Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği

 

 

 

Azərbaycan tarixin müxtəlif dönəmlərində bəşəriyyətə töhvə vermiş böyük tarixi şəxsiyyətlər bəxş edib. Dünya səviyyəsində olan tarixi şəxsiyyətlərimiz içərisində böyük Azərbaycan filosofu İmadəddin Nəsimi (1369-1417) xüsusi yer tutur. Bəşəri ideyaların təbliğatçısı olan İmaddədin Nəsimi kimi dahilər az xalqların tarixində var.

Amma biz, Nəsimi kimi dahi filosofu dünyaya kifayət qədər tanıtdıra, digər tərəfdən xalq olaraq özümüz də Nəsimini tam olaraq hələ də tanıya, anlaya bilməmişik. Bəzən də onu ateist, ən yaxşı halda isə ziddiyyətli şair kimi qələmə veririk.

Təbii ki, bu istiqamətdə gedir və artıq Nəsiminin dünyada təbliğatının aparlılması ilə yanaşı bizim bir toplum olaraq onu anlamağımız üçün də ən yüksək səviyyədə addım atılır. Prezident İlham Əliyev tərəfindən bu il “Nəsimi ili” ela olunması və Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamı bu istqiamətdə fəaliyyətlərin genişləndirilməsinə, daha da gücləndirilməsinə təkan verəcək. Dövlət başçısı səviyyəsində Nəsimi irsinin təbliğ olunmasına diqqətlə yanaşılması müsbət nəticələrə səbəb olacaq.

 

Nəsimi kimdir?

 

Tədqiqatçısı Səadət Şıxıyeva hesab edir ki, Nəsimi şeirdən fəlsəfəyə gəlib. Onun sözlərinə görə, Nəsimi hürufiliyə qədər də şair idi, hürufiliyi qəbul edəndən sonra da, elə ömrünün sonuna qədər də şairdir. Çünki o, özünün filosof, arif, hürufi şəxsiyyətini şeirlə ifadə edirdi.

Ərəb tarixçilərindən Abbas Əzzavi deyir ki, Nəsimi olmasaydı, hürufilik ölüb gedər, unudulardı. Çünki Nəsimi hürufiliyə özünün şeiriyyəti ilə elə gözəl don geydirdi, elə poetizm, lirizm qazandırdı ki, bu təlim geniş dairələrdə də sevildi.

Bəzi tədqiqatçılar, o cümlədən İsmayıl Hikmət deyir ki, əgər Nəsimi hürufi olmasaydı, daha böyük şair olaözünü daha gözəl ifadə edə bilərdi. Hürufilik isə onun şair şəxsiyyətini müəyyən qədər buxovlayıb.

Səadət Şıxıyeva İsmayıl Hikmətin bu fikri ilə razı olmadığını əlavə etdi: “Nəsimi hansı mövzuda yazır-yazsın – dünyəvi, dini, hürufilik – ilk öncə şairdir. Belə hesab edirəm ki, hürufilik Nəsiminin şeirinə bir rəng qatdı, onu fərdiləşdirdi. Yəni biz başqa şairlərin əsərlərində dünyəvi mövzu da görürük, irfani də, başqa mövzular da. Amma Nəsimi şeirinə fərdiyyət qazandıran həm də hürufiliyə bağlı olmasıdır. Nəsimi bir şəxsiyyət etibarilə çoxyönlüdür. Amma bütün çoxyönlülüyü də hər şeydən öncə bir şair kimi ifadə edir”.

 

Həqiqəti təhrif edən sovet ideologiyası

 

Tədqiqatçının fikrincə, hürufilikonun ən böyük təbliğatçısı Nəsimi Sovet ideologiyasının əlində bir alət idi: “Yəni guya Nəsimi Allahı inkar edirmiş. Şairin dünyagörüşü ateizmlə, materializmlə yaxınlaşdırılırdı. Və bu kontekstdə onlar Nəsiminin dünyagörüşünü əllərində alət edirdilər. Lakin Nəsimiyə bu yöndən baxmaqla orta əsrlər fəlsəfəsini izah etmək mümkün deyil. Guya orta əsrlərdə açıq fikirli olan hürufilik düşüncəsinin daşıyıcısı olan insanları təqib edirdilər, öldürürdülər. Amma hürufiliyin tarixi ilə bağlı illər boyunca apardığım araşdırmalar tamamilə fərqli nəticəni ortaya qoyub. Hürufilər dövrünün hakimləri, iqtidar sahibləri ilə çox yaxşı münasibətdə olublar...”.

