Güney Azərbaycana hərbi yürüşün başlanması və milli hökumətin süqutu

 

 

 

25-ci yazı

 

Ağır və çıxılmaz vəziyyətə düşmüş Güney Azərbaycan rəhbərliyi Tehranla bağlanmış müqaviləni və danışıqlar zamanı əldə edilmiş razılaşmaları xatırladaraq, Azərbaycana güclü qoşun dəstələrinin göndərilməsinə ehtiyac olmadığını və bu baş tutan təqdirdə ağır nəticələr verə biləcəyini Tehrana bəyan etdi. 30 noyabr 1946-cı ildə S.C.Pişəvəri, M.Ə.Şəbustəri, S.Cavidin iştirakı ilə keçirilmiş Azərbaycan Əyalət Şurasının (əncümənin) fövqəladə geniş iclası adından baş nazir Qəvamül-səltənəyə göndərilmiş teleqramda deyilirdi: «... Azərbaycana silahlı qüvvə göndərmək buradakı demokratik hərəkata müharibə elan etmək deməkdir. Əyalət Əncüməni və Azərbaycan xalqı, hər bəhanə ilə olursa olsun, Azərbaycana silahlı qüvvənin göndərilməsini 23 Xordad 1325-ci il (1946-cı il 13 iyun) qərardadına müxalif hesab edib, onun əleyhinə ciddi surətdə etiraz edir». Azərbaycan rəhbərliyi Tehran qoşunlarına müqavimətsiz təslim olmağa müxalif olsa da, əslində onun geri çəkilməkdən başqa çarəsi qalmamışdı.

Yeri gəlmişkən Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məsələsində Azərbaycan rəhbərliyində vahid mövqe olmamışdı. Sənədlərdə görünür ki, S.C.Pişəvərinin başçılıq etdiyi rəhbər cinah «öldü vardır, döndü yoxdurmövqeyini tutub, axıra qədər müqavimət göstərməyi təklif edirdilər. Bu cinahın təşəbbüsü ilə (bu cinaha S.C.Pişəvəri, Pənahiyan, Çeşmazər və b. daxil idi.) xüsusi müqavimət dəstəsi - «Babək müqavimət dəstəsi» yaradılmışdı.

S.C.Pişəvərinin 12 Azər 1335-ci il (9 dekabr 1946) xalqa müraciətində deyilir: «Axırda Tehran hökuməti öz mahiyyətini təzahürə çıxartdı. Biz əvvəldən ona aldanmamışdıq, biz bilirdik ki, illər boyu İran xalqlarının qanını soran mürtəcelər heç bir zaddan azadlıqdan artıq qorxmurlar. Buna görə də azadlığı boğmaqdan çəkinməyib fürsət gözləməkdədirlər. Biz hər cür fədakarlıq və güzəştlərə hazır olduq. Biz istəyirdik daxili müharibə atəşini qızışdıran mürtəcelərin bəhanəsi kəsilsin, biz istəyirdik sülh şəraitində azadlığı bütün İranda ümumiləşdirək, lakin mürtəcelər şum fikirlərindən sərfnəzər etmədilər və axırda Zəncanda vicdansız hərəkətləri gətirməklə öz əllərin bütün dünyaya oxutdular.

İndi bununla da kifayətlənməyib, üz verdikcə astar istəyirlər. Teleqraf-teleqraf üstündən yağış kimi yağır və imperializmin duz-çörəyini itirməyən fitnəkar Qəvam xalıqımızı təhdid etməkdə Azərbaycana «taminilik» qüvvələri göndərməyə can atır. Bu taminiyyə qüvvələri yalnız onların irticai mənfəətləri nöqteyi-nəzərindən «taminə» sayıla bilər. İndilikdə irticanın əlində bir alət kimi istemal olub dövlət başçısı və «rəhbəre koll» adlanan ağaye Qəvamül-səltənə birdəfəlik bilməlidir ki, biz heç kəslə təarüf etməyəcəyik. Biz sözlərimizi deyib qurtarmışıq. Biz hər cür güzəşt və əğmaza hazır olduq. İndi daha bizi aldatmaq fikrində olanlar öz intibahların düşünməlidirlər. Bizi jandarm, top və tüfəng ilə qorxutmaqla azadlığımızı əldən verməyəcəyik. Biz tiryəki jandarmları çoxdan tanıyırıq. Biz irticai qoşunların mahiyyətinə bələdik.

