İrəvan qalasının
işğalı
11-ci yazı
İrəvan
xanı Hüseynqulu xan şah qoşunu geri çəkildikdən
sonra bir dəstə atlı qoşunla ailəsi
ilə birlikdə Araz çayını keçərək
Maku qalasına sığınmışdı. Lakin
o, İrəvan qalasının işğalını
eşitdikdən sonra Təbrizə getmişdi. Sərdarabad kimi qalanın süqutu İrəvan
qalası müdafiəçilərinə böyük təsir
göstərmiş və onları ruhdan salmışdı.
Lakin xanın qardaşı Həsən xanın
qalaya daxil olması müəyyən qədər onları
ruhlandırmışdı. Hətta onun
göstərişi ilə sentyabrın 24-də qala müdafiəçiləri
toplardan rus qoşununa atəş açmağa
başladı. Lakin bu atəşlər rus
qoşununa heç bir təsir göstərməmişdi.
Qalanın ətrafında mühasirə işləri
görən rus qoşunu müxtəlif yerlərdə toplar
yerləşdirməyə başladı. Sentyabrın 25-i şəhərin
şərq tərəfində yerləşən «Müxənnət
təpəsi»ndə top yerləşdirən rus qoşunu qalaya
bir neçə bomba atdı. Beləliklə,
qalanın bombardıman edilməsi başladı. Səhəri günü qalanın şərq hissəsində
yerləşən şəhər ətrafında qala
divarlarından 300 sajen aralıda yerləşən təpədə
yeni 6 top və 4 mortir (qısalüləli top-E.Q.)
quraşdırıldı.
Sentyabrın 26-sı səhər qala həmin toplardan
güclü atəşə tutulur. Qala müdafiəçiləri
də toplardan rus qoşununa cavab verirdi. Lakin
təcrübəli topçuların olmaması üzündən
onların atdığı mərmilər rus qoşununu bir o qədər
də narahat etmirdi. Digər tərəfdən,
topçuların bəzisi ermənilər olduğundan, onlar xəyanət
edərək topu rus qoşununa tərəf deyil, boş yerlərə
atırdılar. Qalaya
sığınmış ermənilərin xəyanəti
bununla bitmirdi. Ermənilər gizli surətdə
qalada baş verən hadisələri, qala müdafiəçilərinin
sıx yerləşdiyi yerləri rus komandanlığına
çatdırırdı. Buna görə
də, rusların atdığı mərmilər hədəfə
dəyirdi. Həmin gün atılan mərmilər
qala daxilində baş məscidə, sərdarın
sarayını zədələdi. Bütün
gecə bombardıman davam etdirildi.
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı ilə bağlı
araşdırmasında bildirilir ki, Qala müdafiəçilərinin
inadkarlığını görən rus qoşunu hər
gün qalanın müxtəlif yerlərində mühasirə
toplarının sayını artırırdı. Sentyabrın
27-si gecə birinci batareyaya paralel sağ tərəfdə yeni
12, sol tərəfdə isə 6 top yerləşdirildi. Həmin gün qala 18 topdan güclü atəşə
tutuldu. Atılan top mərmiləri qala divarlarını
zədələdi. Lakin irəvanlılar
dağılmış yeri vaxtında hörə bildi. Səhəri günü həmin toplardan qalanın
bombardımanı davam etdirildi. Top mərmiləri qala
daxilində böyük dağıntı törətmişdi.
Bombardıman nəticəsində qalanın divarına,
qüllə və tikililərə böyük ziyan dəymiş,
mazğallar tələf olmuş, ruslara əks cavab verən
bir neçə top sıradan çıxmışdı. Bombardıman qalaya sığınmış dinc əhaliyə
elə təsir göstərdi ki, onlar Həsən xanı və
qarnizonu məzəmmət edərək təslim olmağa tələb
etməyə başladılar. Lakin Həsən
xan bir bəhanə ilə rus qoşununun geriyə cəkiləcəyi
və Abbas Mirzədən əlavə kömək gələcəyini
bildirərək onları sakitləşdirməyə
çalışırdı. Öz
növbəsində xanın adamları sentyabrın 28-də
gecə və gündüz rus qoşununu tüfənglərdən
güclü atəşə tutmaqda davam edirdi. Lakin sentyabrın 29-da rus qoşunu qalanın
qarşısında yeni toplar quraşdırdı. Onlardan atılan mərmilər qalanın cənub
şərq hissəsindəki qülləni, ona bitişik səddi
və bir neçə mazğalı dağıdır. Həmin gün Paskeviç qalanı könüllü
təslim etmək üçün Həsən xanın
yanına elçi göndərdi. O, qalanın
könüllü təslim olunacağı təqdirdə,
qarnizona azad surətdə istədiyi yerə geri çəkilməsinə
söz verirdi. Düşünmək
üçün Həsən xana 6 saat vaxt verildi. Lakin xandan heç bir cavab gəlmədi.
