Türkiyənin zəfər yürüşü
(1918-1920-ci illər)
Birinci dünya müharibəsinin başa çatması ilə dünyada mövcud olan bir qrup “köhnə” imperiyanın süqutu (Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya) və ya çiçəklənməsi (Böyük Britaniya və Fransa) mərhələsi başladı. Bununla bərabər birincilərin süqutu ilə əlaqədar olaraq dünya yeni dövlətlərin yaranması mərhələsinə qədəm qoydu.
Müharibədən sonra qalib dövlətlər məğlubiyyətə uğramış Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyalarının ərazilərinin bir qismini öz imperiyalarının tərkibinə qatmağa, bir qismində isə öz nəzarətləri altında olacaq yeni, amma kiçik dövlətlər yaratmağa başladılar. Dünya xəritəsi yenidən çızılırdı.
Müharibənin nəticələri Almaniya, Avstriya-Macarıstana nisbətən Osmanlı dövləti üçün daha acınacaqlı sonluqla bitməsi təhlükəsi yarandı. Belə ki, müharibə başa çatandan qısa bir zamanda Almaniya, Avstriya-Macarıstan dövlətləri ilə sülh bağlanmış və onların hər ikisi heç olmasa öz əzəli dövlət və paytaxtlarını qoruyub saxlamaq imkanı əldə etmişdilər. Türkiyəyə gəldikdə isə onun vəziyyət olduqca ağır idi. Qərb dövlətləri Osmanlı dövləti ilə böyük sülh sazişi bağlamağı gecikdirmək və onun ərazisində özlərindən asılı olan xırda-xırda dövlətlər yaratmaqla yanaşı, ümumiyətlə, qos-qocaman Türkiyəni bir dövlət kimi dünya xəritəsindən silmək fikrində idilər. Onların: 1) Türkiyəni Avropadan çıxartmaq; 2) Osmanlı dövlətinin 465 il paytaxtı olan və İslam aləminin dini mərkəzi hesab olunan İstanbuldan türkləri birdəfəlik qovmaq və s. bu kimi planları var idi. Qərb dövlətləri bu məkrli planlarını gizlətmir, əksinə belə bir planın olduğunu açıqca bildirməkdən çəkinmirdilər.
Türkiyənin birinci dünya müharibəsində məğlub olduqdan sonra qalib gəlmiş dövlətlərin ona qarşı hazırladıqları məkrli plan və bu plana qarşı xalqın apardığı qalibiyyəti müharibə ilə bağlı çoxsaylı tədqiqat əsərləri yazılıb və bu gün də problemlə bağlı əsərlərin yazılması davam edir.
Lakin bizim bu mözuya yenidən qayıtmaqda əsas məqsədimiz bəhs olunan illərdə Türkiyə ətrafında baş vermiş hadisələrin “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) səhifələrində çap olunmuş materiallarda necə əks olunduğunu təhlil etməkdən ibarətdir. Məlumat üçün qeyd etmək lazımdır ki, “Azərbaycan” qəzetinə müxtəlif vaxtlarda Ceyhun Hacıbəyli (Əski əlifba ilə çap olunan. Bir müddət Şəfi bəy Rüstəmbəyli ilə birgə), Üzeyir Hacıbəyli, Xəlil İbrahim, qəzetin rus variantına isə Şəfi bəy Rüstəmbəyli (bir müddət Ceyhun Hacıbəyli ilə birgə) baş redaktorluq etmişdilər.
“Azərbaycan” qəzetinin, demək olar ki, bütün saylarında Türkiyə ilə bağlı müxtəlif mövzularda materiallara rast gəlmək mümkündür. Bu materiallar içərisində ən çox diqqəti cəlb edən birinci dünya müharibəsində məğlub olmuş Türkiyənin gələcək taleyi ilə bağlı məlumatlardır.
Ümumiyyətlə, Türkiyənin birinci dünya müharibəsindən sonrakı vəziyyətinin öyrənilməsi ilə bağlı məsələyə qismən aydınlıq gətirilməsində “Azərbaycan” qəzetinin səhifələrində çap olunmuş materialların əhəmiyyətli olacağı qənayətindəyik.
