“Sənət həyata
münasibətdir”
Yanvarın 14-də “İrşad” oteldə rəssam Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda” adlı sərgisinin açılışı olacaq. Müsahibimiz rəngkar, qrafik və karikaturaçı rəssam Soltan Soltanlıdır (azadinform.az).
- Soltan müəllim, sizi daha çox karikaturaçı rəssam kimi tanıyırlar. Azərbaycanda karikatura sənətinin ənənələri var. Hazırda bu sənətin ölkəmizdəki durumu sizi qane edirmi?
-Yaradıcılığa karikaturaçı kimi başlamışam. Bu, 1990-cı illərin ortalarına təsadüf edir. O vaxt tələbə idim və maddi durumum çox çətin idi. Belə olduqda mən daha asan bir yol seçdim. Elə də böyük xərc tələb etməyən karikaturaya üstünlük verdim. Bunun üçün kağız, qara tuş və pero tələb olunurdu. Həmin dönəmdə ölkədə müstəqil qəzetlərin sayı çox idi və onlar karikaturaya çox gərək duyurdular. Beləliklə, həftədə bir neçə qəzetdə karikaturam yayınlanırdı və bununla tələbə kimi dolanışığımı təmin edirdim.
Azərbaycanda karikatura sənətinin tarixi həm də peşəkar rəssamlığımızın tarixidir. Bu sənət ölkəmizdə “Molla Nəsrəddin” jurnalı ilə başlayır. Adıçəkilən jurnal xalqımzın çox böyük ədəbi-bədii, ictimai-siyasi və karikatura dərgisi idi. “Molla Nəsrəddin”in nəşrindən sonra Azərbaycanda Sovetlərin gəlişinədək 15-ə kimi satirik jurnal çıxdı. Sovetlər dönəmində bu işi “Kirpi” jurnalı davam etdirdi. Vaxtilə Azərbaycanda güclü karikaturaçılar olub. Müstəqillikdən bu yana onların sayı barmaqla sayılası qədərdir.
- Bildiyimizə görə, bu günlərdə “Yüksək ideyalar yolunda” adlı növbəti sərginiz təşkil olunacaq. Bu, sizin Azərbaycanda təşkil edilən neçənci sərginizdir və onun öncəkilərdən fərqi nədədir?
- Bu sərgi ölkəmizdə yeddinci sərgimdir və burada yalnız son iki ildə yaratdığım rəngkarlıq əsərlərim nümayiş olunacaq. Sərginin adına diqqət çəkmək istərdim. Məni bir rəssam kimi sənətdə yüksək, əbədi ideyalar düşündürür. Sənətkar həmişə yüksək, ölməz ideyalara can atmalıdır. Sənət nə qədər gerçəkliyi ötən, onun mahyyətini göstərən mövzulara müraciət etsə, özünün ölməzliyini, yaşarılığını təmin edər. Elə ki sənət gerçəkliyi yamsılamağa başladı, öz mahiyyətini itirir. Çağımız yeni sənət tələb edir, mən onu yaratmağa çalışıram.
-Bu sərgi üçün toplanmış əl işləriniz əvvəllər haradasa nümayiş olunubmu?
-Əsərlərimin hamısı saytımda sənətsevərlərə
təqdim edilir. Sonuncu sərgim
ötən il olub. Həmin sərgidən
bir neçə iş bu sərgidə də olacaq. Elə işlərim var ki, onları bütün sərgilərimdə
göstərmək istəyirəm.
-Yaradıcılığınızda
üstünlüyü fəlsəfi mövzulara verirsiniz. Sizcə, qeyri-real məzmunlu rəsmlərə
auditoriya marağı kifayət qədərdirmi?
-Dediyim
kimi, çağımız yeni sənət tələb edir. Açığı, rəssamlıq tarixində bizə
“fəlsəfi” adıyla çox zaman cəfəngiyyat
sırınıb. Bu işdə məşhur
rəssamlar da böyük “xidmət” göstəriblər.
