Ermənilərin qondarma
“Böyük Ermənistan” ideologiyası
1-ci yazı
Bu gün dünyada erməni oyunçuluğunu daha
geniş vüsət alıb. Dünyanın iri
gücləri bunu açıq-aydın gördükləri dərəcədə
oyunçuluğa imkan yaradır. Tarix üzrə elmlər
doktoru, professor Kərim Şükürov “Böyük Ermənistan”
ideologiyası, eləcə də Azərbaycan torpaqlarına
dair iddianın yaranması ilə bağlı
araşdırmasında bildirir ki, elmə məlum versiyalardan
birinə görə ermənilər Balkan mənşəlidir
və sonrakı bütün tarixi coğrafiyalarında gəlmədir:
“İlk dövlətləri də etnik baxımdan erməni
dövləti olmayıb, müəyyən birlikləri ifadə
edir. Tarixşünaslıq ənənəsinə görə,
sonralar “Böyük Ermənistan” adlandırılan
çarlıq Bizans və Sasanilər arasındakı 387-ci il müqaviləsi ilə
bölüşdürülüb. Akademik Ziya
Bünyadov haqlı olaraq yazırdı ki, erməni dövlətçiliyi
çar şərəfinə iddia edən Arsuruni, Baqratuni,
Mamikonyan, Amatuni, Bznuni və digər sparapetlər və b.
arasındakı əzəli çəkişmələr və
mübahisələr üzündən yoxa çıxdı.
Ona görə də xəyanətkarlıq erməni
tarixinin əsas süjetlərindən biri olub. Onun da əsas simvollarından biri Merujan Arsuruni idi”.
Bu hadisədən
bir müddət sonra erməni
tarixşünaslığında yeni tarix konsepsiyası
yaradılır: “Kolumbiya universitetinin professoru N.Q.Qarsoyan Ermənistanın
IV əsr tarixindən bəhs edərkən (çox
maraqlıdır ki, bu məqalədə “Ermənistan” və
“sədaqət” terminlərinin dəqiqləşdirilməsi nəzərdən
keçirilir) yazırdı ki, bizim hadisələri təfsirimiz
erməni mənbələrindən asılıdır. Pavstos
Buzand və ya Movses Xorenatsinin təsvir etdiyi mənzərə,
azad və ya qeyri-azad, onların zərdüşt
İranına qarşı dayana bilən şəxsi ideallarını
- vahid, birləşmiş Ermənistanı əks etdirirdi… Bizim üçün bu mənzərənin V
yüzillik üçün də doğru olduğu indi əhəmiyyətli
deyil. Bizim üçün əhəmiyyətli
olan odur ki, o IV əsrin gerçəkliyini təhrif edir, o
zaman Ermənistan vahid deyildi, birləşmiş deyildi və
pers dünyasına yad deyildi.
Ermənilər tarix anlayışı ilə birgə,
tarixi-siyasi coğrafiyalarına da dəyişiklik etməyə
başlayır, “Şərqi” və “Qərbi Ermənistan”
anlayışları uydurulur. Azərbaycanın qərb
torpaqlarının da Ermənistan dövlətinin tərkibinə
daxil edilməsi (“Şərqi Ermənistan”) ənənəsinin
əsası qoyulur, məqam yaranan kimi siyasi mərkəz
axtarışı Azərbaycan torpaqlarına yönəldilir.
Albaniya tarixinin tədqiqatçısı Fəridə Məmmədova
387-ci il müqaviləsinə dair bir qeydində
yazır ki, mən alban torpaqlarına aid 387-ci il müqaviləsini
əks etdirən mənbə aşkar edə bilmədim. Qafqaz
xalqlarının tarixi coğrafiyası problemi üzrə
müşavirədə (1983-cü il 4-8
may, Moskva ş.) aydın oldu ki, belə bir müqavilə
yoxdur, o mənbəşünaslıq əsaslarından məhrumdur.
B.A.Arutyunyan (erməni tarixçisi, Ermənistanın
qədim və orta əsrlər tarixi, tarixi coğrafiyası və
kartoqrafiyası üzrə mütəxəssis (1941-2003)
-K.Ş.) rəsmən bəyan etdi ki, belə bir müqavilə
mövcud deyil. Bu müqavilə
mövcudluğuna görə, yalnız erməni
tarixşünaslığına borcludur. O həmçinin
bildirdi ki, erməni elmi bu köhnəlmiş konsepsiyadan imtina
edir və yeni konsepsiya yaradılmasına başlayır. Diqqəti ona cəlb etmək istəyirəm ki, həmin
konfransdan xeyli müddət keçməsinə baxmayaraq ermənilər
hələ də belə bir konsepsiya yarada bilməyiblər və
yenə də mövcudluğu ilə tarixşünaslıq ənənəsinə
malik olan konsepsiyanı davam etdirirlər”.
