Tehran-Təbriz danışıqları, milli hökumətin  süqutunun  əlamətləri

 

 22-ci yazı 

 

 

 

Tehran Təbrizə quru vədlər verməklə vaxtı uzatmağa meyilli olduğunu göstərmişdi

M.Xətibi (Peynar) Tehrandakı azərbaycanlı tələbələrin nəşr etdiyi «Çiçək» adlı jurnalda «Azərbaycan Demokrat firqəsi» adlı məqalədə yazır: «Azərbaycan nehzəti macəra istəyənlərin inqilabi deyildi, bəlkə daha böyük bir milli nehzətin müqəddiməsi idi ki, onu xalq təsdiq və hinayət edib». Azərbaycan Milli Hərəkatının mərkəzi dövlətdən tələblərinin aşağıdakılardan ibarət olduğunu müəllif qeyd edir:

1. Azərbaycana azadlıq və mədəni muxtariyyət;

2. Əyalət və vilayət əncümənlərinin (şuralarının) təşkili;

3. Tədrisin fars dili ilə yanaşı Azərbaycan dilində aparılması;

4. Fabrik-zavodların işə salınması və yenilərinin inşası;

5. Ticarətin inkişafı;

6. Azərbaycan kənd və şəhərlərinin ehtiyacına yetişmək;

7. Torpaqlardan (əkin sahələrindən) ədalətlə istifadə etmək;

8. İşsizliyin aradan qaldırılması;

9. Seçki qanununda islahat;

10. Korrupsiya və rüşvətlə mübarizə;

11. Azərbaycandan gələn gəlirin Azərbaycana sərf olunması;

12. Bütün demokratik dövlətlərlə dostluq əlaqələrinin inkişafı.

Tehranla danışıqlarda Azərbaycan nümayəndəliyinin yuxarıda qeyd olunanlarla yanaşı başqa tələbləri də var idi ki, Tehrandakı danışıqlarda onlar ortaya gətirilmişdi.

1946-cı il iyunun 13-də bağlanmış qərardadı Azərbaycan Milli Hökuməti adından baş nazir S.C.Pişəvəri, İran hökuməti adından baş nazirin müavini Müzəffər Firuz imzalamışlar. Bu qərardad əslində Qəvamül-Səltənənin irəli sürdüyü, Tehranda Azərbaycan nümayəndəliyi tərəfindən rədd edilən, Təbrizdə isə qəbul olunan layihədəki maddələr idi.

Qərardadda mübahisəli məsələlər Azərbaycana valinin təyin olunması prosedurası, Zənganın hansı şərtlərlə Mərkəzi dövlətin tabeliyinə keçirilməsi, fədai və zabitlərin vəzifədə qalıb-qalmaması və s. məsələlərdən ibarət idi.

Danışıqlarda ciddi mübahisə doğuran məsələlərdən biri də Zənganın Güney Azərbaycandan qoparılıb Tehran rejimi altında olan əraziyə yapışdırılması idi. Danışıqlarda Azərbaycan nümayəndəliyi Zənganın tarixən Azərbaycan ərazisi olmasına aid tutarlı faktları ortaya gətirsə də, Müzəffər Firuz Zəngan haqda İran hökumətinin öz mövqeyində israrlı olduğunu bildirdi. Hər tərəfdən məngənə arasında qalmış Azərbaycan nümayəndəliyi aşağıdakı şərtlərlə Zənganın Mərkəzi dövlət tabeliyinə verilməsinə razı oldu:

1. Zənganda və onun ətraf rayonlarındakı mürtəce Zülfiqari dəstələrinin fəaliyyətinə imkan verilməsin;

2. Zülfiqari dəstə başçılarının bu mahala gəlməsinə yol verilməsin;

3. Zülfiqari adamlarının milli demokratik qüvvələr əleyhinə təhrikat və təxribatlarına şərait yaradılmasın;

4. Zəncanın hansı inzibati bölgüyə daxil olması məsələsinə qarşıda çağrılan XV İran Şura Məclisində baxılsın.

Tehranla aparılan danışıqlarda S.C.Pişəvərinin prinsipial mövqeyi və Mərkəzi dövləti güzəştlərə məcbur etmək səyi təkcə Məmmədrza-Qəvam rejimini və onlara havadar duranları deyil, eləcə də Kreml rəhbərliyini rahat buraxmırdı. M.C.Bağırov vasitəsi ilə Pişəvəriyə təzyiq və təsir gücləndirildi. M.C.Bağırov Pişəvəriyə xahişlə bildirdi ki, «Qəvama dəyib-toxunma... Qəvama kömək etmək lazımdır. Mən qardaş kimi səndən xahiş edirəm ki, gərək bunu edəsən. Bir şeyi bilməlisən ki, bizim böyük və dahi rəhbərimiz bütün bu məsələlərlə hər gün şəxsən özü məşğuldur. O, özü mənimlə danışdı və dedi ki, sənə tapşırım, bu məsələni (Mərkəzi hökumətlə razılaşmanı) başa çatdırasan».

