər arabaya görə 1 gümüş rubl, hər taya görə isə 4 gümüş qəpik məvacib alırdı. Hüseynqulu xanın dövründə duz istehsalından küllü miqdarda gəlir əldə olunurdu. Məhz onun xidməti nəticəsində duz istehsalından hər il xəzinəyə 14.000 gümüş rubl (1400 tümən-E.Q.) gəlir gəlirdi.
Sənətkarlıq və ticarət
İrəvan xanlığının iqtisadi həyatında böyük rol oynayan sahələrdən biri də sənətkarlıq idi. Burada müxtəlif sənət sahələri - toxuculuq, boyaqçılıq, gön-dəri emalı, şüşə istehsalı, dulusçuluq və digər sahələr inkişaf etmişdi. Bu sənət sahələri içərisində toxuculuq xüsusilə seçilirdi. Maldarlığın, xüsusilə qoyunçuluğun, pambıq istehsalı və ipəkçiliyin geniş yayılması bu sahənin inkişafına böyük zəmin yaradaraq onu xammalla təmin edirdi. İrəvan xanlığında toxuculuq əsasən ev şəraitində inkişaf etmişdi. Bu dövrdə «hər bir ailənin toxuculuq dəzgahı vardı... İrəvan xanı hər bir dəzgahdan bir parça bez vergisi alırdı». Qadınlar dəzgahlarda pambıq parça əyirir və bez üçün iplik düzəldirdilər. Bundan əlavə, irəvanlılar toxuculuqda yundan geniş istifadə edirdilər. Ondan iplik düzəldərək rəngləyir, özləri üçün paltar tikir, xalça, palaz, kisə, çul və bez toxuyurdular. Maldarlıqla məşğul olanlar isə cod yundan özləri üçün çadır və keçə hazırlayırdılar.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 20-27 mart.-
S.13.