S.Şıxıyevanın sözlərinə görə, Nəsimi özü faciəli taledən qaçmaq istəməyib: “ O,hər şeydə ilahi təqdirə, alın yazısına, Allahın verdiyi qismətə inanan bir şəxs idi. Əsərlərində tez-tez yazır ki, həqdən nəsibim bu oldu. Hətta oğlunun adını həqdən ona verilmiş bir qismət hesab edir: “Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi”. Özünün Nəsimi təxəllüsünü də eyni cür mənalandırır: “Adımı həqdən Nəsimi yazaram” və yaxud “Daim ənəlhəq söylərəm, həqdənçü Mənsur olmuşam // Kimdir məni bərdar edən, bu şəhrə məşhur olmuşam.”… Gördüyümüz kimi, Nəsimi Allahın onun üçün müəyyənləşdirdiyinə qarşı çıxan bir şəxs olmayıb və taleyindəki hər təzahürlə razılaşıb”.

 

“Ciddi təhlilə ehtiyac var”

 

Tədqiqatçının fikrincə, Nəsimi elə bir şəxsiyyətdir ki, ona fədakarlıqla, səmimiyyətlə yanaşanda dünyaları açır: “Tam fərqli bir dünyaya daxil olursan. Hesab edirəm ki, Nəsimi haqqında tədqiqatlar ciddi yazılmalı, qaynaqlara söykənməli, obyektiv olmalıdır.

Bir tədqiqatçı kimi çox arzu edərdim ki, məktəblilər üçün Nəsiminin izahlı nəşri hazırlansın. Nəsiminin dini dünyagörüşünün, İslamla bağlı görüşlərinin ciddi təhlilə ehtiyacı var. Quran təfsirləri kontekstində də Nəsimi öyrənilməlidir. Nəsimi ilə bağlı görüləsi işlər çoxdur, onların bir hissəsini öhdəmizə götürmüşük. Ümid edirəm ki, bacaracağıq. Nəsimişünaslıqda mövcud boşluqlardan biri də Nəsiminin nəsr əsəri “Müqəddimətül-həqayiq”in nəşr olunmamasıdır. Onu da hazırda transliterasiya edirəm, ümid edirəm ki, bu il ərzində bitirə biləcəyəm. Ümumiyyətlə, ərəb ölkələrində şair haqqında yazılmış az sayda tədqiqat məlumdur, daha çox İranda, Türkiyədə araşdırmalar aparılıb. Çalışırıq ki, Nəsimi haqqında yazılmış bir sıra dəyərli əsərləri tərcümə edərək, oxucuların diqqətinə çatdıraq. Onun “İnsan” risaləsi, bir də nəsrlə nəzmin növbələşməsi ilə yazılan “Təriqətnamə” adlı əsəri haqqında məlumat var. İkinci əsər İranda çapa hazırlanır, “İnsan” isə Türkiyədədir. Bu iki əsərlə də tanışlıq, əlbəttə ki, Nəsimi haqqında daha dolğun məlumata sahib olmaq deməkdir. Nəsiminin əlimizə çatmayan kiçik həcmli “Mənzumə fiməsləkihürufiyyə”(“Hürufilik məsləki haqqında mənzumə”) adlı əsəri də var...”.

 

“Nəsiminin qəzəllərinə tez-tez müraciət edirik”

 

Nəsminin qəzəllərinə mütəmadi müraciət edən xanəndə Mütəllim Dəmirov bildirdi ki, dövlət başçsısının 2019-cu ili Nəsimi ili elan etməsi Nəsiminin tanıdılması ilə bağlı ciddi nəticələrə səbəb olacaq: “Sözün düzü cənab Prezidentin sərəncamından sonra incəsənət adamları Nəsimiyə tez-tez müraciət etməyə başlayıblar. Düzdür, səhv oxuyanlara da rast gəlirik. Amma eyni zamanda, Nəsiminin yaradıcılığını yaxşı bilən qiraətçilərimiz də var. Biz də Nəsmiyə tez -ez müraciət edirik. Xalq arasında müsiqiçilıərimizə, xanəndələrimizə Nəsiminin qəzəllərindən sifariş verənlərin sayı çoxalıb. Hesab edirəm ki, bu Nəsminin tanıdıLması baxımından çox yaxşı haldır. Nəsimi dünya çapında bir şəxsiyyətdir. Onun yazdıqlarını oxuduqca adam çox şey öyrənir. Nəsimi başqa bir dünyadır”.