Aşardırılan problemlə bağlı “Azərbaycan” qəzetinin səhifələrində daha çox aşağıdakı mövzulara aid yazılara rast gəlmək mümkündür: 1) Türkiyənin gələcək taleyi; 2) Sultanın, Xəlifənin və İstanbulun taleyinə dünya müsəlmanlarının və bəzi Qərb dövlət rəhbərlərinin münasibəti; 3) yunan qoşunlarının Türkiyə torpaqlarına hücumu və bu hücum zamanı yunan əsgərlərinin dinc Türk əhalisinə qarşı törətmiş olduqları qırğınları; 4) Türkiyə ərazisinin bölüşdürülməsinə cəhd göstərilməsi; 6) Mustafa Kamal Paşa başda olmaqla Anadolu və Rumeli milli təşkilatının qalib gəlmiş dövlətlərin Türkiyəni bölüşdürmək siyasətinə qarşı güclü və barışmaz mövqedə durması və xalqın müqavimətini təşkil etməsi və s.
Birinci dünya savaşında qalib gəlmiş Müttəfiq dövlətlər məğlub Türkiyənnin torpaqlarını neçə bölüşdürmək, kimə nə qədər torpaq payı düşəcək, nəhayət Türkiyə dövlətinin, Sultanın, Xəlifənin və paytaxt İstanbulun taleyi necə olacaq - bütün bunlar əsas müzakirə obyektinə çevrilmişdi. Həmin dövrün sənədlərini, eləcə də dövrü mətbuat səhifələrini araşdırarkən məlum olur ki, Antanta dövlətləri Türkiyəni elə günə salmaq fikrində olublar ki, o bir daha güclü dövlətə çevrilə bilməsin.
1918-ci ildə Müttəfiq donanmaları və əsgərləri İstanbulu əhatə edib, Adana vilayətini fransızlar, Urfa, Maraş, Qaziantəp ingilislər tərəfindən işğal olunub.
1919-cu il maya ayının 15-də Müttəfiq Dövlətlərinin uyğun görməsi ilə Yunan ordusu da İzmirə çıxarılıb (Nutuk. I c. İstanbul: Milli Egitim basımevi, 1980, 528 s. S.3-4).
Müttəfiq dövlətlərinin hökumət başçıları elə başa düşürdülər ki, Türkiyənin öz dövlətçiliyini, ərazi bütövlüyünü, millətinin mövcudluğunu müdafiə etmək üçün nəinki qüvvəsi tükənib, ümumiyyətlə, müqavimət göstərmək gücü qalmayıb. Müttəfiqlərin düşüncəsinə görə, kimsə birbaşa onların qarşısına çıxaraq deyə bilməyəcək ki, (yalnız Böyük Müstafa Kamal Paşa Atatürkün, Türk xalqına arxalanaraq, öz yaxın dostları ilə sinələrini irəli verib, cənablar bu millətin, bu torpağın sahibi ölməyib, Türk milləti sağdır və onun zopasını görəcəksiniz deyənə qədər) cənablar axı bu millətin, bu torpaqların sahibi var. O, hələ öz sözünü deməyib.
Hətta dünya müsəlmanları, Osmanlı dövləti ilə əlaqədar müttəfiq dövlətlərin məkrli planlarının nə kimi ciddi fəsadlar törədə biləcəyi haqqında da xəbərdarlıq edirdilər. Bununla əlaqədar olaraq “Azərbaycan” qəzetinin 1920-ci il 2 aprel tarixli sayında çap olunmuş bir yazıda göstərilirdi ki, Paris və Londona gedən Hindistan müsəlmanların nümayəndələri Avropanın dövlət başçılarına Osmanlı imperiyasının parçalanmasının ümumdünya üçün nə qədər təhlükəli ola biləcəyini başa salmaq fikrində idilər. Lakin müttəfiq dövlətlər Osmanlı dövlətini, həm Avropadan, həm də Asiyadan uzaqlaşdıraraq, yalnız mərkəzi İstanbul olmaqla (İstanbul məsələsi də sual altında idi) kiçik bir ərazidə movcud olmasına razılıq vermək fikrində idilər.
