İrəvan xanlığının
işğalı
1828-ci il martın 21-də çarın verdiyi fərmana
əsasən, İrəvan və Naxçıvan
xanlıqları ləğv edildi, hər iki
xanlığın daxil olduğu ərazidə «Erməni vilayəti»
yaradıldı
12-ci
yazı
İrəvanda 4 gün qaldıqdan sonra Paskeviç
burada Krasovskinin rəhbərliyi ilə Müvəqqəti
hökumət təşkil etdi. Bu hökumətin tərkibinə
azərbaycanlıların qatı düşməni olan
arxiyepiskop Nerses də daxil idi. Müvəqqəti
hökumətin tərkibinə daxil olan Nerses rus nümayəndələrinin
inamından istifadə edərək Azərbaycan türklərini
incidir və onlara qarşı ədalətsizlik edirdi. İrəvanın işğalından sonra rus
qoşunu cənub istiqamətində yürüşə
başlayaraq, Xoy, Mərənd, Səlmas, Marağa və digər
yerlər də daxil olmaqla Təbrizə qədər əraziləri
işğal etdi. Rus qoşununun paytaxta
yürüş edəcəyindən qorxan şah hökuməti
danışıqlara başlamağa məcbur oldu. Uzun
danışıqlardan sonra 1828-ci il
fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay
kəndində Rusiya ilə İran arasında 16 maddədən
ibarət müqavilə imzalandı. Bu
müqavilənin üçüncü bəndinə əsasən,
Azərbaycanın İrəvan və Naxçıvan
xanlıqları Rusiyanın tərkibinə keçdi. Türkmənçay sürh müqaviləsindən
sonra Rusiya yeni işğal edilmiş xanlıqlarda inzibati ərazi
bölgüsü həyata keçirdi. 1828-ci il martın 21-də çarın verdiyi fərmana
əsasən, İrəvan və Naxçıvan
xanlıqları ləğv edildi və əvəzində hər
iki xanlığın daxil olduğu ərazidə «Erməni
vilayəti» yaradıldı.
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı ilə bağlı
araşdırmasında bildirilir ki, Azərbaycanın ən
uzunömürlü xanlıqlarından biri olan İrəvan
xanlığı Rusiya imperiyası tərəfindən
işğal olundu. Rusiya bu xanlığı işğal etmək
üçün 23 ildən çox gözləməli
olmuşdu. Azərbaycanın ayrı-ayrı kiçik
feodal qrumlarına parçalanması, onların bir-birinə
olan torpaq iddiaları, baş verən ara
müharibələri, xarici müdaxilələr
xanlıqların, o cümlədən, İrəvan
xanlığının zəifləməsinə gətirib
çıxarmışdı. İrəvan
xanlığı uzun müddət müstəqilliyini xarici
müdaxilədən qoruyub saxlaya bilmişdi.
Lakin hərbi cəhətdən daha güclü olan və
dövrün müasir silahlarına malik Rusiya çətinliklə
də olsa bu xanlığı işğal edə bildi. İrəvan
xanlığı ləğv olundu və onun ərazisində
Rusiya imperiyasının tərkibinə daxil olan «Erməni
vilayəti» yaradıldı. Nəticədə,
Osmanlı imperiyası və İranla sərhəddə bufer
zona yaradan Rusiya Azərbaycanın bu qədim ərazisini
«xristianlaşdırmağa» - erməniləşdirməyə
başladı. Beləliklə, ermənilər
çoxdan arzu etdikləri məqsədə - Rusiyanın
köməyi ilə Azərbaycan ərazisində dövlət
yaratmaq istəyinin birinci mərhələsinə nail oldular.
İrəvan
xanı Hüseynqulu xanın (1806-1827) şəxsiyyəti və
fəaliyyəti
Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə
ağıllı, igid, vətənpərvər dövlət
xadimləri yetirmişdi. XVIII əsr xanlıqlar dövrü bu
baxımdan xüsusilə fərqlənir. Azərbaycan
xanlarından Şəki xanı Hacı Çələbi,
Quba xanı Fətəli xan, Urmiya xanı Fətəli xan
Əfşar, Qarabağ xanları Pənahəli xan və
İbrahimxəlil xan, Xoy xanı Əhməd xan
Dünbülü, Gəncə xanı Cavad xan haqqında məlumatlar
tarixi ədəbiyyatda öz əksini tapıb və
onların şəxsiyyətinə müəyyən qədər
qiymət verilib. Bu dövrün görkəmli
şəxsiyyətlərindən biri də məşhur
İrəvan xanı Hüseynqulu xan Qacardır. Fəaliyyət və bacarığına görə
yuxarıda adı çəkilən xanlardan heç də
geri qalmayan, hətta onların bəzisindən yüksəkdə
duran Hüseynqulu xan uzun illər diqqətdən kənarda
qalıb və onun şəxsiyyətinə qiymət verilməyib.
