“Azərbaycan” qəzetinin səhifələrində
26-cı yazı
Azərbaycan Milli Məclisinin rəyasət heyətinin müsadirə haqqında təsdiq olunmuş qanunu
Azərbaycan Milli Məclisinin rəyasət heyətinin 16 fevral 1946-cı il tarixli 17-ci iclasında aşağıdakı qanun təsdiq olundu.
Birinci maddə: Aşağıda qeyd olunmuş şəxslərin bütün Azərbaycanda olan daşınan və daşınmaz əmlakı müsadirə olmalıdır.
a) Azərbaycanı tərk edib Tehrana və sair nöqtələrə gedib Azərbaycanın azadlığı və Milli Hökumətinin əleyhinə təbliğat aparanlar.
b) Azərbaycan xaricində Azərbaycanın azadlığı və Milli Hökumətinin əleyhinə mübarizə edənlər. Bu kimi adamlar istər azərbaycanlı və istərsə qeyri-azərbaycanlı olsunlar.
İkinci maddə: Malları müsadirə olunacaq şəxsləri müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyində bir ali komissiya təşkil ediləcəkdir. Bu komissiya Ədliyyə, Daxili İşlər, Maliyyə, Ticarət, İqtisad və Kənd Təsərrüfatı nazirlərindən və ya onların müstəqim təyin etdikləri nümayəndələrdən təşkil olunacaqdır.
Üçüncü Maddə: Daxili İşlər Nazirliyi birinci maddədə qeyd edilən şəxslərin işini bu qanunun təsdiqi tarixindən 3 ay müddətinə qədər hazırlayıb komissiyanın ixtiyarına qoymalıdır.
Dördüncü maddə: Birinci maddədə qeyd edilən şəxslərin hər birinin əmlakının müsadirəsi haqqında Daxili İşlər Nazirliyi ali komissiyaya ayrıca təklif verməlidir və bu komissiya mövzuya baxıb müşavirədən sonra öz rəyini verəcəkdir.
Qeyd: Komissiyanın əksəriyyətlə qəbul olunmuş rəyi mötəbərdir.
Beşinci maddə: Ali komissiya müsadirəni təsdiq etdikdən sonra komissiyanın rəyi Daxili İşlər Nazirliyi vasitəsi ilə icra komissiyasına təqim və bu komissiya vasitəsi ilə icra olunacaqdır.
Altıncı maddə: İcra komissiyası yerlərdə Daxili İşlər, Ədliyyə, Maliyyə, İqtisad və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələrindən təşkil olunmalıdır.
Qeyd: Əgər icra komissiyasının icra əməliyyatına dair şikayət olarsa, ali komissiyaya müraciət olunmalıdır. Bu şikayət icra əməliyyatını dayandıra bilməyəcəkdir və ali komissiyanın rəyi bu barədə qətidir.
Yeddinci maddə: Ali komissiya tərəfindən rəy verildikdən sonra icra komissiyası çox tez bir zamanda müsadirəyə məhkum olan şəxslərin bütün daşınan və daşınmaz əmlakının, müvəqqəti olaraq zəbt olunmuş əmlakının siyahısını tutub Daxili İşlər Nazirliyi vasitəsi ilə ali komissiyaya göndərilməlidir. Ali komissiya bu malların satışına, saxlanmasına və ya icarəyə verilməsinə dair qərar qəbul edib lazım olan göstərişi icra komissiyasına verməlidir və icra komissiyası da bu göstərişi icra edəcəkdir.
Qeyd: Müsadirə olunan daşınan və daşınmaz əmlaka dair hər hansı satış, bağışlama və geri qaytarma halları 3 sentyabr 1945-ci il tarixindən sonra baş verərsə, batil və qeyri mötəbərdir.
Səkkizinci maddə: Müsadirə haqqında ali komissiya tərəfindən verilən rəy 7 gün müddətində rəsmi qəzetdə 2 dəfə bir birinin ardınca elan olacaqdır və malları müsadirə olan şəxslər elan tarixindən bir ay müddətinə qədər şəxsən və müstəqimən Azərbaycan ali məhkəməsinə müraciət edib öz haqqlarını müdafiə edə bilərlər.
