Gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə məcbur qalacaq 

 

 

Politoloq: “Rusiyanın mövqeyinin zəifləməsi Azərbaycanın Ermənistan üzərində qələbəsi deməkdir”

 

Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycana qarşı təhdidedici bəyanatlar səsləndiriblər və müxtəlif müasir silahlara malik olmaları ilə bağlı blef xarakterli çıxışlar ediblər. Bu da onu göstərir ki, işğalçı ölkə rəhbərliyinin danışıqlar yolunda konstruktiv mövqe tutacağı inandırıcı deyil. Ona görə də həmsədrlərin ənənəvi danışıqlar prosesindən hər hansı bir nəticə gözləmək az inandırıcıdır.

Onu da qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Politoloq Elxan Şahinoğlu deyib ki, ümumiyyətlə Ermənistan hakimiyyəti, Dağlıq Qarabağ separatçıları münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyillər: "Onlar Azərbaycan torpaqlarını geri qaytarmaq istəmirlər və hər dəfə də təxribat törədirlər. İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilən zaman Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndinə səfər edib və Kəlbəcərə gedib. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan işğaldan imtina etmək istəmir. Bu uyğunsuzluq məhz bununla bağlıdır. Ona görə biz danışıqlarda heç bir nəticə əldə edə bilmirik. Dünya ictimaiyyəti üçün isə Qarabağ məsələsi 20-30-cu bəlkə də 50-ci məsələdir. Biz bəzən elə bilirik ki, dünya bizim mərkəzimizdə fırlanır. Amma bu heç də elə deyil. Qarabağ onları heç maraqlandırmır da. Bu bizi narahat etməlidir və biz artıq anlamalıyıq ki, heç kim bu məsələdə bizə kömək etmir".

Politoloq Qabil Hüseynli bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində erməni tərəfinin mövqeyi, həmsədrlərin bu məsələyə biganə, seyriçi münasibəti və həmsədr dövlətlərinin Ermənistana ciddi təzyiqlər göstərməməsi, xüsusilə BMT-nin bu məsələyə diqqət ayırmaması ikili standartlardan, erməni maraqlarından çıxış etmək deməkdir. Onun sözlərinə görə, bununla yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə müəyyən dinamizm verən qüvvədir: “Yəni tərəfləri görüşdürür, danışıqlarda təkliflər irəli sürür. Təkliflər beynəlxalq hüquq prinsiplərinə uyğun olmasa da hər halda danışıqlar prosesinin hərəkətdə olduğunu diqqətə gətirir. Ermənistan tərəfi elə bilir ki, danışıqlar prosesini uzatmaqla vaxt udur. Amma Azərbaycana tərəfi buna seyriçi qala bilməz. Ordumuz nəhayətdə hərəkətə keçib, işğal altında olan torpaqlarımızı azad edəcək. Dünyada da gedən proseslər xüsusilə, Rusiya-ABŞ gərginliyi və Rusiyanın digər dövlətlərlə olan gərginlikləri bu ölkənin mövqeyini zəiflədir. Rusiyanın mövqeyinin zəifləməsi də Azərbaycanın Ermənistan üzərində qələbəsi deməkdir. Onsuz da gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə məcbur qalacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə gəlincə isə, ümid edirəm ki, həmsədrlərin münaqişənin həlli istiqamətində fəaliyyəti daha kəskin, daha prinsipial olacaq”.

Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırıb ki, hazırda Azərbaycanın beynəlxalq miqyasda, xüsusilə də Qərb dövlətləri ilə Qarabağla bağlı apardığı diplomatik danışıqlar müəyyən qədər effektli prosesə gətirilib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, bununla bağlı qətnaməsi də var: “Danışıqlar prosesinə Qarabağ icmasının cəlb edilməsinə, o cümlədən ABŞ başda olmaqla, qlobal geosiyasi oyunçular tərəfindən Ermənistana güclü təzyiqlərə gəlincə, qeyd edim ki, Amerikanın sabiq dövlət katibi Con Boltonun ötən il regiona səfəri zamanı Nikol Paşinyandan danışıqlar prosesində kompromisə getməsi tələb olunub. Amma buna baxmayaraq, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutur. Qarabağ icmasının prosesə cəlb edilməsinə gəldikdə, Azərbaycan çox effektli, dinamik siyasət yürüdərək Dağlıq Qarabağın azərbaycanlı icmasında struktur dəyişiklikləri apardı və onu beynəlxalq miqyasa çıxardı. Yəni rəsmi Bakı bu istiqamətdə müvafiq işlər görərək artıq Qarabağ icmasını beynəlxalq biriliyə çıxarır. Belə ki, icmanın sədri ABŞ-da çoxsaylı görüşlər keçirib, Avropa dövlətlərinə səfərlər edib. Buna görə də bəzi erməni ekspertləri, erməni ictimaiyyəti artıq belə bir qənaətə gəlib ki, ABŞ və digər ölkələr Qarabağ icmasını danışıqlar prosesinə qoşmaq istəyir”.

