“Azərbaycan” qəzetinin səhifələrində 

 

 40-cı yazı

 

***

“Yunayted Press” mətbuat nümayəndəliyinin rəisi cənab Xyubeyilinin teleqramına Nazirlər Şurasının sədri İ.V.Stalinin cavabı

“Yunayted Press” mətbuat nümayəndəliyinin rəisi cənab Xyubeyilinin teleqramı. Moskva, Kreml. Generalissimus Stalinə.

Mən sizin diqqətinizi bütün dünyanın qəzetlərində və radio şirkətlərində vermək üçün O.Uinston Çörçilin “Yunayted Press” mətbuat agentliyinə verdiyi bəyanata cəlb etmək istərdim. Bununla əlaqədar olaraq, sizin “Yunayted Press” mətbuat agentliyinə beynəlxalq vəziyyətə dair bəyanat verməniz haqqında təklifimi yeniləmək istəyirəm. Əgər siz Çörçilin İran haqqındakı məsələ üzrə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının sürətli hərəkət etmək zərurəti xeyrinə olan dəlilinə cavab vermək istəyirsinizsə, o zaman “Yunayted Press” mətbuat agentliyi sizin görüşlərinizi dünyaya bildirməklə şad olacaqdır. Əgər sizin İrana və yaxud beynəlxalq sülh və təhlükəsizliyə aid hər hansı digər məsələləriniz varsa və bunlar üzərində siz dayanmaq istəyirsinizsə, sizin sərəncamınıza yaxşı arzularla təqdim edəcəyimiz bizim imkanlarımızdan istifadə etmənizi sizdən xahiş edirəm.

“Yunayted Press” mətbuat agentliyinin rəisi Xyubeylin. Nyu York, 22 mart 1946-cı il.

***

“Yunayted Press”mətbuat nümayəndəliyi rəisi cənab Xyubelinə cavab.

Nyu-York “Yunayted Press” mətbuat nümayəndəliyi rəisi Xyubelinə

Lütfkar təklifiniz üçün sizə təşəkkür edirəm. Cənab Çörçilin dəlilini inandırıcı hesab edə bilmərəm. Sovet qoşunlarının İrandan çıxarılması haqqındakı məsələyə gəldikdə, məlum olduğu kimi, bu məsələ Sovet hökuməti ilə İran hökuməti arasındakı razılaşmaya görə artıq müsbət mənada həll edilmişdir.

İ. Stalin. Nazirlər şurasının sədri. 25 mart 1946-cı il.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 159, 28.03.1946

***

Azərbaycan Dövlət Teatrı bu gün açılır

Üç aydan bəri tamaşaçıların intizarla gözlədikləri Azərbaycan Dövlət Teatrı ciddi hazırlıqlardan sonra 1946-cı il mart ayının 28-də Azərbaycanın demokrat yazıçısı Cəlil Məhəmmədquluzadənin (Molla Nəsrəddin) 4 pərdəli “Anamın kitabı” draması ilə açılır.

Milli dövlət teatrının hərtərəfli inkişafını nəzərə alaraq artistlər üçün münasib şərait yaradıdığı kimi tamaşaçıların da rahatlığını nəzərdə tutub səhnədə əsaslı təmir işlərinin aparılmasına 50000 tümənə yaxın kredit buraxmışdır. İndi teatrın binasına daxil olan hər bir tamaşaçı özünü mədəni bir müəssisədə hesab edəcəkdir. Əvvəllər öz əlləri, öz başları olan artistlər ancaq biletin çox satılacağı ümidi ilə çalışıb ağır bir şərait içərisində başladıqları halda indi onlar milli dövlətimiz tərəfindən kafi hüquqla təmin edilmişlər. Məhz buna görə də bütün artist və aktrisalar əsərlərin keyfiyyətcə yaxşı hazırlanması üçün ciddi cəhd göstərirlər.

Keçmişdə imkansızlıq üzündən ən qiymətli əsərlər belə bir həftə müddətində hazırlanaraq köhnə, yırtıq, salxaq dekor və geyimlərlə tamaşaya qoyulurdu, Buna görə də tamaşalar bədii cəhətdən olduqca keyfiyyətsiz olurdu. Milli dövlətimiz tamaşaçıların mədəni səviyyəsinin teatr səviyyəsindən qat-qat üstün olduğunu nəzərə alaraq milli teatrımızın vəziyyətinin sürətlə inkişaf etdirilməsini zəruri məsələlərdən biri bilmişdir.

