“Azərbaycan” qəzetinin səhifələrində
19-cu yazı
M.
Müciri: "Mübarizəmiz davam edir!"
İkinci Dünya müharibəsi bəşəriyyətə
ağır və kəskin zərbələr vurdusa da, nəticədə
dünya ictimai fikrində yeni bir duyğu əmələ gətirdi. Bu fikir dəyişikliyi
yalnız Avropada deyil, eyni zamanda bütün dünya millətləri,
xüsusilə əsrlər boyu imperializm təpiyi altında əzilmiş
Şərq ölkələri arasında indi həqiqət və
azadlığa doğru gedən qızğın mübarizələrdən
daha aydın anlaşılır.
Hələ müharibənin odları, alovları
içərisində həyata çıxan siyasi və
ictimai hadisələr dünya xalqlarını
aydıncasına düşündürürdü ki, bir daha
millətləri əsarət altında saxlayaraq onların zəhmət
haqqlarından istifadə etmək üçün meydana
çıxarılmış köhnə ictimai
üsulların son zamanı gəlib çatmışdır. Ona görə
müharibə qurtaran kimi illər boyu istismar əsarəti və
ya nüfuzu altında yaşayan xalqlar əllərində olan
silahlarla imperializmin təhdidinə baxmayaraq əsarət zəncirlərini
əbədi olaraq qırıb öz azadlıqları
uğrunda milli mübarizəyə başladılar.
Nəhayət, bu gün dünyanın hər bir nöqtəsində
illər boyu əsarət altında ömür sürən
insanlar qəhrəmancasına öz azadlıqları
uğrunda qızğın mübarizəyə girişiblər. Bu milli mübarizələr
içərisində odlar ölkəsi sayılan doğma Azərbaycanımızın
müqəddəs hərəkatı ən mühüm və
görkəmli bir yer tutur. Ona görə
ki, Şərq millətləri içərisində tarixlər
boyu öz istedadını və milliyətini sübuta
yetirmiş olan Azərbaycan xalqının bu milli və müqəddəs
qiyamı yəqin bir zamanda həqiqətə və
azadlığa doğru başlanacaq Şərq ölkələri
inqilabının iftixarlı bir müqəddiməsidir.
Daha doğrusu, bu gün Azərbaycandan parlayan səadət
və azadlıq günəşi bütün istismar
altında saxlanan şərq ölkələrini
işıqlandıracaqdır. Nəhayət, Azərbaycan
xalqının bugünkü milli hərəkatı 20-ci əsrin
Şərq inqilabı tarixində qızıl qan ilə
yazılmış bir sərlövhə təşkil edəcəkdir.
Azərbaycanın qəhrəman xalqı
bütün dünya millətlərinə fəxrlə
bildirdi ki, başqa diri millətlər kimi azad həyat
qurmağa istedadı və qüdrəti vardır. Bütün məzlum millətlər tərəfindən
azadlığa doğru aparılan mübarizələr
şiddətlənərkən əsarətin qara buludları
asimandan çəkilib və “istismar” kəlməsi
bütün dünya millətləri lüğətindən
silinir.
"Yaşasın azadlıq, məhv olsun əsarət!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 125,
13.02.1946
***
“Edib sabit
“Ənəlhəqq” kəlməsin mənsuri-hürriyyət”
misrasında şair Hüseyn Əli Zadeqan dahi Azərbaycan
şairi İmadəddin Nəsimidən bir kəlmə -
“Ənəlhəqq” (“Haqq mənəm”) kəlməsini işlətməklə
İran daxilində Azərbaycan azadlığının
(muxtariyyətinin), azərbaycanlı kimliyinin (milli kimliyinin) qəbul
olunmuş BMT Nizamnaməsinə (Mənşuri-hürriyət)
uyğun olduğunu və orada öz təsbitini
tapdığını vurğulayır.
Hürriyyət
Fəzayi-Azəristan
nurbaran oldu ədl ilə
Şəqavət pərdəsi getdi, açıldı
dövri-hürriyyət.
