Güney Azərbaycan üzrə Tehran-Moskva sövdələşməsi

 

 

 

19-cu yazı

 

Sovet qoşunlarının İran ərazisini tərk etməsi həmin il mayın ilk həftəsində demək olar ki, tam başa çatdı. Azərbaycana Milli Muxtariyyət verilməsi məsələsinin isə İran konstitusiyasına zidd olduğu haqda fikir Qəvam tərəfindən ortaya atıldığından bunun mümkünsüzlüyü qeyd olunmuşdu. O ki, qaldı Güney Azərbaycandakı hərəkata və Azərbaycan Milli hökumətinin taleyinə, bu məsələ İranın «daxili işi» kimi qiymətləndirilmişdi. Sovetlərin neft qoxusu müqabilində Qəvamül-səltənəyə etdikləri güzəştlər, əslində özünü məzlum və əzilən xalqların xilaskarı adlandıran bir dövlətin xəyanəti, arxadan vurduğu zərbə idi. Bu xidmətin müqabilində SSRİ-nin İrandan qopardığı «güzəşt» İranın şimalındakı neft yataqlarını istismar etmək üçün «Birgə İran-Sovet şirkəti»nin yaradılmasına Qəvamin verdiyi razılıq idi. Bu razılıq əsasında bağlanılması nəzərdə tutulan müqavilə 1946-cı ilin sonunda gecikdirilərək seçkilərdən sonra toplanacaq XV məclisin təsdiqindən və Məhəmmədrza şahın imzasından sonra qüvvəyə minməliydi.

1946-cı ilin fevral-mart aylarında Moskvada Qəvamülsəltənənin apardığı danışıqların məzmununun gizli saxlanılması Güneydəki həmvətənlərimizi narahat etməyə bilməzdi. Onlar qorxurdular ki, Qəvam öz hiyləgərliyi ilə Sovet İttifaqının etimadını qazansın. «Hələ 1908-ci ildə Azərbaycanda milli hərəkat boğulanda və Səttarxan öldürüləndə Qəvam daxili işlər naziri idi. Eyni zamanda, 1920-ci ildə Gilanda milli azadlıq hərəkatı yatırılanda və Kiçik xan öldürüləndə Qəvam hakimiyyətdə idi».

Qəvam, əslində Moskva səfərində istədiyinə nail ola bilmişdi. O, bunu sonrakı illərdə söhbətlərində və verdiyi müsahibələrdə dəfələrlə təkrar etmişdi. Qəvamın şərəfinə Sovet rəhbərliyi tərəfindən 1946-cı il martın 5-də Kremldə düzəldilmiş ziyafətdə «danışıqların nəticəsiz qurtardığından» İ.V.Stalinə gileylənən Qəvama cavab olaraq İ.V.Stalin: «İndi Sən mənim vəziyyətimi yaxşı anlayırsan. Mən çox sərt adam kimi tanınıram. Lakin Molotov bizim dəstədə ən sərt adamdır. Bu vəziyyətdə, əlbəttə, mən çalışaram ki, Sizin aranızda vasitəçi olum. Ümidvaram ki, mənim səfirim Tehrana yetişəndə Sizin üçün bir neçə yaxşı xəbər gətirəcək».

Qəvamülsəltənənin Tehrana qayıtmasından bir neçə gün sonra Sovet səfiri İ.Sadçikov onunla görüşmüşşimal neftinə Sovetlərin şərik olmasına razılıq verdiyi üçün Qəvamın müzakirəyə çıxartdığı əsas məsələlərə Kremlin verdiyi «xeyir-duanı» ona çatdırmışdı. Həqiqətdə Qəvam hökuməti üçün bu xəbər, Stalinin dediyi «yaxşı xəbərlər» idi... Bu xəbərlər eyni zamanda böyük xəyanət və fəlakətin qara buludlarının Güney Azərbaycan səmasına gəlməsinə işarə idi.

Qəvamın şirnikləndirici vədlərlə Sovet rəhbərliyini «yola gətirəcəyinə», Azərbaycandakı hərəkata son qoyacağına İran hakim dairələri və mürtəce qüvvələr böyük ümid bəsləyirdilər. Bu əhval-ruhiyyəni dövlət və şah sarayına yaxın adamların o zamankı İran mətbuatındakı çıxış və müsahibələrindən də görmək olur.

XX əsr İran diplomatiyasında fəal mövqeyi olmuş Əli Söheyli (o, bir neçə dəfə baş nazir, xarici işlər naziri olmuşdur) «Ettealat» qəzetinə verdiyi müsahibədə Qəvamın səfərinin müsbət nəticələrinə şübhə etmədiyini bildirərək demişdi: «...Azərbaycana muxtariyyatdan söz gedə bilməz, çünki qanuni-əsasidə belə bir şey yoxdur. Azərbaycan İranın bir parçasıdır, elə İrandır. Bunu ağaye Qəvam Moskvadakı bəyanatında yaxşı şərh etmişdir».