Hüseynqulu
xan Qacar (1806-1827) 21 il İrəvan
xanlığını idarə etmişdi. Bu
dövr ərzində o, yorulmadan və inadla İrəvanı
zəif xanlıqdan siyasi və iqtisadi cəhətdən
güclü bir xanlığa çevirmişdi. Hüseynqulu xan kimdir və onun İrəvan
xanlığı tarixində nə yeri vardı? Bu suala cavab vermək üçün mənbələrə
müraciət edək. İlk növbədə
qeyd etmək lazımdır ki, bu şəxsiyyətin hansı
ildə anadan olması haqqında məlumata rast gəlmədik.
O, Qəzvində anadan olmuş və burada onun ata-baba mülkləri
vardı. Hüseynqulu xan gənc
yaşlarından özünü bacarıqlı hərbiçi
kimi göstərmiş və bu keyfiyyəti onun həyatında
böyük rol oynamışdı. Mənbənin verdiyi
məlumata görə, Hüseynqulu xan İəvana gəlməmişdən
əvvəl Xorasanda 10 il sərhəd
qoşunlarının başçısı kimi xidmət
etmiş, yalnız Əhməd xan öldükdən sonra
1806-cı ilin sonlarında İrəvana xan təyin
olunmuşdu.
Onun hakimiyyətə gəlməsi ilə İrəvan
xanlığı tarixində yeni bir dövr başlamışdı. Rusiya-Qacar
İranı arasında müharibənin
qızışdığı bir dövrdə hakimiyyətə
gəlməsinə baxmayaraq, Hüseynqulu xan tez bir zamanda
görkəmli dövlət xadimi kimi özünü göstərə
bilmişdi. Onun yeritdiyi daxili və xarici
siyasət xanlığın möhkəmlənməsinə
yönəlmişdi.
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında bildirilir ki, azərbaycanlı
Qacarlar tayfasından olan Hüseynqulu xan Fətəli şah
Qacarla qohum idi.
Heç bir savada malik olmayan Hüseyinqulu xan igid
və qorxmaz, düşmən qarşısında əyilməz
bir şəxs kimi özünü göstərmişdi.
Onun bu şəxsi keyfiyyətinə toxunan A.Y.Sokolov
yazırdı ki, «0, özünün təkəbbürlüyü
ilə şahdan aşağı heç kimin
qarşısında ayağa durmurdu, ancaq salam
verməklə, yaxud baş əyməklə kifayətlənirdi».
Lakin rus mənbələri xanı savadsız
adlandırsalar da, onun dövlət xadimi kimi
bacarığını etiraf etmişdilər. Hüseynqulu xan savadsız olmasına baxmayaraq,
ağıllı, idarəçilik bacarığı olan,
hiyləgər, işgüzar bir şəxs olmuşdu. Bu keyfiyyətlərinə görə, tez bir zamanda
şahın rəğbətini qazana bilmişdi.
İ.Şopen yazır ki, «nəhayət şah sarayı
İrəvana sərhəd qoşun
başçılarından biri Hüseynqulu xan Qacarı ildə
600 tümən, eyni zamanda xərcləri üçün
xanlığın vergisindən 6000 tümən məvacib verərək
onu sərdar təyin etdi. Hüseynqulu xan
özünün bacarığı və cəsurluğu ilə
aşağı rütbədən bu vəzifəyə
yüksəlmişdi. Oxuya və yaza bilməyən bu
şəxs şahın ona olan inamını qazana bilmiş və
az bir vaxtda ona həvalə edilmiş əyaləti
(xanlığı- E.Q.) çiçəkləndirmişdi.
Hüseynqulu
xan şah tərəfindən bu vəzifəyə təyin
olunmasına baxmayaraq, özünün bacarıqlı siyasəti
ilə xanlığın müstəqilliyinə nail ola bilmişdi. «Sərdar
Hüseynqulu xan (indi şahlıq edən Qacarlar nəslindəndir)
bu xanlıqda (İrəvan-E.Q.) birinci, (İranda-E.Q.) isə
üçüncü adamdır. Onun
hakimiyyəti türk paşasının hakimiyyətindən
daha möhkəmdir. O, çoxdan hakimiyyətdədir. Hər
il bir neçə min çervon təşkil
edən dövlət gəlirindən deyil, müxtəlif
miqdarda hədiyyə formasında (şah xəzinəsinə-E.Q.)
bayramlıq verirdi. Torpağın yetişdirdiyi hər
şeyin üçdə birini almaq ixtiyarına malik idi... Nəinki daxili, eyni zamanda xarici ticarət də onun əlində
idi. Məhkəmə işlərində əgər
iddiaçı və cavabdehin şikayəti peyğənbərin
hədisləri ilə əlaqələndirilmirdisə onun
şifahi əmrləri qanun idi».
