İrəvan xanlığının tarixi coğrafiyası
14-cü yazı
İrəvan xanlığının siyasi sərhədləri haqqında mənbələrin azlığı və bu qaynaqların qənaətbəxş olmaması problemin həllinə əngəl yaradır. Lakin bəzi mənbələrdə və işğaldan sonra tərtib edidmiş rusdilli toplularda və rus qafqazşünaslannın əsərlərində bu məsələ ilə bağlı müəyyən məlumatlara rast gəlmək olar. İrəvan xanlığının ərazisinin ümumi təsviri haqqında ilkin məlumat 1783-1787-ci illərdə Rusiya dövlətinin Kartli-Kaxetiya sarayındakı səlahiyyətli nümayəndəsi S.D.Burnaşova və Qafqazdakı rus qoşunlarının baş komandanı R.İ.Kovalenskiyə məxsusdur. Lakin hər iki müəllifin məlumatı natamamdır və xanlığın sərhdlərinin tam mənzərəsini yaratmağa imkan vermir. S.D.Burnaşov İrəvan xanlığının ərazisinə və onunla həmsərhəd olan dövlətlərə toxunaraq qeyd edirdi ki, «İrəvan adlandırılan bu xanlığın Arazın sol sahilində yerləşən geniş ərazisi vardır. Bu ərazi şimaldan və şimali-qərbdən Gürcüstan (Kartli-Kaxetiya-E.Q.), cənubdan Naxçıvan xanlığı, qərbdən isə Türkiyə ilə həmsərhəddir. P.İ.Kovalenski isə 1800-cü ildə yazdığı gündəliyində İrəvan xanlığının ərazisini daha kiçildir. O yazır: «Onun (Məhəmməd xanın-E.Q.) dövləti Araz sayının sahili boyunca dar sərhəddə yerləşirdi».
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, İrəvan xanlığının ərazisi və siyasi sərhədləri haqqında bir qədər ətraflı məlumata işğaldan sonra tərtib olunmuş toplu və rus qafqazşünaslarının əsərlərində rast gəlmək mümkündür. XIX əsrin 30-cu illərində tərtib edilmiş «Rusiya işğallarının icmalı» toplusunda İrəvan xanlığının sərhədləri təsvir edilmiş və hətta onun ərazisinin sahəsi göstərilmişdi. Topluda qeyd olunur ki, «İrəvan xanlığı 610 və 640 şərq uzunluq dairəsi ilə, 410 390 şimal en dairəsi arasında yerləşir. Şimaldan Yelizavetopol (keçmiş Gəncə xanlığı- E.Q.), Şəmşəddil, Qazax, Pəmbək və Şuragöl distansiyaları, cənubdan Xoy xanlığı, Maku mahalı və Bəyazid paşalığı, qərbdən Kağızman və Qars paşalıqları ilə həmsərhəd idi. Ümumilikdə İrəvan xanlığının ərazisi 11 min kv.verstə bərabərdir. Rus qafqazşünaslarından olan hərb tarixçisi N.Dubrovin İrəvan xanlığından bəhs edərkən onun «şimaldan Gəncə xanlığı, Şəmşəddil, Qazax, Pəmbək və Şuragöl distansiyaları, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənub və qərbdən isə İran və Osmanlı ərazilərilə» həmsərhəd olduğunu qeyd edir.