Moskvada aparılan danışıqlar və bu danışıqların sonrakı nəticələri Güney Azərbaycandakı demokratik qüvvələrin ümidlərini nəinki doğrultmadı, onların qan bahasına əldə etdiyi azadlığı böyük təhlükə qarşısında qoydu. Hərəkatın əvvəlində bu hərəkatı dəstəkləyən bir dövlət dönüklük etdi, öz əhd-peymanını pozdu, himayə etdiyi qüvvələri mürtəce Tehran rejiminə çox ucuz satmış oldu. Bu, Azərbaycan üçün, bugünkü və gələcək nəsil üçün həmişə yadda qalan bir dərs olmalıdır.

Qəvaməlsəltənə Moskvadakı danışıqlarda, Tehrandakı Sovet səfiri ilə görüşlərində əsas məqsədə nail olduqdan sonra özünü Moskvanın və İran xalqlarının nəzərində «islahatçı demokrat» kimi göstərməyə çalışdı. O, 1946-cı ilin ilk günlərindən başlayaraq Sədr hökuməti zamanı qadağan edilmiş siyasi partiya və cəmiyyətlərin fəaliyyətinə icazə verdi və yığıncaq azadlıqlarını bərpa etdi. Bir sıra demokratik yönlü qəzetlərin üzərinə qoyulmuş qadağanı ləğv etdi. Zəhmətkeşlərin və demokratik qüvvələrin bəzi tələblərinin yerinə yetirilməsinə razı oldu. 1946-cı il fevralın 15-də (Moskva səfərindən az sonra) İXP-nın və Həmkarlar İttifaqı klublarının fəaliyyəti üçün qoyulmuş yasağı götürdü. 2 gün sonra mürtəce general Ərfə İran ordusu baş qərargahı rəisi vəzifəsindən kənarlaşdırıldı və sonra həbs edildi. Martın 20-də mürtəce siyasi xadimlərdən Seyid Ziyaəddin, Dəşti, Tahiriİmaminin həbsi haqda order verildi. Səlahiyyət müddəti başa çatdığından 14-cü çağırış məclisi buraxıldı (halbuki deputatların çoxu onun səlahiyyətini qeyri-müəyyən vaxtadək uzatmağı tələb edirdilər). Bununla yanaşı Qəvam siyasiiqtisadi sahələrdə də bəzi «islahat»lar keçirməyə meyilli görünməyə çalışdı. O, «sol» qüvvələrə münasibətdə zahirən loyallıq nümayiş etdirdi. 1946-cı il mayın 18-də İran Həmkarlar İttifaqlarının təklif etdiyi layihə əsasında əmək qanunu qəbul edildi. Torpaq islahatı və məhsul bölgüsündə kəndlilərin payını 15 faiz artırmaq haqda qərar qəbul edildi. Adları sadalanan bu tədbirlərin çoxu 15-ci məclisin təsdiqindən sonra qüvvəyə minə bilərdi, məclisin çağırılması isə qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı. Qəvaməl-səltənə «Azərbaycan məsələsinin» də qarşılıqlı razılıq əsasında həll olunmasına «səmimiyyətlə» çalışdığını gözə soxmaq istəyirdi. O, Moskva səfərindən sonra Azərbaycan və Azərbaycan xalqı haqda xoş sözlər işlətməkdən, Azərbaycandakı dirçəlməyə və quruculuq işlərinə xeyrxah münasibət bəslədiyini bildirməkdən də çəkinmirdi. Bunu onun o dövrdəki çıxış və müsahibələrindən, eləcə də Azərbaycan nümayəndələri ilə görüşlərdəki söhbətlərindən bir daha görmək olur. O, Azərbaycanın özünü idarə etmək hüququnu genişləndirmək, İran məclisində Azərbaycandan olan deputatların sayını artırmaq, Azərbaycanın sosial-iqtisadi və mədəni dirçəlişinə kömək etmək kimi vədlər verirdi. 1946-cı il aprelin 22-də İran hökuməti adından Qəvamın imzaladığı qətnamədə bunlar öz əksini tapmışdı. Bütün bunlar hamısı Qəvama Sovet qoşunlarının Azərbaycandan çıxarılması və Azərbaycandakı hərəkata müsbət münasibət görkəmi yaratmaq üçün lazım idi.

