Ermənilər Azərbaycan-türk əsilli yaşayış məskənlərinin adlarını erməniləşdiriblər  

 

 

1-ci yazı

 

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Bildirilir ki, 1919-cu il mayın 3-də ermənilər Naxçıvana hücum etsələr də, orada uzun müddət qala bilmədilər. Naxçıvan Milli Şurasının rəhbərliyi (Cəfərqulu xan, Kəlbəli xan, Xəlil bəy və başqaları) Azərbaycan Demokratik Cümhuriyyətinə ermənilərə heç vaxt itaət etməyəcəklərini bildirərək, xalqı ermənilərlə qeyri-bərabər müharibəyə çağırdılar. Avqustun 30-da Naxçıvan ermənilərdən təmizləndi. Ermənilər qaçandan sonra Azərbaycan Demokratik Cümhuriyyəti Səməd bəy Cəmilinskini Naxçıvanın hərbi komandanı təyin etdi. Lakin bundan sonra da Naxçıvan ermənilərin daimi hücumlarına hədəf oldu.

Naxçıvanda vəziyyət ağır olsa da, o erməni caynağından xilas ola bildi. Lakin gördüyümüz kimi, əsrlər boyu müsəlmanların (Azərbaycan türklərinin – red.) vətəni olmuş İrəvanda və onun ətraf yerlərində daşnaklar xaricilərin köməyi ilə soyqırım törətməklə, yerli müsəlmanları didərgin salmaqla həmin əraziləri qəsb edib, o torpaqların sakinlərinin cəsədləri üzərində Ermənistan Respublikasını yaratdılar.

Bu proses, yəni soyqırım və bu diyarın müsəlmanlarını (Azərbaycan türklərini – red.) dərbədər salmaq siyasəti sonralar da davam etdirildi. 1950-ci ildə azərbaycanlıların xeyli hissəsi zorla Ermənistandan çıxarıldı. Ermənilər öz cinayətkar əməllərini gizlətmək üçün türk-azəri (Azərbaycan – red.) məntəqələrinin çoxunun adlarını dəyişib erməni adları ilə əvəz etdilər. Səbahəddin Eloğlu Zəngəzur hadisələri haqqındakı kitabında (“Zəngəzur hadisələri”, Bakı, 1992) yazır: "Bu əraziləri 1828-ci il Türkmənçay müqaviləsindən sonra ruslar müxtəlif vaxtlarda və müxtəlif yollarla Azərbaycandan ayırıb ermənilərə verib. Məsələn, Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Şəmsəddin vilayəti, Göycə azəribaycanlıların ata-baba torpaqlarıdır. Bu yerlərdə 15-dən artıq rayon, 10 böyük şəhər, 11 kiçik şəhər və ya qəsəbə, yüzlərlə kənd adı dəyişdirilib. Onlardan bir neçəsini sadalayırıq: Allahyarlı – Tumanyan, Hacı Həzər - Kamo, Karvansara - İcevan, Duzkənd - Axuryan, Sərdarabad - Oktembryan, Qəmərli – Artaş- art, Hamamlı - Spitak, Ağababa - Amasiya"...

Ermənilər Aşıq Ələsgərin doğulduğu Göyçə vilayətini də öz caynaqlarına keçirdilər. Sovet dövründə Azərbaycanın bütün tarix kitablarında Göycə mahalı Vardanes kimi Berd, Göycə gölü isə Sevan adlandıraraq Ermənistan xəritəsinə daxil edilmişdi. Bu vilayətin dərələrinin, təpələrinin, çaylarının da adları erməniləşdirilmişdi. Azəri müsəlmanları (Azərbaycan türkləri – red.) kütləvi şəkildə köçməyə məcbur etdilər.

Yerdə qalan azərbaycanlılar 1988-ci ildə bu torpaqlardan qovuldular. Erməni cəmiyyətinin monomilli olmasının səbəbi soyqırım siyasəti və müsəlmanların (Azərbaycan türklərinin – red.) qovulması olub. Həmin müəllif buradakı müsəlmanların (Azərbaycan türklərinin – red.) son illərdəki vəziyyəti barədə yazır: "Ermənistan azərbaycanlıları (Azərbaycan türkləri – red.) ən böyük milli tərkib kimi İrəvan şəhərində yaşamış və öz mədrəsələrini təsis etməyə çalışmışlar. 1970-ci ildə Ermənistanda əhalinin siyahıyaalmasında azərbaycanlıların əksərən kəndlərdə yaşadığı, yalnız az bir qisminin İrəvan, Qafan, Qacaran, Gümrü şəhərlərində yaşadıqları qeyd edilmişdi. Ümumiyyətlə, Ermənistanın müxtəlif məntəqələrində azərbaycanlıların sayı aşağıdakı kimi olmuşdu: Amasiyada 82,7%, Vardanesdə (Göycə mahalı) 65%, Meqridə 57%, Qafanda 53,6%, Krasnoselskdə 51,5%, Masisdə 33,2%, Sisyanda 30,1%, Boğqonadzorda 18,8%, Quqarekdə 28,8%, Kalinində 29,1%, Əzizbəyovda (Vaykeknunidə) 27,7%.