Etiraz müddətinin vaxtı qurtardıqdan sonra edilən etiraza baxılmayacaqdır.
Qeyd: Şikayət edənlər Azərbaycanda sakin olmaqlarını isbat etmək şərti ilə onların vəkil təyin etmək haqları olacaqdır.
Doqquzuncu maddə: Müsadirə olunan mallar dövlət malı hesab olunur. Bu malların satışından əldə olunan pullar dövlət büdcəsinə tökülüb və qalanları dövlət əmlakı kimi qorunub saxlanılacaqdır.
Onuncu maddə: Müsadirə olunan əkin torpaqları, otlaq, ayrı-ayrı yerlər, su (çeşmə, kəhriz, çay, bulaq) və bağlar nazirlər heyətində (kabinetində - red.) təsdiq olunmuş nizamnaməyə uyğun olaraq kəndlilərə verilməlidir.
On birinci maddə: Azərbaycan Milli Hökuməti əmlakı müsadirə olunan şəxslərin qanuni varisi tanınır, onların tərəfindən məhkəmələrdə iddia qaldıra və iddiaçı tərəfi kimi çıxış edə bilər.
On ikinci maddə: Dövlət bu qanunu icra etməlidir.
Azərbaycan Milli Məclisinin rəisi Ə.Şəbüstəri. Azərbaycan Milli Məclisinin katibi Vilai.
Təbriz. 18 fevral 1946-cı il. İcra edilsin - Pişəvəri.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbiz, say 131, 20.02.1946
***
Azərbaycan Milli Məclisinin rəyasət heyətinin xalisələrin bölünməsi haqqında qanunu
Azərbaycan Milli Məclisinin rəyasət heyətinin 16 fevral 1946-cı il tarixli iclasında xalisələrin (dövlət torpaqlarının – red.) bölünməsi haqqında aşağıdakı tək madəsi təsdiq olundu.
Tək maddə - Rza xan Pəhləvinin səltənət tarixindən 12 dekabr 1945-ci ilə (21 azər) qədər Azərbaycanda olan istər başqasına satılmış (yenidən alınmış və ya alınmamış) və istər zəbt olunmuş kənddəki xalisə (dövlət torpaqları – red.) ərazisi və sular (çay, çeşmə, kəhriz və bulaq) bütünlüklə o kəndlərdə yaşayan kəndlilər arasında əvəzsiz olaraq bölünməlidir və bu yerlərdə olan bütün otlaq yerləri əhali arasında şərikli (ortaq) istifadə edilməlidir.
Qeyd: Bu qanun təsdiq olunduğu tarixdən etibarən Azərbaycanın Milli Hökuməti tərəfindən tənzim edilmiş xüsusi nizamnamə üzrə tətbiq olunur.
Qeyd: Yenidən alınmış və ya alınmamış, ya da zəbt olunmuş xalisə yerləri bir, ya bir neçə nəfər vasitəsi ilə alınıb satılmış olarsa və axırıncı şəxsdə olan xalisə mülkü ona verilmiş qiymət qədər mülk sahibinə mənfəət və ya istifadə verməmiş olduğu halda, eyni zamanda həmin şəxs bu barədə şikayət edərsə, dövlət onun qiymətinin kəsrini Kənd təsərrüfatı bankı vasitəsi ilə ödəməlidir.
Qeyd: Azərbaycan Milli Hökuməti bu qanunu icra etməlidir.
Azərbaycan Milli Məclisinin rəisi Ə. Şəbüstəri. Azərbaycan Milli
Məclisinin katibi Vilai.
