ABŞ-ın Florida
ştatında yaşayan azərbaycanlı
xanım...
Xalq içində belə bir deyim var- "od parçasıdır". Bu ifadə zirək, heçdən nəsə yarada bilən insanlar haqqında söhbət düşəndə daha çox işlədilir. Haqqında danışacağım Esmira Bayramova da sanki, bir "od parçasıdır". İndiyədək həyata keçirdiyi layihələrin mahiyyətinə varanda heyrətdən gözlərim yaşardı…
O, 1987-ci ildə Borçalı mahalında dünyaya gəlib. Üç yaşında olarkən Bakıya köçüblər. 2005-ci ildə 162 nömrəli məktəbdə orta təhsilini başa vurub, Bakı Dövlət Universitetinin coğrafiya fakultəsinə qəbul olunub. 2009-cu ildə oranı bitirərək bakalavr dərəcəsinə yiyələnib. Təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində "Beynəlxalq biznesin idarə edilməsi" (MBA) fakultəsində davam etdirib, 2011-ci ildə beynəlxalq biznes üzrə magistr dərəcəsi alıb.
Eyni zamanda, 2009-cu ildən 2011-ci ilədək Bakı Britaniya, 2011-2013-cü illərdə Bakı Oksford məktəblərində coğrafiya və biznes fənnlərini tədris edib.
2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma kursu keçərək coğrafiya və tarix fənləri və bir il sonra isə İngiltərəyə gedərək online təhsil aldığı Kembric Universitetində imtahanları uğurla verib, biznesin tədrisi üçün müəllimlik sertifikatları alıb. 2013-cü ildə ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinə köçüblər…
…Həyat yoldaşı Elşən Bayramovla 2012-ci ildə ailə qurublar. İki övladları var. Oğlu Elmirin 5, qızı Emanın 2 yaşı var. Elmir azərbaycan dilində sərbəst danışa bilir. Elşən Bayramov ağır texnikaların satışı ilə məşğul olan şirkətlərin birində satış mütəxəsisi işləyir…
Oğlu körpə olduğundan bir il heç yerdə işləməyib. 2014-cü ildə Florida ştatının Mayami şəhərinə köçənədək Çikaqoda "İlkin Tədris Akademiyası"nda məktəbəqədər hazırlıq bölməsində müəllim işləyib...
2015-ci ildə Florida ştatının dövlət imtahanlarını verərək, daşınmaz əmlak üzrə mütəxəsis işləmək hüququ qazanıb. Elə həmin vaxtdan da Mayami şəhərində dünya şöhrətli "RE-MAX" şirkətində daşınmaz əmlak üzrə mütəxəsis vəzifəsində çalışır…
Yaşının az olmasına baxmayaraq, Azərbaycanla bağlı çox işlər görüb. 2015-ci ildə Facebook-da "Florida azəzrbaycanlıları" qrupu yaradaraq, həmin ştatda yaşayan soydaşlarımızı aramağa başlayıb. Onları birləşdirməkdən ötrü cəhdləri uğurla nəticələnib. Bir qədər sonra, ictimai əsaslarla "Florida-Azərbaycan Cəmiyyəti"ni yaradaraq müxtəlif tədbirlər keçirməyə başlayıb. Ətrafına həmfikirlərini yığandan sonra, rəsmi müraciət edərək "Florida azərbaycanlıları" təşkilatını təsis edib. Bu təşkilat milli və rəsmi bayramlarımızda, özəl günlərdə bir sıra tədbirin keçiriləməsinə nail olub…
…2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərməkdən ötrü "GoFundMe" yardım fondu yaradaraq digər soydaşlarımızın köməyi ilə xeyli pul toplayır və yığılan maddi vəsaitlə həm cənazəni yola salırlar, həm də mərhumun ailəsinə yardım edirlər. Hətta bəzi soydaşlarımız bu dəstək kompaniyasının davamı olaraq həmin ailəyə fərdi yardımlar da edib…
Öz şəxsi vəsaiti hesabına icarəyə götürdüyü yerdə müxtəlif kurslar açıb. Burada fəaliyyət göstərən rəqs kursları məşqçinin məvacibini ödəməkdən ötrü ödənişli olsa da, azərbaycan dili kursları tamamilə ödənişsizdir. Bu kursu şəxsən özü aparır, azərbaycanlı fidanlara ana dilimizi öyrədir. Amma kurslara az uşağın qatıldığından şikayət edir. Bir çox rus dilli azərbaycanlı valideynlər uşaqlarının ana dilimizi öyrənməsində maraqlı deyillər…
…Deyir ki,-
"Bir azərbaycanlı rəfiqəm var, 20 ildən çoxdur ki, ABŞ-da, Çikaqo şəhərində
yaşayır. Bu yaxınlarda uşaqları
ilə bərabər Mayamiyə istirahətə gəlmişdilər.