Ermənistanda yaşayan azərbaycanlıların (Azərbaycan türklərinin – red.) təkidi və təşəbbüsü ilə İrəvanda azərbaycanlıların texniki sahələr üzrə məktəbi, qəzet-jurnalı, Azərbaycan dilində tamaşa göstərən xüsusi teatrı, Ermənistan sərhədlərindən kənarda yaşayan soydaşlar üçün radio verilişləri, Abovyan adına Azərbaycan dili və ədəbiyyatı üzrə Pedoqoji İnstitutu fəaliyyət göstərmişdi.

Təkcə İrəvanda deyil, ümumiyyətlə, bütün Ermənistan ərazisində bu gün bir nəfər də azərbaycanlı (Azərbaycan türkü – red.) qalmayıb. Sübut olunmuş tarixi faktlara görə, uzun əsrlər boyu bu ərazi azərbaycanlılara (Azərbaycan türklərinə-red.) məxsus olub və erməni azlığı da müsəlmanların (Azərbaycan türklərinin-red.) ətrafında sülh və barış içində yaşayıb, onların himayə və yardımından faydalanmışlar.

İrəvan Dövlət Universitetinin müəllimi Qorki Nalbandiyan yazır: "...Ararat ərazisi və ya Çuxursəd vilayətində qızılbaşlara qoşulan böyük sədulu əmirləri hökmranlıq edirdilər. Onlar öz xristian təbəələrinə, xüsusilə yüksək rütbəli erməni ruhanilərinə, tacirlərə, qeyri-müsəlmanlara mülayimxoş üz göstərirdilər. Təsdiqlənmiş qaynaqlarda da Şah İsmayılın ermənilərlə mülayimxoş davranması, xüsusilə də, Eçmiədzinin böyük yepiskopu Zəkəriyyəyə yaxşı münasibəti dəfələrlə qeyd olunub".

İrəvanda və Tiflisdə Qafqaz incəsənət əsərlərinin tədqiqi ilə məşğul olan doktor Şəhriyari Ədl 1831-ci ilin statistikasına əsaslanaraq İrəvan şəhərində 6 məscid, 7 kilsə olduğunu bildirib. Görünür ki, İrəvanda müsəlman əhalinin (Azərbaycan türklərinin – red.) say baxımından xristianlardan üstün olmasına baxmayaraq, Qacar sərdarı bu iki dinin daşıyıcılarının müvazinətini qoruyub saxlamağa xüsusi diqqət yetirmişdi.

İrəvan qətliamından canını götürüb Arazın bu tayına gəlmiş Baxçaban tayfasından əlavə, İrəvanda yaşayan müsəlman tayfalarının da bir qismi təhlükənin yaxınlaşdığını görüb illər boyu zəhmətlə qurduqları ev və mülklərini atıb Arazın bu tayına üz tutublar. Onlardan bir qrupu Xoyda məskunlaşdı və varisləri indiorada yaşayır. Həmin adamlar sırasında Raşidi, Əhmədi, Azərm, doktor Necat, Dadur, Dəstrəncin adlarını çəkə bilərik.

İrəvan azərbaycanlılarından biri olan Rəvanşad Cəfər Raşidi ailəsi ilə birgə İrana gəlmiş və Xoy şəhərində məskunlaşmışdı. O da Cabbar Bağçaban kimi maarifpərvər bir ziyalı olduğundan, bu şəhərdə bir sıra xeyriyyə işləri görmüşdü. Raşidilərin əsli Mərənddən idi. Ataları mərhum Hacı Molla Hüseyn hər il məhərrəm və ramazan aylarında Arazın o tayına gedib İrəvanda vaizlik edərdi. Nəhayət, XX əsrin əvvəllərində Hacı Molla ailəsi ilə birlikdə İrəvan şəhərində daimi yaşamağa qərar verir.

Hacı Molla Hüseynin böyük oğlu Mirzə Əbdülhüseyn də molla olduğundan, atası vəfat edəndən sonra onun yerini tutur. Ailənin digər bir övladı Mirzə Əli Əkbər İrəvanda parça satışı ilə məşğul olsa da, elm, bilik tərəfdarı olmuşdu. Onun kiçik qardaşı, xüsusi istedada malik olan Cəfər Raşidi İrəvan mədrəsələrində dərs verirdi. O, Ettehadiyyə mədrəsəsinin rəhbəri olmaqla bərabər, xeyriyyə cəmiyyətinin xahişi ilə şəhərdəki pedaqoji tərbiyə mərkəzində də dərs verir, uşaqlara peşə seçimində kömək göstərirdi.