Təbriz. 18 fevral
1946-cı il. İcra edilsin - Pişəvəri
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 131, 20.02.1946
***
"Əhalinin sayını çoxaltmalı və nəslimizi qüvvətləndirməliyik"
Ölkəmizin həyati məsələlərindən
biri də əhalimizi çoxaltmaq, nəslimizi qüvvətləndirmək,
maddi və mənəvi şərait
daxilində insanların
ictimai qiymətini yüksəltməkdir. Amma bunu
da bilməliyik ki, əhalinin keyfiyyəti kəmiyyətindən
artıq tərəqqi
amili sayıla bilər. Yer üzərində çox millətlər vardır ki, sayları artıq olmasına baxmayaraq dala qalmışlar. Əksinə olaraq bəzi millətlər də vardır ki, saylarının az olması
ilə bərabər ən mütərəqqi və qabaqcıl millətlərdən sayılırlar.
Biz əhali məsələsində
gərək kəmiyyət
və keyfiyyətin hər ikisini nəzərə alıb əhalimizin çoxalmasına
çalışaq. Gərək səy
edək ki, bizim millətimiz sağlam vücudlu, açıq fikirli və möhkəm iradəli adamlardan ibarət olsun. Vətən eşqi və məhəbbəti onlarda dərin və qüvvətli olsun. Vətən sevgisi hər millətin ruhunun ən qüdrətli təzahürüdür. Vətən eşqi
olmayan bir millət həmişə
əsarət altına
alınıb məhv olar.
Əhalinin çoxalması üçün
həyat və evlənmə şəraitini
asanlaşdırmaq lazımdır. Doğrudan da
uşağın çoxluğu
varlı ailələr
üçün xoşbəxtlik
sayıla bilirsə, amma yoxsul ailələr
üçün onun bir bədbəxtlik olması inkar olunmazdır. Həyat
şəraitinin çətinliyinə
görə sağlam vücudlu, aydın fikirli cavanlarımız ev qurmaq,
ailə təşkil etməkdən çəkinirlər.
Bu da əhalinin
çoxalmasına ağır
bir zərbədir.
Bu gün mütərəqqi
ölkələrdə əhalinin
çoxalması siyasəti
irəli sürülür. Buna görə də bu işin əməli
olmasından ötrü
dövlət tərəfindən
böyük maraq göstərilir. Ölkəmizdə uzun illər hökmranlıq edən istibdad və irtica nəinki əhalinin çoxalmasına,
əksinə, onun azalıb məhv olmasına səy edibdir. Tarix göstərir ki,
ölkəmizin əhalisi
qədim zamanlarda indikinin neçə bərabəri olmuşdur.
Tehran irticası nəslin ən qəddar düşməni
olmuşdur. Ölkəmizdə səhiyyə sisteminin olmaması üzündən
əcəlsiz ölümlər
saysız-hesabsız olmuşdur.
Lakin xalqımızın iradəsi
ilə yaranmış
Milli Hökumətimiz
ayrı sahələrdə
olduğu kimi nəslimizin çoxalmasında
da böyük tədbirlər görməkdədir.
Ölkəmizdə maarif və
səhiyyənin canlanması
və möhkəmlənməsi
gələcəkdə əhalimizin
çoxalmasına qiymətli
bir rəhndir.
Məhəmməd Fəxrəddin
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say
130, 19 fevral 1946-cı il
***
Cənubi
Azərbaycanın Qaradağ
vilayəti ilə tanışlıq: Qaradağ
Qaradağ Azərbaycanın ən böyük vilayətlərindən
biridir. Hətta camaat arasında
da bu söz
məşhurdur ki, on səkkiz mahala Qaradağ deyərlər.
Bu vilayət öz
zənginlikləri ilə
məşhurdur. Araz çayının
sahillərindəki isti
yerlərdə gözəl
pambıq əmələ
gəldiyi kimi dağlıq yerləri də bollu buğda,
arpa, paxlalı bitkilər, xoş təamlı və ətirli meyvələri ilə məşhurdur.
Kəleybər meşəlikləri öz
kömürü ilə
şöhrət qazanmışdır. Təbriz şəhərinin
kömür ehtiyacının
yüzdə əllidən
çoxunu Kəleybər
kömürü təmin
edir.