Azərbaycan xalqı azadlığını aldığı kimihifz edəcək. İndi hamı vətən müdafiəsi uğrunda ayağa qalxıb və son qətrə qanı qalana qədər vətənimizdən difa etməyə hazırdır». Zənganı tutduqdan sonra Tehran qoşunlarının törətdikləri ağır cinayət və faciələr Azərbaycandakı soydaşlarımızı ayağa qaldırdı. “Babək könüllülər dəstəsi”nə minlərlə qoca, cavan, hətta qadınlar qoşuldu. Azadlığını qorumaq üçün ayağa qalxmış insanlarda vətən məhəbbəti, azadlığı qoruyub saxlamaq, əldə edilmişləri hifz etmək istəyi olsa da, təpədən dırnağa qədər silahlı qatillərə qarşı vuruşmaq üçün silahsursat lazım idi. Yağı düşmənin qarşısında əli yalın dayanmaq mümkünsüz idi. Belə bir durumda Təbriz Bakı vasitəsi ilə Sovetlərə müraciət edir. Hələ bundan 12 gün əvvəl, 1946-cı il dekabrın 5-də Güney Azərbaycanda milli-demokratik qüvvələrə qarşı Tehranın yaratdığı ağır və faciəli durum haqqında Mir Cəfər Bağırov İ.V.Stalinə Cənuba kömək etmək haqda müraciət edir. Müraciətdə Cənubi Azərbaycana qarşı Tehranın cinayətkar əməlləri, bir-birinin ardınca bölgələrin işğalı sovet rəhbərliyinə çatdırıldıqdan sonra müraciətdə deyilir: «...Pişəvəri radio vasitəsi ilə əhalini İran qoşunlarının Güney Azərbaycana hücumu barədə xəbərdar edir. Təbrizdə hərbi vəziyyət elan olunub. Azərbaycanın hər yerində kəndlilər müdafiə olunmaq üçün silahlandırmaq xahişi ilə Demokrat Partiyasının Mərkəzi Komitəsinə müraciət edirlər. Amma silah olmadığından rəhbərlik bu xahişləri yerinə yetirə bilmir. Azərbaycan Demokrat Partiyasının rəhbərliyi bir daha onlara heç olmasa minimal həcmdə yardım göstərməyi xahiş edir».

Stalin bu xahişin cavabında M.C.Bağırova bildirir ki, «Beş milyon azərbaycanlıya görə mən üçüncü dünya müharibəsinə başlaya bilmərəm.» Bu cavabdan sonra şahidlərin dediyinə görə Bağırov hönkür-hönkür ağlamışdı.

Zəncana daxil olan şah qoşunununonun yerlərdəki tərəfdarlarının törətdikləri cinayətlər Azərbaycan üzərinə ölüm gətirən qara buludların törədəcəyi böyük faciələrdən xəbər verirdi. Belə bir məqamda Pişəvəriyə, rəhbərlikdə onunla bir əqidədə olanlara qarşı sovetlərin əvvəllər göstərdikləri təzyiqlər sonralar açıq hədələrlə tamamlandı. Buna baxmayaraq Qəvama inanmamaq, şah qoşunu qarşısında müqavimət göstərmək əvvəldən axıra qədər S.C.Pişəvəri üçün əsas və məqbul tezis idi. 1946-cı il 10 dekabrda baş komandan kimi S.C.Pişəvərinin ünvanına Qaflankuh cəbhəsindəki vəziyyət haqda gəlmiş silah çatışmazlığı qeyd olunur. Teleqrama cavabında S.C.Pişəvəri qoşuna və fədailərə düşmənə qarşı döyüşü heç bir vəchlə səngitməməyi, heç bir vəchlə geri çəkilməməyi, qorxaqlıq göstərib geri qaçanların ciddi cəzalandırılmasını hərbi rəhbərlikdən tələb edirdisilah, hərbi sursat çatdırılacağını söyləyirdi.

1946-cı il dekabrın 11-də ADF MK və Birləşmiş Həmkarlar İttifaqı birlikdə əhaliyə müraciət qəbul etdi. Bu müraciətdə Zəncanı tutmuş düşmənin azğınlığının qabağını almaq üçün xalq səfərbər olmağa çağırılırdı. Səfərbərliyə çağırışın müqabilində elə həmin gün (dekabrın 11-də) «Təbrizdəki vitse-konsul N.Quliyev vasitəsi ilə Stalinin tapşırığı Pişəvəri, Şəbüstəri, CavidPadiqana çatdırıldı... Silahlı müqavimətin davam etdirilməsi məqsədəuyğun, gərəkli və faydalı deyildir» sözləri ilə tamamlanan bu tapşırıq əslində Azərbaycan rəhbərliyinin təslim olmasına çağırış idi. Bu çağırışa qarşı sərt mövqe tutan Pişəvəriyə lazım gəlsə zor işlədiləcəyinə də işarə olunmuşdu. Bunu Pişəvərinin yaxın silahdaşlarından və Azərbaycan Milli Hökuməti zamanı baş nazirin və firqə rəhbərinin köməkçisi olmuş, məşhur «53-lər»dən sayılan mərhum Tağı Şahin söhbətlərində belə xatırlayırdı: «1946-cı il dekabrın 10-da ADF MK binasına gələn 2 nəfər sovet nümayəndəsi Pişəvəriyə bir neçə yaxın silahdaşı ilə Təbrizi təcili tərk etməyi təklif etdikdə və bu təklif Pişəvəri tərəfindən qəbul edilmədikdə «Sizi zorla apararlar» cavabı verildi». Ultimatum xarakterli bu cavab əslində təslim olmaq istəməyən Azərbaycan rəhbərliyinə qarşı hərbi və fiziki zorakılığın işə salına biləcəyindən xəbər verirdi. S.C.Pişəvəri bundan sonra «...hər hansı bir tədbirin həyata keçirilməsinin əhəmiyyətsiz olduğunu başa düşdüözünün çıxılmaz vəziyyətdə qaldığını hiss etdi. O, müqavimətin dayandırılması haqqında partiya aktivinə, ordu komandirlərinə və fədai başçılarına heç bir göstəriş vermədi”.