Onun ABŞ-da anadan olmuş 17
yaşlı oğlu gözləmədiyim
halda mənimlə türkcə
danışmağa başladı. Çox
təəccübləndim, çünki bu uşağı sönuncu
dəfə mən görəndə 12 yaşı var idi. Yalnız ingiliscə
danışırdı. Heyrətlə soruşdum,
necə oldu ki, sən
qısa müddətdə türk dilini belə mükəmməl öyrənə
bildin və niyə Azərbaycan türkcəsində
deyil, Türkiyə türkcəsində
danışırsan? Bu azərbaycanlı
uşağın cavabından çox təsirləndim
və məni düşünməyə vadar
etdi. O, dedi ki, "Türk dilini ona görə seçdim ki, indiyədək
gördüyüm azərbaycanlılar məni
buna vadar elədi. Azərbaycanlılar
qədər öz dilinə hörmətsiz
yanaşan millət yoxdur.
Bir araya gələndə
rusca danışmağa başlayırlar.
Sanki ana dilində
danışmağa utanırlar. Ona görə
azərbaycan dilini öyrənmək üçün həvəsdən düşdüm. Dil
insanın kimliyidir, əgər sən öz ana dilində
danışmağı bacarmırsansa kimliyin
də naməlumdur. Amma türklər
belə deyil, harada yaşasalar da, öz ana
dilini qoruyurlar. Bu dildə danışmaqdan qürur duyurlar. Uşaqları bu dili mükəmməl bilsinlər
deyə, Çikaqoda pulsuz dil kursları
açıblar. Düşündüm
ki, türk dilini tez öyrənmək
şansım var. Və
mən həmin kurslardan birinə gedib, çox rahatlıqla bu dili öyrəndim""…
Bəli, Esmira xanımın ürəyi Azərbaycanla
döyünür. Keçirdiyi tədbirlərə görə
ona təkcə "sağ ol" yox, həm də
ehtiram düşür.
Bəzən biz dəyər
verə bilmədiyimiz
soydaşlarımıza bizdən
irəlidə olan ölkələrin insnları
yüksək qiymət
verir…
Söhbətimi bitirməmişdən öncə Esmira Bayramovanın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin birində iştirak edən, azərbaycanlıların daha sıx məskunlaşdığı Floridanın Sunny isles beach şəhərinin vitse meri Danna Goldman xanımın sözlərini nəzərinizə çatdırmaq istəyirəm-"Şəhərimiz fərqli mədəniyyətlərin qovuşduğu bir yerdir və bu mədəniyyətlərin arasında Azərbaycan mədəniyyətinin də yeri var. Öz milli kimliyinizi, adət və ənənələrinizi bu rəngarəng mədəniyyətlərin arasında çox gözəl qoruyub saxlaya bilmisiz. Burada masaların üstündə ölkənizin bayraqlarını görürəm. Bu məni çox sevindirir. Sizə təşəkkür edirəm"…
...Bütün bunlar Esmira xanımın gördüyü işlərin bir hissəsidir. Qarşıdan Xocalı soyqrımının ildönümü gəlir. Həmin gün "Xocalı Amerikada yaşayan uşaqların gözü ilə" adlı tədbir keçirməyi planlaşdırır. İnanırıq ki, bu tədbir də amerikalı azərbaycanlı uşaqların yaddaşında böyük iz buraxacaq…
Söhbətimin əvvəlində onu "od parçası" adlandırmışdım. Bəlkə də o, bir zamanlar Gürcüstan Ali Sovetinin deputatı olmuş, ata nənəsi Güləsər Mustafayevaya çəkib. O vaxtlar Güləsər xanım qonşu ölkədə yaşayan azərbaycanlıları təmsil edib. Bəli, bu gün Esmira Bayramova nənəsinin müqəddəs missiyasını uzaq Florida ştatında ləyaqətlə davam etdirir…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Xalq Cəbhəsi.- 2019.- 26 yanvar.-
S.9.