Təbrizdə Mərkəzi hökumət ilə Azərbaycan nümayəndəliyi arasında danışıqların başa çatması və qərardadın imzalanması haqda S.C.Pişəvəri və M.Firuz 1946-cı il iyunun 13-də Təbriz radiosu ilə çıxış etmişlər. S.C.Pişəvəri öz çıxışında Azərbaycan üçün ağır sınaq günlərinin başladığını xəbər vermiş və xalqı fədakarlığa və müşküllərdən qorxmamağa çağırmışdı. «Ola bilsin ki, bu mübarizə daha çətin və daha ağır şərait altında idamə tapsın. Lakin azadlıq yolunda hər bir fədakarlığa amadə və hazır olan bir xalq heç bir vaxt müşkülat və çətinlikdən qorxmaz». Bu çıxış S.C.Pişəvərinin Milli hökumətin başçısı kimi son çıxışı idi. M.Firuz isə öz çıxışında hər şeyin yaxşı olacağını və Azərbaycanla mərkəzi dövlətin səmərəli və birgə fəaliyyət göstərəcəyini söyləmişdi.

Tehranla-Təbriz arasında qərardadın imzalandığı günün səhəri, 24 xordad 1325-ci il (14 iyun 1946) Azərbaycan Milli Məclisi öz fəaliyyətinə xitam verdi. Onu Azərbaycan əncuməni əvəz etdi. Bundan iki gün sonra (26 Xordad 1325 - 16 iyun 1946) S.C.Pişəvəri baş nazirlikdən azad edilməsi haqda Azərbaycan Əncuməninə ərizə ilə müraciət etdi və onun bu haqda xahişi qəbul edildi. Azərbaycan Milli Məclisinin son iclasında (bu iclasdan sonra AMM Azərbaycan əyalət Əncuməni səlahiyyətində olmuşdu) S.C.Pişəvəri geniş məzmunlu çıxışıyla nümayəndələrə müraciət etmişdi. O, bu çıxışında Azərbaycan Milli hökumətinin fəaliyyəti müddətində gördüyü işlərin və həyata keçirdiyi tədbirlərin məzmunu və miqyasından ətraflı danışmışdı. S.C.Pişəvəri tarixi şəraitin yaratdığı məhdudiyyətlər nəticəsində Azərbaycanın Tehranla danışıqlara getdiyini və Tehran rejimi üçün arzu olunan qərardadın bağlanılmasını şərtləndirən səbəblərdən danışmışdı. O, qarşıdan gələn ağır günlərdə, xüsusən XV məclisə qarşıdakı seçkilərlə bağlı demokratik qüvvələrin vəzifəsindən və s. ətraflı bəhs etmişdi.

S.C.Pişəvərinin baş nazir vəzifəsindən getməsi ilə bağlı AMM son iclasında (1325-ci il Tir ayının 4-də) qəbul edilmiş qərarda göstərilir ki, «Milli Hökumətin davam etdiyi altı ay 2 günlük fəaliyyəti haqqında, bu hökumətin baş vəziri ağaye Pişəvərinin müfəssəl güzarişini (hesabatını) eşidib aşağıdakı qərarı qəbul etdi: ...Pişəvərinin Milli Hökumətin vəzirliyində Azərbaycan xalqına tarixdə əbədi olaraq qeyd edilən xidəmatı və Azərbaycan xalqının diri və istedadlı bir millət kimi dünyaya tanıtmasında səbəb olduğu üçün Azərbaycan milləti adından qədirdanlıq edilsin. Fədailər atası adlandırılan ağaye Pişəvəri milli vəzifəsini şərafətlə əncam verib, azadlıq yolunda böyük mübarizə apardığına görə Məclise milli tərəfdən «Məclise Milli medalı» ilə təltif olunsun».

S.C.Pişəvərinin təklifi əsasında Daxili İşlər naziri S.Cavid Azərbaycan Ostandarı (vali) vəzifəsinə namizəd göstərildi. S.Cavidin Azərbaycan valisi vəzifəsinə təyin olunmasını şah və Qəvam təsdiq etməliydi. Buna görə S.Cavid də M.Firuzla birlikdə iyunun 14-də təyyarə ilə Tehrana yola düşdü.