Erməni
çarlığının ləğvindən sonra (IV-VII əsrlər)
ermənilərin yer üzündən silinmək təhlükəsi
yarandı: “Roma və onun siyasətini davam etdirən Bizans bu
sahədə konkret siyasi xəttə malik olub. Erməni
tarixçisinin yazdığı kimi, Bizans erməni dövlətçiliyini
məhv etməyə, erməni torpaqlarını işğal
etməyə, tutulmuş torpaqlarda erməniləri assimiliyasiya
etməyə cəhd edib. Sasani
imperiyası da 428-ci ildə ermənilərin hakimiyyətinə
son qoydu. Uzun müddətli Bizans-Sasani
müharibələrindən (582-602; 604-629) sonra isə ermənilər
Bizansın hakimiyyətinə keçdi. Belə
bir şəraitdə ermənilərin yalnız əvvəlki
tarixşünaslıq ənənəsilə yaşamaqdan
başqa çarəsi yox idi”.
Tarixşünaslıq
iddiasından siyasi iddialara: əsas amilləri və nəticələri
(VII-XVI əsrlər): “Tarixi həqiqət budur ki, əvvəlcə
Ərəb xilafəti, sonra isə türk-müsəlman
dövlətlərinin siyasəti ermənilərə nisbi
inkişaf və sabitlik gətirdi. Məhz bunun nəticəsində
ermənilər təhlükədən xilas oldu və bundan
istifadə edərək həmin ərazilərdə möhkəmlənməyə
başladı. Erməni-qriqorian kilsəsi
də bu prosesdə mühüm rola malik olub. Ermənistanda xristianlığın qəbulu ilə
dövlətin ləğvi arasında elə də çox
vaxt keçməyib. Ümumiyyətlə,
xristian dövlətlərin tarixində bir vacib məqam olub.
Xristian dini və dövlət sıx
bağlı olub. Erməni
xristianlığı isə dövlətdən məhrum
olduqdan sonra onun naminə də fəaliyyətini genişləndirib.
Azərbaycan torpaqlarının da “birləşmiş
erməni dövlətinin” tərkibinə “daxil edilməsində”
ruhanilərin böyük rolu olub və bu siyasət kilsə tərəfindən
də davam etdirilib.
Ərəb xilafətinin yaxından iştirakı ilə
erməni-qriqorian kilsəsinin Qarabağın dağlıq hissəsində
alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi
siyasətinə dəstək verilib. Erməni-qriqorian kilsəsi
Alban kilsəsinə qarşı da amansız mübarizə
aparıb. Bu, sadəcə dini rəqabət
deyil, siyasi məqsədlərdən irəli gəlirdi. Erməni qriqorian kilsəsi islamın əhatə
dairəsindən kənarda qalan albanları qriqorianlaşdırmaqla,
alban xristian irsi ilə yanaşı, onun torpaqlarına da iddia
irəli sürürdü. Məhz bunun nəticəsi
idi ki, ermənilər Xilafətin dağılmasından sonra
siyasi təşkilatlanmağa, hətta Azərbaycan ərazisində
meydana gələn bəzi dövlət qurumlarını
(Xaçın knyazlığı, Sünik
çarlığı və s.) mənimsəməyə
çalışıb. Halbuki, burada
yalnız kilsənin təsiri altında
qriqorianlaşmış alban nəsillərindən bəhs
oluna bilər.
Türk müsəlman dövlətləri də ermənilərə
xeyirxah münasibətləri ilə fərqlənib. Səlcuqlar,
necə deyərlər, erməniləri Bizansın əlindən
xilas edib. Bir sıra erməni siyasi
qurumları, o cümlədən Kilikiya
çarlığı (1080-1375) da bu dövrdə meydana gəlib.
Daha mühüm bir hadisə isə Qaraqoyunlular
dövründə baş verib. Cahanşah
tərəfindən erməni qriqorian kilsəsi mərkəzinin
1441-ci ildə Eçmiədzinə (Üçkilsəyə)
köçürülməsi ilə ermənilərin
mövqeyinin möhkəmlənməsinə yeni stimul
yaranıb. Ermənilər Ərəb xilafətinin
dağılmasından sonrakı ənənəyə
uyğun olaraq, bu dövrdə də Azərbaycan ərazisində
meydana gələn məliklikləri özününkü hesab
etməyə çalışır. Beləliklə,
ermənilərin Azərbaycan torpaqlarına qarşı siyasi
iddiaları formalaşmağa başlayır. Bütün bunlara baxmayaraq, istər Qaraqoyunlu, istərsə
də Ağqoyunlular dövründə və 1501-ci ildə
meydana gələn Mərkəzləşdirilmiş Azərbaycan
Səfəvi dövlətinin ilk dövründə
güclü hakimiyyət ermənilərin baş
qaldırmasına imkan vermədi. Bununla
eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarına siyasi
iddiaları onun ələ keçirilməsi uğrunda xəyanətkar
fəaliyyəti üçün də zəmin
hazırladı”.