Burada maldarlıq
xüsusilə məşhurdur. Məşhur şahsevən elləri maldarlıq və qoyunçuluqla məşğul
olurlar. Onlar yayın isti
günlərini, gəlin
kimi bəzənmiş
yamyaşıl dağların
döşündə keçiən
şahsevənlər qışın
soyuq havalarında Araz kənarlarında mülayim havada olurlar. Buranın hər dağı
böyük mədənlərlə
doludur. Ümumiyyətlə təbii zənginlikləri
olduqca çoxdur.
Ancaq Araz çayının bu vilayətin sərhəddindən axması
buranın Rza şah siyasəti və ondan sonra
onun siyasətini təqib edən Tehran irtica hökumətinin siyasəti nəticəsində
iqtisadi halı olduqca pis və
maarifi isə yox dərəcəsindədir.
Çünki Rza şah və
ondan sonrakı Tehran irtica hökuməti buranı olduqca qaranlıqda saxlamağa və elləri bir-biri ilə düşmən edib qardaş qanı axıtmağa çalışırdılar. Xüsusilə ellərin arasında tiryək çəkmək
siyasətini aparırdılar
ki, bunlar ancaq tiryaklə məşğul olsunlar.
Odur ki, oranın elləri daima bir-biri ilə dərəbəylik dövründəki
kimi mübarizə edirdilər. Bundan həm
Rza şah, həm də Tehran hökuməti öz siyasətləri üçün
istifadə edirdilər.
Qaradağ eyni zamanda jandarm və hökumət qulluqçularının
cibini doldurmaq üçün bir məkan olmuşdu.
Yuxarıdakı fəlakətlər yalnız
Azərbaycanda demokrat firqəsinin rəhbərliyi
ilə təşkil olunmuş Milli Hökumətdən sonra bu vilayətin elləri, kəndli və şəhərlilərindən
ibarət olan bütün təbəqələri
bu nifaqi aradan qaldırıb əl-ələ verərək
qardaş kimi yaşamağa başlamışlar.
Qaradağ Azərbaycan tarixində yaddaqalan yer tutmuşdur. Azərbaycan xalqının azadlığı
yolunda dönməzcəsinə
qəhrəmanlıq, rəşadət
göstərən və
xalqının yolunda həlak olan ölməz qəhrəmanlar
yetişdirmişdir.
Babək və Səttarxanı bu vilayət yetişdirmişdir.
Əlbəttə, Tehran mürtəceləri Azərbaycan
xalqının qəhrəman
oğullarının adlarını
tarixdən silməyə
və utanmazcasına onu danmağa çalışırdılar. Onlar Azərbaycanı
dandıqları halda Qaradağı çoxdan danmalı idilər. Bunlar elə düşünürdülər
ki, Qaradağı danmaqla onun qəhrəman
oğullarının adını
tarixdən siləcəklər.
Odur ki, Qaradağ vilayətinin adını
"Arasbaran" sözü
ilə əvəz etdilər. Ancaq azərbaycanlılar öz dillərini dəyişmədikləri kimi
heç öz yerlərinin adlarını
da dəyişmədilər.
"Arasbaran" sözü
yalnız idarələr
arasında, kağız
üzərində işlənirdi. Tarix sübut
etdi ki, tarixin çərxini geri döndərmək olmaz. Azərbaycanlılar sübut etdilər
ki, Azərbaycan, onun dönməz, rəşadətli xalqı
var və yaşayır, onun Qaradağ adlı vilayəti də vardır.
O kağız üzərində
işlənən yabançı
"Arasbaran" sözünün
xalqın dili ilə işlənən Qaradağ ilə əvəz edilməsini Milli Hökumətimiz nəzərdə tutmalıdır.
Həsən Nəsirzadə
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 130, 19.02.1946
***
Əski əlifbadan transliterasiya
və farsca məqalələri tərcümə
edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran
tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı
Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2020.- 28 aprel.-
S.14.