Doktor Cavid Tehrana olan bu səfəri haqda öz xatirələrində geniş söhbət açır. Onun yazdıqlarından məlum olur ki, Tehranda qaldığı 17 gün ərzində Məmmədrza şah və bir neçə dəfə Qəvamül-Səltənə tərəfindən qəbul olunur. O, Tehrandakı görüşlərdə Təbrizdə imzalanmış qərardadın mübahisəli və açıq qalmış məsələləri, eləcədə Azərbaycanın zəruri iqtisadi və maliyyə ehtiyacları, abadlıq və s. məsələlər haqda danışıqlar aparır. «Qəvam məndən bağlanmış müvafiqnaməyə münasibətimi soruşduqda - mən dedim ki, əgər İran dövləti bu müvafiqnaməni səmimanə icra etsə, nəticə həm mərkəzi dövlətin və həm də Azərbaycanın xeyrinə olar - dedim».

Azərbaycanın yeni təsdiq olunmuş valisi Tehranda olduğu müddətdə (14 iyun - 1 iyul) müxtəlif dövlət məqamları ilə apardığı danışıqlarda əməli olaraq heç bir irəliləyiş və nəticə əldə edə bilməmişdi. Tehran Təbrizə quru vədlər verməklə vaxtı uzatmağa meyilli olduğunu göstərmişdi. Tehrana səfəri zamanı dövlət məqamları ilə danışıqlarda uğurlu bir şeyə nail olmadığından və qoşunun Azərbaycana yeridiləcəyinə qəti əmin olduğundan o, Azərbaycana loyal məmurların göndərilməsinə çalışdı. Doktor Cavid öz xatirələrində bu haqda yazır: «Mənim məqsədim o idi ki, yaxşı adamları dövlət bizim işlərə məmur etsin».

1946-cı il iyunun 13-də Təbrizdə Mərkəzi dövlətlə Azərbaycan nümayəndəliyi arasında imzalanmış məlum müqavilədə (qərardad) bir sıra mübahisəli məsələlərin müzakirəsi və dəqiqləşdirmələr danışıqların sonrakı - 3-cü mərhələsinə saxlanılmışdı. Azərbaycan tərəfi müqaviləni imzalasa da, bir sıra prinsipial və Azərbaycan üçün həyatı əhəmiyyəti olan tələblərin Tehran tərəfindən qəbul olunmasına israrlı idi. Buna görə danışıqları nəticələndirmək və mübahisəli məsələləri həll etmək niyyəti ilə 1946-cı ilin avqustun 1-də ADF-nin təklifi ilə aşağıdakı heyət Tehrana göndərilir: Doktor Salamulla Cavid (Azərbaycan valisi, nümayəndə heyətinin başçısı), Hacı Mirzəli Şəbustəri (Əyalət əncuməninin rəisi), Sadıq Padiqan (ADF sədrinin müavini), general Pənahiyan (baş qərargah rəisi), polkovnik Murtəzəvi, mayor Toğrai.

Nümayəndə heyəti yola düşənə qədər S.Cavid bölgələrin tələb və ehtiyacları ilə yerlərdəcə tanış olmaq məqsədi ilə Sərab, Ərdəbil, Astara, Xalxal, Əhər və Mişkinə səfər edir. Nümayəndəlik Tehrana yola düşməzdən əvvəl S.Cavid S.C.Pişəvən ilə görüşüb, danışıqlardakı məsələləri götür-qoy edirlər. Azərbaycan ictimaiyyəti, həmkarlar ittifaqı fəalları, bütün təbəqə və zümrələrin nümayəndələrinin iştirakı ilə toplantı keçirilir. Bu toplantıda mövcud vəziyyət, Tehran-Təbriz razılaşması və həllini gözləyən problemlər ətrafında geniş fikir mübadiləsi aparılır və təkliflər müzakirə olunur. Həmin toplantıda çıxış edən doktor Cavid deyir: «… Mən Azərbaycan nehzəti nəticəsində bu gün Ostandar olmuşam. Çalışacağam ki, təsvib olunmuş müvafiqnamə mocibincə (əsasında) Azərbaycan xalqının mənafeyi qorunsun, Mərkəzi Tehran dövləti ilə də yaxşılıq və dostluq rabitəsi saxlanılsın».

1946-cı ilin avqustun 1-də Azərbaycan nümayəndələri Tehrana gəlirlər. Avqustun 14-dək Azərbaycan nümayəndələri ilə Mərkəzi dövlətin müxtəlif məqamları arasında 12 görüş keçirilir. İlk görüş baş nazir Əhməd Qəvamla onun iqamətgahında keçirilir. Bu görüşdə Müzəffər Firuz, Silahlı qüvvələr naziri Əmir Əhmədi, ordu generalları Hidayət və Rəzmara iştirak edirlər. Görüşdə müqavilədə açıq qalmış hərbi məsələlər müzakirə edilir.

 

Əkrəm Rəhimli

 

Xalq Cəbhəsi.- 2019.- 15 oktyabr.- S.14.