Güney Azərbaycana hərbi yürüşün başlanması və milli hökumətin süqutu

 

 

 

26-cı yazı

1946-cı il dekabrın 11-də (1325-ci il 20 Azərdə) səhər milləti düşmənə qarşı müqavimət göstərməyə çağıran, «öldü vardır, döndü yoxdur» deyən S.C.Pişəvəri elə həmin günün axşamı Təbrizdəki Sovet xəfiyyəsi nümayəndələrinin təzyiqi və nəzarəti ilə Təbrizi tərk etməyə məcbur edildi. Sovet İttifaqı ilə Tehran arasında əldə edilmiş məxfi razılıq əsasında Milli Hökumət yıxılandan sonra Seyid Cəfər Pişəvəri zorla « hacirət» etməyə məcbur olmuş, rus silahlı qüvvələri vasitəsilə Bakıya aparılmışdı.

S.C.Pişəvərinin Təbrizi tərk etmək ərəfəsində onunla bir yerdə olansovet «diplomatlannrn» ona necə təzyiq və aldadıcı manevrlər etdiyinə şahid olan H.Cahanşahlı yazır: «Pişəvəri firqə rəhbərliyini M.Biriyaya verdikdən sonra onu Təbrizdəki Sovet konsulunun nümayəndəsi, KQB polkovniki Quliyev konsulluğa çağırdı. Burada olan söhbətdə Pişəvəri çox hirsli vəziyyətdə sözlərini Sovet nümayəndəsinə dedi. Quliyev Pişəvərinin görüş üçün təcili Culfaya dəvət olunduğunu bildirdi. Axşam saat 8- də (20 Azər) Gözəlov şəhər kənarında, Təbriz-Culfa yolu üzərində Pişəvərini gözləyəcəyini ona bildirdi. Pişəvəri əvvəl Culfaya, sonra isə Naxçıvana aparıldı. Beləliklə də «... Cənubi Azərbaycanda bütün xalqın, bütün mütərəqqi qüvvələrin iştirakı ilə əmələ gəlmiş, böyük və qüdrətli bir milli demokratik hərəkat qan dəryasında boğuldu».

1946-cı ilin dekabrın 11-i (20 Azər) Güney Azərbaycan milli demokratik hərəkatı tarixində kədərlə yadda qalan aşağıdakılar olmuşdur:

1. ADF MK, Təbrizdə keçirilən son iclasında S.C.Pişəvərinin firqədə sədrlik vəzifəsi Məhəmməd Biriyaya həvalə olunur (F.İbrahimiM.Vilai müavin), S.Cavidin, M.Ə.Şəbüstərinin, M.Biriyanın və bir neçə rəhbər işçinin Təbrizdə qalması məsləhət görülür.

2. Həmin axşam hərəkatın öndəri S.C.Pişəvəri doğma Təbrizi tərk etmək məcburiyyətində qalır.

3. Qəvamın teleqramına cavab olaraq 1946-cı il dekabrın 11-də gecədən xeyli keçmiş Azərbaycan Əyalət Əncüməninin fövqəladə toplantısı (S.Cavid və M.Şəbüstərinin iştirakı ilə) Tehran qoşununun Azərbaycana gəlməyinə icazə verir. Beləliklə, 11 dekabrda baş vermiş yuxarıdakı olaylar həm Təbrizdə və həm də Azərbaycanın bütün bölgələrində böyük həyəcan və məyusluq yaratdı. Pişəvərinin Təbrizdən aparılması bu məyusluğu yaradan kuliminasiya idi.

Azərbaycan Əyalət Əncüməni Tehranla bağlaşamadakı maddələrə əsaslanıb «İranın daxilində qardaş qırğınının qarşısını almaq üçün 1946-cı il dekabr ayının 11-də Azərbaycan Xalq Qoşunlarına və Fədai qüvvələrinə İran dövlətinin silahlı qüvvələrinə müqavimət göstərməmək və döyüş mövqelərini tərk etmək göstərişini verdi». Bu zaman cəbhədə olan fədailər və əsgərlər Azərbaycan əyalət Əncüməninin göstərişi əsasında müqaviməti dayandırıb cəbhədəki mövqeləri tərk etməli oldular. «Bu işə ona görə əncam verildi ki, qarşı tərəf Azərbaycanı bağlanmış qərarı pozmaqda günahkar saymasın». 1946-ci il dekabrın 11-də (1325-ci il Azərin 20-də) M.Biriyanın başçılığı ilə S. Cavid və M.Şəbüstərinin iştirakı ilə ADF binası qarşısında keçirilmiş mitinq silahlı müqavimətin faydasızlığını bilib aşağıdakı qətnaməni qəbul etdi (Qətnamə elə həmin gün teleqramla Tehrana çatdırıldı). Qətnamədə qeyd olundu ki:

1. Qardaş qırğınının qarşısını almaq və əmin-amanlığı qoruyub saxlamaq üçün mərkəzdən gələn qoşuna müqavimət göstərilməyəcək;

2. Azərbaycan Demokrat firqəsi əvvəldə olduğu kimi yenə də İranın ərazi bütövlüyünün qorunmasında israrlıdır;

3. ADF və Azərbaycan həmkarlar təşkilatı azad fəaliyyət göstərəcəyinə dövlətin verdiyi zəmanətə əmindir.

M.Biriya mitinqdən sonra ADF rəhbərliyi adından verdiyi bəyanatda demişdir: «Biz dəfələrlə demişik və yenə deyirik ki, İranın ərazi bütövlüyünə tərəfdarıq. Düşmənlərimiz nehzətimizə böhtan atmaqla qan tökməyə cəhd edirlər. Dövlət qoşunu dövlətin göstərişi ilə Azərbaycana gəlir ki, məclisə intixabat (seçkilər) keçirək. Ağaye Qəvam buyurur ki, millət qanısoyuqluq göstərsin ki, məclisə intixabat maneəsiz keçirilsin».

Təbriz sülh, qardaş qırğınına yol verməmək haqda düşündüyü bir vaxtda Tehrandakı rejim Azərbaycana qarşı ölüm və cəza kabusunu işə salmaq haqda fikirləşirdi. Şah-Qəvam qüvvələri Azərbaycana hərbi yürüşlə nəinki əmin-amanlığıın qorunmasına kömək etmədi, əslində Azərbaycanı qan dəryasına çevirmək istəyənləri istiqamətləndirdi və dəstəklədi.

 

Əkrəm Rəhimli

 

Xalq Cəbhəsi.- 2019.- 26 oktyabr.- S.14.