İndi dünya təsviri sənəti elə
anlaşılmaz, acınacaqlı duruma düşüb ki, onu
qurtarmaq gərəkdir. İnsanları aldatmayan,
çaşdırmayan, onlara düzgün yol göstərən,
gələcəyə səsləyən, ölməz insani
ideyaları özündə təcəssüm etdirən əsərləri
kim yaradacaq? Dünyada bu işə xidmət
edən az rəssam var.
Azərbaycanda isə fəlsəfə ən yüksək
ifadəsini poeziyamızda tapıb. Muğamlarımız
isə fəlsəfilk yüksək ruhanilik səviyyəsində
üzə çıxır. Rəssamlığımızda
fəlsəfiliyə rast gəlmədim. Mən
bunu illər öncə başlayan gərgin axtarışlar
dönəmində anladım. Nədən
aşıqlar mövzuya fəlsəfi, ruhsal yanaşa bilir, rəssamlar
yox? Bilirsiniz, bizdə peşəkar rəssamlığın
tarixi azdır. Bir də fəlsəfiliyə
meyil fərdi özəllikdir. Hər kəs
yaradıcılığının ən yüksək məqamına
yetmək istər. Bu, hikmətə, həqiqətə
yetmək, onu bədii yolla ifadə etmək deməkdir. Rəsmlə fəlsəfiliyi ifadə etmək
çətindir. Dərin düşüncədən
keçmədən belə əsərlər yaratmaq olmur.
Vaxtımın çoxu düşüncəyə
həsr edilir. Saatlarla, günlərlə
düşünürəm. Əsəri
ağlımda bütünlüklə görməyincə
çəkmirəm. Mənim
üçün yaradıcılıqda başlıca məsələ
- ideyadır. İndiyədək ideyası
olmayan əsər çəkməmişəm. Həmişə özümü ideyasızlıqdan
qorumuşam. Əsər
danışmırsa, tamaşaçıya bir romanın
dediyini demirsə, ona həyatı anlatmırsa, gerçəkliyi
dərk etməyə yardımçı olmursa, az-çox
insana xilas yolu göstərmirsə, onun sənətə dəxli
yoxdur. Çağımızda rəssamların
çoxunun əsərlərində ideyadan başqa nə desən
tapmaq olar. Rəng oyunu var, məzmun, fikir
yoxdur. Rəssamlıq tarixi belə şeyləri
çox görüb.
-Əsərlərinizə qarşı audtoriya
marağını artırmaqdan ötrü nə vaxtsa rəssamlığın
başqa üslublarına müraciət etməyi
düşünmüsünüzmü?
-Mən insanların əsərlərimə marağından heç zaman şikayət etməmişəm. Əksinə onları həmişə əsərlərimlə heyrət içində buraxmışam. Bunun da başlıca səbəbi həyata fəlsəfi münasibətimdir. Başqa üslublarda çəkməyə gərək duymuram. Ona görə ki, başqa üslublarda çəkənlər yetərincədir. Əyri-üyrü çəkənlər, fikirsizliyi, cəfəngiyyatı rəng vasitəsilə ört-basdır edənlər çoxdur. Onara oxşamaqdan həmişə özümü qorumuşam. Mən özümə söz vermişəm ki, sənəti yalan vasitəsinə çevirməyəcəyəm. Rəssamlıqda öz üslubum var. Öz yolumu tapana kimi illər boyu axtarmışam. Hələlik mən onu “irreal” yəni, real olmayan, yüksək bədiiliklə fəlsəfiliyin, məntiqiliyin birliyindən yaranan əsərlər adlandırıram. Mənim əsərlərim əslində anlamlı realizmdir.
-Karikaturanın digər janrlardan əsas fərqi
nədir? Onu
ciddi janr hesab edirsinizmi?
-Hazırda
dünya rəssamlığında karikatura kimi yayğın
janr yoxdur. Onun başqa janrlardan başlıca fərqi
sadə bir məqamla, nüansla hansısa fikri ifadə etməkdir.
Bu baxımdan onu necə ciddi janr saymaya bilərik?