“Azərbaycan” qəzetinin səhifələrində Türkiyənin ərazi bütövlüyü, onun dünya müsəlmanları tərəfindən müdafiə olunması, ayrı-ayrı bölgələrdə xalqın müqavimət hərəkatının başlanması və s. məsələlərə xüsusi yer verilib. Məsələn, “Azərbaycan” qəzetinin 1919-cu il 3 aprel tarixli sayında qeyd olunurdu ki, bütün türk xalqı və müsəlman dünyası çox diqqətlə Osmanlı dövlətinin faciəsini izləməkdədir. Onlar Türkiyə imperiyasına Sultanına özlərinin vahid Xəlifəsi kimi baxırdılar. Bu dövrdə, Çindən Anlantik okeanına qədər, Malaziya yarımadasından cənubi Afrikaya qədər, Türkiyəni təhdid edən təhlükə ilə əlaqədar bütün müsəlmanlar arasında ümumi narahatlıq özünü göstərməkdə idi.
Digər tərəfədən, Türkiyə türklərin vətəni, bütün müsəlmanların mərkəzi olmaqla yanaşı, eyni zamanda, müxtəlif dini və millətləri özündə birləşdirən bir ölkə hesab olunurdu. Türkiyənin taleyi həll olunan zaman bu amil xüsusi əhəmiyyət kəsb edirdi.
Bütün bunlar müttəfiq dövlətlərinin diqqətindən qaçmirdı. Təsadüfi deyildir ki, 1920-ci ilin əvvəllərində Türkiyə hökumətinin müttəfiq dövlətlərin nümayəndələrinə təqdim etmiş olduğu memorandumda da deyilirdi ki, əgər müttəfiqlər Türkiyə və Şərq məsələsini birtərəfli diplomatiya qaydalarının hislərinə tabe edəcəklərsə, onda bu yalnız türk xalqına deyil, bütün dünyaya qarşı ədalətsizlik olacaqdır. “Azərbaycan” qəzetinin 1920-ci il 10 fevral tarixli sayında çap olunmuş bir yazıda isə (bu yazıdakı məlumatlar İngiltərənin “Tayms” qəzetində Türkiyə məsələsinə həsr edilmiş baş məqalədən götürülüb) Böyük Britaniya ilə Misir, Hindistan və ümumiyyətlə, bütün Asiyanın müsəlman əhalisi arasındakı qarşılqlı münasibətləri tənzimləmək, eləcə də bu ölkələrdə antidövlət əleyhinə (İngiltərə dövləti nəzərdə tutulur) çıxışları birdəfəlik ləğv etmək üçün Türkiyə məsələsinin tezliklə həll edilməsi göstərilirdi.
Əgər Asiya, Afrika və Avropa (Avropada yaşayan müsəlmanlar) müsəlmanları, İstanbulda əyləşən bütün müsəlmanların xəlifəsini, onun simasında isə Türkiyəni bir dövlət kimi siyasi xəritədən silmək əleyhinə ciddi mübarizəyə başlasa, onda Avropa dövlətlərinin vəziyyəti yaxşı olmayacaqdır.
Bəhs olunan dövrdə Rusiyanın bolşevik hökumətinin Şərqin və bütün dünya müsəlmanlarına müraciəti də (“Rusiyanın və bütün Şərqin müsəlman zəhmətkeşlərinə” Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) 1917-ci il noyabrın 20-də (dekabrın 3-də) qəbul olunmuş müraciətnaməsi) İngiltərənin Asiyadakı müstəmləkələri üçün qorxu yaradan amillərdən biri hesab etmək olardı.
Kiçik Asiyada ingilis koloniyaların vəziyyəti də olduqca narahatlıq doğururdu. Ərəbistan, Mesopotamiya və başqa yerlərdə davamlı olaraq ərəb və türklərin ingilislərlə müharibəsi gedirdi. İngilislər Fələstində 100 minlik ordu saxlayırdı.
“Azərbaycan” qəzetinin 1920-ci il 7 mart tarixli sayında Türkiyə məsələsi ilə əlaqədar olaraq İngiltərənin baş naziri Lloyd Corca Hindistanın 80 milyonluq müsəlmanın adından müraciətin göndərilməsi ilə bağlı məlumat çap olunmuşdur. Bu müraciətdə Türkiyə ilə bağlı məsələ həll olunan zaman müsəlman təbəələrinin hislərini nəzərə almaları tövsiyyə olunurdu.
Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, Hindistan müsəlmanlarının Türkiyəni müdafiə etmələrinə baxmayaraq, müttəfiq dövlətlər Türkiyənin gələcək taleyini öz istədikləri kimi həll etmək fikrindədirlər. Hadisələrin belə gedişini görən Hindistan müsəlmanları ayağa qalxmışdılar. Hindistanda ingilislərin əleyhinə bütün ölkəni inqilabi həyacan bürüdü. Əsasən iri şəhərlərdə yüz minlərlə fəhləni əhatə edən tətil hərəkatı başladı. Ölkənin hər tərəfini üsyan bürüdü. Üsyançılar dəmiryolu qatarlarına və polis məntəqələrinə bombalar atırdı. İngilis torpaq sahibləri və yerli imkanlı adamlar Avropaya qaçmağa tələsirdilər.
“Azəbaycan” qəzetində dərc olunmuş materiallar içərisində Türkiyəni müdafiə edən o dövrün ərəb liderlərinə də rast gəlmək mümkündür. Onlar düşmən qüvvələrə yaxından kömək etmələrinə baxmayaraq, Türkiyənin bir dövlət kimi mövcudluğunu qoruyub saxlamasını istəyirdilər. Məsələn, Türkiyənin gələcək taleyinə məsələsində yeni yaranmaqda olan Suriya hökuməti adından Əmir Feysəl, Məkkə şərifinin oğlu Əmir Əli, Şimali Afrikanın müsəlman əhalisi öz etirazlarını bildiriblər. Bununla əlaqədar olaraq “Azərbaycan” qəzetinin 14 fevral 1920-ci il tarixli sayında böyük bir yazı çap olunub...
Qürurverici haldır ki, bütün dünya türkləri də Böyük Türkiyənin bütöv olması və parçalanmaması üçün səslərini qaldırıblar. Məsələn, Volqa-Ural tatar-türk xalqları Antanta dövlətlərinə müraciət edərək, Türkiyə dövlətinin parçalanmasına qarşı olduqlarını ifadə ediblər.
Hətta bəzi qərb dövlətlərinin nümayəndələri belə Türkiyənin mövqeyini müdafiə etməkdən çəkinməyiblər. Məsələn, İngiltərənin İcmalar palatasının üzvü general Sirens Palata iclaslarının birində Türkiyənin müdafiəsi və onun suveren hüquqları ilə bağlı böyük bir çıxış edib. Onun bu çıxışına görə İngiltərədə Türkiyəni müdafiə edən müsəlman cəmiyyəti adı çəkilən deputata öz təşəkkürünü bildirib.
Yuxarıda qeyd olunan narahatlıqlar, müraciətlər və həyacanlara baxmayaraq, müttəfiq dövlətlər Sevr sazişinin şərtlərinə görə Türkiyəni Avropa torpaqlarından və Egey dənizindən məhrum edilməsi ilə razılaşıblar. Türkiyənin yalnız Qara dənizə çıxışı qalırdı. Türkiyə torpaqlarından Yunanıstan və İtaliyaya da pay verilirdi...
1918-ci ilin mart ayında general Milnanın komandanlığı altında müttəfiq qoşunları tərəfindən İstanbul işğal olundu. Bununla bağlı “Azərbaycan” qəzetinin 1920-ci il 4 aprel tarixli sayında çap olunmuş bir yazıda deyilirdi ki, İstanbulu işğal edən ingilis hərbiçiləri hərbi nazirliyi, silah anbarlarını, bütün poçt-teleqraf məntəqələrini ələ keçiriblər. Bu işğal nəticəsində əyalətlərlə teleqraf əlaqələri kəsiib. Bütün bunlarla kifayətlənməyən ingilislər Sivaslı deputatlardan Rauf bəylə Vasif bəyi həbs ediblər. Rauf bəy keçmiş dəniz naziri və vaxtı ilə Zaqafqaziya nümayəndələri ilə Trabzonda sülh danışıqları aparan nümayəndə heyətinin sədri, həm də Mudros sazişini imzalayan bir şəxs olub.
