Müasir dövrün folklor prosesləri:
kənddən şəhərə, şəhərdən
virtual dünyaya “köç”
1-ci yazı
Məkanından və zamanından asılı olmayaraq,
insanın fiziki və metafiziki aləmlərlə, eləcə
də digər insanlarla ünsiyyətə girmək,
özünüifadə etmək ehtiyacı və tələbatı
mövcud olub.
Əslində, bütün növ
yaradıcılığın mahiyyətində elə məhz
insanın daxili psixoloji kompleks və
narahatlıqlarının, ehtiyac və arzula-rının ifadə
olunma istəyi və bu istəyin mədəniyyət tərəfindən
dəstəklənməsi və yaxud da “veto” qoyulması
dayanır. Bu mexanizm o qədər universaldır
ki, dilindən, dinindən, irqindən, etnik kimliyindən
asılı olmadan bütün insanları ehtiva edir. Odur ki, sərlövhədə folklor proseslərinin
kənddən şəhərə, şəhərdən isə
virtual dünyaya doğru istiqamətənməsi şərti
xarakter daşıyır. Əslində, bu yanaşmada
diqqət mərkəzinə gətirmək istədiyimiz fikir
folklorun sinxron olaraq həm daha kiçik miqyasda - kənd səviyyəsində,
həm bir qədər iri diapazonda - şəhər səviyyəsində,
həm də qlobal formatda - virtual mühitdə təzahür
etmək potensialının, fasiləsiz və kəsilmədən
mövcud olma spesifikasının ortaya
çıxarılmasıdır. Odur ki, biz kənd,
şəhər və virtual mühitlərin xüsusiyyətləri
və onların folklora təsiri barədə bir qədər əhatəli
danışmaq istərdik.
Qapalılıq,
lokallıq, ənənəvilik, konservativlik, tabu və
yasaqlara, adət və ənənələrə kəskin
bağlılıq və s. kimi parametrlərlə müəyyənləşən,
vahid dil, din, etnik mənşə və ideologiyaya əsaslanan
kənd mühiti folklorik həyat tərzinin müşahidə
olunduğu ən bariz məkandır. Nəsillərin
və tayfaların təbii kombinasiyası əsasında
qurulan bu mühit özü-özünü təşkil etməklə
ənənəvi davranış və həyat tərzini
konkret sosial-mədəni institutlara (ağsaqqallıq,
ağbirçəklik, seyidlik və s.) nəzərən
nizamlayır. Kənd mühitinin ən
mühüm özəllikləri ənənəvi
davranış və həyat tərzidir ki, bu da fəsillərin
ritmik, periodik hərəkəti ilə korelyativ şəkildə
müəyyənləşir. Peşə
sahələri baxımından müşahidə olunan
“qıtlıq”, eləcə də etnik
çalarlılığın olmaması toplumun alt qruplar
üzrə diferensiasiyanı da məhdudlaş¬dırır.
Kənddə rast gəlinən ictimai iaşə obyektləri
və peşə sahələri təxminən bun¬lardır:
maldarlıq, qoyunçuluq, bağbanlıq, bərbərxana (bərbər),
dərzixana (dərzi), çayxana, dükan, bazar, məscid
(molla) və s. (bunların sayını bir qədər də
artırmaq olar, lakin şəhərlə (xüsusən də
sənayeləşmiş şəhərlə) müqayisədə
bu kəmiyyət həddindən artıq az
görünür). Təbii ki, belə peşə
qruplarının özünəməxsus, spesifik
davranış, dil, üslub, leksikon xüsusiyyətləri var
ki, bu da son nəticədə alt qruplara məxsus folklor
fakturasını müəyyənləşdirir. Kəndin doğum (onunla bağlı inanc və adətləri
yaşadan və ötürən institutlar), toy (müxtəlif
mərhələlərə və zəngin adətlərə
əsaslanan institutsional akt), yas (dəfnetmə və mərasimi
inanclarla müşayiət olunan qaydalar) mərasimlərinə
müvafiq olaraq mamaça, aşıq (musiqiçi mənasında)
və molla subyektləri də vardır ki, bu da həmin sahələrə
məxsus özəllikləri özündə cəmləşdirir.