ADF-nin rəhbərliyində Tehran qarşısında mötədil mövqe tutmağa məcbur olan cinaha doktor S.Cavid, M.Ə.Şəbüstəri və başqaları başçılıq edirdilər. Bu cinah qüvvələr nisbətindəki müqayisəsiz tarazsızlığı görərək müqavimət göstərməyin heç bir müsbət nəticə verməyəcəyini söyləyir və Tehranın əvvəllər verdiyi vədlərə az da olsa müəyyən dərəcədə inanırdılar. Doktor S.Cavid sonralar özü bu haqda yazırdı: «Pərdə dalında Amerika və ingilislərin hazırladıqları qəsddən tam xəbərim yox idi. Amma Ağaye Qəvamın və şahın bu qəsddən xəbərləri var imiş. Onlar birlikdə Azərbaycan nehzətini məxfiyanə surətdə aradan aparmaq nəqşəsini çəkmişlər... Mən tərəfdar idim Təbrizdə imzalanmış müvafiqnamə və onun Tehranda qəbul olunmuş zəmimələri (əlavələri) icra olunsun və dövlətin əlinə bəhanə düşməsin, Pişəvəri isə bunları deməyirdi və məsələlərin uzanmasının tərəfdarı idi. O, ümid edirdi ki, bəlkə beynəlmiləl siyasət dəyişə, vəli, mən bu ümidi görməyirdim». Ümidsizləşmiş vali - doktor Cavid özünün yazdığı kimi, qan tökülməməsi, qardaş qırğını olmaması naminə əyalət əncüməninin qərarı əsasında qoşunun Azərbaycana, o cümlədən Təbrizə gəlməsinə razılaşmışdı. O, qoşunun Azərbaycanı dinc şəraitdə tutması üçün Qəvamla Miyanada görüşməyi təklif etdisə də, Qəvam bu görüşün qoşun Təbrizi tutduqdan sonra mümkün olacağını bildirmişdi.

Təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş 50 min nəfərlik şah ordusu (10 min nəfər də Tehran ətrafında ehtiyatda saxlanmışdı) 50 bombardmançı təyyarənin, 65 zirehli tankın, 174 topun, 3 min pulemyotun, çoxlu qumbara və minaların köməyi ilə 1946-cı il dekabrın 4-də, səhər saat 7.00-da Azərbaycanın üzərinə üç istiqamətdə (Zəncan-Təbriz, Tikab-Miandab, Astara-Xalxal) hücuma keçdi. Azərbaycan üçün ağır o tarixi günlərdə Təbrizdəki ingilis konsulu İngiltərə Xarici Işlər Nazirliyinə göndərdiyi raportda «şah qoşununun amerikalılar tərəfindən yaxşı silahlandırıldığını, hərbi avtomobildən tutmuş tank, təyyarə və ağır silahlarla kifayət qədər təchiz olunduğunu, bunun müqabilində qarşı tərəfin (Azərbaycanın) adi tüfəngdən başqa mühüm bir silaha malik olmadığını» yazırdı. Dekabrın 4-də geniş miqyaslı hücuma başlayan Tehran qoşunu bütün Azərbaycanı və digər iri şəhərləri qorxu və dəhşət içərisində saxlasa da, Təbrizi tutmağa qəsdən tələsmirdi. Nəhayət, 1946-cı il dekabrın 11-də (1325-ci il 20 Azərdə) səhər milləti düşmənə qarşı müqavimət göstərməyə çağıran, «öldü vardır, döndü yoxdur» deyən S.C.Pişəvəri elə həmin günün axşamı Təbrizdəki Sovet xəfiyyəsi nümayəndələrinin təzyiqi və nəzarəti ilə Təbrizi tərk etməyə məcbur edildi. Sovet İttifaqı ilə Tehran arasında əldə edilmiş məxfi razılıq əsasında Milli Hökumət yıxılandan sonra Seyid Cəfər Pişəvəri zorla « hacirət» etməyə məcbur olmuş, rus silahlı qüvvələri vasitəsilə Bakıya aparılmışdı.

 

Əkrəm Rəhimli

 

Xalq Cəbhəsi.- 2019.- 24 oktyabr.- S.14.