Nəsimi yaradıcılığına daha çox müraciət edən qiraətçi Fərəc Əliyev bildirdi ki, Nəsimi Şərq poeziyasının mükəmməl, nəhəng siması dahi şəxsiyyətidir, şairlər şairidir. Onun sözlərinə görə, Həllaci Mənsur, Seyid Nigari Xəmsə, Fəzlullah Nəimi də mükəmməl fiosof-şairlər olub. Amma onların heç biri Nəsimi səviyyəsinə çata bilməyiblər: “Nəsimi əlçatmaz bir qüvvədir”.

F.Əliyev diqqətə çatdırdı ki, Nəsimi sıradan bir şair, yaxud sıradan bir insan deyil: “Biz onu hələ də tam anlaya, tanıya bilməmişik. Fikrimcə, nə şərq, nə də qərb alimləri Nəsimini tam aça bilməyiblər. Hesab edirəm ki, bir istiqamət üzrə ixtisaslaşan alim Nəsimini tam aça bilməz. Nəsiminin bir çox elmlər barəsində bilgisi olub, Qurani-Kərimi əzbər bilib”.

Qiraətçi əlavə edib ki, “Nəsimi ili” elan olunması bu böyük alimin daha ciddi təbliğatının aparılmasına səbəb olacaq: “Bu da ilahi fəlsəfi fikirlərin cəmiyyətə çatdırılmasında rol oynayacaq. Onun əxlaq, mədəniyyət, təqva, elm, kişilik məktbi anlayışını özündə ehtiva edən şeirləri çoxdur. Məslən, Kişi ki mərifətdə Kamil olmaz, ona nur inayət hasil olmaz; Şərətdən mükəməl olan adam, Təriqət aləmində qafil olmaz; Xudaya verməgil cahilə dövlət, Cahilə dövlət layiq olmaz; Xəlayiq qüssənilən oldu ahu vah, Qəmi qüssədən nəsnə hasil olmaz; Hünər babından laf etmə Nəsimi, Özünü öyən kişilər aqil olmaz...”.

 

Mədəniyyət Nazirliyi silsilə tədbirlər planı hazırlayıb

 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirdi ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Onun sözlərinə görə, Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur: “Nəsiminin müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi müxtəlif tədbirlərlə qeyd olunur. Həmçinin dövlət başçısının daha bir sərəncamı ilə 2019-cu il ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilib”.

O əlavə etdi ki, dövlət başçısının İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb: “Tədbirlər planında şəhər və rayon mədəniyyət müəssisələrində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələrinin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, görkəmli şairin 650 illik yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 27-30 sentyabr tarixində Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilmişdi. Bu il təşkil ediləcək “Nəsimi - şeir, incəsənət və mənəviyyat” II Beynəlxalq festivalı yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq.

Heydər Əliyev Sarayında şairin yubileyinə həsr olunan tədbirlər çərçivəsində musiqi kollektivləri və solistlərin iştirakı ilə bədii-musiqili gecə keçiriləcək.

Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” xoreoqrafik poeması əsasında konsert-tamaşa Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında və UNESCO-nun baş qərargahında nümayiş olunacaq. Həmçinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi məqsədilə qeyd olunan tamaşanın rəqəmsallaşdırılması da həyata keçiriləcək. Bundan əlavə, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimi” xoreoqrafik tamaşasının Azərbaycan, Rusiya, Almaniya, Türkiyə və TÜRKSOY təşkilatında nümayişi təşkil ediləcək. Bu tamaşanın da rəqəmsallaşdırılması nəzərdə tutulur. TÜRKSOY təşkilatında da yubiley tədbirləri keçiriləcək.

Almaniyanın Frankfurt və Türkiyənin İstanbul şəhərlərində keçirilən ənənəvi beynəlxalq kitab sərgilərində Nəsiminin yubileyinə həsr olunmuş tanıtım tədbirlərinin keçirilməsi planlaşdırılır.

Beynəlxalq Muğam Mərkəzində qədim musiqi alətlərinin və sufi musiqisi elementlərinin müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam konserti təşkil ediləcək. Azərbaycan Dövlət Yuğ Teatrında isə Nəsiminin qəzəlləri əsasında “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya nümayiş olunacaq. Şairin əsərlərinin Azərbaycan və xarici dillərdə çap olunması, eləcə də “Nəsimi irsi UNESCO-da” adlı nəşrin hazırlanması da tədbirlər planında yer alıb. Sənəddə həmçinin söz ustadının yubileyinə həsr olunmuş respublika rəsm müsabiqəsinin keçirilməsi də qeyd olunub”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2019.- 21 may.- S.9.