Onda gərək “Molla Nəsrəddin”i, onun
yaradıcısı Mirzə Cəlili, yazarları Sabiri,
Ə.Haqverdiyevi, M.Ə.Möcüzi, Ə.Qəmküsarı,
eləcə də oradakı rəssamları İ.Rotteri,
O.Şmerlinqi, fəxrimiz Ə.Əzimzadəni və sonrakıları
ciddi hesab etməyək.
İndi dünyanın hər yerində karikatura sənəti
uşaqlıqdan öyrədilir. Türkiyədə,
İranda yüzlərlə karikatura dərnəkləri var.
Bir vaxtlar mən də Azərbaycan Karikatura Evi
açmışdım, amma yaşatmaq çətin oldu.
Dünyanın irəli getmiş ölkələrinin
hamısında karikatura muzeyləri var.
Məgər dünyaca məşhur Pablo Pikasso
karikaturadan yararlanmayıbmı? Onun əyri-üyrü
obrazları karikaturanın təsiri ilə yaranmayıbmı?
Rəssamlıqda indiki modern sənətlərin
çoxu karikaturadan yararlanıb. Kim az-çox fikir demək
istəyir, o zaman karikaturadan keçməli olur. Bu baxımdan, karikatura olduqca ciddi sənətdir.
-Əsərləriniz xarici ölkələrdə
keçirilən sərgilərdə də nümayiş
olunurmu?
-Mən
illərdir beynəlxalq yarışmalarda, sərgilərdə
ölkəmizi ləyaqətlə təmsil edirəm. Beynəlxalq mükafatlarım var.
Yaradıcılığıma dünyada verilən dəyərin
mindən biri ölkəmizdə verilsəydi, sevinərdim.
Dünyanın onlarla ölkəsindəki muzey və
şəxsi kolleksiyalarda əsərlərim var.
-Ümumiyyətlə,
sənəti əsas dəyərə çevirmək
üçün cəmiyyətin üzərinə nə kimi
işlər düşür?
-Sənəti
sənət dəyərindən salan da, onu dəyərə
mindirən də sənətkardır. Sənət
həmişə toplumu dəyişməyə, onu irəli
aparmağa cəhd edib. Bu baxımdan o, bəlkə də
dinlərdən çox iş görüb. Ancaq
sənət sona qədər insanı dəyişə, pisliklərdən
qurtara bilməyib. Əgər belə
olsaydı, dünyadakı ölməz sənət əsərləriylə
bəşəriyyət xilas olardı. Sənət
ən azı insanı insan sifətində qalmasına
yardımçı olur. Qabaqlar
toplumdakı eybəcərliklər sənətdən
qorxub-çəkinərdi. İndi eybəcərlik
sənətdən qorxmur, əksinə sənət ona xidmət
edir.
Sənət həyata münasibətdir. Həyata
heç bir münasibət bildirməyən istənilən
yaradıcılıq sahəsi həqiqi sayıla bilməz.
Həyata münasibətinsə iki başlıca yönü
var: biri həyata gülmək, o biri həyata ağlamaq! Əslində burada “həyat” dedikdə insan nəzərdə
tuturam. Sənətin başlıca, əbədi
mövzusu insandır. Biz o zaman
gülürük ki, gerçəklik üzərində
özümüzü təsdiq edirik. Yəni
gerçəkliyi yenəndə özümüzə
inamımız artır və biz həyata gülürük.
Gerçəkliyə yeniləndə, həyat
bizi əzəndə ağlayırıq və hər iki hadisə
sənətdə öz təsdiqini tapır. Ona görə böyük yaradıcıların həyata
münasibətində bu iki hal özünün dərin ifadəsini
tapır. Beləliklə, mən həyata
münasibəti olmayan çoxlu yazar, alim, eləcə də
rəssam gördüm. Məsələn,
nə qədər güldan, nar, Qız qalası şəkli
şəkmək olar? Məgər burada
yaradıcılıq var?