Rauf bəylə Vasif bəy həbs olunduqdan sonra bütün deputatlar parlamentdən imtina ediblər və onlar belə şəraitdə parlament fəaliyyətlərinin davam etdirilməsinin qeyri-mümkün olduğunu hökumətə bildiriblər.
Bir müddətdən sonra keçmiş hərbi nazir Camal paşa, senator Məməd (Mamad) paşa, keçmiş baş qərargah rəisi Cavad paşa; birinci dünya müharibəsində, Qafqaz cəbhəsindəki 3-cü ordu komandanı, İstanbul milli qurultayının sədri Əsəd paşa; Ədirnə deputatı Şərif bəy, İstanbul deputatı Numan Əfəndi və polkovnik Şövkət bəy həbs edilib. Həbslər isə davamlı olub.
İngilislər İstanbuldan Anadoluya getmək istəyənlərə icazənin verilməsini də öz nəzarətləri altına alıblar. Fransanın ayrı-ayrı qəzetlərindəki məlumatlarda isə qeyd edirdi ki, guya müttəfiq qoşunları İstanbulun özü deyil, onun ayrı-ayrı məntəqələrini işğal ediblər. Buraya hərbi və dəniz nazirliyi, mərkəzi teleqraf və s. daxil idi. Eyni zamanda, Gənc Türklər Partiyasına mənsub olan bəzi adamlar həbs olunub. Onların arasında Əli Rza hökumətində keçmiş hərbi nazir vəzifəsini tutmuş Kiçik Camal və onun qərargah rəisi Camal paşa da vardı. Poçt xidməti də nəzarətə götürülüb.
Müttəfiqlər İstanbulun işağlını müxtəlif bəhanələrlə xalqı aldatmağa çalışırdılar. Hətta onlar xalqa müraciət edərək bu işğalın “müvəqqəti olduğunu” və guya “Sultanın hakimiyyətini möhkəmləndirməyə və əmin-amaqnlığa xidmət edəcəyini” bildirirdilər. Bununla bağlı “Azərbaycan” qəzetinin 1920-ci il 27 mart tarixli sayında İngiltərə, İtaliya və Fransanı təmsil edən Ali komissarın Osmanlı imperiyasının əhalisinə müraciəti çap olunub. Orada Türkiyənin paytaxtının işğalının səbəbləri izah edildikdən sonra, işğalın beş əsas müddəası göstərilib: 1) Konstantinopolun işğalı müvəqqəti xarakter daşıyır; 2) müttəfiq dövlətlər Sultanın nüfuzunu aşağı salmaq fikrində deyillər, əksinə onlar Osmanlı hakimiyyəti altında qalacaq vilayətlər üzərindəki inzibati idarəetmədə onun nüfuzunu möhkəmləndirmək arzusundadırlar; 3) müttəfiq dövlətlərin türkləri İstanbuldan məhrum etmək məqsədləri yoxdur, lakin Allah göstərməsin, ümumi üsyan olsa, yaxud qırğınlar baş versə, onda bu fikir bütün əsasları ilə dəyişə bilər; 4) daha sonra müraciətdə hamıdan bir vəzifə olaraq tələb olunurdu ki, sakitliyi və təhlükəzisliyi qorusun, dağılmış imperiyanın yerində yeni Türkiyənin qurulmasına mane olmasın və Sultanın əmrlərini yerinə yetirsin və s. Bu müraciətdən də görünür ki, İstanbulun taleyi hələ də tam məlum deyildir. Müttəfiqlərin İstanbulla bağlı mövqeləri yaxın gələcəkdə qurulması nəzərdə tutulan “yeni” Türkiyə dövlətinin paytaxtı ola biləcəyini şübhə altına alırdı.
Müttəfiqlər Türkiyəyə girişi və çıxışı belə məhdudlaşdırıblar. Hətta kənar şəxslərin, o cümlədən gəmilərin yan alması üçün müttəfiqlərin razılğı olmalı idi. Qara və Egey dənizi vasitəsilə Türkiyəyə gəlmək üçün üç müttəfik dövlətin hərbi və ya konsulluq nümayəndəsindən razılıq alınması vacib hesab olunurdu. Qrup halında qaçqınların, yaxud mühacirlərin gəlişinə də qadağa qoyulurdu.
