1945-1946-cı illərdə Güney Azərbaycandakı xalq
hərəkatı ilə bağlı sənədlər
2-ci yazı
Azərbaycan milli hökumətinin fəaliyyət proqramı
Azərbaycan Milli Nazirlər Kabineti, Azərbaycan xalqının illər boyu arzu etdiyi milli muxtariyyətini vücuda gətirmək və bu vasitə ilə Azərbaycan xalqının milli ehtiyaclarını həll edib onu inkişaf və təkamülə sövq etmək üçün aşağıdakı vəzifələri özünün yaxın hədəfi və proqramı təyin edir.
1. Milli muxtariyyətimizi dünyaya tanıtmaq, onun davam və bəqasını təmin etmək üçün ciddi tədbirlər görüb, səlahiyyətdar məqamat ilə müzakirəyə girişmək, İranın istiqlal və ərazi bütövlüyünə xələl gətirmədən milli dövlətimizi demokratik əsaslar üzrə qurmaq və bu yolda qabağa çıxa bilən çətinlikləri aradan qaldırmaq.
2. Milli muxtariyyətimizi möhkəm əsaslar üzrə qurub, onu xalqa yaxınlaşdırmaq məqsədi ilə çox tez bir surətdə vilayət ən- cümənlərinin seçkilərinə başlamaq və yerli idarələrin nəzarətini onların ixtiyarına vermək.
3. Şəhərlərimizin abadlığı üçün yubadılmadan şəhər əncümənlərini, demokratik əsaslar üzrə seçib, onların işlərini düzgün bir surətdə cərəyana salmaq.
4. Yerlərdə sağlam azadlıqsevər adamlardan rayon və qəsəbə başçıları seçib, onların vasitəsi ilə keçmiş zalımcasına hərəkətlər və xalqı təhqir edici əməllərin qarşısını alıb, bütün ölkədə təhlükəsizlik və asayişi təmin etmək.
5. Jandarm və polis idarələrini xain və xalqı əzib fəlakətə sövq edən şəxslərin əlindən çıxarıb, azadlıqsevər və vətənsevər şəxslərə tapşırmaq və onların işlərini xalqın arzu və ehtiyaclarına mütənasib bir hala salmaq.
6. Vergi qanunlarını nəzərdən keçirmək və maliyyə idarə¬sinin gəlir və xərclərini təftiş etdikdən sonra, çox tez bir surətdə milli büdcə layihəsini Milli Məclisə təqdim etmək. Ümumiyyətlə mali siyasətin gəlir və xərclərin əsasını məmləkətin inkişaf və təkamülü üzərində qurmaq.
7. Muxtariyyətimizi, Milli Məclisimizi və Milli Dövlətimizi qurmaq və onun gələcəyini təmin etmək üçün kəndlərdə və şəhərlərdə yaranmış fədai dəstələrini bir mərkəz ətrafında mər-kəzləşdirmək, milli xalq qoşunu yaratmaq və bu qoşunun silah və tənzimatını müasir hala salmaq məqsədi ilə ciddi tədbirlər görmək.
8. Mədəniyyət və maarif sahəsində dövlətimizin qabağında iki böyük məsələ durur. Birincisi öz milli dilimizi bütün məktəblərdə rəsmi olaraq qəbul və icra etmək, ikincisi isə ümumiyyətlə savadsızlığa qarşı mübarizə aparmaq, pulsuz və icbari təhsili milli yoluna qoymaq. Bunların hamısından çox, Milli Hökumətimizin ali təhsil məsələsinə əhəmiyyət verib, milli universitet əsasını qurmağa çalışmalıdır.
9. Ticarət və iqtisad sahəsində Milli Hökumətimiz birinci növbədə milli sənayemizə əhəmiyyət verib, mövcud zavodları düzgün yoluna qoyacaq. İkinci növbədə də yeni zavodlar açmaqla, məmləkətin sənayesinə olan ehtiyaclarını təmin edəcəkdir. Ticarət sahəsində dövlətimiz Azərbaycanın ticarət mərkəzi ola bilməsi üçün tədbirlər görəcək və yollar arayacaqdır.
10. Yolların təmir və çəkilməsi də, poçt, teleqraf və telefon kimi əlaqə vəsaitinin genişləndirilib, müasir hala salınması hökumətimizin əsas vəzifələrindəndir.
11. Kəndli ilə ərbablar arasında yaranan münaqişələri aradan qaldırmaq üçün qarşılıqlı razılıq şərti ilə, ciddi qanun layihəsi tərtib edib, bu yol ilə kəndli və ərbab məsələsini həll və təsdiq etmək.
12. Kəndlərdə və şəhərlərdə gündən-günə artmaqda olan işsizliyin qarşısını almaq üçün dövlət torpaqlarını tezliklə əkinçilər arasında bölüşdürmək. Həmçinin Azərbaycanı tərk edib onun xaricində milli muxtariyyətimiz əleyhinə təbliğat aparanların da yerlərini zəbt edib kəndlilərin ixtiyarına qoymaq ilə torpaqsız kəndlilər ayaqlandırılmalıdır. Bundan əlavə xalqı¬mızın əksəriyyətini kəndlilər təşkil etdiyi üçün gələcəkdə Aqrar Bankı elə bir surətdə gücləndirmək lazımdır ki, kəndliyə kredit verməklə torpaq məsələsini həll etsin və ərbablar öz istək və rəğbətləri ilə torpaqları kəndlilərə adilanə qiymətə sata bilsinlər.