İrəvan xanlığının mənbə və toplularda göstərilən sərhədləri obyektivliyi əks etdirmir. Çünki bu məlumatlarda onun tərkibinə daxil olan bəzi ərazilər onunla həmsərhəd olduğu göstərilmişdi. Digər tərəfdən məlum mənbələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığının ərazisi də siyasi hadisələrlə əlaqədar olaraq daim dəyişikliyə uğramışdı. S.D.Burnaşov bununla bağlı yazırdı ki, «Xanlıqların vəziyyəti, sərhədləri, aralarındakı münasibətlər, ittifaq və müharibələr, qonşularına nisbətən yerləşməsi sabit deyildi. Sərhədlər fasiləsiz müharibələr nəticəsində daim dəyişirdi». Bunu İrəvan xanlığının ərazisinə dair konkret misalla davam etdirmək olar. Məsələn, müstəqil İrəvan xanlığı yaranarkən onun Göyçə gölündən şərqdə yerləşən torpaqlarının bir hissəsi Qarabağ xanlığı tərəfindən işğal olunmuşdu. Bu Qarabağ xanlığının banisi Pənahəli xanın (1748-1763) dövründə baş vermişdi. Qarabağnamə müəllifləri Pənahəli xanın Qarabağ xanlığına birləşdirdiyi ərazilərdən bəhs edərkən qeyd edirlər ki, «O (Pənahəli xan-E.Q.), kolanıların məskəni olan, Uşacıq kəndindən Göyçə sərhəddinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı». A.Bakıxanov da Qarabağ xanı Pənahəli xanın İrəvana aid Tərtər Kolanını işğal etdiyini yazırdı. 1823-cü ildə keçmiş Qarabağ xanlığında aparılan kameral təsvirdə bu ərazidə 9 kənd qeyd olunmuşdu. Bu hadisə Azad xanın İrəvana təyin etdiyi Xəlil xanın (1752-1754) dövrünə təsadüf edir. Bununla bağlı Gülüstan sülh müqaviləsində nəzərdə tutulan sərhəd məsələləri ilə əlaqədar yaradılan komissiyanın tərkibinə daxil olan Rusiya nümayəndələri 1823-cü ildə A.P.Yermolova göndərdikləri məlumatda yazırdı: «İranlıların (Hüseynqulu xan-E.Q.) Göyçə gölünün şimal və şimal-şərq torpaqları olan Gil düzənliyini inadla tələb etmələrinə gəldikdə, ədalət naminə yada salmaq lazımdır ki, 70 il əvvəl kifayət qədər əhali ilə məskunlaşmış olan Gil düzənliyi Göyçə mahalı tərkibində həqiqətən də İrəvan xanlığına məxsus olmuşdu».
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, bu ərazilər Qarabağ xanlığına birləşdirilsə də, İrəvan xanları bununla barışmamışdı. Heç də təsadüfü deyildir ki, Qarabağ xanlığı işğal edildikdən sonra bu ərazilər Rusiyanın əlinə keçdiyindən, İrəvan xanı Hüseynqulu xan Göyçə gölünün şimal və şərqində yerləşən torpaqların İrəvana məxsus olması haqqında rus komandanlığına məlumat vermişdi. Lakin 1825-ci il martın 28-də Fətəli xanla general leytenant Velyaminov arasında akt bağlanmış, akta əsasən Göyçə gölünün şimal və şərq hissələri Rusiyaya güzəşt edilmişdi. Bu hadisədən bərk qəzəblənən İrəvan xanı həmin ərazilərin İrəvan xanlığına məxsus olması haqqında baş komandana xüsusi məktubla müraciət edərək narazılığını bildirmişdi. Məktubun məzmunu belə idi: «Hər şeydən əvvəl, Rusiya hökumətinin mühəndisləri göstərirlər ki, guya Göyçə gölünün şərq sahilləri Gəncə və Qarabağ xanlıqlarının sərhəddindədir. Bilməlisiniz ki, Dərələyəzdən Eşşəkmeydana qədər ərazi, həmçinin İrəvan sərhəddi sülh müqaviləsində Gəncə və Qarabağ xanlıqları ilə qarışdırılıb. Lakin əldə olunan kağızlarda (qəbalə), həmçinin əvvəlki şahların fərman və əmrlərinə görə, Göyçənin ətrafında yerləşən torpaqlar İrəvan ağaları tərəfindən alınıb satılırdı. Vəziyyət belədir və siz göstərirsiniz ki, guya Göyçə və Avaran sərhəddinə heç bir iddianız yoxdur, Mehri və Qapanı əldə etmək istəyirsiniz. Bu məqsədlə siz bəylərbəyi Fətəli xana elan etmisiniz ki, «əgər Abbas Mirzə Göyçənin şərq tərəfini bizə güzəştə gedərsə, biz də Mehri və Qapandan imtina edəcəyik».