Əhməd Qavaməlsəltənənin Moskva səfərindən sonra Sovetlərin Güneydəki hadisələrə münasibətində əmələ gələn dəyişikliklərlə (əslində satqınlarla) Azərbaycan Milli hökuməti rəhbərliyini tanış etmək məqsədi ilə 1946-cı il aprelin 5-də Təbrizdə Sovet «elçiləri» ilə Milli Hökumət rəhbərlərinin görüşü keçirilmişdi. Bu görüşdə S.C.Pişəvəri, S.Cavid, M.Şəbüstəri, S.Padiqan, N.Cahanşahlu iştirak etmişlər. Qarşı tərəfin milli hökumət rəhbərliyini Tehran qarşısında təslimçiliyə çağırması, Şah-Qəvam rejimi ilə «dil tapmağı» məsləhət görməsi də və bu göstərişin Moskva rəhbərliyi tərəfindən olduğunu bildirməsi xəbəri Milli hökumət rəhbərliyini məyus etmişonlar bu olayları həyəcan və qəzəblə qarşılamışlar.

Azərbaycan SSRİ təhlükəsizlik nazirinin müavini, general A.Atakişiyev Milli Hökumət rəhbərliyini «inandırmağa çalışırdı ki, indiki vəziyyət Milli Hökumətdən İran hökumətinə münasibətdə öz siyasətində bəzi dəyişikliklər etməyi tələb edir. Buna tədricən hazır olmaq lazımdır, qalan rəhbərləri də buna hazırlamaq lazımdır ki, qəflətən gözlənilməz hadisələrlə üzləşməsinlər. Bu yerdə Pişəvəri onun sözünü kəsərək dedi: «Mən şəxsən Qəvam əs-Səltənə hökuməti ilə danışıqlardan imtina etmirəm, lakin sizə bildirməliyəm ki, indi Tehran hökuməti, ayrı-ayrı mülkədarlar və xanlar Azərbaycan Milli Hökumətinə hücum etmək üçün ciddi hazırlaşırlar. Ona görə də biz heç vaxt öz silahlı qüvvələrimizi buraxmamalıyıq, yaxud onu İran hökumətinin əlinə verməməliyik ki, sonra onların başına oyun açsınlar. Bizə hökmən öz silahlı qüvvələrimizi saxlamaqonu qorumaq lazımdır. Mürtəce dairələrlə mübarizəyə onu daha yaxşı hazırlamaq lazımdır. Əgər biz Qəvamla danışıqlara indi başlasaqona tez güzəştə getsək, böyük səhvə yol vermiş olacağıq, xalqın nəzərində nüfuzdan düşəcəyik».

S.C.Pişəvəri Sovet nümayəndələrindən soruşdu ki, siz konkret olaraq bizim tərəfimizdən Qəvaməssəltənəyə ediləcək hansı güzəştləri təklif edirsiniz? A.AtakişiyevM.İbrahimov indi konkret hansı güzəştlərin edilə biləcəyini demədilər, lakin tövsiyə etdilər ki, əgər zərurət olarsa, gərək Milli hökumət Tehran hökumətinə maksimum güzəştə getməyə hazır olsun. S.C.Pişəvəri əlavə etdi ki, bizim Qəvama güzəştlərdən sonra o, iri məbləğdə rüşvət və müxtəlif kombinasiyalar ilə Mehabadın bütün silahlı kürdlərini bizə qarşı qoyacaq. Onda bu vəziyyətdən çıxmaq bizim üçün çətin olacaq. SizinTehran hökumətinin konkret təkliflərindən asılı olmayaraq Azərbaycanın ərazisində öz silahlı qüvvələri, fədailəri, nəzmiyyəsi, öz sərhədləri, öz silahlı qüvvələri ilə qorunan, bərqərar edilən daxili qaydaları olmasını mən indi təkid edirəm və danışıqlar vaxtı da təkid edəcəyəm, mənim həmkarlarım da mənimlə razılaşırlar».

Beləliklə, Azərbaycan Milli Hökuməti rəhbərləri ilə Sovet emisarları arasında Qəvamül-Səltənə hökumətinə münasibət bir mənalı və hamar olmamışdı. Milli hökumət rəhbərliyini mərkəzi dövlətlə dil tapmağaona miqyası çox böyük güzəştlər etməyə itələyən Sovetləri Azərbaycanın acınacaqlı aqibəti yox, şimalda neft yataqlarına sahib olmaq, nəqliyyat və sərnişin təyyarə uçuşlarını konsesiyaya götürmək və İran ərazini özünün nüfuz dairəsində saxlamaq maraqlandırdı. Milli Hökumət rəhbərliyinin Qəvamül-Səltənə hökumətinin hiylə və qəddarlıq niyyətlərinə verdikləri proqnozu sonrakı olaylar tamamilə təsdiq etmişdi.

 

Əkrəm Rəhimli

 

Xalq Cəbhəsi.- 2019.- 8 oktyabr.- S.14.