Azərbaycana hərbi yürüşün başlanması və milli hökumətin süqutu

 

 

 

27-ci yazı

Tanınmış ədib Gəncəli Səbahi həmin dövrün hadisələrini şərh edərkən «Ötən günlərim» adlı xatirələrində yazır: «Aban ayının 18-də şah qoşunları Zəngana doldu. Zülfiqari atlıları xiyaban və küçələri azadxahların al qanına boyadı. Burada baş verən talanlar, qırğın və vəhşiliklə törədilən faciələr radiolardan bütün dünyaya yayıldı. Ordu cəsədlər üzərindən Təbrizə tərəf irəlilədi. Azərin 20-də əliyalın qalmış demokrat hökuməti Amerika silahı qarşısında tab gətirə bilmədiyindən süqut etdi».

Doktor Cavidin yazılarından və hadisələrin canlı şahidi olmuş çoxsaylı insanların xatirə və etiraflarından, eləcə də rəsmi sənədlərdən məlum olur ki, 13 dekabr saat 17.00-yə qədər Mərkəzi Hökumətin qoşunu Təbrizə daxil olmağa qəsdən tələsməmişdi. Bu gecikmənin əsas səbəbi əvvəlcədən öyrədilib Azərbaycana göndərilmiş şahpərəstlərin, xüsusi təlim almış banda dəstələrinin burada vətəndaş qırğını salmaq, talanlar təşkil etmək və hərəkat iştirakçılarından qisas almaq idi. Xalq içərisində parçalanma yaratmaq məqsədi ilə Rza şah zamanında ortaya atılmış «mühacirlər» məfhumuna rəvac verildi. «Mühacirlər», «yerlilər» adı altında qızışdırılan və yerliləri «kafir», «satqın», «bolşevik» mühacirlər əleyhinə çağıran quldur dəstələri demokratları «mühacir» adı altında kütləvi şəkildə qətlə yetirdilər, evlər talandı, qadın və qızların namusuna təcavüz edildi, Təbrizin küçələri günahsız insanların qanına boyandı. Güney Azərbaycana «əmin-amanlıq» yaratmağa gələn qoşunun başçısı, general Haşimionun komandası bu qanlı və faciəli səhnələri uzaqdan seyr etməkdən sanki «ləzzət» alırdılar. Buna görə də onlar Təbrizdəki qırğını dayandırmağa tələsmirdilər.

S.C.Pişəvəri Rza şah dövründə və sonrakı illərdə Azərbaycandakı hərəkata qarşı «mühacirlər» kartından necə istifadə olunduğuna işarə edərək yazmışdır ki, «Bu adamlar bir müddət Arazın o tayında yaşayıb öz vətənlərinə dönən azərbaycanlılar idi. Yerli mürtəcelər və dövlət məmurları onları mühacir adlandırıb, onlarla yerlilər arasında ikitirəlik salıb, ədavət yaratmışlar. Rza xan dövründə onlar öz vətənlərində müharibədə əsir düşmüş əsgərlərdən daha pis halda yaşamağa məcbur edilmişlər».

Mərkəzin qoşunu Təbrizə gələnədək Milli Hökumət dövründə fəallıq göstərmiş vətənpərvərlərə «mühacir» adı altında divan tutulmuş, yüzlərlə insan azadlıq mücahidi olduğuna görə küçələrdəcə qətlə yetirilmişdi. Həmin dövrdə Təbriz küçələrindəki faciənin canlı şahidi olmuş mərhum H.Mollazadə sonralar qələmə aldığı «Küçələrdəki müşahidələrimdən xatiratlar» adlı kitabında yazır: «1325-ci il Azərin 21-də (12 dekabr 1946) Nehzətin bir illiyi münasibəti ilə nəşr olunacaq «Azərbaycan» qəzetini almaq üçün çapxananın qabağına gəlmişdim. Qəzetin nəşrindən xəbər yox idi. Şəhərin hər yerində görün-məyə başlayan silahlılar harada firqəçi və mühaciri görürdüsə, ardınca gedib, onları qəddarlıqla qətlə yetirirdilər. Fürsət axtaranlar günahsız insanları şəhərdə bir yerə yığıb onları rəhimsizcəsinə qətliam (soyqırım) edirdilər. Ordu Təbrizə gələnə qədər bu cür faciələr çox oldu, evlər qarət edildi, namuslara toxunuldu, çoxlu insan evlərini tərk edib qaçmaq məcburiyyətində qaldı... Demokratların məğlubiyyətindən sonra fateh qoşunun fərmandarları adamlarla məğlub olmuş düşmən kimi rəftar edirdilər».