Bu gün
millət alıb öz həqqi-mətlubin qiyam ilə
Edib sabit “Ənəlhəqq” kəlməsin mənsuri-hürriyyət.
Qaçıbdur
ğuli-zülm (1), eylər təbəssüm huri-hürriyyət
Toluə (2) saldı parlaq ulduzun mənşuri-hürriyyət
(3).
Bahar oldu,
xəzan keçdi, fəza dilkeş, hava xürrəm
Çəməndə
qəddin açdı nərgisi-məxmuri-hürriyyət (4)
Fəraqi-yardan
(5) illər boyu həsrət çəkən bülbül
Gül üstündə qəzəlxandır,
başında şuri-hürriyyət (6).
Tamaşaya
gələn millət tutub gül dəstəsin əldə
Hamı xürrəmdil (7) və xəndan (8) olub məsruri-hürriyyət
(9).
Gedib,
Əlhəmdülillah, millətin vəzi-əsfnakı (10)
Təmamən rədd olub yolda olan məxduri-hürriyyət
(11).
Fəzayi-Azəristan
nurbaran oldu ədl ilə (12)
Şəqavət (13) pərdəsi getdi,
açıldı dövri-hürriyyət.
Bu gün
millət alıb öz həqqi-mətlubin (14) qiyam ilə
Edib sabit “Ənəlhəqq” kəlməsin mənsuri-hürriyyət.
Moşəşə
dövr ze bəs ke divi-istibdadı kor etdi (15)
Tələli (16) turi-himmətdən (17) edən bər
(18) nuri-hürriyyət.
Bu gün
bir nöqtə var, lazımdı yoldaşlar hamı bilsin,
O kəslər
ki, edib bu ölkədə məmhuri-hürriyyət (19).
Əgər
ki cəhd edib Milli Hökumət, etmişük təsis
Fərari salmışıq, hər kəs olub mənfuri-hürriyyət.
Vəli
(20) bundan sora lazımdı möhkəm pərçəmin
(21) tutsun
Biz Azərbaycan oğlanları məmuri-hürriyyət.
Rəşadətlə
vətəndaşlar gərəkdir əl-ələ versin,
Əməldir ittifaqilə fəqət mənzuri-hürriyyət
(22).
Bu nehzət
(23) üstə azərbaycanlı adlanar hətmən (24)
Təvarixin (25) derəxşan (26) səfhəsində
puri-hürriyyət (27).
Hüseyn
Əli Zadeqan
1. zülm nəhəngi
2. sübh çağı
3. azadlıq xartiyası (BMT-nin Nizamnaməsi nəzərdə
tutulur – S.B.)
4. azadlığın xumar nərgiz gülü
5. yarla ayrılıqdan
6. azadlıq istəyi, ehtirası
7. şad qəlbli
8. gülərüz
9. azadlıq xoşbəxti
10. acınacaqlı vəziyyəti
11. azadlığın düşməni (məxdur
– meşədə gizlənən şir mənasındadır)
12.
Misranın tam açıqlaması: “Azərbaycan
başdan-başa ədalət nuruna qərq oldu”
13. zülm
14. istədiyi haqqını
15.
Misranın tam açıqlaması: Dövrün həddən
artıq olan parıltısı istibdad divini kor etdi
16. “tələl” – öndər
17. himmət toru
18. üzərində
19. təsdiqlənmiş, qəti olmuş
azadlıq
20. amma
21. bayrağını
22. azadlığın hədəfi
23. hərəkat
24. hökmən
25. tarixlərin
26. parlaq
27. azadlıq övladı
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin
orqanı, Təbriz, say 125, 13 fevral 1946-cı il
***
Yuqoslaviya
mətbuat attaşesinin Azərbaycan haqqında sözləri
TASS (Sovet
İttifaqı Teleqraf Agentliyi – red.) agentliyi tərəfindən
tərtib edilmiş mətbuat ziyafətində cənab Pavel
Miyoviçə müdirimiz tərəfindən Azərbaycandan
hansı duyğularla ayrılmaları haqqında verilən
suala belə cavab verdilər: “Mən Azərbaycanda qəhrəman
və mübariz bir xalq ilə tanış oldum ki, öz
azadlığı və haqqı yolundakı mübarizəsi
ilə fəxr edir. Dünyada az millət
tapmaq olar ki, öz milli varlığı ilə azad olmuş
Azərbaycanda olduğu kimi fəxr etsin.
