"Yüksəl, ey Azərbaycan" adlı musiqi albomunun təqdimatı keçirilib

 

 

 

Mayın 29-da Milli Konservatoriyada Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Express Bank”ın tərəfdaşlığı ilə hazırlanmış "Yüksəl, ey Azərbaycan" musiqi albomunun təqdimat mərasimi keçirilib.

Layihənin rəhbəri Prezident təqaüdçüsü, Milli Konservatoriyanın doktorantı, beynəlxalq festival laureatı Leyla Muradzadədir.

Təqdimatda çıxış edən layihə rəhbəri məlumat verib ki, albomda musiqiqeyri-musiqi ixtisaslı kollektivlərin ifalarından ibarət 12 mahnı yer alıb. Burada Uşaq kapellası, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə xorları, 23 və 35 nömrəli musiqi məktəblərinin xor kollektivləri, eləcə də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi şagirdlərinin ifaları cəmlənib. Layihədə ümumilikdə 250-dək uşaq və gənc iştirak edib. Layihənin məqsədi uşaq və gənclər arasında xor musiqisini təbliğ etmək, onların kollektiv ifa bacarıqlarını inkişaf etdirmək, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyəsinə təsir göstərməkdir. Layihəyə musiqi potensialının üzə çıxarılması məqsədilə sağlamlıq məhdudiyyətli uşaqlar da cəlb olunub.

Leyla Muradzadə gənclərin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib: “Məhz bu diqqət və dəstək sayəsində gənclərin ideyaları reallaşır və onlar öz bacarıqlarını nümayiş etdirə bilirlər. Gənclər Fondunun gənclərin ideyalarına verdiyi dəstək onların böyük inamla irəli addımlamağına stimul yaradır. Xor birlik və bərabərlik anlayışının ən gözəl təcəssümüdür. Biz bu ənənəni yaşatmaqinkişaf etdirmək arzusundayıq”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirib. O qeyd edib ki, hər bir bədii təhsil müəssisəsi xor dərnəklərinin yaradılmasında maraqlı olmalıdır.

Gənclər Fondunun şöbə müdiri Orxan Əkbərov, “Ekspress Bank”ın əməkdaşı Şəbnəm Hümbətova çıxışlarında layihənin gələcəkdə genişləndiriləcəyini diqqətə çatdırıblar.

Daha sonra albomda yer alan xor əsərləri səsləndirilib. Konsertin sonunda layihə üçün xüsusi hazırlanmış "Yüksəl, ey Azərbaycan" mahnısı Bakı Musiqi Akademiyası və 23 nömrəli musiqi məktəbinin birləşmiş xor kollektivi tərəfindən ifa edilib. Mahnının sözləri Anar Məmmədova, musiqisi Rəna Qədimovaya, aranjemanı isə Etibar Əsədliyə məxsusdur.

 

Xalq Cəbhəsi.- 2019.- 30 may.- S.16.