"Bizdə Nobelə layiq tədqiqatlar olub,
amma..."
AMEA-nın prezidenti
Akademik Akif Əlizadə: “Bütün ümidlərim Azərbaycanın
gənc alimlərinədir”
Publika.az-ın
“Xüsusi” layihəsinin qonağı Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik, “Şərəf”,
“Şöhrət,” və “İstiqlal” ordenli Akif Əlizadədir.
- Xoş
gördük, Akif müəllim. Söhbətimizə
elə səhhətinizdən başlayaq. Necəsiniz?
Özünüzü necə hiss edirsiniz?
-
Yaxşı hiss edirəm. Adətən, eyni
rejimdə yaşayıram. Demək olar ki,
50 ildir rejimimi dəyişmirəm. Hər
səhər idman edirəm, yüngül nahar yeyirəm.
Daha sonra iş, işdən sonra - axşam
kiçik bir gəzinti. Yatmaq məsələsi
belədir ki, mən heç vədə gecə oyaq
qalmamışam. Hətta dissertasiya
yazdığım vaxtlarda belə. Elmlər
doktoru dissertasiyamda da, namizədlikdə də. Hərdən başqa alimlər deyirlər ki, mən
bu gecəni yatmamışam. Filan şeyi
yazmışam, filan şeyi düşünmüşəm.
Mən belə etməmişəm. Akademiyada 60 ildən artıqdır işləyirəm.
Həmişə öz elmi işimi də, təşkilati
işimi də gündüz görmüşəm. Ona görə də gecəyə heç nə
saxlamamışam. Saat ondan sonra
yatmışam. Hesab edirəm ki, mənim
bu gün belə sağlam qalmağımın sirri bu rejimdir.
- Təkcə AMEA-nın prezidenti olmaq özlüyündə
çox məsuliyyətli bir işdir. Bu qədər
yük sizi yormur ki?
- Milli Elmlər Akademiyasının prezidenti olmaq, əlbəttə,
böyük şərəfdir. İlk növbədə,
cənab Prezident tərəfindən mənə olan
böyük etibardır. Mən bu
akademiyada 62 ildir çalışıram. Laborant
peşəsindən gəlmişəm. Ona görə də
akademiyanın, demək olar ki, bütün həyatı, həm
elmi, həm təşkilati, həm dövlət tərəfindən
elmin inkişafına qoyulan tələb, elmlə dövlətin
əlaqələri, elmlə mədəniyyətin əlaqələri,
ümumilikdə, elmin Azərbaycan cəmiyyətinin başqa
istiqamətləri ilə əlaqəsinə hər mərhələdə
şahid olmuşam bütün bu tarix boyu. Vəzifə
ağırdır, məsuliyyətlidir. Mən
də imkan dairəsində bütün biliyimi,
varlığımı bu vəzifədə xidmət göstərməyə
sərf etmişəm.
- Dövlət
demişkən, Azərbaycanın baş naziri dəyişdi,
yeni baş nazir təyin olundu. Bununla
bağlı nə düşünürsünüz?
- Əli Əsədovu çox yaxşı
tanıyıram. Əlbəttə, bu, cənab Prezidentin
özünün təklifidir. O, özü hamıdan
gözəl bilir ki, kim bu vəzifəni
bacarıqla yerinə yetirə bilər. Əli
müəllim gözəl insandır, təşkilatçıdır,
iqtisadçıdır və gözəl maliyyəçidir.
Bunlar hamısı o şərtlərdir ki, Azərbaycan
Respublikasının Baş naziri vəzifəsində
çalışmağa imkan versin. Güman edirəm
ki, o, bu vəzifəni yaxşı icra edəcək. Bir şeyi də vurğulamaq istəyirəm ki,
Əli Əsədovun yaxşı praktikası var. O, püxtələşmiş
dövlət xadimi kimi çalışa biləcək. Mən Əli müəllimi səmimi qəlbdən
təbrik edirəm. Güman edirəm ki,
Nazirlər Kabinetinin işi xeyli çevik olacaq.
- Akif
müəllim, siz elə bir geoloqsunuz ki, hətta bu elmdə
sizin adınızla bağlı müəyyən terminlər
də var. Bu sahə ilə əlaqədar bir sual vermək istərdim:
Azərbaycanda axtarışı aparılan nadir elementlər
varmı?
- Azərbaycanda Mendeleyev cədvəlində əks olunan
bütün elementlər, demək olar ki, tapılıb. İndi də
tədqiqatlar aparılır. Alimlərimiz
geologiya elminin petrologiya, filiz geologiyası, petroqrafiya, litologiya
və başqa sahələrində böyük tədqiqatlar
aparırlar. Nailiyyətlər də əldə
olunub. Bu elementlərin çoxu öyrənilib.
Onların yer qabığında qanunauyğun
olaraq paylanması və sair hamısı məlumdur. Lakin bizim geoloqlarımızın əsas istiqaməti
Xəzər dənizinin öyrənilməsi olmalıdır.