Mən inandım ki, bütün Azərbaycan xalqı
öz Milli Hökumətinə bağlı və sadiqdir və
həmişə onun dalında getməyə hazırdır. Mən
müşahidə etdim ki, Milli Hökumət qurulandan bəri
Azərbaycanda milli mədəniyyət yaratmaq yolunda
böyük qədəmlər
götürülmüşdür. Azərbaycanlılar
arasında mən bir nəfərə rast gəlmədim ki,
başqa bir millətə ədavət bəsləsin. Azərbaycan hərəkatının böyük
müvəffəqiyyətlərindən birisi də budur ki,
bütün mədəni ölkələrdə olduğu kimi
xanımlara kişilərlə eyni hüququ vermişlər.
İranın ən ağır bəlalarından olan tiryək,
fahişəlik bəlası artıq Azərbaycanda demək
olar ki, yoxdur.
Azərbaycan bütün iqtisadi çətinliklərlə
mübarizədə qalib çıxmaqdadır. Bu
müvəffəqiyyətlərə az bir
zamanda nail olan bir xalq milli-azadlıq haqqına və milli
istiqlalına tamamilə layiqdir. Milli məsələni
ləyaqətlə həll edən Yuqoslaviya xalqları arzu
edirlər ki, Azərbaycan milləti də öz milli
mübarizəsində axıra qədər müvəffəq
olsun. Vəssalam.”
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 125,
13.02.1946
***
Ozünə
inanmış millət
"Özünə inanan heç bir millətin hakimiyyət
və azadlıq haqqına təcavüz etmək olmaz".
İllər
boyu fars mürtəce müstəmləkəçilərin
müxtəlif vasitələrlə yeritdikləri zəhərli
təbliğata baxmayaraq iftixarlı firqəmiz tərəfindən
verilən möhkəm təkan sayəsində
xalqımızda böyük bir iman və inanc ruhu
oyanmışdır. Firqəmizə və
xalqımıza arxalanan Milli Hökumətin verdiyi qərar və
göstərişlərin böyük səmimiyyət və
hörmətlə qarşılanması da bu üzdəndir.
Müvəqqəti, amma təsir gücü olan
şiddətli böhrana baxmayaraq xalqın vergi verməyə
göstərdiyi maraq Milli Hökumətin və təhlükəsizliyin
qoruyucusu olan fədailərimizə münasibətdə
büruzə verdiyi məhəbbət və ehtiram səmimiyyət
və hörmətin böyük nişanələrindən
ibarətdir.
Qəzetimizdə təşkil edilən hədiyyə
komissiyasına axan hədiyyələr seli indiyə qədər
ölkəmizdə təsadüf edilməmiş bir həyəcan
nümunəsidir. Hər kəsin əlində nə varsa onu riyakarlıq
və bəhanə olmadan fədailərə hədiyyə etməyə
can atır. Komissiyaya yetişən hədiyyələr
çoxlu sayda, müxtəlif və növbənövdür.
Bunların içərisində qoca
qadınların əli ilə toxunmuş corablara, yun köynəklərə,
başmaqlara, çuval və xurcuna, xülasə hər
cür şeylərə təsadüf olunur. Ən yoxsul adamlar belə öz gəlirlərindən
can-dil ilə fədailərə bir hissə ayırırlar.
Bu marağın ən böyük nümunə və
nişanəsi isə Milli Hökumətin hər şeydən
mühüm və böyük fərmanı, Xalq Qoşunu və
hərbi xidmət barəsində olan qərarı
böyük şadlıq həyəcanı ilə qəbul
etməsidir. Hərbi xidmət elanlarının Təbrizdə
oyandırmış olduğu ruh yüksəkliyi gözlənilməz
və misilsiz idi. Bunlar hamısı millətin
özünə inanmasını və sarsılmaz qüdrətinə
diqqət yetirməsinin birinci nəticələridir. Odur ki, Yuqoslaviya mətbuat nümayəndəsi
gördüyü mənzərələrdən bu qənaətə
gəlmişdir ki, “dünyada az millət tapmaq olar ki, öz
milli varlığı ilə azad olmuş Azərbaycanda
olduğu kimi fəxr etsin”.