Erməni
azadlıq hərəkatı məsələsinə dair: “Ermənilərin
Osmanlı hakimiyyətinə keçməsi ilə yeni bir
şərait meydana gəldi. Yeni yaranmış
geostrateji vəziyyətdə Avropa üçün onun rəqibi
kimi Osmanlı dövlətinin xristian əhalisi olan ermənilərin
əhəmiyyəti artdı. Ermənilər
də fürsətdən istifadə edərək Avropa
dövlətlərindən Osmanlı və Səfəvi
hakimiyyətinə qarşı mübarizədə vasitəyə
çevrilməyə başladı. Erməni
tarixşünaslığı bunu azadlıq hərəkatı
kimi qələmə verməyə şalışır.
Bu məsələ erməni tarix
konsepsiyasının fundamentlərindən birinə
çevrilib. “Böyük Ermənistan”
mifindən çox bəhs edildiyi halda bu məsələ diqqətdən
kənarda qalıb.
Azadlıq hərəkatı prinsipcə əsarət
altında olan xalqın müstəmləkəçilərə
qarşı ümumxalq mübarizəsini, dövlət
yaratması və ya bərpasını nəzərdə
tutur. Ermənilər də bunu nəzərə alaraq belə
bir mövzuya xüsusi önəm verməyə
çalışır. Bu zaman da elmi
baxımdan ciddi yanlışlığa yol verilir. Erməni tarix kitablarında XVI-XVIII əsrlər
azadlıq hərəkatının mühüm dövrü
kimi ayrılır. Cənubi Qafqazda Rusiya
işğalından sonra azadlıq hərəkatı,
yalnız Osmanlı dövlətinə aid edilir.
Erməni tarixşünaslığının azadlıq
hərəkatı barədə konsepsiyasının
formalaşmasının gedişi də bu məsələyə
aydınlıq gətirir. A.R.İoannisiyanın
kitabında XVIII əsrin 80-ci illərində azadlıq hərəkatından
bəhs olunur, P.T.Arutyunyanın kitabında isə bu hərəkatın
xronologiyası XVIII əsrin birinci rübünə
aparılır, daha sonra isə xronologiya daha da dərinləşdirilir
və XVI-XVII əsrlərə aparılır.
Erməni azadlıq hərəkatı kimi təqdim edilən
mövzunun məzmunu da bu məsələnin mahiyyətinə
uyğun gəlmir. Belə ki, bu barədə müddəaların
ümumiləşdirildiyi erməni xalqının tarixinə
dair kitabların müvafiq hissəsini nəzərdən
keçirdikdə, əslində azadlıq hərəkatına
aid bir elmi fakt da verilmir, yalnız bəzi gizli
yığıncaqlardan bəhs olunur. Ən
diqqətəlayiq məsələlərdən biri də odur
ki, azadlıq hərəkatının ideologiyası kimi təqdim
edilən heç bir fikir göstərilən coğrafiyada nə
meydana gəlmir, nə də dəstəklənmir.
Erməni azadlıq hərəkatı kimi təqdim edilən məsələdə Azərbaycan torpaqlarına mühüm yer ayrılır. Bu məqsədlə əvvəllər olduğu kimi Azərbaycan torpaqları və burada meydana gələn dövlət qurumları Ermənistan kimi qələmə verilir. 1555 və onu təsdiq edən 1639-cu il müqaviləsi ilə Ermənistanın bölüşdürülməsi, onun qərb hissəsinin Osmanlı imperiyasına, şərq hissəsisinin, yəni Qərbi Azərbaycan torpaqlarının isə Səfəvilərə çatması iddia olunur. Bununla da 387-ci il Roma-Sasani müqaviləsi ənənəsi davam etdirilir, bu hadisələr arasında varislik yaradılmasına cəhd olunur. Tarixi faktlar 387-ci il müqaviləsi kimi, 1639-cu il müqaviləsi barədə erməni müddəasını təsdiq etmir. Türkiyə-İran (əslində Səfəvi) sərhədi üzrə komissiyanın komissar-vasitəçisi Y.İ.Çirikov bu barədə yazırdı ki, bu traktatın tam doğru mətni məlum olduğuna görə, saxlanmayıb. Onun kitabına müqavilənin tərcümə edərək əlavə etdiyi mətnində isə erməni ilə bağlı heç bir ifadə yoxdur.
“Şərqi Ermənistan”da, yəni Azərbaycan torpaqlarında hələ XV əsrdən mövcud olduğu bildirilən yarı muxtar erməni dövlət qurumlarına Xəmsə məliklikləri (1603-XVIII əsr) də əlavə edilir. Xəmsə məlikliklərinin erməni dövlətçiliyinə aid edilməsi kimi, “yarı muxtar erməni dövlət qurumu” haqqında anlayışın özü də tamamilə səhv olub, dövrün heç bir hüquqi-siyasi sənədi ilə təsdiq olunmur və s.
Beləliklə, erməni azadlıq hərəkatı kimi təqdim edilən fəaliyyət mahiyyətcə xarici dəstək vasitəsi ilə işğal cəhdindən ibarət idi”.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2019.- 26 noyabr.- S.13.