Bu yaxınlarda Rusiya Elmlər
Akademiyasının prezidenti Aleksandr Sergeyev Rəyasət heyətimizin
qonağı oldu. Onunla belə bir qərara
gəldik ki, Rusiya Elmlər Akademiyası ilə şərikli formada
Xəzər dənizinin müxtəlif problemləri üzərində
işləyək. Xəzərin dibinin,
neftinin öyrənilməsi və bu kimi problemlər. Bilirsiniz ki, neft Azərbaycanın bütün
iqtisadiyyatı ilə bağlıdır. Azərbaycan
nefti Azərbaycan iqtisadiyyatının qüvvə verəni, hərəkətə
gətirənidir. Geoloqların da ümdə
vəzifəsi ondan ibarətdir ki, yeni-yeni kəşfiyyatlar
aparsınlar, ələlxüsus, dəniz sahəsində.
Digər tərəfdən, dəniz
böyük kompleks tədqiqatlar aparmaq üçün
gözəl poliqondur. Dənizdə
biomüxtəlifliyi öyrənmək, seysmoloji tədqiqatlar
aparmaq, dənizdə baş verən proseslərin fonunda iqlimi
araşdırmaq, dənizətrafı arxeoloji axtarışlar
aparmaq lazımdır. Ötən il Xəzərin
Hüquqi Statusunun müəyyən edilməsilə
bağlı konvensiya bu dənizin ətrafında yerləşən
beş dövlət tərəfindən imzalandı. İndi bu dövlətlər şərikli şəkildə
dənizdə tədqiqatlar apara bilər. Hesab
edirik ki, bu təqdiqatlar prioritet olmalıdır.
- Bir
neçə gün öncə AMEA-nın Coğrafiya
İnstitutu açıqladı ki, Xəzər dənizi əvvəlki
illərə nisbətən getdikcə daha sürətlə
çirklənir. Necə edək ki, həm Xəzərin
geoloji və bioloji nemətlərindən istifadə edək, həm
də onun təmizliyini qoruyub saxlaya bilək?
- Təkcə Xəzərdə deyil, bütün
dünya okeanlarında çirklənmə prosesi çoxdan
başlayıb. Əlbəttə, bu proses təbiətə mənfi təsir
göstərir. Dənizdə olan bütün
mikrofauna, fauna bu prosesdən öz payını alır. Onlar hamısı təbiətin insana bəxş
etdiyi nemətlərdir. Xəzərin
çirklənməsi məsələsi ilə bağlı
dövlətimiz müxtəlif qərarlar, qanunlar qəbul
edir. Bu qanunlara orada işləyən
kampaniyalar riayət edirlər. Bu gün Xəzərdə
fəaliyyət göstərən BP kampaniyası, SOCAR Xəzərin
neftlə çirklənməsi məsələsinə olduqca
ciddi yanaşırlar. Bir damcı neft
düşən anda bu, böyük bir həyəcan
doğurur. Hesab edirəm ki, bu istiqamətdə
aparılan işlər kömək etməlidir ki, Xəzər
bir qədər təmizlənsin.
Onu da qeyd edim ki, alimlər çox maraqlı bir
araşdırma aparıb. Belə ki, 20 il əvvəl
aparılan tədqiqatlara görə, Xəzəri
başlı-başına sakit vəziyyətdə buraxsaq, o
özü-özünü təmizləyə bilir. Həm dəniz dibində, həm suyun tərkibində
özlüyündə təmizlənmə prosesi gedə bilər.
Bir şərtlə ki, ona insan müdaxiləsi
olmasın.
- Bu
yaxınlarda Türkiyənin İstanbul şəhərində
5,8 maqnitudada zəlzələ baş verdi.
Azərbaycan üçün bu gücdə zəlzələ
xasdırmı? Yəni bizdə də bu qədər
güclü sarsıntı yarana bilərmi?
- Azərbaycan
orogen sahədə yerləşir. Orogen – yəni
dağəmələgəlmə sahəsi. Buna görə də Azərbaycanda, o cümlədən,
Xəzər dənizində daim zəlzələlər
baş verir. İki, üç və
dörd ballıq zəlzələlər qeydə
alınır. Bunlar təkan kimi
müşahidə olunur. Zələlələri
bizim seysmik xidmət idarəmiz öyrənir, müşahidə
edir. Azərbaycanda bu gün seysmologiya sahəsində
xidmət yüksək səviyyədədir. Nəinki, müasir cihazlarımız, hətta GPS-lərimiz
də var ki, Yer qabığının hərəkətini izləyə
bilək. Onları bir-birilə uzlaşdıraraq təyin
edə bilirik ki, hansı sahə sürətlə, hansı
daha az hərəkət edir. Biz həm də Qafqazı, Türkiyə ərazisini
izləyərək deyə bilirik ki, Yerin təkində yaranan
qüvvələr harada bir qədər çoxalıb, harada
azalıb.