Bu, eyni zamanda kənd mühitinin inanc mərkəzli
mühit olduğunu da göstərir. Burada adət və
ənənələr, qayda və qanunlar, tabu və yasaqlar
inanc (mifoloji, mistik, dini) və lokal ictimai nəzarət
forması olan “üz-üzdən utanar” mexanizmi ilə şərtlənir.
Kənd həyatı eyni zamanda təbiətə, iqlimə,
relyefə və bir sıra digər coğrafi faktorlara görə
nizamlanan və məzmunlanan hadisədir. Təbiətin
ritminə, fəsil-lərin dəyişmə
ardıcıllığına adekvatlıq kəndin əsas
mövcudluq qanunudur. Çünki kənd
təbiətlə birbaşa təmasdadır və onun diqtəsi
altındadır. Bu ritmdən bir qədər
kənara çıxmaq məhv olmağa gətirib
çıxara bilər. Odur ki, kənd həyat
tərzi cəmiyyətdən daha çox təbiətin
“dilini” bilməyi tələb edir. Xalq
müdrikliyinin də əsasında təbiətlə
düzgün davranmaq haqqında ezoterik və ekzoterik biliklər
dayanır. Peşə sahələrinin də
müəyyənləşməsində təbiətlə təmas
və təbiətə uyğun olaraq maddi nemətlərin əldə
olunması zərurəti əsas rol oynayır.
Cəmiyyət
inkişaf etdikcə, sənayeləşmə, texnologiya, elmi,
iqtisadi və s. sahələrdə yeni biliklər və
münasibətlər formalaşdıqca kənd və şəhər
arasında inteqrasiya, mübadilə və təmas imkanları
çoxalır ki, bu da sonda kəndin həyat tərzinə,
peşə istiqamətlərinə, bütövlükdə
isə məzmununa təsir etmiş olur. Kəndə
elektrikin, məktəbin, poçtun, telefonun, idarəetmənin
gəlişi onu tamamilə fərqli, keyfiyyətcə yeni mərhələyə
keçirir.
Şəhərlə münasibətlər dərinləşdikcə,
gediş-gəliş (mədəniyyət və
davranış mü-badiləsi mənasında) artdıqca həm
şəhərin, həm də kəndin mahiyyəti və məzmunu
dəyişməyə başlayır. Burada ən
mühüm ortaq nöqtələrdən biri ondan ibarətdir
ki, şəhərin kontingentinin bir hissəsini “əslən”
kənddən və ya rayondan (şəhərin kənd¬dəki
modelindən) olanlar təşkil edir. Lakin bir çox cəhətlər
baxımından, o cümlə¬dən təbiətdən
uzaqlaşma, adət və ənənələrin
unudulması və ya yeniləri ilə əvəz olunması,
dil, din, etnik kimlik, dünyagörüş və ideoloji aspektdən,
yaşayış məskən¬lərinin strukturlaşması
(kənddə evlərin coğrafi və mənəvi
düzümü “çəpər-çəpə¬rə”dirsə
(horizontal quruluş), şəhərdə isə evlərin həm
fiziki, həm də “mənəvi” qu¬ruluşu vertikaldır), həmçinin
həyat tərzi və həyat rejiminin dəyişməsi və
s. cəhət¬lərindən şəhər mühiti kənddən
fərqlənir. Təbii ki, şəhər
mühitinin peşə istiqamət¬ləri də kifayət qədər
zəngindir. Bütün bunlar isə şəhərin
və şəhər əhalisinin məz¬mununu
formalaşdırır ki, bu da onun folklorunda da açıq
şəkildə təcəssüm olunur.
Şəhər folklorunun ən müxtəlif cəhətləri
ilə bağlı folklorşünaslıqda çoxsaylı
tədqiqat işləri, araşdırma və təhlillər
mövcuddur.