Azərbaycan üzərinə hücum əmrini dekabrın 4-də almış şahın qaniçən generalı Haşiminin başçılıq etdiyi qoşunun Təbrizə 9 gündən sonra (13 dekabr) gəlib çıxmasına səbəb nə idi? Zəngandan Təbrizə qədər olan 290 km məsafəni qoşqu arabası ilə 2 günə qət etmək mümkün olduğu halda mühərrikli nəqliyyatla (biz hələ təyyarələri demirik) bu qədər ləngiməyə vadar edən nə idi? Qoşunun Təbrizin 80 km-də (BostanabaddaŞibli gədiyində) 2 sutkaya qədər dayanmağa onları nə məcbur edirdi?

Hadisələrin sonrakı gedişi göstərmişdi ki, bu ləngimə Tehranda ali hərbi qərargahda Şah və Qəvamın iştirakı ilə tərtib edilmiş Azərbaycana qarışı fitnəkarlıq və düşmənçilik planı əsasında olmuşdu. Noyabrın 2-dən Azərbaycan səmasında görünməyə başlayan Tehranın hərbi təyyarələri səpdikləri vərəqələrdə şahpərəst qüvvələri azadlıq istəyən insanlara qarşı qisas almağa çağıraraq, bu gün, sabah qoşunun gəlməyi ilə onları ruhlandırır, onları daha ağır cinayətlər törətməyə sövq edirdi. Nəticə bu oldu ki, şahənşah qoşunu Təbrizə daxil olana qədər (1946-ci il 13 dekabr saat 17.00) Tehranın Azərbaycana gizli yeritdiyi qaragüruhcu dəstə tərəfindən Təbriz, Ərdəbil, Miyana, Urmiya, Mərənd, Marağa, Miyandabdaha neçə-neçə şəhər, rayon, qəsəbə və kəndlər saysız-hesabsız qətllərin, talan və vəhşiliklərin şahidi oldu. Sonra isə Məmmədrza şahonun təbliğat dəstgahı bütün dünyaya car çəkdi ki, «Məclisə seçkiləri əmin-amanlıq şəraitində keçirmək məqsədi ilə Azərbaycana qoşun vaxtında çatmasaydı, burada qarşısıalınmaz vətəndaş müharibəsi başlanacaq idi».

Əslində şah Tehrandan göndərdiyi Zülfiqarilərin, Bəxtiyarilərin, Müqəddəmlərin, Əbdülhüseyin Mirzə Fərmanın, Hacı Möhtəşəm Isfəndiyarının, Rza Həqqi kimi və yerlərdəki anti-milli ünsürlərin vasitəsi ilə 3 gün ərzində (dekabrın 10-dan 13 dək) Azərbaycanı insan «sallaqxanası»na çevirməyə müvəffəq oldu. Məmmədrza şahın dostu olmuşsonralar Pəhləvi sülaləsi haqda iki cildlik xatirələr yazmış general Hüseyn Fərdüst Təbriz üçün ağır olan o günlərdə küçə və xiyabanlarda 2-3 min cəsədin tökülüb qaldığını etiraf edir. Yuxarıda kitabından iqtibas gətirdiyimiz R.Russonun oğlu Təbrizdəki ABŞ konsulu hadisələrin şahidi olmuş atasının xatirələrinə əsaslanaraq yazır: «12 dekabrda Təbrizdə Tehran əsgərlərindən əsər-əlamət yox idi. Əvəzində naməlum silahlı dəstələr şəhərdə gəzişir, demokratlara tərəfdar olanları öldürür, dükanlarını talayırdılar. Aramsız atılan hədəfsiz güllə səsləri şəhərdəki sükutu pozurdu... Fədailər XIII əsrdə tikilmiş Ərk qalasının başında istehkam qurmuşlar. General Haşiminin başçılıq etdiyi ordu ancaq dekabrın 13-də günortadan sonra saat 5-də şəhərə daxil oldu».

1946-cı ildə Təbrizdəki ABŞ konsulunun xatirələrindən də görünür ki, Tehran qoşunu Təbrizə dekabrın 13-də, demokratlara divan tutulduqdan sonra gəlib çıxmışdı. Qoşunun gəlməsi ilə Azərbaycan valisi doktor Cavidə və Azərbaycan Əyalət əncüməninin rəisi M.Şəbüstəriyə fəaliyyət üçün nəinki imkan verilmədi, onlar əvvəlcə ev dustağı edildi, sonra sorğu-sual və mühakimə olunmaq üçün Tehrana göndərilmiş və orada həbsə alınmışlar.

Valiliyinin son günlərini xatırlayan doktor Cavid yazır: «Təbrizdə fədailərə mühacir adı qoyub öldürürdülər. Mən bunu Sərtib Haşimiyə dedimsə, nəticə almadım. Onun saymazlığı məni əsəbləşdirdi. Əsəbani olub üzümü sərhəng Mənsuriyə çevirib dedim: budur ədalət?! 21 Azər nehzətində hərbi kazarmanı sizdən alanda məgər biz sizinlə belə rəftar edirdik?».