Dövlət tetrımıın təşkil olunması ilə əlaqədar olaraq indi hər pyes üzərində ay yarım, iki ay işləmək imkanına müvəffəq olmuşuq. Hər pyesin dekor və geyimi üçün 2500 tümən pul buraxılması əsərlərin bədii tərtibatının yaxşılaşmasını təmin etmişdir.

Teatrın aktyor və aktrisa heyətinə Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyəti Təbriz şöbəsinin və Təbrizdəki Sovet mədəniyyət evi teatr dəstəsinin bütün aktyor və aktrisaları daxildir. O cümlədən xanım Leyla Möhsünpur, xanım Sara Çidan, Qəmər xanım Nikpur, Sara xanım Bəfxəm, Safura xanım Səmbərani, Aliyə xanım Cəfərdayı, Fatimə xanım Zərgəri, Aliyə xanım Ravənd, Böyükxanım Nikxu, Nina xanım İvanova, cənab Cavad Şəfizadə, Məhəmmədəli Rüşdi, İrəc Salehi, Əhmədzadə, Böyük Məhəmmədi, Məhəmmədəli Vəlizadə, Əli Əsgər Rizvan, İsmayıl Muzduri, İsmayıl Dilbərpur, Məhəmməd Mehdizadə, Həbib Quluzadə, Qasım Şeirbaf, Pərviz Pərvizi, Həzi Həsənzadə, Məcid Zərrabi, Qulamrza Cəmşidi, Məhəmməd Süleymani və sairləri daxil edilmişdilər.

Teatrın illik repertuarına (bir ilin müddətində oynanılacaq əsərlər) Cəlil Məhəmquluzadənin “Anamən kitabı”, Cəfər Cabbarlının “Sevil”, “Oqtay Eloğlu”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, “Məşədi İbad”, Molyerin “Cancur Səməd”, Lermontovun “İki qardaş”, Şirvanzadənin “Namus” və “Tələbələrin kələyi” və sairləri daxil edilmişdir.

Mövsümün açılışında tamaşaya qoyulacaq Cəlil Məhəmmədquluzadənin “Anamın kitabı” draması sovet rejissoru İsmayıl Əfəndiyevin bədii rəhbərliyi ilə hazırlanmışdır. Əsərin musiqisi sovet bəstəkarı Cahangir Cahangirovdur. Tamaşa bəstəkar Cahangir Cahangirovun dirijorluğu ilə 40 nəfərdən ibarət Azərbaycan xalq çalğı alətləri orkestrinin müşayiəti altında oynanılacaqdır.

Tamaşada teatrın ən qüvvətli artistləri iştirak edirlər. Şübhəsizdir ki, milli mədəniyət və incəsənətlərinin inkişaf etməsi eşqi ilə yaşayan Təbrizin əzmkar və mədəniyyətpərvər tamaşaçıları milli teatrımızın açılaşını coşğun ruh yüksəkliyi ilə qarşılayaraq tamaşalarımzda yaxından iştirak edəcəklər.

Dövlət teatrının rejisoru Səməd Səbahi.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 159, 28.03.1946

***

Firidun İbrahimi: "Yersiz xüsusiyyət xərcə verənlər"

Hələ Tehranda ömrlərini boşboğazlığa sərf edən iddialı qəzetçilərdən bir qrupu Azərbaycan milli hərəkatının həqiqi mahiyyətini danmaqdan çəkinmək istəmirlər. Azərbaycan milli hərəkatı bir günəş kimi öz işıqlarını bütün dünyaya yayıb. Azadlıqsevər və demokratik ölkələrdə bu milli hərəkata ümid gözü ilə baxırlar. Amma Tehranda süni təəssüb girdabında qərq olan bəzi boşboğazlar bu günəşin işıqlarını görmək istəmirlər və onu təəssübkeşlik pərdəsi dalında gizlətməyə can atırlar. Tehran bir dəfə daha hiylə və yalan siyasətini irəli sürür, bir qrup xəbərsiz adam bu siyasətə alət olub var qüvvələri ilə bir azad və demokrat milləti aldatmaq yolunda təşəbbüs göstərirlər. Bu həmin “aldatma” siyasətidir ki, Azərbaycan milli qəhrəmanı Sərdari-millini aradan aparmaq üçün Tehrana çəkdi. Bu həmin “hiyləgər” siyasətdir ki, Müxbirüssəltənə Hidayəti Azərbaycana göndərdi ki, Şeyx Məhəmməd Xiyabani hərəkatının qabağını alıb genişlənməsinə mane olsun.

