Özbəkistanda Azərbaycan mədəniyyəti
və ədəbiyyatı günləri
Özbəkistanın Xarəzm vilayətinin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılış mərasimi keçirilib. Mədəniyyət günləri Daşkənddəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir. Mərasimdə Azərbaycandan və Özbəkistandan mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Tədbiri Xarəzm vilayətinin hakimi Fərxad Ermanov açaraq iki milyona yaxın əhalisi, qədim tarixi və zəngin mədəniyyəti olan vilayətdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilinin böyük bayram olduğunu bildirib. Vilayət rəhbəri dili, mədəniyyəti, adət-ənənələri, dini və ruhu bir olan Azərbaycanla münasibətlərin Özbəkistan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı, orada keçirilən görüşlər barədə danışıb, Özbəkistanın Türk Şurasının tamhüquqlu üzvü olmasının böyük sevinclə qarşılandığını vurğulayıb.
AMM-in direktoru Samir Abbasov deyib ki, hər il Özbəkistanın müxtəlif şəhərlərində mədəniyyət günləri keçirilir və bu tədbirlərdə dünyanı heyran qoyan zəngin mədəniyyətimiz, Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələri nümayiş etdirilir. O, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə görüşü zamanı səsləndirilən fikirləri yada salıb, bu görüşün ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb.
Samir Abbasov xalqlarımız arasında oxşar, ortaq dəyərlər haqqında danışıb, Azərbaycanın muğam, aşıq və xalçaçılıq sənətinin, Qobustan və Azıx mağarası kimi qədim yaşayış məskənlərinin ölkəmizin qədim tarixi və zəngin mədəniyyətini dünyaya bir daha nümayiş etdirdiyini söyləyib. “Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva iki xalq arasında ədəbiyyat sahəsində əməkdaşlıq, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Əbdülhəmid Çolpan, Hüseyn Cavidin irsi arasındakı ədəbi əlaqələr, dostluq münasibətləri barədə danışıb, xalqlarımızı birləşdirən dəyərlərin çox olduğunu, ata-babalarımızdan bizə miras qalan Azərbaycan-Özbəkistan dostluğunu gələcək nəsillərə çatdırmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.
Daha sonra
AMM-in hazırladığı bədii proqram təqdim olunub. Konsert proqramında
Azərbaycanın Əməkdar
artistləri, tanınmış
muğam ustaları Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycanın
xalq mahnılarını,
muğamlarımızı ifa
ediblər. Xanəndələri tarda Azərbaycanın Əməkdar artisti,
2017-ci ildə Səmərqənddə
keçirilən “Şərq
təranələri” XI Beynəlxalq
Musiqi Festivalının
qalibi Sahib Paşazadə
müşayiət edib.
S.Paşazadənin tarda solo ifaları
da alqışlarla qarşılanıb. Tədbir AMM-in nəzdindəki “Azərbaycan
qızları” rəqs
ansamblının milli
rəqslərimizi ifa etməsi ilə davam edib. Qədim mədəniyyət beşiyi
olan Xarəzm torpağında Azərbaycan
mədəniyyəti və
ədəbiyyatı günləri
çərçivəsində tədbirlər davam edir.
Xalq Cəbhəsi.-
2019.- 7 noyabr.- S.16.