21 Azər hərəkatı - 75

 

1-ci yazı

 

Əziz həmvətənlərimi və soydaşlarımı 21 Azər hərəkatının 75-ci ildönümü münasibətilə təbrik edirəm. 1945-ci ilin dekabr ayının 12-də (21 Azər günü) Təbrizdə yaradılmış Azərbaycan Milli hökumətinin iqtisadi, ictimai və mədəni tədbirləri mühüm əhəmiyyətə malikdir.

 

Sənaye sahəsində: Azərbaycan Milli hökumətinin (AMH) birinci növbədə təbii sərvətlərdən səmərəli, mövcud daxili vəziyət və beynəlxalq şəraitə uyğun istifadə etmək qərarına gəldi. Bu məqsədlə 1946-cı il aprel ayının 8-də 6 maddədən ibarət qanun qəbul edildi. Həmin qanun mədənlərin, bütün yeraltı sərvətlərin, təbii meşələrin milliləşdirilməsi və onların dövlət inhisarında olacağını nəzərdə tuturdu. Eyni zamanda qanunda şirkətlər yaradılması və bəzi müəssisələrin tək-tək şəxslərə icarəyə verilməsi imkanı da qeyd edilirdi. Milli hökumət bununla yanaşı qismən və ya bütövlüklə zavod və fabriklərin tam gücü ilə işləməsini təmin etmək məqsədilə onlara maddi kömək etməklə bəzilərinə sifariş verməyə, şərik olmaqbaşqa bu kimi tədbirlər görməklə milli sənayenin sürətli dirçəlişinə çalışırdı. Qısa müddət ərzində Təbrizdə “Pəşminə”, “Kəlküttəçi”, “Xosrəvi”, “Bustan”, “Şayan”, “İran” fabrikləri ilə yanaşı kibrittütün fabrikləri, Miyandoab qənd zavodu və başqaları işə salındı, həm də yenilərinin və o cümlədən “Zəfər” fabrikinin və başqalarının işə salınması üçün lazımi tədbirlər görüldü. “Zəfər” fabrikinin təsisi Azərbaycan sənayesi üçün mühüm hadisə oldu. Bu nümunəvi müasir tipli fabrikdə həm bir çoxları işlə təmin edildi, həm də bu fabrikin toxuculuq məhsulları Azərbaycanın özünü təmin etməklə yanaşı digər əyalətlərə də göndərildi.

Daxildə istehsal edilən sənaye malları ilə rəqabət edə bilən məhsul növlərinin Azərbaycana idxal edilməsi barədə Məclisin 1946-cı il may ayının 8-də 4 maddədən ibarət qanununda deyilirdi: “Bütün hökumət işçiləri Vətən parçası geyməlidir”. Maşınlı fabrik-zavodlarla yanaşı əl əməyinə əsaslanan sənaye sahələri genişlənməyə başladı. Təbrizdən əlavə Zəncan, Ərdəbil, Miyanə, Urmiya, Əhər, Xoy, Salmas, Sərab, Meşginşəhr və başqa şəhərlərdə nisbətən kiçik, az sərmayə tələb edən istehsal sahələri işə salındı və yeniləri də yaradıldı.

Azərbaycan iqtisadiyyatında mühüm yer tutan və ənənəvi istehsal sahəsi olan xalçaçılığın inkişafına xüsusi diqqət yetirildibu üçün ayrıca baş idarə təsis olundu.

Yerli əhəmiyyətə malik duz, zəy, boyaqbunlara oxşar bir çox əl əməyi ilə istehsal edilə bilən mədənlərin istismarına başlandı. 1945-ci ilin dekabr ayının 12-də yaranan Azərbaycan Milli Hökuməti sənaye sahələrini genişləndirmək üçün bu işə çoxlu diqqət verməyi öz proqramında qeyd etdi.

Milli Məclis zəhmətkeşlərin və sənətkarların vəziyyətlərinin yaxşılaşması və şəraitinin kökündən dəyişdirilib qaydaya salınması haqqında 52 maddədən ibarət qanun qəbul etdi. Bu qanuna əsasən 8 saatlıq günü, işçilərın sığorta edilməsi, fəhlə birliklərinin yaradılması, 14 yaşına qədər yeniyetmələrin işləməsinin qadağan edilməsi, yetim və ehtiyacı olan uşaqların dövlət hesabına saxlanılması, işçilərə əmək haqlarını almaqla ildə bir aya qədər məzuniyyət verilməsi, hamilə qadınların yeri saxlanılmaq və əmək haqqı ödənilməklə 3 ay işdən azad edilməsi, şəraitinin yaxşılaşdırılması, təhlükəsiszlik texnikasına riayət edilməsi, fəhlələrə tətil etmək hüququ verilməsi, işçilərin xəstəlik müddətində muzd və məvacibinin ödənilməsi, onların sığorta edilməsi və başqaları nəzərdə tutulurdu.