Azərbaycan xalqı bu son 40 il dövründə neçə dəfələr bu cür aldatma və hiyləgər siyasətin nəticəsini görüb və bu siyasətlərlə tanış olmuşdur. Daha Azərbaycan xalqı “analardan mehriban dayələr”in şirin dillərinə inana bilməz. Bunu Tehran bir dəfə daha bilməlidir ki, Azərbaycan xalqını hoqqabazlıq yolu ilə aldatmaq və alət etmək olmaz. Yalnız axmaq adamlardır ki, xəyal edirlər hamını həmişəlik aldatmaq mümkündür! Son zamanlarda Tehranda nəşr olunan “İran-e ma” (Bizim İran) qəzetində “Hənuz tənur gərm əst” (Təndir hələ istidir) ünvanında bir silsilə məqalələr çap və nəşr olmaqda idi. Bu məqalələri yazan Azərbaycan xalqının qəhrəmanlıqlarını və azadlıq yolunda verdikləri qurbanları yaxından gördüyünə baxmayaraq, öz məqalələrində çalışırdı ki, Azərbaycanın tarixi hərəkatının milli xüsusiyyətini pozsun. Bu məqalələrdə cənab İsmayılpur Vali yersiz xüsusiyyətlər xərcə verib və əsassız sözlər yaymaqdan çəkinmirdi. Bu silsilə məqalələr qurtardıqdan sonra axır günlərdə həmin yazar öz təhrikedici rəftarı ilə Azərbaycan Milli Hökumətinin Baş naziri və Azərbaycan Demokrat Firqəsinin sədri cənab Pişəvərinin dilindən bir silsilə uydurma və həqiqətə uyğun olmayan sözlər yazıb demaqoqcasına Azərbaycan məsələsinin ətrafında bəhs edir və yenə də var qüvvəsilə çalışır ki, Azərbaycan hərəkatının milli xüsusiyyətini ört-basdır etsin.

Cənab Pur Vali çox ədəbsiz bir surətdə Azərbaycan xalqının müqəddəratı və istəkləri ətrafında söhbət edir.

O hələ başa düşməyib ki, bir diri və layiq millətin taleyinə dair bu cür ədəbsiz danışmaq düzgün deyildir. Cənab Pişəvərinin dilindən əsassız və tamamilə uydurma sözləri yazıb və nəşr etmək cəmiyyətdə özünə böyük qiymət və heysiyyətə malik olan bir qəzetə yaramaz.

Bu yalan toxumlarını səpməkdən “İran-e ma” qəzetinin cavan yazıçısı heç bir nəticə əldə edə bilməz. Yalnız bu hərəkət nəticəsində öz məqalələrinin təsirini və qiymətini aradan aparacaqdır.

Cənab Pişəvəri və Azərbaycan Demokrat Firqəsinin ayrı rəhbərləri həmişə öz fikir və əqidələrini firqənin rəsmi orqanı “Azərbaycan” qəzetində nəşr etməyə müvəffəq olmuşlar. Bu rəsmi sənədlərdən savayı heç bir sənəd yazılı və ya şifahi onların fikir və əqidələrinə dəlil ola bilməz. Cənab Pur Vali çox yersiz xüsusiyyət xərcə verməklə səy edir ki, Azərbaycan Demokrat Firqəsinin sədri və rəhbərləri dilindən yalan sözlər yazıb və nəşr edib xalqımızın fikrini zəhərləsin. Amma fars şovinistlərinin mövqeyini təmsil edən bu kimi boşboğaz və iddiaçı yazıçılar bir dəfə bilməlidirlər ki, Azərbaycan hərəkatı xalqımızın müqəddəs ideal və istəklərinə dayanaraq əmələ gəlmişdir və bu az müddətdə misli görünməmiş bir surətdə genişlənmişdir.

Azərbaycan məsələsi təsadüfi hadisələr üzərində əmələ gəlməmişdir və hazırkı dünyanın ən əhəmiyyətli olan Azərbaycan məsələsini bu asanlıqla və “çərbü-nərm” (yağlı və şirin- red.) dillərlə ört-basdıq etmək olmaz. Azərbaycan xalqı öz müqəddəratına hakimdir və bu milli hakimiyyəti qorumaq üçün Azərbaycan xalqı bütün məhrumiyyətlərə və təzyiqlərə dözüb icazə verməyəcəkdir ki, bir dəfə daha keçmiş səhvlər təkrar olsun.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 159, 28.03.1946

***

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

Xalq Cəbhəsi.- 2020.- 22 avqust.- S.1.4.