Bu maarifpərvər insan əslən İrəvandan olan Şamama adlı bir xanımla ailə qurduqdan sonra Təbrizdə yaşamışdı. Qaynatası Tağı Tağıyev İrəvan şəhərinin un və çörək şurasının müdiri idi. Onların nigah kağızı üç dildə – türkcə, farsca, rusca yazılmışdı.

Cəfər Raşidi öz ata-baba yurduna qayıtdıqdan sonra daimi yaşayış yeri kimi Xoy şəhərini seçmişdi. O, şəmsi tarixi ilə 1298-ci ildən bu şəhərdə müəllimlik etmiş, xeyli qiymətli işlər görmüşdü. Hüseyn Omid yazır: "Cəfər Raşidi 1298-ci ildən başlayaraq Xoy mədəniyyətinə xidmət etmişdi. Sirus, Nisvan və digər mədrəsələrə rəhbərlik etmiş bu şəxs 35 il müddətində çox qiymətli işlər görmüşdü". Buna görə də Xoy şəhərindəki mədrəsə onun şərəfinə "Raşidi" adlanmış və bu gün də həmin adı daşımaqdadır. Cəfər Raşidi şəmsi tarixi ilə 1332-ci ildə (1933) Xoy şəhərində vəfat etmişdir. Onun İrəvanda türkrus dillərində təhsil almış həyat yoldaşı Şamama xanım Xoy şəhərinə gəldikdən sonra gecələr ərindən fars dilini öyrənmiş, gündüzlər isə şəhərdəki ilk qızlar mədrəsəsində yeniyetmələrin təlim-tərbiyəsi ilə məşğul olmuşdu. O, 31 il bu sahədə fəaliyyət göstərmiş və şəmsi tarixi ilə 1350-ci ildə vəfat etmişdi. Onların övladı Əli Raşidi anasının söhbətləri əsasında İrəvanda keçən günlər barədə xatirələr yazmışdı. Şamama xanım deyirmiş ki, Novruz bayramı İrəvanda xüsusi təmtəraqla keçirilirmiş. Şəhərin müsəlman kişiləri fərvərdin (martın 26-da) ayının ilk beş günündə qohumlara baş çəkər, sovqat aparardılar. Fərvərdin ayının 6-cı günündən başlayaraq xanımlar bayram təşrifinə başlardılar. Cəfər Raşidinin onunla bərabər İrəvandan qaçmış digər qardaşları da Xoy şəhərində məskunlaşmışdılar.

Onu da qeyd edək ki, bu tayfanın İrəvanda qalmış üzvləri ermənilərin əli ilə qətlə yetirilmiş, malları-mülkləri talan edilmişdi. Onlardan biri olan Dadurlar ailəsi bütünlüklə məhv edilmişdi. O qanlı illərdə İrəvandan (İrana) qaçan azərbaycanlılar ömürlərinin sonuna qədər vətən həsrəti ilə yanıb-qovrulmuşlar. İrəvanın məşhur xanlarından olan Cəmil bəyin qızı və Əlixan bəyin nəvəsi Səriyyə xatun (miladi 1908-1990-cı illər) Bakıya köçsə də, ömrünün axırına qədər doğulduğu ana torpağın nisgili ilə yaşamış, 1990-cı ildə gözlərini əbədi yummuşdu. Bu şairə xanım uzun illər doğulduğu torpaq haqda çoxsaylı bayatılar qoşmuşdu. Həmin bayatılarda İrəvan sakinlərinin vətən həsrəti, vətən nisgili öz əksini tapıb. Şairənin ürək qanı yazılmış bayatılarından bir neçəsini sizlərə təqdim edirik:

İrəvan qana düşdü,

Qəfil fəqana düşdü,

Təbriz, Gəncə hardadı,

Qollarım yana düşdü…

İrəvanın dağları,

Çiçək açıb bağları,

Yada salıb mən yazıq,

Ötüb-keçən çağları.

Qardaşım qaladadı,

Payı piyaladadı,

Çıx qalanın başına,

Gör bacın haradadı?

İgid mənim olunca,

Yada qənim olunca,

Qəbrimdən günəş doğar

Vətən mənim olunca.

Şəklimi qara çəkin,

Daşa-duvara çəkin.

Yurdumdan doydum desəm,

Saçımdan dara çəkin…

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2019.- 23 noyabr.- S.13.