“Erməni millətçiliyinin tezisləri
Qriqorian kilsəsinin
monopoliyasındadır”
Anar Turan: “Bu kilsə üzərinə sanki
ermənilərin mənəvi tərbiyəsini, dini dəyərlərini təbliğ etməyi
deyil, erməni milli kimliyini formalaşdırmaq məsuliyyəti qoyub”
“Bəli işimizi əsasən ermənilərin informasiya manipulyasiyasının qarşısını almaq, gerçəkləri xalqımıza daim təbliğ etmək üçün qururuq. Erməni aqressiyasının təməlində irqçi təbliğat, əsassız ərazi iddiaları və “Böyük Ermənistan” xülyası dayanır. Ermənilər özlərini ən qədim xristian milləti adlandırırlar. Bu kimi dezinformasiyaların mənbəyi Qriqorian kilsəsidir. İstər Eçmiədzin və tabeliyində olan kilsələr, istərsə də Livanda yerləşən Antilya katolikosluğu zaman-zaman bu kimi uydurma təbliğatlarla məşğul olub”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində tədqiqatçı-jurnalist Anar Turan səsləndirib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirib.
-Anar bəy, artıq neçənci dəfədir ki, Avropa ölkələrinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanla özünü videoblogger, ictimai fəal adlandıran şəxslərimiz qarşı-qarşıya gəlir, onlara suallar ünvanlayır. Bu sual-cavablar cəmiyyətdə birmənalı qarşılanmır. Dəstəkləyənlər də olur. Lakin çoxluq bu dialoqların zəif aparıldığı fikirdədir. Sizcə bunun səbəbi nədir ?
-Əvvəla, onu deyim ki, Nikol Paşinyan, Ermənistanın əvvəlki nisbətən daha təcrübəli siyasətçilərindən fərqli olaraq, naşı addımlar atır. Jurnalistika və bloggerlikdən birbaşa baş nazirliyə gəldi və gücünü illərdir beyninə yeridilmiş yanlış informasiyalara və danışmaq bacarığına verdi. Fikir vermisinizsə, Paşinyan hakimiyyətə gələndən bir neçə dəfə “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı tamamilə məsuliyyətsiz, siyasi danışıqlar prosesinə zidd bəyanatlar səsləndirib. Onun bu çıxışları şübhəsiz ki, həm Azərbaycan cəmiyyətini qıcıqlandırmaq, eyni zamanda, iqtisadi çətinliklərdən əziyyət çəkən Ermənistan əhalisini psevdopatriot şüarlarla ələ almağa hesablanıb. Lakin artıq erməni cəmiyyətində də açıq fikirli insanlar onun bu kimi davranışlarını populizm kimi qiymətləndirməyə başlayıblar. Çünki ilk günlər açıq şəkildə anti-Rusiya meyilli açıqlamalarla yadda qalsa da, Qərbyönümlü siyasət yürüdəcəyini desə də, rəsmi Moskvanı qəzəbləndirdiyini və rusların Ermənistandan üz çevirəcəyini, meydanda tək qalacağını hiss edərək manevr etməyə çalışdı. İndi də erməni cəmiyyətini “vətənpərvər” şüarlarla əlində saxlamaq, erməni millətçi dərnəklərinin dediklərini təkrarlamaq, eyni zamanda, özündən demokrat imici yaratmaq cəhdlərini birləşdirir. Bu iki xüsusiyyət isə bir-birinə daban-dabana ziddir. Bir tərəfdə işğalçı, qeyri-konstruktiv, millətçi, digər tərəfdə özünü demokrat göstərməyə çalışan Paşinyan var ortada. O hazırda Avropanın müxtəlif ölkələrinə səfərlər təşkil edir. Erməni kilsələrində, erməni diaspor cəmiyyətlərində birləşdirici görüşlər keçirir, populist çıxışlarını davam