İstanbulun işğal olunması həm şəhər, həm də əyalət əhalisi tərəfindən hiddətlə qarşılanıb. Əhalinin etirazından qorxuya düşən işğalçılar İstanbulun əsas mərkəzi küçələrində, evlərin və körpülərin üzərində pulemyotlar qoyublar. Əksər rayon və şəhərlər işğalçı ordu tərəfindən mühasirəyə alınıb. Bosfor boğazında durmuş hərbi gəmilər isə öz toplarını İstanbula tərəf tuşlayıblar.
Məlumdur ki, birinci dünya müharibəsində məğlub olan Türkiyəyə qarşı ən çox torpaq iddiası Yunanıstan olub. Sülh konfransının ərazi komissiyası Britaniya, Fransa və Amerika nümayəndələri də daxil olmaqla, böyük səs çoxluğu ilə Smirnənin yunanlara verilməsi ilə əlaqədar razılığa gəliblər. Lakin bu məlumatlar Smirnədə yaşayan avropa koloniyalarının və amerikan missionerlərinin ciddi etirazına səbəb olub. Britaniyanın Konstantinopoldakı ali komissarı bu cür addımın çox təhlükəli ola biləcəyi xəbərdarlığını edib.
Yunanlar öz hərəkətləri ilə bütün Türkiyəni özlərinə qarşı ayağa qaldırıb. Hətta müttəfiqlər böyük ordu toplayan türklərin yunanları dənizə tökə biləñəyindən ehtiyatlanblar.
Yuxarıda göstərilən məsələ ilə bağlı Uniston Çerçilin fikirləri də maraqlıdır. U.Çerçil yazırdı ki, demək olar sönmüş olan pan-Türkiyə ideya alovu, yenidən alovlanmağa başladı... hissələrə parçalanmasına baxmayaraq, türklər hələ yaşayırdılar.
Türkiyə torpaqlarına hərbi təcavüz etmiş yunan ordusu türk hərbi qüvvələrinin daha sərt müqavimətinə rast gəlirdi, hətta yunan ordusu daha çox itkilər verirdi. Fransız palatasının deputatı Maren tərəfindən hazırlanmış siyahıya görə türk silahlı dəstələri ilə sonuncu toqquşmada yunan ordusunun itkisi (yalnız ölənlər) 12.800 nəfər təşkil edib. Yaralananların siyahısı haqında isə məlumat verilməyib.
“Azərbaycan” qəzetinin səhifələrində yer almış materiallarda, Mustafa Kamal Paşa başda olmaqla, Anadolu və Rumeli milli təşkilatının qalib gəlmiş dövlətlərin Türkiyəni bölüşdürmək siyasətinə qarşı güclü və barışmaz mövqedə durması, eləcə də xalqın müqavimətini təşkil etməsi məsələlərinə geniş yer verilib.
Avropa dövlətləri elə düşünürdülər ki, Türkiyə ərazisinin bölüşdürülüb başa çatdırılması artıq danılmaz bir faktdır. Qalırdı İstanbul məsələsi. Müttəfiqlərin fikrincə, artıq bütün problemlər, əsasən İstanbul üzərində cərəyan etməlidir. Müttəfiq dövlətlərini belə bir məsələ də düşündürürdü ki, İstanbul kimin olmalıdır? Osmanlı sultanının və bütün dünya müsəlmanlarının xəlifəsinin taieyi necə olmalıdır? Onlar bu və ya buna bənzər sualların cavabını axtarmaqda ikən, Türk Milləti Müstafa Kamal Paşa Atatürkün rəhbərliyi altında Vətən torpaqlarını yağı düşməndən azad etmək üçün hazırlıq işləri görürdü. Neçə deyərlər, düşmən xalqın müqavimət gücünü hiss etməsələr daha çox şey “arzulaya” bilərdi.
Müttəfiq dövlətləri başa düşmürdülər ki, başqa Türkiyə də vardı – bu, Türkiyə millətidir.
Mustafa Kamal Paşa Atatürk deyb:”Millətimizin qüvvətli, məsut və davamlı yaşaya bilməsi üçün, dövlətin tamamən milli bir siyasət təqib etməsi və bu sayasətin, iç təşkilatımıza tamamən uyması və dayanması lazımdır”. ( Nutuk: II c. İstanbul: Milli Egitim basımevi, 1980, 537 s. S.6).