Baş
nazirimiz cənab Pişəvəri də dünən nəşr
etdiyimiz nitqində bu məsələyə işarə
etmiş və Azərbaycan millətində oyanmış iman
və iftixardan bir nümunə göstərmək
üçün bir xarici nazirin sözlərini belə bəyan
elmişdir: “Mən bir xarici ilə danışırdım. O
deyirdi ki, mən qabaqca kəndliləri ağır yük
altında əzilmiş kimi başaşağı və kədərli
görürdüm. Amma indi həmin kəndlilər
paltarlarının cırıq və köhnə olduğuna
baxmayaraq başlarını uca tutub özlərini müstəqil
insan hesab edirlər”.
Bu iman və inanc bizim gələcək səadətimiz
və xoşbəxtliyimizin ən möhkəm və qüdrətli
təməli və bünövrəsidir. Özünə
inanan heç bir millətin hakimiyyət və azadlıq
haqqına təcavüz etmək olmaz.
"Azərbycan" qəzeti. ADF orqanı, Təbriz, say 125,
13.02.1946
***
Həmid
Nikpur: Xalqımızın duyğuları
“Ya azad yaşamaq, ya şərəflə ölmək”. Azərbaycan
xalqı birlikdə böyük bir mehriban ailədən təşkil
olunmuşdur. Adətən bir ailə
öz təhlükəsizliyini təmin etməkdən
ötrü yaşadığı evin divarlarını uca və
möhkəm edər. Azərbaycan
xalqının da içərisində yaşadığı
böyük evi onun ana vətənidir. Ona
görə də bu geniş evimizin təhlükəsizliyi
üçün yıxılmaz möhkəm bir divara
ehtiyacımız vardır.
O divar da
ibarətdir Azərbaycan cavanlarının yaratdığı
xalq qoşunumuzdan. Tarix canlı bir şahiddir
ki, qüdrətli bir qoşuna malik olmayan bir millət özgələrin
ayaqları altında tapdalanar. Biz bunu
heç vaxt unuda bilmərik ki, vətənimizdən
azğın saldığımız düşmən öz
xain təşəbbüsü ilə bizim sərhədlərimizi
təhdid etməklə vətənimizdən ötrü təhlükə
yaradacaq. Bununla da bizə ölkəmiz
daxilində dinc quruculuq işlərimizə maneçilik
göstərməyə səy edəcəkdir. Ona görə də firqə və hökumətimiz
xalq qoşunlarının bu tezliklə yaranmasını vacib və
lazım bilib bunun əməli olmasını Xalq
Qoşunları Nazirliyinə tapşırmışdır.
Hələ Xalq Qoşunları Nazirliyimiz bu işə başlamamışdan qabaq cavanlarımız böyük ruh yüksəkliyi və duyğu ilə bu fərmanı qarşılamaqdan ötrü fevral ayının 9-dan hər gün şəhərlərimizin xiyabanlarında sevinclə “Yaşasın Azərbaycanın Xalq Qoşunu” və bu kimi başqa şüarlarla dolanırlar. Bununla da xalqımız “Yaşamaq istəyirsən, ölümə hazır ol” şüarının əməli surətdə həyata keçirilməsini sübut edir. Bizim xalqımız azad və namusla yaşamaq istədikləri üçün ölümdən də qorxmayacaq. Bu bizim daimi şüarımız olmalıdır: “Ya azad yaşamaq, ya şərəflə ölmək”
"Azərbaycan" qəzeti. Adf orqanı, Təbriz, say 124, 12.02.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri
tərcümə edən: AMEA akad. Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
"İran tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 4-5 fevral.-
S.14.