Şah tərəfindən İrəvan
xanlığına hakim təyin olunmasına baxmayaraq, tezliklə,
Hüseynqulu xan müstəqil daxili və xarici siyasət
yeritməyə başlamışdı. Digər tərəfdən,
şah hökuməti İrəvan xanlığının
geo-siyasi əhəmiyyətini gözəl
anladığından onun daxili işinə
qarışmırdı. Bunu təsdiq edən
İ.Şopen yazır ki, «Şah hökuməti İrəvana
İranı Rusiyadan ayıran həmsərhəd əyalət
kimi baxdığına və müharibə olacağı təqdirdə
ilk hücumun qarşısını almağı özünə
borclu bildiyinə görə, bu əyana (Hüseynqulu xan-E.Q.)
tamamilə inanırdı və onun heç bir işinə
qarışmırdı». Hüseynqulu xan dövlət
idarəçiliyində mütləq hakim idi. Bütün feodal dövlətlərində
olduğu kimi, müstəqil qanun-qərarlar verirdi və
bütün hakimiyyət onun iradəsindən asılı idi.
İstər dünyəvi, istərsə də
dini hakimiyyətə nəzarət edir və bütün
hakimləri özü təyin edirdi. O, siyasətində
imtiyazlı təbəqənin mənafeyini qorusa da,
xanlığın vəziyyətini nəzərə alaraq,
onlarla aşağı təbəqnin arasında tarazlıq
yarada bilmişdi. O, hesabat vermədən vergi toplayır, pul kəsir,
öz qərarı ilə cinayətkarları gözündən,
digər bədən üzvündən məhrum etməklə
və öldürməklə cəzalandırır, bir
sözlə, mütləq hakim kimi hərəkət edirdi.
Hakimiyyətdə olduğu illərdə İrəvan xanlığı tez-tez müdaxiləyə məruz qaldığından Hüseynqulu xan xanlığın müdafiə sistemini gücləndirmək üçün güclü qoşun saxlayırdı. Bunun üçün çoxlu xərc tələb olunurdu. Bu xərcin bir hissəsi daxili imkanlar hesabına olsa da, hərbi əməliyyatlar zamanı xərcin bir hissəsini şah sarayından alırdı. Bu məqama toxunan A.S.Qriboyedov yazırdı ki, «o, öz hesabına qoşun saxlayır, lakin müharibə dövründə şah sarayından pul tələb edirdi». Eyni fikiri İ.Şopen də təsdiq edərək yazırdı: «Şah sarayı nəinki sərdardan vergi tələb etmirdi, sərhəd qoşunlarını, artilleriyanı, qalanı, azuqə və hərbi sursat saxlamaq üçün ona tez-tez pul buraxırdı».
Müharibə dövründə Hüseynqulu xan sərkərdəlik qabliyyətinə görə xüsusilə seçilmişdi. Onun uzaqgörənliyi və tədbirliyi uzun müddət İrəvan xanlığını rus qoşunlarının işğalından qoruya bilmişdi. Onun hərbi əməliyyatlar zamanı «yandırılmış torpaq» taktikasından istifadə etməsi, ayrı-ayrı çevik dəstələr təşkil etməsi, bu dəstələrin müxtəlif istiqamətlərdən qəflətən döyüşə atılması və meydanı tərk etməsi rus qoşununda həmişə qarışıqlığa səbəb olmuşdu. Xan dinclik dövründə isə İrəvan sərhədlərinin təhlükəsizliyindən arxayın olmaq üçün müdafiə tədbirləri görmüşdü. O, bu məqsədlə ayrı-ayrı tayfaları səhədə yaxın ərazilərə köçürərək burada hərbi məskənlər yaratmışdı. Məsələn, Hüseynqulu xan Qars paşalığı tərəfdən Şuragöl sərhəddində Qafar xanın başçılığı ilə ayrumları və taşanlıları yerləşdirmiş, Abaran sərhədini isə İsmayıl xanın başçılığı ilə seyidli və ağsaqqallılara tapşırmışdı. Pəmbək əyaləti və Qazax distansiyası ilə sərhəd xəttini İsmayıl xan və Mərdan xanın başçılığı ilə qarapapaq tayfası, Şəmşəddil distansiyası, Gəncə xanlığı və Qarabağ xanlıqları tərəfdən Göyçə mahalını Nağı xanın başçılığı ilə digər qarapapaqlılar qoruyurdu. Hətta Hüseynqulu xan xüsusi təliqə verməklə mübahisəli ərazilər olan Gildən Satanağaca qədər ərazini Nağı xana, Eşşəkmeydandan Balıqçay çayına qədər ərazini İsmayıl ağaya bağışlamışdı. Bu tədbirləri ilə Hüseynqulu xan sərhəd xəttində hərbi məskənlər yaratmış və bu məskənlərin rus qoşununa qarşı mübarizədə böyük köməyi olmuşdu.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 29 yanvar.-
S.13.