Milli hökumətin həyata keçirdiyi tədbirlər sırasına tarixdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquq verilməsi və eyni üçün cinsindən və yaşından asılı olmayaraq hamıya eyni əmək haqqı verilməsi daxil edilmişdi. Beləliklə, qadın siyasi asılılıqla yanaşı iqtisadi asılılıqdan da qurtararaq ailə və cəmiyyətdə öz həqiqi yerini tutmuş oldu.

Həmin qanunda fabrik-zavodlarda səliqəli yeməkxanaların yaradılması, tibbi yardım məntəqələri, işdən sonra savadsızlığın ləğv edilməsi üçün kursların açılması, ixtisas öyrənmək və ya ixtisası artırmaq üçün təhsil ocaqları yaratmaq, qocalıq və əlilliyə görə təqaüd təyin etmək, şəhid olmuş fədainin arvadına ərə gedənə qədər ayda 30 tümən, uşaqlara həddi-büluğa çatana qədər ayda 20 tümən verilməsi, cəbhədə şikəst olmuş fədailərə ayda 50 tümən verilməsi və sairə qeyd edilirdi. Dövlət xəstəxanalarında və təcili yardım məntəqələrində hər cür müalicə və xidmətlər pulsuz idi.

Kənd təsərrüfatı sahəsində. AMH yaranan zaman Azərbaycanda bütün əkin sahələrinin 80%-i mülkədarlara, 12%-i dövlətə, vəqf və s.-yə, 8%-i xırda sahibkar kəndlilərə məxsus idi. AMH radikal torpaq islahatı etdi. Torpaq islahatına əsasən xalq düşmənlərinin 437 parça torpaq sahəsi (Cənubi Azərbaycan torpaq fondunun 4,7%-i) müsadirə edilib dövlətə aid 373 parça kənd torpaqları (torpaq fondunun 4%-i) ilə birlikdə 1 milyon nəfər kəndli (375 min kəndli ailəsi) arasında əvəzsiz olaraq bölüşdürüldü. Kəndlilər arasında əvəzsiz olaraq bölünən əkin üçün yararlı torpaqların ümumi sahəsi 475 min hektar təşkil edirdi.

İcarə haqqından başqa bütün vergilər dayandırıldı. Torpaq icarəsi ilə bağlı mövcud olan yüzdən yuxarı bütün keçmiş mükəlləfiyyətlər ləğv edildi. Kəndlinin icarə etdiyi torpağı mülkədarların istədiyi vaxt geri almaları, kəndlini kənddən köçürməsi və başqa bu kimi “hüquqlar”ı ləğv edildi.

Milli Məclis tərəfindən 11.04.1946-cı il tarixində 22 maddədən ibarət “Torpaqdan gəlirin malik ilə kəndli arasında bölünməsi qanunuverildi. Bu qanuna əsasən məhsulun kəndliyə çatan hissəsi keçmişlərə nisbətən 3-4 dəfə artdı.

Eyni zamanda icma torpaqlarından həmin ərazidə yaşayan bütün kəndlilərin bərabər surətdə istifadə etməyə tam haqlı olduqları qeyd edildibu üçün şərait yaradıldı.

Kəndli su haqqı, otlaq haqqı, çöldən yanacaq yığmaq haqqı və sairə bu kimi rüsumlardan həmişəlik azad edildi.

Bundan əlavə kəndlilərin mülkədarlara, dövlətə, sələmçiyə və başqalarına olan borcları ləğv edildi.

Məhsulun mülkədara çatan hissəsinin torpaq sahibi tərəfindən və ya onun hesabına daşınması, kəndlinin bütün biyar növlərindən azad edilməsi və s. bu kimi mükəlləfiyyətlər qanun çərçivəsində qadağan olundu.

Bir sözlə, kəndlinin torpağa təhkim edilməsi, onun şəxsiyətinə toxunaniqtisadi cəhətdən ziyanına olan bütün rəsmi və qeyri rəsmi rüsumatın hamısı birdəfəlik ləğv edildi.

Kəndli ilə mülkədar arasında ixtilaflı məsələlərin həlli kənddə yaradılmış kəndli komissiyaları və ya məhəllə əncümənlərinə (bələdiyyələrinə) həvalə edildi.

Məhsulun ziyanvericilərdən qorunması, texniki bitkilər istehsalının sürətli inkişafına şərait yaradılması, əkin sahələrinin artırılması, suvarma şəbəkəsinin genişləndirilməsi və kənd təsərrüfatı maşınlarının tətbiqi üçün Milli hökumətin ayırdığı 1000000 (bir milyon) tümən məbləğində vəsaitlə 4 milyon tümən sərmayəsi olanSu və kənd təsərrüfatı maşınları şirkəti” və 5 milyon tümən sərmayəsi olan “Pambıq şirkəti” təsis edildi.

Kəndlilərə əsaslı kömək etmək məqsədilə “Kənd Təsərrüfatı Bankı” yaradıldı. Kəndlinin bağ yeri, xırman sahəsi və evinin yeri ilə birlikdə sahib olduğu bütün təsərrüfat sahələrinin yeri əvəzsiz olaraq kəndliyə verildi.