Sentyabrın 30-da qalanın bombardımanı davam
etdirildi. Əhalinin təzyiqinə məruz qalan Həsən
xan vaxt qazanmaq üçün rus komandanlığı ilə
danışıqlara başlamağa məcbur oldu və həmin
günü günorta Paskeviçin yanına elçi göndərdi.
O, baş komandana xanın adından yazılmış məktub
gətirmişdi. Məktubda Həsən xan Abbas
Mirzənin fikirini öyrəndikdən sonra qalanı təslim
edə biləcəyini bildirmişdi. Lakin
Paskeviç şahzadənin vasitəçiliyi olmadan, şərtsiz
tabe olunmasını tələb etdi. Əks
təqdirdə o, xanı rus qoşununun gücü ilə qorxudurdu.
Elçi bu cavabla da geri qayıtdı.
Lakin Həsən xan təslim olmaq fikirində deyildi. Onun
inadkarlığını görən bir dəstə qiyam
qaldırdı. Qiyam yatırılır və
onun bir neçə təşkilatçısı Həsən
xanın əli ilə öldürülür. Xandan heç bir cavab almayan rus qoşunu
bombardmanı davam etdirir. Oktyabrın 1-i
bütün gecə 40 topdan qala fasiləsiz olaraq atəşə
tutuldu. Qalaya mindən çox mərmi
atıldı. Qala daxilində çoxlu
tikinti dağıntıya məruz qalmışdı.
Oktyabrın
1-də səhər saat 8-də qalanın şərq tərəfində
yerləşən qüllədən bir neçə nəfər
ağ bayraq qaldıraraq təslim olmaq istədiklərini
bildirdi. Lakin təslim məsələsində
qalada iki qruplaşma var idi. Qala müdafiəçilərinin
bir hissəsi təslim olmaq istəsə də, digər hissəsi
Həsən xanın başçılığı ilə
müqavimət göstərmək fikirində idi.
Çünki ağ bayraq qaldırılsa
da, qalanın bəzi yerlərində müqavimət davam
edirdi. Xüsusilə, qalanın cənub tərəfində
irəvanlılar silahlardan rus qoşununu güclü atəşə
tutmuşdu. Hətta Həsən xan
qarnizonu düzərək şəxsən özü ruslara
qarşı döyüşə aparmaq istəyirdi. Lakin yaxın adamları onu bu fikirndən döndərə
bildi.
Vəziyyətin çıxılmaz olduğunu görən
piyada və süvarilərdən ibarət bir dəstə
qalanın şimal tərəfindən çıxaraq Zəngi
çayını keçməyə cəhd etdi. Lakin rus
qoşunu onları geri qaytarmağa müəffəq oldu.
Şəhər ağsaqqallarının təslim
tələbi ilə təzyiqə məruz qalan Həsən
xan yüksək rütbəli 60 nəfər məmurlarla
birlikdə qaladan qaçmaq istəsə də, kazakların
atəşi nəticəsində geri qayıtmağa məcbur
oldu.
Qaladan hər cür qaçışın
qarşısını almaq üçün rus komandanlığı
butün çıxışları nəzarətə
götürməyi qərara almışdı. Qalanın şimal
qapısı tərəfdə Zəngi çayı üzərində
bir ulan (nizəli süvari əsgər-E.Q.) diviziya və 100 kazak dəstəsi yerləşdirilmişdi. İki bölük yeqer dəstəsi isə qərb
tərəfdə qaladan çıxışı nəzarətə
götürmüşdü. Bundan əlavə,
rus qoşunu qalanın çöl qapısının
qarşısında olan xəndəyi təmizləyərək
içəridə olan qapıya
yaxınlaşmışdı. Burada irəvanlıları
təslim olmağa çağıran Belov şəxsən Həsən
xan tərəfindən güllələnmişdi.
İrəvanlıların təslim
olmayacağını yəqin edən rus qoşunu qalanın
bombardmanını daha da gücləndirdi. Bombardıman nəticəsində
qalanın qapısı sıradan çıxır və rus
qoşunu qalaya daxil ola bilir. İrəvan
qalasının alınması ilə bağlı general
adyutant Paskeviçin oktyabrın 3-də general adyutant Sipyaqinə
yazdığı məktubda hadisəni belə təsvir
edirdi: «Mühasirə işləri zamanı divarın
altına qədər lağım atılmış, artilleriya
son dərəcə gözəl müvəffəqiyyətlə
dağıdıcı hərəkət edirdi. İrəvanı
işğal etməkdən əvvəl axırıncı gecə
düşmən qalanın tutulacağından qorxaraq
güclü top atəşi açdı, lakin bizim
artilleriyanın müvəffəqiyyətli atəşi
qalanın divarını dağıtdı, qarnizon xeyli itki verdi. O biri günü şəhərdə
qarışıqlıq başlayır, səhər
çağı divarın üstündə təslim olmaq
üçün papaqla əl edən adamlar göründü.