Bu məsələ həll edilməmiş qalır. Fətəli xan ikinci dəfə sizin yanınızda olanda, siz Satanağacdan Gedukbarata qədər ərazini tələb etməklə Gill ərazisinin bir hissəsini güzəştə gedərək burada məntəqə yaratmaq istəyirsiniz. Bu sənədə əsasən, Göyçə gölünün şərq sərhədlərinin İrəvan xanlığına məxsusluğunun bir daha şahidi oluruq. İrəvan xanlığının ərazisi yalnız şərq tərəfdən deyil, eyni zamanda şimal və cənub tərəfdən də dəyişikliyə məruz qalmışdı. Şimal istiqamətdə vaxtilə İrəvan xanlığının mahallarından olan Şuragöl və Pəmbək əraziləri ondan qoparılaraq sultanlığa çevrilmiş və sonradan Kartli-Kaxetiya torpaqları tərkibində Rusiyaya birləşdirilmişdi. Məlumata görə, Şuragölün sahəsi 1.290 kv. verst, Pəmbəyin sahəsi isə 2.150 kv. verst idi. Hər iki sultanlığın birlikdə ümumi ərazisi 3.440 kv. verstə bərabər olmuşdu.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir, cənub tərəfdən isə Maku mahalı Türkmənçay sülh müqaviləsindən sonra Qacar İranının tərkibində qalmışdı. Adətən tarixi ədəbiyyatda Maku müstəqil xanlıq kimi qeyd olunur. Lakin arxiv sənədlərində Makunun da müəyyən dövrlərdə İrəvan xanlığına məxsus olması haqqında məlumatlara rast gəlmək mümkündür. Belə ki, Maku uzun illər mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyinin tərkibində olmuşdu). 1728-ci ildə tərtib olunmuş «Müfəssəl dəftər»də də Maku İrəvan əyalətinin tərkibində olması göstərilir. Onu qeyd etmək yerinə düşərdi ki, Maku hakimləri vaxtilə İrəvan ərazisində yaşamış bayat tayfasından idilər. Belə ki, şah Sultan Hüseyn (1694-1722) Makunu Səfəvilərin düşməni olan mahmudi kürdlərindən qorumaq üçün 1706-cı ildə İrəvan ətrafında yaşayan 300-ə yaxın bayat ailəsini buraya köçürmüşdü. Sonralar İbrahim bəyin başçılığı ilə bayat ailələri Makunun siyasi-iqtisadi həyatında böyük rol oynamışlar.
Nadir şah Əfşarın ölümündən sonra isə İbrahim Mirzənin oğlu Əhməd Sultan Maku xanlığının əsasını qoymuşdu. Maraqlıdır ki, müstəqil xanlıq kimi göstərilən Maku xanlığının hakimləri arxiv materiallarına görə hələ XVIII əsrin 80-ci illərin əvvəllərində İrəvan taxt-tacı uğrunda gedən hədisələrdə fəal iştirak etmiş və xan olmaq iddiasına düşmüşdülər. Sənədlərdə Maku hakimi Əhməd Sultan İrəvanın nüfuzlu əyanlarından olduğu göstərilmiş və xan kimi deyil, sultan kimi qeyd olunmuşdu. Bunu təsdiq edən faktlardan biri də S.D.Burnaşovun əsərində Azərbaycanın ayrı-ayrı xanlıqları haqqında məlumat verilərkən Maku müstəqil xanlıq kimi deyil, İrəvan xanlığının tərkibinə daxil olan bir ərazi kimi göstərilmişdi. O, yazırdı ki, «Əli Sultanın (Əhməd Sultan-E.Q.) rəhbərliyi altında olan Maku qalası 600 həyətə malik kiçik ərazisi ilə İrəvan xanlığına məxsus idi.
XIX əsrin əvvəllərinə aid arxiv materialları Makunun İrəvana məxsusluğunu qəti şəkildə təsdiqləməyə xeyli faktlar verir. Bir arxiv sənədində 1801-ci ildə «Baba xana tabe olmaqdan boyun qaçıran Xoylu Cəfərqulu xanın İrəvan xanına məxsus olan Maku adlı yerdə yaşadığı» göstərilmişdi. Sonuncu xan Hüseynqulu xanın (1806-1827) dövründə də Makunun İrəvandan asılı olmasını arxiv sənədləri təsdiq edir. Makunun İrəvanla sıx bağlılığı və ondan asılı olmasını İ.Şopen də qeyd edirdi. «Maku hakimi Əli xan Şərur mahalına məxsus olan Ərəbyenicə, Qarahəsənli və Diadin kəndlərini Hüseynqulu xandan hədiyyə olaraq tiyul almışdı. Bunun müqabilində o, bu kəndlərdən topladığı gəlirdən 300 tümən İrəvan xəzinəsinə vergi ödəyirdi. Bundan əlavə, Əli xan hər il xana 200 tümən miqdarında peşkəş vergisi də verirdi».
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 31 yanvar.-
S.13.