O əlavə edib ki, Ermənistanın Dağlıq Qarabağdakı qondarma rejimi danışıqlar prosesində müstəqil tərəf kimi təqdim etmək istədiyi iflasa uğrayıb: “Bunun əksinə olaraq, Dağlıq Qarabağın azərbaycanlı icması isə beynəlxalq birliklə sıx əməkdaşlıq içərisindədir, bu istiqamətdə ciddi aparılır. Düşünürəm ki, gələcək perspektivdə həm ABŞ, həm də Avropa Ermənistandan Qarabağın azərbaycanlı icmasının prosesə cəlb edilməsini tələb edə bilər. Ermənistan ictimaiyyəti, o cümlədən siyasi ekspertlər isə bundan ciddi narahatlıq keçirirlər. Çünki Qərb dövlətləri artıq Dağlıq Qarabağ ərazisində Azərbaycanın varlığını qəbul edirlər. Halbuki ermənilər indiyə qədər oradakı azərbaycanlıların varlığını qəti şəkildə inkar edirdilər, bu istiqamətdə beynəlxalq miqyasda müəyyən aparmışdılar. Lakin Azərbaycanın çevik diplomatiyası nəticəsində artıq düşmən tərəfinin bununla bağlı siyasəti iflasa uğrayıb. Odur ki, bu gün Qarabağın azərbaycanlı icmasının apardığı siyasət Ermənistanda ciddi narahatlıqla qarşılanır. Erməni ekspertlərin bu barədə şərhləri deyilənlərin bariz nümunəsidir”.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşünütoxunan politoloq rəsmi Bakının danışıqların Madrid prinsipləri üzrə davam etdirilməsinə çalışdığını vurğulayıb: “Bildiyiniz kimi, ötən ilin dekabr ayında Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Slovakiyanın paytaxtı Bratislavada görüşüblər. Həmin görüşdən sonra Elmar Məmmədyarov təəssüflə qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında hər hansı bir irəliləyiş olmadı və Ermənistan tərəfi mövqesiz siyasət göstərir. Həmçinin, tərəflər 2020-ci ilin ilk aylarında görüşəcəklərini bildirmişdilər. Odur ki, Cenevrə danışıqları həmin görüşün analoji davamıdır. Bu görüşün 7 saat davam etməsi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı onu deməyə əsas verir ki, çox ciddi danışıqlar prosesi gedib. Hesab edirəm ki, məhz Azərbaycan tərəfinin ardıcıl, prinsipial mövqeyi nəticəsində danışıqlar iki gün davam edib. Çünki bir müddət əvvəl Nikol Paşinyan Qafanda keçirdiyi mətbuat konfransında Madrid prinsiplərini masaya gətirmişdi. Bu da Azərbaycanın maraqlarına cavab verir. Rəsmi Bakı çalışır ki, həmin prinsiplər üzrə danışıqlar davam etsin. Düzdür, danışıqların detalları ictimaiyyətə açıqlanmasa da, fikrimcə, Ermənistan tərəfi yenə də manipulyasiya etməyə üstünlük verəcək. Lakin əgər Azərbaycan prinsipial mövqe tutarsa, cəbhəboyu ərazilərdə Ermənistan tərəfinə lokal hərbi təzyiq edərsə, o zaman danışıqları müəyyən qədər ölü nöqtədən qaldırmaq olar”.

O həmçinin deyib ki, Paşinyan masada olan planın qəbul edilməsində sabiq rəhbərlərin və separatçıların da məsuliyyət daşıdığını deməyə çalışır: “Əgər, danışıqlarla bağlı konkret plan varsa, həll variantları da tapılmalıdır. Burada əsas nüans erməni tərəfinin Qarabağdareferendum” istəməsidir. Məhz bu qanunsuzreferenduma” görə danışıqlar prosesi dalana dirənib. Hətta erməni tərəfi digər ərazilərin də geri qaytarılmayacağı mesajını verir. Ermənistan rəhbərliyinin apardığı siyasətdə ardıcıllıq yoxdur. Azərbaycan yalnız güc yolu ilə prosesləri ölü nöqtədən tərpədə bilər”.

 

Əli

 

 

Xalq Cəbhəsi.- 2020.- 4-5 fevral.- S.9.