13. İşsizliklə ciddi mübarizə etmək üçün ciddi tədbirlər görmək, əl sənayesi, yol işləri, zavodların təsisi, əkinçilik və ticarətin artması vəsaitindən ciddi surətdə istifadə etməyi lazım görür.
14. Fəhlə və zəhmətkeşin məişətini düzgün yola qoymaq üçün iş və əmək qanun layihəsini hazırlayıb Məclisə təqdim etməli və eyni zamanda işçilərin sığorta edilməsini icbari etmək üçün tədbirlər görməlidir.
15. Səhiyyə işinə diqqət yetirib birinci növbədə ümumi və keçici xəstəliklərin qarşısının alınması və xüsusilə kəndlərdə və aşağı sinifə mənsub əhaliyə həkim və dərman çatdırmaqla xalqın səhiyyəsini təmin etməlidir.
16. Milli Şura Məclisi tərəfindən bu ana qədər qərara alınmış qanunları, Azərbaycan xalqının həyatına və milli muxtariyyətinə münasib bir surətdə islah edib təzə faydalı layihələr təqdim etmək.
17. Xüsusi mülkiyyət haqqında Azərbaycan Milli Hökuməti, məmləkətin bütün sahələri üçün xüsusi mülkiyyəti qəbul edib, məmləkətin və xalq iqtisadiyyatının inkişafına və xalqın vəziy¬yətinin yaxşılaşmasına səbəb olan hər növ xüsusi hərəkətlərə kömək edəcəkdir.
18. Azərbaycan Milli Hökuməti, ölkədə yaşayan ümuməhalinin vicdan və inam azadlığına ehtiram edəcəkdir.
19. Azərbaycan Milli Hökuməti, Azərbaycanlılarla birlikdə Azərbaycanda yaşayan bütün vətəndaşları xüsusi ilə kürdlər və başqalarını hüquq və qanun qarşısında eyni hesab edir.
20. Azərbaycan Milli Hökuməti, mərkəzi İran hakimiyyətini tanımaqla yanaşı bu hökumətin Azərbaycanın muxtariyyətinə müxalif olmayan, Azərbaycan xalqının təsisçilər Məclisi və Azərbaycan Məclisinin müraciətnamə və qərarlarında qeyd olunan milli hüquq tələblərinə zidd olmayan tədbirləri həyata keçirəcəkdir.
Proqramın ətrafında geniş surətdə müzakirə etdikdən sonra səsə qoyulub, Azərbaycan Milli Hökumətinin proqramı səs çoxluğu ilə qəbul olundu.
***
Sovet dövlətinin başçısıi İ.Stalinin Azərbaycan Demokrat Firqəsinin lideri Seyid Cəfər Pişəvəriyə şəxsi məktubu
Pişəvəri yoldaşa
Mənə elə gəlir ki, Siz İran daxilində, həm də beynəlxalq nöqteyi-nəzərdən yaranmış vəziyyəti düzgün qiymətləndirmirsiniz. Birincisi, Siz hazırda Azərbaycanın bütün inqilabi tələblərinə nail olmaq istəyirsiniz. Lakin indiki şərait belə bir proqramın həyata keçirilməsi imkanını istisna edir. Lenin praktiki tələblər kimi, qeyd edirəm, praktiki tələblər kimi əsas inqilabi tələbləri yalnız xarici düşmənlə uğursuz müharibənin dərinləşdirildiyi ölkə daxilində, güclü inqilabi böhranın olduğu bir şəraitdə irəli sürmüşdü. 1905-ci ildə Yaponiya ilə uğursuz müharibə zamanı belə olmuşdu. 1917-ci ildə Almaniya ilə uğursuz müharibə zamanı belə olmuşdu. Siz indiki halda Lenini təqlid etmək istəyirsiniz. Bu çox yaxşı və tərifə layiqdir. Ancaq İranda vəziyyət hazırda tamamilə başqadır. İranda hazırda dərin inqilabi böhran yoxdur. İranda fəhlələr azsaylıdır, onlar pis təşkil olunmuşlar. İran kəndliləri hələlik ciddi fəallıq göstərmirlər. İran hazırda xarici düşmənlə müharibə aparmır. Belə bir müharibədə məğlubiyyət isə İranın irticaçı dairələrini zəiflədə bilərdi. Deməli, İranda belə bir şərait yoxdur ki, Leninin 1905-1917-ci illərdəki taktikasını yürütməyə imkan versin.