-Əsərlərinə baxıb
ruhlandığınız rəssamlar varmı?
-İnsan
idrakının yaratdığı ali dəyərlərə
baxıb heyrətlənmiş, ruhlanmışam. Yetər ki, yaradılana ləyaqətli yanaşma
olsun. Ona görə ad çəkmədən
yaradıcılığını təqdir etdiyim, heyrətləndiyim
rəssamlara borcluyam. Ancaq mənim yolum
onların yoluna oxşamır. Hesab edirəm
ki, onların etdiklərini təkrarlamağa gərək
yoxdur. Açığı, heç bir
böyük imza - nə Pikasso, nə Dali, nə başqası
məni təsirinə salmadı. Çünki
həmişə içimdə başqalarının demədiyini
demək, çəkmək istəyi olub. Həmişə
rəsm çəkərkən özümə cəsarət
diləmişəm. Rəsm çəkmək
döyüşə girmək kimi bir şeydir: uda da bilərsən,
uduza da.
-Əsərlərinizdə istifadə etdiyiniz rənglərin
xarakterinizlə nə kimi bağlılığı var?
-Hərdən
düşünürəm ki, mən kənddə
doğulmasaydım, o əngin, uca səmanı, yaşıl
biçənəkləri, sıldırım dağları,
buz bulaqları, tozlu-palçıqlı yolları,
cığırları görməsəydim, quşların,
çayların səsini eşitməsəydim görəsən,
rəssam olardımmı? Yox! Kənddə görüb
heyrətləndiyim o şeylərin hamısı əsərlərimdə
var. Əsərlərimdə təsvir edilən hadisələrin
çoxusu təbii mühitdədir. Ona
görə yaşıl rəng məndə çox işlənir.
Ən çox heyrət etdiyim təbiət hadisəsi
buluddur. Buludla bağlı çoxlu əsərlərim
var. Onu mən ayrıca obrazlaşdırmışam, mənalandırmışam.
-Yarımçıq
qoyduğunuz əsəriniz olubmu?
- İstədiyimi alınmayanda cırdığım, rənglərini
qaşıyıb yenidən çəkdiyim əsərlər
olub. Çox əsərlərimdən imtina etmişəm,
yəni bilərəkdən cırmışam. Sadəcə bunu bacarmaq gərəkdir. L.Tolstoy eyni əsərini dəfələrlə
yazıb. O deyirdi ki, əsl yazıçı odur ki,
yazdıqlarını poza bilsin. Belə hallar o zaman baş
verir ki, yaradıcı daha yüksəyinə can atır. Məni təmin etməyən əsəri niyə
saxlamalıyam, əsər saymalıyam?
-Sifarişlə
rəsm çəkirsinizmi?
-Ötən il mənim üçün bu baxımdan yaddaqalan oldu. Dövlət Neft Şirkəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə layihəsi olan “Molla Nəsrəddin lətifələri” kitabı nəfis tərtibatda çap olundu. Molla Nəsrəddinlə bağlı elə bir lətifə qalmadı ki, oraya salınmasın. Kitabın rəssamlığı mənə tapşırıldı, 48 illüstrativ karikaturam ora daxil edildi.
Bundan başqa uşaqlar üçün nəzərdə tutulan “Dədə Qorqud kitabı”na 15-ə yaxın rəsm çəkdim. Eləcə də başqa bir sifarişdə yenə də uşaqlar üçün Azərbaycanın tarixi hökmdarlarının obrazlarını yaratdım.
-Ən çox maraq doğuran və ən çox mükafata layiq görülən əsəriniz hansı olub?
-Mükafat qazanan əsərlərim
çoxdur. Qaydalara görə, mükafat qazanan əsəri
daha başqa yarışmaya göndərmək olmaz. Elə əsərlərim
var ki, çoxlu sərgilərdə göstərilib və
kataloqlara düşüb. Məsələn, “At kimindir” əsərim
çox sərgilərdə nümayiş olunub.
Xalq Cəbhəsi.- 2019.-10 yanvar.-
S.13.