Hazırda Azərbaycan üçün şiddətli təhlükə gözlənilmir. Ən böyük təhlükə 2000-ci ildə vardı. Noyabr ayında altı ballıq zəlzələ olmuşdu. Ondan sonra hələ ki, sakitlik hökm sürür.
- Bu həftə dünya gündəmi Nobel mükafatı laureatlarının adlarının açıqlanması ilə məşğuldur. Siz Azərbaycanda hansı elmi sahənin alimlərinə güvənirsiniz ki, onlar gələcəkdə Nobeli ölkəmizə gətirəsinlər?
- Bütün ümidlərim Azərbaycanın gənc alimlərinədir. Azərbaycanda akademiya fəaliyyət göstərdiyi yetmiş beş il ərzində çox gözəl məktəblər yarandı. Bu məktəblər Azərbaycan elminə, keçmişdə sovet elminə, ümumilikdə, dünya elminə böyük töhfələr verib. Bizdə Nobelə layiq tədqiqatlar olub. Hesab edək ki, obyektiv və subyektiv baxımdan Azərbaycan elminə Nobel laureatlığı hələ qismət olmayıb. Amma mən bilirəm ki, dövlət elmimizə diqqət edir, qayğı göstərir. Bu gün Azərbaycanda gözəl elmli gənclik yaranmaqdadır. Biz gənclərimizi həvəsləndirir, ABŞ-ın, Avropanın elmi mərkəzlərinə göndəririk. Onlar orada müasir elmi istiqamətlərdə təcrübə toplayır, dissertasiyalar hazırlayırlar. İnformasiya, fizika, geofizika, biotibb, molekulyar biologiya, biotexnologiya istiqamətində Azərbaycan elminin gələcəyinə ümid var.
- Sizin ideyanız əsasında yaradılan Geologiya İnstitutu ABŞ və Avropa ölkələrinin nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Bu işbirliyi Azərbaycan elminə hansı nailiyyətləri qazandırıb?
- Elmin məhdudluğu, sərhədi yoxdur. Elm sərhədsizdir. Azərbaycan elmi bu gün öz sərhədlərini aşıb. Gənclər müxtəlif ölkələrdə aparıcı elmi mərkəzlərdə tədqiqatlar aparıb, elmi məqalələlər çap edirlər. Gənclərin elmi məqalələrinin nəticələri izlənir. Azərbaycan alimlərinin son üç ildə “Veb of Science”, “Scopus” kimi elmimetrik agentliklərdə çıxan məqalələrinin və onlara istinadən edən xarici məqalələrin sayı əlli faizdən çox artıb. Bu göstərir ki, Azərbaycan alimlərinin bu istiqamətdə inkişaf etməyə imkanı var. Güman edirəm ki, onlar hamısı Azərbaycan elminin parlaq gələcəyidir.
- Akif müəllim, haqqınızda oxuyarkən maraqlı məlumatlara rast gəldim. Xüsusilə, şəcərəniz haqqında maraqlı faktlar mövcuddur. Çox məşhur insanlar çıxıb nəslinizdən. Özünüz araşdırma aparmısınızmı bu sahədə? Nəslinizdə başqa tanımadığımız kimlər var?
- Araşdırma aparmamışam. Amma xoşbəxtəm ki, bu nəsildənəm. Şəcərəmlə hər zaman fəxr etmişəm. Çünki mənim nəslimin insanları daim elmlə, mədəniyyətlə məşğul olub. Həmişə dövlətə xidmət ediblər. Ailəmiz həm keçmişdə, həm də indi çalışıblar ki, ailədə də, dövlətdə də maarifçilik üstün olsun. Atam, anam, qardaşım, məni əhatə edən qohumlarım da maariflə, savadla, mədəniyyətlə iç-içə olublar.
- Akif müəllim, deməsəm, günah olar. Çox maraqlı iş otağınız var. Özü tarixi İsmailiyyə binasında yerləşir, pəncərələri isə qədim İçərişəhər Qala Divarlarına açılır. Bütün bunlar sizdə hansı təəssüratı oyadır?
- Bu bina Azərbaycanın incisidir. Yüzdən
artıq yaşı var. Bilirsiniz ki, bina 1912-ci ildə tikilib
başa çatıb. Milyonçu Musa Nağıyev tərəfindən
investisiya qoyulub. İsmailiyyə binası bir mədəniyyət
abidəsidir. Bizim akademiyaya gələn qonaqlar, alimlər,
mütəfəkkirlər, xaricilər - hamısı bu binaya
heyran qalıblar. Hesab edirəm ki, dövlətin belə bir
binanı elmə bəxş etməsi sübut edir ki, Azərbaycan
rəhbərliyi elmə böyük dəstək və
qayğı göstərir. Bu binada oturarkən, əlbəttə,
başa düşürəm ki, bura böyük mədəniyyət
abidəsidir.
Xalq Cəbhəsi.- 2019.- 15 oktyabr.-
S.15.