Bunu görən bizim qoşun
dağılmış divardan qalaya daxil oldu. Xilas olmaq yolunu görməyən qarnizonun bir hissəsi
silahlarını ataraq aman istəyir, digər hissəsi isə
müdafiə olunmaq istəyirdi. Lakin bir
neçə dəqiqədən sonra qala qapısı
dağıdılraraq müqavimətsiz ələ
keçirildi».
Qalaya daxil olan rus qoşunu qırğına
başlayır. Azğınlaşmış rus qoşunu
hətta xanın hərəmlərinə belə aman vermədi.
Hərəmxananın pəncərəsindən
saraya daxil olan ruslar xanın hərəmlərini süngülərin
ucunda bir neçə sajen hündürlükdən Zəngi
çayının daşlı sahilinə ataraq
öldürdü. Bu qırğında
onlara qoşulan ermənilər daha fəal idi. Ermənilər xan sarayına daxil olaraq burada olan qiymətli
əşyaları çapıb talamışdılar. Lakin Paskeviçin səyi nəticəsində qarət
dayandırıldı. Qalanın lazımi
yerlərində keşikçi dəstələri yerləşdirildi.
Üç minlik qarnizon təslim oldu. Lakin xan sarayının yaxınlığında yerləşən
məsciddə 200 nəfərlə gizlənmiş Həsən
xan müqavimət göstərmək qərarına gəlmişdi.
Qraf Suxtelenin başçılığı ilə
məscidi mühasirəyə almış bir dəstə onun
qapısını sındırmağa müəffəq oldu.
Məcburiyyət qarşısında qalan xan təslim
olmağa qərara aldı. Həsən
xanla bərabər digər 6 nəfər xan da əsir
götürüldü. Bunlar qala rəisi, xanın
kürəkəni Sübhanqulu xan, Abbas Mirzənin ən
yaxşı qvardiyasının başçısı
Qasım xan, Mərəndli Cəfərqulu xan, Əlmərdan
xan Təbrizli, Aslan xan və Fətəli xan idi. Rus qoşunu
İrəvan qalasında 4 bayraq, 37 top, 2 qaubiç, 9 mortir,
50-ə qədər falkonet, çoxlu top mərmisi, 14.000
çetvert buğda və beş aylıq ərzaq ehtiyatı
qənimət ələ keçimiş, 3000-dən çox
adam əsir götürmüşdü. İrəvanın
mühasirəsi zamanı rus qoşunlarından 1 zabit, 8 əsgər
ölmüş, 2 zabit və 44 əsgər isə
yaralanmışdı.
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında daha sonra bildirilir ki, İrəvan
qalasının süqutunun siyasi cəhətdən Rusiya
üçün böyük əhəmiyyəti vardı. Paskeviç oktyabrın 3-də
çara yazdığı məlumatda İrəvan
qalasının bölgə üçün əhəmiyyətini
belə qiymətləndirmişdi: «İndi ləzgilər,
dağıstanlılar və Qafqaz dağlarının
bütün qiyamçıları daimi
sığındığı, pulla, silahla və bütün
məkrlikləri ilə İran siyasətinə kömək
etdikləri bu şəhərin (qalanın-E.Q.) süqutuna
dözməlidirlər. Onun şöhrəti Türkiyə və
İranda hədsizdir...». İrəvan kimi
möhtəşəm qalanın işğalının Rusiya
üçün əhəmiyyətini sübut edən hadisələrdən
biri, çar I Nikolayın bu hadisə ilə bağlı
Sankt-Peterburqda təntənəli mərasim keçirməsidir.
Çar bu münasibətlə Qış
Sarayının kilsəsində ibadət etmiş, İrəvan
qalasının açarları və qənimət
götürülmüş 4 bayraq təntənəli surətdə
xalqın alqışları altında paytaxt küçələrində
gəzdirilmişdi. Bu qələbə
münasibətilə bir çox zabit heyəti çar tərəfindən
medallarla təltif edilmişdi. Baş
komandan general-adyutant Paskeviç oktyabrın 29-da 1 mln. rubl pul mükafatına, qraf titulu və 2-ci dərəcəli
Müqəddəs Yenilməz Georgi xaçına layiq
görülmüşdü.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 26 yanvar.-
S.13.