Cavan meyvə ağaclarının çıxarılması, meyvə bağlarının korlanması, meşələrin kəsilib yandırılması, mənimsənilməsi və başqa bu kimi işlər Milli Məclisin qanunları ilə qadağan edildi.

Maliyə, ticarət, abadlıq və s. sahələr üzrə tədbirlər. 21 Azər hərəkatına bir neçə gün qalmış mürtəce dövlət məmurları Azərbaycan banklarında olan pulları gizlincə Tehrana qaçırmışdılar. Bankların xalqa 18 milyon tümən borcu müqabilində bankda cəmi 2 milyon tümən hüdudunda köhnə əskinas qalmışdı. Milli hökumət tez bir zamanda xalqın tələbinin ödənilməsi üçün tədbirlər gördü.

Vergilərin ədalətli surətdə təyin edilməsi məhəlli əncümənlərə həvalə olundu. Sərmayədarlardan borclarının alınması nəticəsində Milli hökumət xəzinəsinə külli miqdarda pul toplandı. Pula olan ehtiyacı ödəmək məqsədilə arxasında möhkəm dövlət əmlakı dayanan 1 (bir) milyon tümənlik müvəqqəti xəzinə qəbzi nəşr edildi. Beləliklə, hakim dairənin maliyə sahəsində təxribatı və fitnəsi də zərərsizləşdirildi. AMH bankların bütün əməliyyatlarını nəzarət altına alaraq Azərbaycanda Milli bankın 19 şöbəsini yaratdı. Həyata keçirilən tədbirlər nəticəsində İran tarixində ilk dəfə olaraq Azərbaycanda kəsirsiz hökumət büdcəsi yaranaraq onun mədaxili 65 mln. tümənə qədər olduğu halda, məxarici 64 mln. tüməndən yuxarı keçmirdi. Büdcənin mədaxil hissəsi əsasən aşağıdakı sahələrdən daxil olurdu:

1. Ədalətli müstəqim gəlirə görə vergilər;

2. Hökumətin istehsal müəssisələrindən əldə edilən gəlir;

3. Keçmişdə Azərbaycan gəlirinin Tehrana aparılan 75%-nin indi onun borclarının ödənilməsi üçün Azərbaycanda saxlanılması;

4. Müəyyən səbəblər üzündən illər boyu dövlət anbarlarında qalmış ərzaq və sənaye mallarının satılmasından əldə edilən pullar;

5. Ticarətdən əldə edilən gəlir;

6. Azərbaycandan çıxarılan əmtəə üçün alınan gömrük haqqı;

7. Kağız pulların buraxılması;

8. İnzibatiqeyri məhsuldar xərclərin azaldılması;

9. Xalq düşmənlərinin əmlakının müsadirə edilməsi;

10. Dövlət büdcəsinə sərfəli qənaət və s.

Keçmişdə büdcənin məxaric hissəsinin əsasını polis, jandarm, qoşun xərcləri və israf xərclər, yüksək rütbəli dövlət məmurlarının təşrifat və eyş-işrət xərcləri və s. təşkil etdiyi halda, Milli hökumətin tərtib etdiyi büdcənin məxaric hissəsinin əsasını maarif, səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrinin genişləndirilməsi, şosse və dəmir yollarının təmiri və saxlanması, poçtteleqraf xərclərinin təmin edilməsi, şəhərlərin təmizliyi və abadlaşdırılması, mədəniyyət və incəsənətin inkişafı, kadr hazırlığı, xalqı daxilixarici quldurların basqınlarından qorumağa ayrılan xərclər və başqa bu kimi zəruri və həyati xərclər təşkil edirdi. Məsələn, maarif və səhiyyə işləri üçün təqribən 15 mln. tümən xərclənməsi nəzərdə tutulurdu ki, bu da büdcənin ¼-ni təşkil edirdi.

Kəndlilərin vəziyyətini tezliklə yaxşılaşdırmaq və kənd təsərrüfatı məhsullarının istehsalını sürətləndirmək məqsədilə AMH-in ayırdığı 5 mln. tüməndən əlavə əkinçilərə hərtərəfli kömək edilməsi məqsədilə “Kənd Təsərrüfatı Bankı”nın ixtiyarına 5 mln. tümən verildi.

Əhalinin ehtiyaclarının ödənilməsi, bahalığı aradan qaldırmaq üçün Milli hökumət ilk növbədə qənd, şəkər, tütünbaşqa bu kimi çox işlənən malların inhisarını öz əllərinə alıb möhtəkirlərin pozuculuq planını zərərsizləşdirdi. Xırda satış mağazaları və geniş xalq kütlələrinin iştirakı ilə məsrəf kooperativləri yaradıldı. Bu mağazalarda satılan çox işlənən malların qiyməti bazardan 20-50% aşağı idi. Azərbaycandan ixrac edilən mallar, xüsusilə ərzaq malları üzərində ciddi hökumət nəzarəti təşkil edildi. Bir sıra sənaye mallarının vergisiz çıxarılmasına icazə verməklə həm o sahənin inkişafına, həm də ticarətin genişlənməsinə şərait yaradıldı.

 

Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2020.-19 dekabr.- S. 13.