etdirir. Sadəcə istərdik ki, nəinki onunla, istənilən erməni rəsmisinə sual ünvanlamaq imkanı olan jurnalistlərimiz son dərəcə hazırlıqlı olmalıdır. Xarici dili yaxşı bilməlidirlər. Lakin təkcə dil faktoru kifayət etmir. Paşinyana sual ünvanlamaq, onu pərt vəziyyətə qoymaq istəyən istənilən şəxs münaqişə barədə, erməni vandalizmi barədə ciddi faktlarla silahlanmalıdır ki, erməni həyasızlığı ilə qarşılaşanda bu arqumentləri çəkinmədən dilə gətirsin və orada iştirak edən auditoriyanın alt şüuruna yeridə bilsin. Uzunçuluq, yoruculuq etmək lazım deyil, lakonik, məzmunlu və ermənilərin bəd əməllərini çılpaqlığı ilə aydın göstərən ciddi mənbələrdən sitatlardan səsləndirməklə onların baş nazirini də, nazirlərini də pat vəziyyətə qoymaq olar. Məsələn, ən pis halda Ermənistanın eks-prezidenti Serj Sarkisyanın məşhur jurnalist Tomas De Vala verdiyi müsahibədə Xocalıda törətdiklərini etiraf etməsini söyləmək mümkündür. Bunu kimi onlarla ciddi faktlar var. Təəssüflər olsun ki, Paşinyanla son sual-cavab atışmasında bu faktı dilə gətirəni görmədik. Yəni azacıq maariflənmək və hazırlaşmaq bəs edir ki, ermənilərin ağzını yumasan. Doğrudur, erməni siyasətçilər bundan ar edən deyillər. Lakin biz faktları dilə gətirməkdən usanmamalıyıq. İndi informasiya savaşı gedir. Ermənilər olmayan faktları improvizə edib dünyaya sırıyırlar. Biz isə əlimizdə olan real faktları dilə gətirməkdə naşılıq edirik. Bu da silah deyil ki, götürüb savaşa getməyə çəkinəsən. Bir balaca oxu, yadda saxla və bir dəqiqənin içində bunları de. Həm də bunun üçün ən vacib məsələ həmin şəxsdə vətənpərvərliyin çox yüksək səviyyədə olması faktorudur.
-Erməni siyasətçilər azərbaycanlıların deportasiyası, Xocalı ittihamı ilə qarşılaşanda bir çox hallarda Sumqayıt hadisələrini arqument kimi önə çəkirlər...
-Bilirsiniz, sual vermə və dinləmək qaydaları deyilən etiketlər var. Xüsusilə bu, Avropanın hansısa ölkəsində, hansısa tədbirində baş tutursa. Lakin replika üsullarından istifadə etmək olar. Bu hər yerdə keçərlidir. Məsələn, Paşinyana verdiyin sualın cavabında Sumqayıt hadisələri barədə onun mənasız moizəsini dinləmək məcburiyyətində qalmısansa, heç olmasa replika formasında ona bu hadisələrin ermənilərin “Krunk” təşkilatının üzvləri tərəfindən törədildiyinin sənədlərlə sübut olunduğunu bildirə bilərsən. Bir az cəsarətli olmaq lazımdır. Şübhəsiz ki, erməni rəsmiləri həyasızlığa əl atacaqlar. Mən demirəm, biz də onların səviyyəsinə enək, amma onları dinləyib seyr etmək də çıxış yolu deyil. Sözümüzü deməyi bacarmalıyıq, amma savadlı, səviyyəli şəkildə.
-Sizin Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsi, azərbaycanlılara qarşı soyqırımlarla bağlı məqalələriniz mövcuddur. Hətta bu günlərdə erməni kilsəsinin terror fəaliyyəti ilə bağlı da kitabınızın çap olunacağı barədə sosial şəbəkədə anons etdiniz. Bu kitabda elə faktlar varmıdır ki, ermənilərlə informasiya müharibəsində yardımçı ola bilsin?