Ikincisi, əlbəttə, Siz Sovet qoşunlarının İranda qalmaqda davam edəcəyi təqdirdə Azərbaycan xalqının inqilabi tələbləri uğrunda mübarizə işində uğur qazanmağa ümid ola bilərdiniz. Lakin biz onları daha İranda saxlaya bilmirik, başlıca olaraq ona görə ki, sovet qoşunlarının İranda olması Avropa və Asiyada bizim xilaskarlıq siyasətimizin əsaslarını sarsıdır. İngilislər və amerikalılar bizə deyirlər ki, əgər Sovet qoşunları İranda qala bilirsə, onda nəyə görə ingilis qoşunları Misir, Suriya, İndoneziya və Yunanıstanda, həmçinin Amerika qoşunları Çin, İslandiya və Danimarkada qalmasın. Buna görə də biz İran və Çindən qoşunları çıxarmaq qərarına gəlmişik ki, ingilislərin və amerikalıların əlindən bu silahı qoparıb alaq, müstəmləkələrdə azadlıq hərəkatını genişləndirmək və bununla da öz xilaskarlıq siyasətimizi daha əsaslı və faydalı edək. Siz bir inqilabçı kimi, əlbəttə, başa düşürsünüz ki, biz başqa cür hərəkət edə bilmərik.
Üçüncüsü, deyilənləri nəzərə alaraq, İrandakı vəziyyətlə bağlı aşağıdakı nəticələrə gəlmək olar: İranda inqilabi böhran yoxdur, İranda xarici düşmənlərlə müharibə vəziyyəti yoxdur, deməli, irticanı zəiflədə və böhranı kəskinləşdirə bilən müharibədə uğursuzluq da yoxdur. Nə qədər ki, sovet qoşunları İranda yerləşib, Siz Azərbaycanda mübarizəni genişləndirmək və daha irəli gedən tələblərə geniş demokratik hərəkatı təşkil etmək imkanına maliksiniz. Ancaq bizim qoşunlar getməlidirlər və İrandan çıxıb getdilər. Biz artıq İranda nəyə malikik? Biz İranda Qəvam hökumətinin İranın daha irticaçı ünsürlərini təmsil edən anqlofil dairələrlə münaqişəsinə malikik. Keçmişdə Qəvamın necə bir irticaçı olmasına baxmayaraq, o, indi özünümüdafiə mənafeyinə və öz hökumətinin müdafiəsi naminə bəzi demokratik islahatlara getməyə və İranın demokratik elementləri arasında dayaq axtarmağa məcburdur. Belə bir şəraitdə bizim taktikamız necə olmalıdır? Mən fikirləşirəm ki, Qəvamdan güzəştlər qoparmaq üçün bu münaqişədən istifadə etməliyik, anqlofilləri təcrid etmək və bununla da İranın daha da demokratikləşməsi üçün müəyyən bazis yaratmalıyıq. Bizim sizə bütün məsləhətlərimiz məhz belə bir vəziyyətdən irəli gəlir. Əlbəttə, başqa taktika da qəbul etmək olar: hər şeyə tüpürmək, Qəvamla əlaqələri kəsmək və bununla da anqlofil irticaçıların qələbəsini təmin etmək olar . Amma bu, taktika deyil, axmaqlıq olardı. Bu, mahiyyətcə Azərbaycan xalqının işinə və İran demokratiyasına xəyanət olardı.
Dördüncüsü, bizə məlum olduğuna görə, Siz demişsiniz ki, biz əvvəlcə Sizi göylərə qaldırmış, sonra isə uçuruma yuvarlamışıq və Sizi rüsvay etmişik. Əgər bu doğrudursa, onda bu bizdə təəccüb doğurur. Əslində isə nə baş vermişdir? Biz burada hər bir inqilabçıya məlum olan adi inqilabi fənd tətbiq etmişik. İrandakı şərait kimi belə bir vəziyyətdə özümüz üçün hərəkatın məlum minimum tələbini əldə etməyi təmin etməkdən ötrü hərəkatı irəli qaçırmaq, minimum tələblərdən irəli getmək və hökumət üçün təhlükə yaratmaq, hökumət tərəfindən ediləcək güzəştlər üçün imkan yaratmaq lazımdır. Daha irəli qaçmadan, Siz İranın indiki vəziyyətində hazırda Qəvam hökumətinin getməyə vadar olduğu tələblərə nail olmaq imkanına malik ola bilməzdiniz. İnqilabi hərəkatların qanunu belədir. Sizin üçün hər hansı bir rüsvayçılıqdan söz ola bilməz. Çox qəribədir ki, əgər Siz fikirləşirsiniz ki, biz Sizin rüsvayçılığınıza yol verə bildik. Əksinə, əgər Siz özünüzü ağıllı aparsanız və bizim mənəvi köməyimiz sayəsində əsasən Azərbaycanın indiki faktiki vəziyyətinin leqallaşdırdığı tələblərə nail olsanız, o vaxt Sizə Orta Şərqdə mütərəqqi demkoratik hərəkatın pioneri kimi azərbaycanlılar da, İran da xeyir-dua verər.
İ.Stalin
8 may 1946-cı il
Xalq Cəbhəsi.- 2019.- 5 noyabr.-
S.14.