Rus alimi S.Y.Neklyudovun şə¬hər mühiti və şəhər
mədəniyyəti haqqında fikirlərinə diqqət
yetirək: “Mədəniyyət¬də kənd ənənəsi
ilə yanaşı, bərabərhüquqlu yer tutan şəhər
folkloru (postfolklor) şifahi ənənənin əvvəlki
formalarında mövcud olmayan tamamilə fərqli janr və mətn
çeşidlərini özündə əks etdirir... Şəhər folkloru mədəniyyətdə və
həmçinin elmi bilikdə başqa cür
funksionallaşmaqla fərqli yer tutur. Onun
(şəhər folkloru nəzərdə tutulur - H.Q.) ənənəvidən
fərqi sistemli və paradiqmatikdir”.
Göründüyü kimi, alim şəhərdə və
ya kənddə yaranmasından asılı olma¬yaraq, bu folklor
nümunələrini mədəniyyəti formalaşdıran
bərabərhüquqlu yara¬dıcılıq məhsulları
kimi şərh edir. Onlar arasında mövcud olan fərqliliklərin
sistemli və paradiqmatik xarakter daşıdığını
irəli sürür. Yəni bu mühitlərin
hər birinin daxili mahiyyətindəki özəlliklər
onların doğurduğu folklor korpuslarının da
spesifikasında özünü göstərmiş olur.
Təbii
ki, kənd həyatı ilə şəhər mühiti
arasında çoxsaylı fərqlər var: “İnsan torpaqdan
uzaqlaşır. Qeyd olunduğu kimi, şəhərdə təbiətin
tsikllərindən asılılıq kənddəkindən
çox az olur. Təbii ki, burada da insanlar
mövsümlərin də-yişməsinə reaksiya verirlər
(qışda soyuq, yazda çirkli, yayda isti, payızda sulu),
lakin ilin fəsillərinin dəyişməsi iqtisadi və
sosial planda, ailə və sosial həyatda iqtisadiyyatın tənzimləyicisi
ola bilmir və s. Dünənki kəndlilər - gəlmələr
özləri ilə öz folklorlarını gətirirlər
ki, bu, xüsusilə güclü kənd axını olan
şəhərlərdə, rudiment halında özünəməxsus
şəkildə “mədəni getto” kimi yaşamağa davam
edir, ya da yeni urbanistik formalara adekvat olaraq əriməyə
başlayır. Təəssüf ki, biz hələ
də şəhər bılinalarının və şəhər
əfsanələrinin meydana gəlməsində kənd
demonologiyasının rolunu kifayət qədər qiymətləndirməmişik”.
Aydın məsələdir ki, kəndlə şəhər
arasında kəskin sərhədd çəkmək və ya
onları biri-birindən ayırmaq qeyri-mümkündür. Çünki
onlar fərqli coğrafi məkanlar üzərində olsalar
da, eyni təfəkkür platformasının məhsuludurlar.
Odur ki, şəhər folklorunun da semantik əsasında
kənd folkloru dayanır (təbii ki, spesifik təza-hürləri
istisna etmək şərtilə), daha doğrusu, onları
yalnız şərti mənada bir-birin-dən ayırmaq
mümkündür. Lakin bu, heç də onu deməyə
əsas vermir ki, folklor elə kənddə, ucqarlarda mövcud
olan, savadsız (və ya az savadlı)
kütlənin, xüsu-sən yaşlı insanların
keçmiş haqqında, adət-ənənələr barədə
yadda saxladıqları hekayətlərdir. Öndə
də vurğuladığımız kimi, “... kənd folkloru kəndli
Amerikan dəyərlərini və dünya
görüşünü əks etdirirsə, eyni ehtimalla
ümumi bir şəhər folkloru da müasir şəhərli
Amerikan yaşayışındakı əsas mövzuları əhatə
edir”.
Hikmət
QULİYEV
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2019.- 29 yanvar.-
S.14.