-Bəli, işimizi əsasən ermənilərin informasiya manipulyasiyasının qarşısını almaq, gerçəkləri xalqımıza daim təbliğ etmək üçün qururuq. Erməni aqressiyasının təməlində irqçi təbliğat, əsassız ərazi iddiaları və “Böyük Ermənistan” xülyası dayanır. Ermənilər özlərini ən qədim xristian milləti adlandırırlar. Bu kimi dezinformasiyaların mənbəyi Qriqorian kilsəsidir. İstər Eçmiədzin və tabeliyində olan kilsələr, istərsə də Livanda yerləşən Antilya katolikosluğu zaman-zaman bu kimi uydurma təbliğatlarla məşğul olub. Erməni keşişləri demək olar ki, bütün zamanlarda erməni millətinin, diasporunun təşkilatlanmasında, millətçi fikirlərə üz tutmasında müstəsna rol oynayıb. Müsəlman imperiyaların güclü olduğu dönəmlərdə bunu gizli şəkildə edərək, arada manevr edirdilər. Son 250 il ərzində isə erməni kilsələri çar Rusiyası və Avropa ölkələri ilə əlaqəyə girərək regionda onların sosial bazası rolunu oynamağa başladılar. Erməni kilsəsi erməni millətini məzlum, əzilmiş kimi tanıdaraq Qərbdən və Rusiyadan dəstək almağı bacardılar. Türklərə qarşı nifrətlərini daha da konkretləşdirərək partiyalar yaratdılar. Nizamnamələrində belə türkləri öldürmək kimi prinsiplərə yer ayırdılar. Bir neçə günə işıq üzü görəcək “Erməni kilsəsi və terror” adlı elmi araşdırmamda bu məsələlərə kifayət qədər toxunmuşam. Mövzunun əhəmiyyətini nəzərə alaraq kitabı iki dildə, həm də ingiliscə etmişik ki, xarici ölkələrin kitabxanalarına, diplomatik korpuslarına, təşkilatlara göndərə bilək. Bəli, kifayət qədər ciddi faktlar ortaya qoymuşuq. Erməni keşişlərinin bəd əməlləri, erməni kilsəsinin terrorçuların sığınacaq və dəstək ünvanı kimi qeyd olunan maraqlı faktları kitaba daxil etmişik. Təşkilatımızın layihəsi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunan “Erməni kilsəsi və terror” əsərində Paşinyan və digər erməni rəsmilərinə deyiləcək xeyli faktlar var. Təsəvvür edin ki, erməni millətçiləri türklərə qarşı o qədər nifrət təbliğ ediblər ki, hətta türklərə qarşı savaş açmaq istəməyən, bu mübarizədə onları haqsız görən öz din xadimlərini, sadə erməniləri belə aradan götürüblər. Bu faşist ideologiyanın kökündə dayanan səbəblərdən biri də erməni qriqorian kilsəsi olmuşdur.
-Axı məntiqlə kilsə onlar üçün müqəddəs yerdir, orada terror təbliğ olunmamalıdır. Bəs ermənilərdə niyə belədir ?
-Bilirsiniz, erməni millətçiliyinin
tezisləri Qriqorian kilsəsinin
monopoliyasındadır. Bu kilsə üzərinə
sanki ermənilərin mənəvi tərbiyəsini,
dini dəyərlərini təbliğ etməyi
deyil, erməni milli kimliyini formalaşdırmaq məsuliyyəti qoyub. Bütün dövrlərdə
belə olmuşdur. Erməni keşişlərinin
qədim mətnlərinə baxsanız onların xəstə
təxəyyülünün şahidi
olacaqsınız. Son yüz
ildə türklərə qarşı dəfələrlə
terror hadisələri baş
vermişdir ki, bunun kökü gedib kilsəyə çıxıb. Erməni
separatizminin, tabe
olduqları dövlətlərə xəyanətinin də kökü məhz kilsələrə qədər
uzanır. Terrorçu partiyaların, təşkilatların
yaranmasında Qriqorian kilsəsinin
xeyir-duası və ardıcıl ianə və mənəvi dəstəyi
olmuşdur. Yəni bütün
bunlar faktlardır. Çünki
Qriqorianlıq ayrıca bir dini-məzhəb
institutudur. Onlar
xristianların da içində özlərini
ayırırlar, özlərini bu dinin ən qədim seqmenti
kimi təbliğ edirlər. Yəni kilsə
ermənilər üçün milli düşüncənin, separat
iddiaların, hətta terrorun
dayanacaqlarından biri kimi
bilinməlidir. Erməniçiliyi yaxşı tədqiq etmək
üçün Qriqorian
kilsəsinin maraqlarını, fəaliyyətini, tarixi keçmişini
araşdımaq, öyrənmək vacibdir.
Xalq Cəbhəsi.-
2019.- 28 noyabr.- S.8.