Türkiyə öz torpaqlarını işğalçı qüvvələrdən azad etmək hərəkatında əhalinin bütün təbəqələrindən olan nümayəndələr aktiv iştirak edirdi. Bu təbəqələrin sırasına türk qadınları da daxil idi. Türk qadınları təşkilatlar qurur, təsərrüfatın bütün sahələrində öz ata, qardaşları və oğulları ilə birgə çalışırdılar. İstanbulda qurulan “Müsəlman qadınlarının birliyi” təşkilatı öz qarşısına Türkiyədə müsəlman qadınlarının ictimai vəziyyətinin yaxşılaşdırılması məqsədini qoymuşdur. Bununla bağlı M.Ə.Rəsulzadənin türk qadını haqqında yazmış olduğu “Müasir Türkiyədə qadınların vəziyəti haqqında” adlı məqaləsində türk qadınına çox yüksək qiymət verib və onların Türkiyənin ictimai-iqtisadi, mədəni və siyasi həyatında oynadığı rolundan geniş bəhs edib.
“Təsvir Əfkar” qəzetinin məlumatına görə, Sivasda “Vətənin müdafiəsi naminə Anadolu Qadınlar Cəmiyyəti” yaradılıb. Bu Cəmiyyətin əsas məqsədinin bütün Türk xalqının birləşmiş qüvvəsi ilə Türkiyə imperiyasının ərazi toxunulmazlığını və türk xalqının hüquqlarını müdafiə etmək olduğunu təbliğ edirdi.
Mustafa Kamal Paşa Anadolu əhalisinə müraciət edərək, bütün sədaqətli adamları məzlum müsəlmanları müdafiə etmək üçün silaha sarılmağa çağırırdı. “Azərbaycan” qəzetinin 1920-ci il 18 fevral tarixli sayında çap olunmuş bir yazıda isə Anadolu və Rumeli hərəkatının rəhbəri Mustafa Kamal Paşanın Sultana və Parlamentə göndərmiş olduğu teleqramında onların partiya və şəxsi maraqlarını kənara qoyaraq millətin və xalqın yaxşılığı üçün işləyəcəklərinə ümid etdiyi qeyd olunub.
Türkiyə ilə yekun sülh sazişinin bağlanmasını geçikdirən müttəfiq dövlətlər tədricən başa düşürdülər ki, Türkiyə ilə sülh müqaviləsinin bağlanması Almaniya, Avstriya-Macarıstan və Bolqarıstanla bağlanmış sülh müqaviləsindən də çətin olcaq. Onlar xüsusən, İngiltərə Türkiyə ilə sülh sazişinin gecikdirilməsinin ağır nəticələrə gətirib çıxaracığından ehtiyatlanırdı. “Azərbaycan” qəzetinin 19 mart tarixli sayında “İngiltərə və Türkiyənin taleyi” başlığı altında getmiş bir məqalədə həyatı məsələ kimi Avropanın, eləcə də bütün dünyanın gələcəyinin Türkiyə məsələsinin düzgün həll olunmasından asılı olduğu qeyd edilib.
Qərb dövlətləri müharibədə qələbə çalmasına baxmayaraq, məğlub Türkiyədən ehtiyatlanır və onun taleyini istədiyi kimi həll edə bilməyəcəklərini hiss edirdilər. Bu hissi onlara aşılayan, hər şeydən öncə Türkiyə xalqının müqavimət hərəkatı və bu hərəkatın rəhbəri, onu vahid bir istiqamətə - Vətən torpaqlarını yağı düşməndən azad etmək istiqamətinə yönəldən və sonda qalib gələn Musatafa Kamal Paşanın əzmkarlığı və iradəsi idi.
Hadisələrin gedişi isə yuxarıda qeyd olunan fikirlərin boşuna olmadığını göstərirdi. Çox keçmədi ki, Türkiyə xalqı Mustafa Kamal Paşa Atatürkün simasında özündə güc taparaq torpaqlarını düşməndən azad etdi.
Vaqif ŞİRİNOĞLU
Tarix üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2020.- 23 aprel.-
S.8-9.