Azadlığını istəyən bir xalqa qarşı 1946-cı ilin dekabr günlərində qanlı cinayətə əl atmış Məmmədrza şah rejimibu rejimə xidmət edənlər bütün bu qanlı olayları xalqın adına çıxmağa, bununla birlikdə onlar bütün vasitələrlə Azərbaycandakı qırğın və talanların miqyasını azaltmağa, real həqiqəti ört-basdır etməyə çalışırdılar. Lakin bu qanlı cinayətin izini itirmək mümkün olmadı. Həmin dövrdə Azərbaycan xalqının başına açılmış bu ağır faciənin şahidi olmuş amerikalı hüquqşünas Duklas öz yazısı ilə bu cinayəti bütün dünya ictimaiyyətinə çatdırmaqda böyük alicənablıq göstərmişdi. Milli Hökumətin süqutundan sonra Azərbaycana gəlmiş Duklas yazır: «Özünü xilaskar adlandıran İran qoşunu keçdiyi yerlərdə zorakılıq nişanələri qoymuşdu. Kəndlilərin saqqalına od vurub yandırdılar, onların arvad və qızlarına təcavüz etdilər, evlərini taladılar, mal-qaranı oğurladılar. Qoşun hər cür nəzarətdən kənarda hərəkət edirdi. Onun vəzifəsi nicat vermək idi. Lakin o, qeyri-nizamilərin qarəti ilə məşğul olurdu, arxasınca cənazələr və xarabalıqlar qoydu. Zindanlar günahsız azərbaycanlılarla dolduruldu».

İngiltərənin böyük yazıçısı və ictimai xadimi Ceyms Oldric 1945-1946-cı illərdə Güney Azərbaycandakı azadlıq mücadiləsinin canlı şahidi olmuşdur. O, sonralar yazdığı «Diplomat» romanında 21 Azər nehzəti və Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan xalqının böyük dirçəlişindən ürək dolusu bəhs etdiyi kimi, şah ordusununonun yerlərdəki əlaltılarını demokratik qüvvələrə qarşı törətdikləri azğınlıq və cinayətləri də nifrətlə yad edir. Güney Azərbaycanla bağladığı müqaviləni ayaqlar altında qoymuş Məmmədrza şah, Qəvamül-səltənə kabusu Azərbaycandakı demokratik hərəkatı qan dəryasında boğmaqla kifayətlənmədi. Hərəkatın süqutundan sonra 25 min nəfərdən çox insan məhv edilmiş - güllələnmiş, dar ağacına çəkilmiş, əzab və işgəncələrlə qətlə yetirilmişdi. Yüz minə qədər insan həbsə alınmış, sürgün edilmiş, minlərlə azadlıqsevər insan vətənini tərk etmək məcburiyyətində qalmışdı. Təbriz universitetinin, filarmoniyanın, milli teatrın, kitabxana və klubların qapısı qıfıllandı. Ana dilində tədris yenidən yasaq edildi, Azərbaycan dilindəki dərsliklərə, kitablara od vurulub yandırıldı. Səttərxanın, Bağır xanın heykəlləri dağıdıldı, onların adı küçə, xiyaban və elm-mədəniyyət ocaqlarından silindi. Azərbaycanlılara göz dağı verib onları həmişəlik mübarizədən çəkindirmək üçün say-seçmə oğulları: Firidun İbrahimi, M.Kəbiri, M.Azadvətən, Ə.Əzimi, Ə.Fitrət, Q.Sübhi, Q.Cavidan, M.Ələm, Ə.Qəhrəmani, R.Yekani, Vəli Gənceyemehr və yüzlərlə rəhbər xadimlər, fədai başçıları, azadlığın mücahidləri faciəli şəkildə qətlə yetirildilər.

Beləliklə, 1941-1946-cı illərdə Güney Azərbaycanda milli azadlıq və demokratiya uğrunda gedən xalq hərəkatı imperialist dövlətlərin şahlıq rejimini dəstəkləməsi və sovetlərin xəyanəti və bir sıra digər səbəblər üzündən növbəti dəfə məğlubiyyətə uğradı. 1905-1911-ci illər Səttərxanın başçılığı ilə olmuş Məşrutə hərəkatı, 1920-ci il Şeyx Məhəmməd Xiyabaninin adı ilə bağlı Xiyabani hərəkatı kimi 1945-1946-cı illərdəki 21 Azər hərəkatı süquta uğrasa da, o, sonrakı nəsillər üçün silinməz izlər qoymuş və ibrət dərsləri vermişdi. Ən başlıcası, XX əsrdə Güney Azərbaycanda milli-demokratik hərəkatın zirvəsi sayılan 21 Azərin səpdiyi toxum torpaqdadır. Bu toxumun göyərəcəyi, qol-budaq atacağı və son hesabda Güney Azərbaycanı işıqlı, azad sabaha çatdıracağı şəksizdir.

Əkrəm Rəhimli

 

Xalq Cəbhəsi.- 2019.- 29 oktyabr.- S.14.